Tanıyardım əllərimi qoz ləkəsindən - ŞEİRLƏR

Tanıyardım əllərimi qoz ləkəsindən - <span style="color:red;">ŞEİRLƏR
22 iyun 2015
# 13:36

Kulis şairə Esmira Məhiqızının yeni şeirlərini təqdim edir.

desələr, müharibə nədir?

deyərəm Əlinin ayaqları.

nə gözəl günüydü o gün...

uşaqlar futbol oynayırdılar

düşmənin işğal etdiyi kəndə yaxın kənddə.

ən çox Əli qaçırdı topun dalınca...

ən çox Əli sevirdi topu.

deyirdi Ronaldo olacağam.

və qəfildən mərmi düşdü... düşdü topun üstünə...

Əli topa qaçdığı yerdə, mərmidən qaça bilmədi.

sonra gözlərini qospitalda açdı...

açdı pıçapıçlara...

uşaqlar pəncərənin altında pıçıldaşırdılar,

anası üzünü cırmışdı,

dırnaq yerlərindən qırmızı cığır gedirdi

Əlinin atasızlığına, düşmənin qansızlığına...

bir də bilmədiyi ayaqsızlığına.

hamı ona baxırdı...

içində qəribə bir hiss varıydı...

qollarını qaldırdı, qolları yerindəydi,

əllərinə baxdı, əlləri yerindəydi.

amma ayaqlarını qaldıra bilmədi.

cırtdanın divi aldadıb boğazına bağlatdığı

dəyirman daşı asılmışdı ayaqlarından.

və Əli qəfildən çığırdı:

- hanı ayaqlarım?!

ayaqların top oynamağa gedib, balam,

ayaqların müharibəyə gedib, balam,

ayaqların qayıtmayacaq, balam.

sonra... əlil arabasında otururdu Əli.

və top oynayan uşaqlara baxırdı.

dizdən aşağısı hardasa top oynayırdı,

hardasa top dalınca qaçırdı...

və topun yerinə hər dəfə

mərmiyə bir təpik vururdu Əli.

mərmi düşmən qapısından keçirdi,

Əli göyə hoppanırdı sevincindən.

Əli Ronaldo olurdu dizdən aşağı.

amma Ronaldonun Əlidən xəbəri yoxuydu.

desələr, müharibə nədir...?

deyərəm, Ronaldonun ayaqları!

***

acının üstünə yolunur çobanyastığının ləçəkləri.

biri sevir, biri sevmir.

sevirdə qurtaranda barmaqların çimdikləməsi...

bir çiçək ölür sevgilərin üstündə....

ölür küçə itləri kimi.

və... kimsə atəş açır heçliyin quduzluğuna,

və bir it ölür dişlərini ağartmış.

sonra qəzetlərdə, saytlarda yayılır

dişləri ağara qalmış quduz itin şəkli...

dişlərinin arasından mırıltısını eşidirsən baxdıqca.

ayağında, qolunda, bədənində

bir quduz itin dişlərinin yeri gülür.

gülən yerlərin sızıltısından qorxursan,

elə bilirsən ki, sən də qudurmusan.

öz-özünə mırıldıyırsan, mızıldıyırsan.

qələbəlikdə yalnız olmadığını görürsən...

quduz adamların böyümüş gözlərindəki əksin

sənə hər səhər hamıdan erkən

zibilxanadan yemək axtaran adamı xatırladır.

o adam yemək axtaranda əli quduz itin ağzına girmişdi.

sonra o adam qudurdu, sonra da öldü.

ya yalan, ya doğru dedilər ki, o adamı yandırıblar sonra.

acının üstünə yolunur bir qadının saçları...

qom-qom saçlarını bir qırmızı tabutun üstünə tökür.

elə bil ki, qırmızı tabuta ana saçlarından naxışlayır.

sonra bir külək əsir,

şəhid tabutunun naxışlarını götürüb qaçır,

aparır zamanı naxışlamağa.

vaxtlardan anaların naxışları ötür əqrəblərin zəhərində...

kimisə çalır vaxt...

vaxtsızlığımıza gəlir qonşu oğlanın qara xəbəri.

atası pafosla çıxış edir:

- mən fəxr edirəm ki, oğlum şəhiddi.

küləklər yenə qaçırdır tabutun naxışlarını.

bütün bunlardan bir qızın xəbəri yox...

bilmədən yolur çobanyastığını acının üstünə.

sevir-sevmir, sevir-sevmir, sevir....

ləçəklərin qarğışında bir qız gülümsəyir dumandan...

yandırılmış zibilliyin tüstü dumanında

bir quduz itin ağaran dişləri gülür qızın sevincinə.

və bir qız çox xoşbəxt anlarını yaşayır bu quduzluqda...

***

siqareti ata bilmirdi adam.

adam bizim qonşuydu,

dördüncü mərtəbədə balkon-balkonaydıq.

doktor buyurmuşdu adama

siqareti atmağı...

adamsa bütün günü siqaret çəkirdi balkonda.

bir əli siqaretdə, bir əli başında

tüstü göyündən baxardı şəhərə.

mən onda balaca uşağıydım...

dibçəklərə sığınıb maraqla baxardım adama

güllərin arasından,

baxırdım siqaretin dadı damağımda.

tüstü mənə tərəf gələndə

boğulub qaçardım evə.

arada da qadını çıxardı balkona...

deyinərdi ki,

- axırda bu siqaret sənin evini yıxacaq,

sonra da bizim evimiz uçacaq.

mən də qorxardım...

elə bilərdim ki, binamız yıxılacaq.

və... çox istəyərdim adamın siqareti atmağını.

siqareti ata bilmirdi adam...

heç olmasa bir gün də ara vermirdi,

bir saat da ara vermirdi...

indi... bax indi...

ağlıma gəlir ki,

görən nə imiş adamın dərdi.

dərdini bilmədiyim adam...

nağıl kimi baxdığım,

div kimi qorxduğum adam...

bir gün çıxmadı balkona,

tüstü göyünün içindən baxmadı heç bir yana.

adam öldü - dedilər...

bəlkə də ürəyində ən çox sevinən mən idim,

sevinirdim ki, binamız uçmayacaq daha.

amma yoxluğu nağıl yoxluğu kimiydi adamın

bəlkə də siqaret atmışdı onu...

və hardansa uşaqlığından bir dostu gəldi,

hamıdan çox ağladı,

hamıdan çox dizinə vurdu...

sonra dedi: - ey gözəl insan!

və hamının bir dostu olmalı...

uşaqlığından çıxıb gəlməli,

bir gözəl söz deməli

son gedişdən sonra.

sonra da ki...

siqareti ata bilmir... xatirələr.

***

sulara əksimiz düşəndə...

uşaqların içində ən birinci özümü tanıyardım...

xoşbəxtliyim gözlərimdən tökülərdi,

mutluluğum dodaqlarımdan,

doğmalığım ən çox qucağımdan bəlliydi

hər dəfə nənəmə sarmaş-dolaşanda,

həyətimizin ağaclarına sarılanda.

bəlkə də mənim kimi bəxtiyarı yoxuydu ölkə üzündə...

ölkə üzündə tayı-bərabəri olmayan

ən məsud kənd uşağıydım...

aynalarda ən birinci özümü tanıyardım...

tanıyardım əllərimin qoz ləkəsindən,

dodaqlarımın mor tut boyasından,

üstümün-başımın palçığından...

ahhh... o nə gözəllik idi, İlahi?!

və... sular da məni tanıyardı,

aynalar da məni tanıyardı...

hələ bütün hamının gözlərinin

durusunda duruluqlar da məni tanıyardı...

ən birinci xoşbəxtlik tanıyardı məni,

ən birinci mən tanıyardım xoşbəxtliyi.

o günü aynaya baxdım...

ayna məni tanımadı.

anlamını itirmiş bir yaşamdan sonra...

anlamaq istəmirsən daha,

nə doğmanı, nə yadı...

nə də yaşaya bilmədiyin həyatı.

həyat elə yaşaya bilmədiyin gün,

qaça bilmədiyin ağrı,

keçə bilmədiyin sərabdı.

həyat elə adına yazılmış günahdı.

sən günahlarından tanıyırsan hamını...

hamını yaxşı tanıdığın yerdə...

bircə özünü tanıya bilmirsən.

ağlına gəlir ki, çox günahları

istəmədən eləmisən...

çox savabları ötürmüsən.

və bir həyat ötürmüsən həyatın içində...

içində bir bina,

bir qutu ev,

dörd divar...

sonra sayırsan ki, divarlar çoxdur.

hələ divarların kölgəsi,

hələ kölgələrini aşa bilmədiyin gecələr,

hələ kölgələrin divarı...

anlamını itirmiş bir yaşamdan sonra...

keçən ömrün dalınca bir fit çalırsan,

ha çalırsan,

ömrün geri dönüb üzünə baxmır.

üzünə baxmır əllərin,

üzünə baxmır ayaqların...

amma sən hər şeyin üzünə baxmaq istəyirsən.

və güzgüdə gözlərinin dibini görmək üçün

güzgüyə baxırsan...

və güzgüdə heç kimi görmürsən.

və güzgünün yerinə üzünü silirsən.

***

yaralı quşların gözlərindən su keçirdir barmaqlarım...

sonra içimdəki bütün nəğmələr bitir.

bir sərçənin son nəğməsindən sonra

iyuna serenada çalır saçlarım...

və saçlarımın ağrısı dolaşır boynumda, boğazımda.

çiynimdən aşağı çəkir məni bilmədiyim bir məchulluq...

bu can bürkülərində ovçuların sevinci qarışır

lələklərin qanına...

və ov tulalarının qoxubilmək qabiliyyətində

yaralı canların son nəfəsi çəkilir dara.

göz bəbəklərində... göz bəbəklərində...

bir damla yaş donur ala-bəzək bir quşun.

və gözlərimi döyürəm ağrılara, sevinclərə...

gözlərim döyülür baxdığım hər şeydə.

bu məşum və anlaşılmaz yaşamın

hər tərəfində bir ədalətsizlik, bir bərabərsizlik

ov tulalarının sümsü burunlarının uclarında

şirin-şirin yediyin yeməyə düşən bir milçək kimi.

götürüb kənara atsan da... milçəkdən sonra

o yeməyi həmin şirinlikdə yeyə bilmirsən.

ədalət dediyin... hardasa ölməkdə, hardasa qalmaqda...

elə qalmaqda ki, dəyişib ədalətsizlik olur.

və mən iyuna yazdığım serenadanı

ilk və son dəfə dinlədikcə...

yaralı quşların gözlərindən su keçirdir barmaqlarım...

öldürülən uşaqların kəfənlərindən

qan keçirdir kəfənim.

suların durulmayan yerində...

bir bulanıq axarda kəfənimin qanını yuyuram hələ də.

məndən qabaq da belə olmuşdu,

indi də belədir.

məndən sonra da belə davam edəcək.

kimsə... ən bulud adam olacaq,

kəfəninin qanını yuyacaq.

amma kəfənin qan ləkəsi getməyəcək...

ləkələrin yerindən kəfənlər qanayacaq.

adamları ləkəli basdırırlar, İlahi!

# 1163 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #