41 ilin direktoru məktəbə niyə getmədi? HEKAYƏ

41 ilin direktoru məktəbə niyə getmədi? <span style="color:red;">HEKAYƏ
12 noyabr 2015
# 13:56

Kulis Elçin Hüseynbəylinin “Ümiddən qabaq ölmək” adlı yeni hekayəsini təqdim edir.

...O, ümiddən qabaq ölmüşdü, amma hələ də nəyəsə ümid edirdi...

Adətinə uyğun olaraq erkən oyandı. Yenə də adəti üzrə paltarını geyindi, qalstukunu taxdı, şlyapasını qoydu. Məktəbdə ilk zəng vurulanda çölə çıxdı.

Məktəblə evlərinin arasında bir çəpər vardı.

Arvadı əlində süd badyası içəri girdi, ərini geyincəkli görəndə çaşdı:

- Hara gedirsən?

O:

- Necə yəni hara, məktəbə! – ötkəmliklə soruşdu.

- Dünən səni işdən çıxarmadılar!? -arvadı məyus-məyus onun üzünə baxdı.

O, arvadından da betər çaşdı, duruxdu, sonra köhnə təcrübəsi ona köməyə gəldi, özünü ələ aldı:

- İşdən çıxarıblar, müəllimlikdən ki, yox. Bir də ki, mən həmişə səliqəli geyinmişəm, bəlkə rayona gedib, dükan-bazara da dəydim,-dedi və həyətə çıxdı...

Arvadı heç nə demədi, içəri keçəndən sonra pəncərədən ərinə baxdı. Əri quruyub qalmışdı, nə edəcəyini bilmirdi. Gözləri doldu.

O, həyətdə dayanıb müəllimlər otağına sarı baxırdı. Yəqin indi məktəb direktoru boş saatı olan müəllimlərlə laqqırtı vurur. Xasiyyəti beləydi. Elmdən başqa hər şeyə marağı vardı. Vaxtı ilə ona coğrafiyadan dərs demişdi. Direktor riyaziyyatçıydı. Onu işdən çıxaranda, daha doğrusu onun işdən çıxarılması ilə bağlı nazirliyin əmrini ona göstərəndə, bir-iki dəfə öskürüb, udqunandan sonra belə demişdi:

- Məmməd müəllim, burda hamısı yazılıb. Hər şey iki vuraq iki kimi aydındı. Yaşınız ötdüyünə görə sizi işdən azad ediblər.

İstədi desin ki, ötən il də belə bir əmr vardı, amma sonra ləğv elədilər. Direktor onu qabaqladı:

- Ötən il ayrı, indi ayrı. Keçən dəfə sizin yerinizə müəllim tapmadıq, indi ikisi birdən gəlib, biri öz kəndçimizdi, kəndin ayağında olur, o birisi şəhərli olduğundan azad təyinat götürdü... İstəyirsiniz, özünüz ora gedin Bakıya, ya nazirin adına məktub yazın, amma rayon maarif müdirinə də deməyin xeyri yoxdu, əmrləri o vermir...Bir şey olsa xəbər eliyərik... Bəlkə kimsə dekretə çıxdı, ya elə başqa işə getdi...

Direktor nitqinin sonunda çox şit bir ifadə də işlətmiş, hətta kövrəlmişdi də:

- Siz həmişə bizim qəlbimizdəsiniz, Məmməd müəllim.

“Mən kiməm ki, sənin qəlbində olam, rəhbər-zadam...” ürəyində fikirləşmişdi.

O, ali məktəbdə qiyabi oxumuşdu. Şəhərdən xoşu gəlmirdi. Semestrlərə də candərdi gedirdi. Hətta televizorda bitirdiyi universiteti göstərəndə də ona baxmırdı. Çünki o, yeni yox, köhnə binada oxumuşdu. Köhnə binanı sökəndə ona elə gəlmişdi ki, diplomunu da əlindən alıblar. Az qalırdı ki, gedib, sənədlər olan köhnə çamadanını açıb baxsın ki, diplom ordadı, ya yox, axırda bu işdən vaz keçirdi, bilirdi ki, diplomu döş nişanı ilə birlikdə ordadı. Arvadı güldürməkdən başqa bir şey olmayacaqdı...

Özünə söz vermişdi ki, nə rayona, nə də şəhərə qəbula gedəcək. Əgər o, məktəbə lazım deyilsə, heç məktəb də ona lazım deyil. Hirslənəndə belə fikirləşirdi, amma elə ki, darıxırdı, məktəb barədə bu cür fikirləşdiyinə görə peşman olurdu.

