Meşədə yaşayan azərbaycanlı yazıçı: “Heç kimi görmək istəmirəm”

Meşədə yaşayan azərbaycanlı yazıçı: “Heç kimi görmək istəmirəm”
31 avqust 2015
# 17:44

Rəssam-yazıçı Fərhad Yalquzaq bir müddət əvvəl şəhər həyatını tərk edərək dağda yaşamaq qərarına gəlib. Uzun müddət idi heç kəslə əlaqə saxlamırdı. Onun yaxınları, dostları və qohumları xeyli narahatlıq keçirdilər. Bu gün onunla əlaqə qurub söhbət edə bildik. Həmin söhbəti təqdim edirik.

- Bu istək hardan yarandı, səbəb nə idi?

- Səbəb bir deyil, çoxdu. Əvvəla deyim ki, mən şəhərdəki əmlakımı satmamışam, onları Bakıda dost-tanışa paylayıb şəhərdən çıxmışam. Şəhər həyatı, insanların bayağılığı, cəmiyyətdəki qəddarlıqlar məni bezdirmişdi. Bütün bunları hər gün görmək, eşitmək artıq məndə ruh düşkünlüyü əmələ gətirirdi. Uzaqlaşmaq istəyirdim. Başqa tərəfdən sadəcə olaraq bir müddət insanlardan uzaq yerdə, təbiətdə yaşamaq, beynimdə olan bəzi suallara cavab axtarmaq, yazmaq istədiyim bəzi şeyləri yazmaq istəyirdim. Şəhərdə hər yer səs-küydü, oturub düşünmək mümkün deyil. Telefon, kompüter, radio, televizor, maşınların səsi – belə şeylər düşünməyə imkan vermir.

- Siz bəzi yaradıcı adamlara baxanda çox şanslıydınız. Ayrıca emalatxananız vardı, təkliyə çəkilib rahatca yaradıcılıqla məşğul ola bilərdiniz. Bir çox sənət adamında heç bu da yoxdur.

- Emalatxana vardı. Amma o emalatxananın yanından avtomobil yolu keçir, səs-küydən orda oturmaq olmur. Mənim işim də elə idi ki, bir dəqiqə telefondan ayrı düşmək olmazdı. Bir dəqiqədən bir telefon zəng çalırdı, belə şəraitdə yazmaq, düşünmək olmurdu.

- İşdən də çıxdınız?

- Hə, işdən də çıxdım?

- İndi hardasınız?

- Bir aydır, Bakıdan çıxmışam. Uzaq rayonların birindəyəm. Düzdür, çox axtarmalı oldum, bəzi insanların da köməyi dəydi. Məni elə bir yerə gətirib çıxartdılar ki, burdan 20-30 km məsafədə ümumiyyətlə insan yoxdu. Özüm üçün balaca ev qaraladım. Əvvəldən uçuq-sökük bir daxma var idi, mən də orasını-burasını düzəltdim. Özümlə mişar, balta kimi alətlər, mıx və s. gətirmişdim. Damını təmir etdim. Mənə dostlar balaca bir generator təşkil elədilər. Gecələr bir-iki saat yandırıb telefonu-kompüteri zaryadkaya qoyuram. Belə də ki, onsuz gecələr şam işığında əllə yazıram, səhər isə yazdıqlarımı kompüterə köçürürəm. Hərdən-birdən də şəbəkə tutur. Bu günləri hava yaxşı olduğu üçün şəbəkə tutub.

- Qaldığınız yer haradı?

- Deməyəcəm. Dağlıq yerdi, meşənin içidi.

- Qışda orda qalmaq çətin olmayacaq?

- Meşədə çoxlu quru ağaclar var. Odun tədarükü görürəm. Daxmaya odun sobası qoymuşam, otağı qızdırıram, üstündə yemək bişirirəm. Özü də qışa kimi qalmaq istəmirəm. Oktyabrda qayıtmaq fikrindəyəm. Bir roman yazıram. Artıq 25 fəsli bitirmişəm. Belə sürətlə getsə ay yarıma qurtaracam. Hardasa 50-60 fəsil olacaq. Romanı qurtarandan sonra sağlıq olsun, qısa müddətə şəhərə gələcəm.

- Romanı çap edib qayıdacaqsız?

- Gələndən sonra bəzi işlərim var, onları görəcəm. Ondan sonra Bakıda qalmayacam, qayıdacam.

- Orda gününüz necə keçir?

- Səhər duran ilk işim bulaqdan su gətirmək olur. Bulaq hardasa 200 metr aralıdadır. Çayımı içib, çörəyimi yeyəndən sonra oturub yazdıqlarımı kompüterə köçürürəm, kitab oxuyuram. Lazım olanda odun üçün meşəyə gedirəm. Düzdür, bir az uzaq olur, amma gedirəm. Yaşıl ağacları qırmıram, ancaq quru ağacları axtarıb kəsirəm. Yeməyimi bişirirəm, paltarlarımı yuyuram.

- Yemək ehtiyacınızı necə ödəyərsiz? Ov edirsiz?

- Burda meyvə ağacları da var. Ancaq birdən əlimə nəsə düşməsə yemək olsun deyə özümə üç-dörd aylıq qida ehtiyatı, düyü, çay, qəhvə, konservlər və başqa ərzaqlar gətirmişəm. Belə də ki, dostlarım var, lazım olanda əlaqə saxlayıram, mənim üçün ət, benzin, çörək, siqaret gətirirlər. Düzdür uzaqdır, bura ayaqla, maşınla gəlmək olmur, ancaq atla gəlmək olur, altı-yeddi saatlıq yoldu.

- Darxımırsız?

- Gecələr darıxıram. İşıq yoxdu. Generatoru dediyim kimi ancaq telefon və kompüteri zaryadkaya qoymaq üçün işlədirəm. Şam işığında oturanda adamın beyninə müxtəlif fikirlər gəlir. Baxma də, şəhərdə dostlar var, uşaq var, yaddaqalan xatirələr var... Ancaq işləməklə, oxumaqla bədbin fikirləri özümdən qovuram.

- İnternet də yoxdu.

- Arada telefonla girmək olur, o da həmişə tutmur. Radiom da var. Arabir xəbərlərə qulaq asıram.

- Dünyada, ölkədə baş verənləri izləmək imkanı olur?

- Hər gün olmasa da xəbərləri izləyirəm.

- Belə başa düşdüm ki, siz ora təkcə şəhər həyatından uzaqlaşmaq üçün yox, həm də yeni başladığınız əsəri bitirmək üçün getmisiz.

- Hə, ikisi bir yerdə... Həm insanlardan uzaqlaşmaq üçün, həm də yeni əsəri bitirmək üçün... Bir aydır burdayam, mənim üçün çox yaxşı olub. Bir çox suala şəhərdə cavab tapa bilmirdim. Amma burda tək olduğuma görə asanlıqla öz fikir axtarışlarımı edirəm. Burda insan deyilən şey yoxdur. Məsələn, dünən dörd dənə qaban gördüm.

- Vəhşi heyvanların hücumundan ehtiyat etmirsiz?

- Burda ayı, qaban, cüyür, maral, qartal və başqa heyvanlar var. Belə fikir var ki, ayı insanlara hücum edir. Əslində ayı insanın iyini duyduğu andan o tərəflərə gəlmir. Qaldığım yerin yaxınlığında alma, armud ağacları var. Ayılar gəlib onu yeyirmiş. Amma mən bura köçəndən sonra daha gəlmirlər. Çünki bilirlər ki, burda insan var.

- Fərhad, siz həm də rəssamsız. Orda çəkirsizmi?

- Özümlə balaca bir albom gətirmişəm. Hələ tamamlamasam da əsasən qrafika işləri görürəm. Yaşadığım daxmanın divarlarını, qapılarını çəkirəm.

- Qogen kimi... O da Taitidə qaldığı daxmanın divarlarını çəkirdi...

- Hə (gülür). Heyf ki, özümlə kətan gətirməmişəm. Belə rahat şəraitimin olacağına inanmırdım. Yoxsa gətirərdim.

- Qonaq qəbul eləmirsiz?

- Bura qonağın gəlməyi mümkün deyil, çox uzaqdı. Həm də qonaqların gəlməyini istəmirəm. Qonaqlardan qaçıb gəlmişəm bura (gülür). Bir ay-ay yarımdan sonra qayıdacam, qonaqlar yenə olacaq. Ancaq burda heç kimi görmək istəmirəm. İstəmirəm burda təbiətin içində formalaşan auranı kimsə gəlib pozsun.

- Yeni həyat tərzinizlə yazdığınız romanın arasında süjet, mövzu cəhətdən yaxınlıq var?

- Roman “Orman adamının romanı” adlanır. Əslində, burda mənim gündəlik həyatım, düşüncələrim və xatirələrim yer alır. Məni burda heç kim narahat etmədiyinə görə çox suallarıma cavab tapa bilirəm. Burda maraqlı hadisələr baş verir. Ona görə də iş sürətlə gedir. Sivilizasiya ilə paralellər aparıram. Şəhərdəki gündəlik həyatımla burdakını müqayisə edirəm və bütün bunları romana salıram.

- Fərhad bəy, fəlsəfədə də təbiətə qayıdışın tərəfdarı olan Russo kimi filosoflar var. Bundan başqa meşədə yaşamış Henri Devid Toro nümunəsi var. Sizin də bu baxımdan təcrübələr qazanmısız. İnsanların içində yaşamaq daha yaxşıdı, yoxsa təbiətin qoynunda yaşamaq?

- Çox yaxşı sualdır. Mən bu suala öz romanımda da cavab yazmışam. Ən gözəli təbiətdə yaşmaqdır. Amma sənin qonşuluğunda fikirlərini bölüşən bir neçə adamın olmağı da yaxşıdır. Ünsiyyətdə olanda depressiyaya düşmək söhbəti olmur. Bir yerdə dağları gəzə, söhbət edə bilərsən.

- Xilası təbiətdə görürsüz.

- Bəli. Mənə elə gəlir ki, insan üçün ən gözəl həyat təbiətdədir. Çünki sivilizasiya insanı degenrasiya edir, cılızlaşdırır. Bax indi sizinlə telefonda danışdığım vaxt burda yağış güclənib, elə gözəl effekt verir ki, sözlə ifadə eləmək mümkün deyil.

- Dostlarınız sizə görə narahatdırlar.

- Bilirəm, dostlar, qohumlar narahatdırlar. Sadəcə olaraq istəyirəm bilsinlər ki, mən burda xoşbəxtəm, mən bura yaşamaq üçün gəlmişəm. Ancaq bunu düşünsünlər ki, mənim üçün burda yaxşıdır. Burda ömürlük qalmaq istəyərdim, təəssüf ki, alınmır, mümkün deyil. Hazırda isə mənə burda çox yaxşıdır. Heç kim narahat olmasın.

# 1139 dəfə oxunub

Oxşar xəbərlər

Harada ana dilimdə danışılırsa... - Gülyaz Əliyeva

Harada ana dilimdə danışılırsa... - Gülyaz Əliyeva

15:25 20 sentyabr 2024
Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

12:23 18 sentyabr 2024
"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

10:10 18 sentyabr 2024
Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

13:30 17 sentyabr 2024
İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
#
#
# # #