O, anadan olan il bu məktəb tikilmişdi. Orta məktəbi qurtarıb ali məktəbə daxil olanda elə buradaca işə başlamışdı. Atası müharibədə itkin düşmüşdü deyə, anasını və dörd bacısını tək qoymaq istəməmişdi. Şəhərin hay-küyü də bir yandan, ona görə də qiyabi təhsili seçmişdi. O, bu məktəbə elə bağlıydı ki, desəydilər, gəlin yeni məktəb tikək, razı olmazdı. Bu məktəb sökülsəydi, onda elm də gedərdi öz işinin dalınca. Yeniliklər bədbəxtliklər gətirirdi. Adamlar çaşırdılar. Yeniliklə birgə xətir-hörmət də yox olurdu. Hər nəsil dəyişdikcə onların yerişləri-duruşları da, davranışları da dəyişirdi.

Düz qırx bir il məktəbdə direktor olmuşdu, sonralar yaşının çoxluğunu nəzərə alıb, onu köhnə işinə - müəllimliyə qaytarmışdılar. Düzdü, direktor olanda da dərs deyirdi, amma saat hesabı. Müəllim çatışsaydı, bəlkə heç saat hesabına da razılaşmazdı. Çünki müəllim müəllimdi, direktor da direktor. O, müəllim yoldaşlarının çörəyinə bais olmaq istəmirdi. Di gəl ki, kənddə müəllim işləmək istəyənlər də az idi. Burda qalanlar ailə quran cavan qızlar idi. Kişilər müəllimliyi özlərinə sığışdırmırdılar. O elə fikirləşirdi ki, arvad dərs deyən şagirddən şagird olmaz. Şagirdlər gərək kişi müəllimlərin əlindən keçsinlər...

Əlinə bir gül dəstəsi, qoltuğuna da yarım metrlik xalça verib, pensiyaya yola salan günü arvadı çiçəkləri güldana qoydu, xalçanı stulun başına atdı. Amma onun gözü gül dəstəsini götürmədi, ona görə də çıxarıb quzuların qabağına atdı, xalçanı da qızına verdi...

Arvadı ərinin işsizliyinə, tez-tez dəyişən halına dözə bilmirdi. O, ərinin şagirdi olmuşdu, özləri də erkən evlənmişdilər. İki oğlu şəhərdəydi, bir qızı Rusiyada, lap balaca qızı kəndin yuxarısında yaşayırdı. Hərdən onlara baş çəkməyə gəlirdi...

Bacıları elə gündəydilər ki, Tanrıya duanı da unutmuşdular, nəinki sonbeşik qardaşlarını, amma danışanda dilləri kövşənliyə qədər çatırdı. O isə dözürdü, təki səsləri gəlsin...

Onun uşaqlarıyla bağlı öz planları vardı. Lap cavanlıqdan arzu eləmişdi ki, nəvələri də uşaqları kimi bu həyətdə, tut ağacının altında atılıb-düşsünlər, ləkləri ayaqlasınlar, arvadının çox sevdiyi gülləri xəlvətcə dərsinlər, nənələri onların üstünə qışqıranda nəvələrinə qahmar çıxsın. Arvadı da ona: “Sən dinməz dur, qoca xırış, desin.”

Belə sözləri bir zamanlar anası atasına deyirdi. “Xırış” sözünün mənasını bilməsə də, həmin sözə doyunca gülürdü. İndi nəvələri burda deyildilər, paytaxtdaydılar. Uşaq olanda kəndə tez-tez qonaq gəlirdilər, indi ayaqlarını tamam kəsmişdilər. O, özü isə yalnız bircə dəfə nəvələrinə baş çəkməyə getdi, arvadının təkidiylə. Heyf, arvadı bircə dəfə də olsun, üzünə qayıtmadı...

Hər şey dəyişmişdi: şəhər də, insanlar da. Adətə görə böyük oğlunun evində qaldılar. Amma buna ailə demək olmazdı. Heç kim bir-birilə, demək olar ki, danışmırdı. O özü də bir şey soruşanda cavab vermirdilər. Hamının başı öz telefonuna, kompüterinə qarışmışdı... Ayaq yolu da evin içində. Getdiyi günün səhəri geri qayıtmışdı...

-Ay ata, indi zəmanə dəyişib,-deyə böyük oğlu ona təsəlli vermək istəyirdi.

O isə başqa fikirdəydi: dəyişən zəmanə yox, adamlardı...

Çölə çıxdı. Məktəbdə tənəffüs idi. Birdən balaca bir uşaq əlini zorla uzadıb zəngi vurdu. Əslində o zəng də yox, zınqırov idi. Direktor olanda əsl zəng qoymaq istəmişdilər, toknan işləyən, amma razı olmamışdı, hətta nümunəvi məktəb kimi onlara kompüter hədiyyə edəndə də yiyə durmamışdı.

Yox, o, geridəqalmış deyildi. Sadəcə tezdəyişən həyatı qəbul eləmirdi, ələlxüsus da kəndlərini dövrələyən meşəlikdə, dağların döşündə yeni binalar tikiləndə. O evi tikənlərin bu kəndə bu ağaca, bu torpağa dəxli yoxuydu. Çünki buraları tanımırdılar. Ona görə də onun və həmkəndlilərinin sevdiyi, gəzdiyi yerləri dağıdırdılar. İçində bir gün də yaşamayacaqları yöndəmsiz evlər tikirdilər. O, meşəlik tərəfə baxmağa qorxurdu. Ona elə gəlirdi ki, indi yad ölkədədir, buralar isə onun sevdiyi el-oba, daş-kəsək deyil...

- Getmirsən getmə, bəlkə məktub yazasan, - arvadı çəkinə-çəkinə qəfildən dedi.

Gözlərini hərləyib təəccüb, bir qədər də acıqla arvadına baxdı.

Arvadı büzüşən kimi oldu:

- Deyirəm, yəni bu qədər xiffət eləməkdənsə, məktub yazasan. Özün bil, yazmırsan yazma...

- Mən xiffət-zad eləmirəm, boynuma qoyma, -dedi...

Məktəb tərəfə baxdı. Uşaqlar indi dərsdəydilər. Cəmi üç sinif otağı vardı. İki otaq yanaşı, bir otaq kəllayıda yerləşirdi. Müəllimlər otağı qapıya yaxın idi.

Çöldə dura-dura burnuna neft iyi gəldi. Hər səhər beləydi. O, bu qoxuya öyrənmişdi. Səhərlər məktəbin döşəməsini neftlə silirdilər.

Tut ağacının dibində oturdu. Dağlardan əsən meh neft havasını özüylə kəndin ayağına apardı.

- Çayı orda içəssən, yoxsa evdə?-arvadının səsi gəldi.

Cavab vermədi, sanki nəsə deməyə ərindi. Arvadı da təkrar eləmədi, yəqin onu başa düşdü.

Bir az oturandan sonra otağa qayıtdı və qələm-dəftər götürüb yazmağa başladı. Əvvəl bilmədi ki, nə yazsın. Desəydi ki, məktəbsiz dura bilmir, bu, arvad kimi zığıldamaq olardı, desəydi ki, pensiyası yaşamağa bəs eləmir, bu da düşük çıxardı. Çünki heç zaman mal-mülk düşkünü olmamışdı. Bəs nə yazsın? İstədi arvadını çağırıb soruşa, ya kəndin başında yaşayan qızına zəng edə, ürəyi gəlmədi. İndiyə kimi hamıya o ağıl verib, indi başqasından ağıl umur... Axırı yazdı. Yazdı ki, 50 ildən yuxarıdır məktəbdə dərs deyir, səhər o başdan durur, nəvələrinə dərs keçir və hiss edir ki, öz təcrübəsini yetişən nəslə axıra kimi verməyib... Vəssalam...

İstədi ki, məktubu başqasıyla, lap elə rayon mərkəzində işləyən kürəkəniylə göndərsin. Amma utandı, utandı ki, bu boyda kişini nazirliyə məktub yazmaqda qınayarlar: “Qoca kişisən, otur xarabanda da...”

- Çayı bura gətir,-o biri otağa tərəf səsləndi. Amma heç kim onu eşitmədi. Arvadı çöldəydi, tut ağacının təzə-təzə qopub düşən yarpaqlarını yığırdı.

Məktubu zərfə qoymaq istədi, amma fikrindən daşındı. Hara yazsın, ünvanı bilmir, çünki nazirlik yeni binaya köçüb. Təzə direktordan isə soruşmaq istəmədi.

Bir az fikirləşəndən sonra məktubu cırıb atdı. İstədi təzəsini yazsın, amma ağlına heç nə gəlmədi. Və birdən hiss elədi ki, dərsə getmək həvəsi ölüb. Durub otaqda gəzişdi. Ayaqları, sanki qıc olmuşdu, onu yuxu basırdı. Halbuki bir-iki saat qabaq yuxudan durmuşdu. Məktəbə həvəsinin öldüyünü duyandan sonra onu yorğunluq bürüyürdü. Qarşıda ümidsizlik vardı...

Stula çökdü, başını stola dirəyib fikrə getdi...

Onu huş aparır, zaman harasa dartırdı. O, uzaq tunellə addımlayırdı. Lap qarşıda – tunelin o başında balaca bir uşaq ona əl edirdi... Deyəsən, öz uşaqlığıydı. Məktəbin ilk zəngini vururdu...

Bir şagird həyətə girdi və arvadına nəsə dedi.

Arvadı sevinə-sevinə onun yanına gəldi. Başının üstündə dayanıb, səsləməyə başladı. Arvadının səsi çox uzaqdan gəlirdi, amma ayıla bilmirdi, bəlkə də ayılmaq istəmirdi, tunelin sonundakı işığa doğru gedirdi, getdikcə yüngülləşir, az qala uçurdu...

Oktyabr 2015

# 2299 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #