Amerikanın Lermontovu – Seymur Baycan yazır…

Amerikanın Lermontovu – <span style="color:red;">Seymur Baycan yazır…
4 may 2019
# 11:32

Kulis.az yazıçı-publisist Seymur Baycanın Tomas Vulfun “Evinə bax mələk” əsəri haqqında məqaləni təqdim edir.

…Mən həyatda heç nəyə nail olmamışam. Mən uğursuzam… Mənim ağciyərlərim heç nəyə yaramır. Məni heç orduya da götürmürlər. Hətta almanlara məni öldürmək şansı da vermirlər. Mən heç nə əldə edə bilmədim, lənət şeytana! – o, artan hiddətlə dedi. – Bütün bunlar nəyə lazımdır? Sən bunu anlaya bilirsən, Cin? Görəsən, doğrudan, hər şey belə olmalıdır, yoxsa kimsə bizimlə axmaq zarafat edir? Bəlkə bütün bunları biz yuxuda görürük? Necə düşünürsən?


– Hə, – Yucin dedi. – Məhz belədir. Ancaq mən istərdim ki, bizi oyatsınlar. – O, yatağında bir saniyəlik əyilərək öz arıq və çılpaq bədəninə dalğın-dalğın baxıb susdu. Sonra ağır-ağır dedi; – Bəlkə də, heç bir şey yoxdur və heç kəsi oyatmaq lazım deyil.


– Cəhənnəm olsun hər şey! – Ben dedi. – Təki bunlar çox tez qurtaraydı!


Tomas Vulf – “Evinə bax mələk” əsərindən


İmre Kertesin “Talesiz” əsərindən yazdığım yazı haqqında zövqünə inandığım adamlar müsbət rəylər söyləsələr də, yazı heç də ürəyimcə alınmamışdı. Çünki əsərdən bəzi təsirli hissələri yazıya otuzdurub öz tərəfimdən tirajlamaq istəsəm də, bunu heç cür bacarmamışdım. Amma bunu özüm bilirəm, oxucular isə hazır məhsulla tanış olduqlarına görə daha nəyi yazmaq, daha nələri demək istəyimdən xəbərsiz qalırlar. Bu bir müəllif kimi mənim şəxsi problemimdir. Televiziya işçiləri demişkən özünü kadra soxmaq kimi alınmasın, çox adamda, hətta ən dahi qələm sahiblərində də belə hallar olub. Məsələn, deyilənlərə və yazılanlara inansaq Tolstoy “Hərb və sülh” əsəri təriflənəndə əsəbiləşirmiş. Deyirmiş, başım çıxmır o mənasız əsəri niyə tərifləyirlər? Hardasa inandırıcıdır. Allah bilir adam nə yazmaq istəyirmiş. Bu barədə bir az sonra daha ətraflı danışacağıq. Tələsməyək. Tələsən yerimiz yoxdur!


Neçə vaxtdır, Tomas Vulfun “Evinə bax, mələk” əsəri haqda yazı yazmaq istəyirdim. Əsərdən götürdüyüm çoxsaylı qeydlər, yazının skeleti beynimdə hazır dayansa da masa arxasında oturmağa cəsarət etmirdim. “Evinə bax, mələk” çox sevdiyim əsərdir, Tomas Vulf isə ən çox hiss etdiyim iki-üç yazıçıdan biridir. Xüsusi ovqat olmadan “Evinə bax, mələk” əsəri haqqında yazı yaza bilməzdim. Xüsusi ovqatsız, özümü kədərləndirmədən masa arxasında otursaydım, əsər haqqında yazdığım yazı çox güman quru alınacaqdı.


Son vaxtlar bəndənizi möhkəm əsəbiləşdirən bir neçə məsələ var. Futbolçuların iyrənc artistliyi, küftənin dağılması, kotletin tavaya yapışması, dovğanın çürüməsi və yazının heç də ürəyimcə alınmaması.


Neçə vaxtdır, xüsusi ovqat yaratmaq üçün müxtəlif vasitələrlə “özümü qamçılamaqla” məşğul idim. Bədənimin heç bir üzvünü zədələmədən özümdən qan çıxartmağa cəhdlər edirdim. Lakin hansı üsula əl atsam da heç bir müsbət nəticə əldə edə bilmirdim. Görünür ya daşlaşmışam, ya da artıq qan qurtarıb. Nəhayət az əvvəl “özümü qamçılamaq vasitələrindən” biri deyəsən, öz effektini göstərdi. Xüsusi ovqatın dağılacağından ehtiyat edərək tez masa arxasında oturdum. Görək sevdiyim əsər haqqında nəzərdə tutduqlarımın heç olmasa iyirmi faizini yazmağı bacaracammı? Bilmirəm.


“İvan İliçin ölümü” yazısında bu barədə danışmışdıq. Mütaliənin dörd mərhələsi var. Mütailənin dörd mərhələsi bir az sufilikdəki şəriət, təriqət, mərifət, həqiqət mərhələlərinə oxşayır. İndi əvvəlki illərlə müqayisədə mütailənin dörd mərhələsi haqqında, vacib olan xeyli nüanslara, detallara toxunaraq daha geniş, daha əhatəli yaza bilərəm. Amma buna bir qram da ehtiyac görmürəm. Arifə bir işarə, qanmaza min toppuz. Başa düşən düşəcək, düşməyənə dastan, epopeya da yazsan xeyri yoxdur. Beləliklə;


Mütaliənin birinci mərhələsində insan əlinə keçən kitabları oxuyur.


İkinci mərhələdə insan özünə lazım olan əsərləri tapıb oxumağa başlayır. Artıq birinci mərhələdə oxuduğu kitabların süjeti, mövzusu onu qane etmir. Buna zövqün formalaşması adı da verə bilərik. Bu, çox uzun və axtarışlar tələb edən bir mərhələdir.


Üçüncü mərhələdə insan əsəri oxuyarkən nəyin həqiqətən baş verdiyini, nəyin uydurma, təxəyyül məhsulu olduğunu, hadisələrin nə dərəcədə bədiiləşdirildiyini, ədəbiyyatlaşdırıldığını müəyyən etməyi, yazıçının həqiqətən keçirdiyi, həqiqətən yaşadığı hisləri keçirmədiyi, yaşamadığı hislərdən, həqiqi yuxuları yalançı yuxulardan ayırmağı bacarır.


İnsan yazıçının harda və necə gopa basdığını, öz başına gəlmiş hadisəni üçüncü şəxsin dilindən yazdığını, yaxud eşitdiyi hadisəni özü görmüş kimi, keçirmədiyi, yaşamadığı hisləri özü keçirmiş, yaşamış kimi necə ustalıqla təqdim etdiyini tuta bilir. Bu, çox zövqlü bir mərhələdir.


Dördüncü mərhələdə insan artıq əsərlərdə yazılmayan hadisələri, əhvalatları, düşüncələri, hisləri də oxumağı bacarır. Başa düşürsən ki, yazıldı, yazılmadı, fərqi yoxdur, heç bir düşüncə, heç bir hiss itmir. Sadəcə, yazılmayan düşüncələri, hisləri oxumaq hər kəsə müyəssər olmur. Bu mərhələdə hislərin səmimiliyinə daha çox qiymət verirsən. Ən dahiyanə imitasiyalar, ən dahi imitatorlar belə insanı aldada bilmir. Bu mərhələdə insan özündə ziddiyətləri, əks qütübləri birləşdirməyi, uzlaşdırmaqı, barışdırmağı bacarır. Bu mərhələdə insan həm dahiyanə, həm də çox bayağı hesab olunan əsərlərdən həzz və zövq ala bilir.


Əlbəttə, bütün bu fikirlər şərti, subyektiv, bir balaca da kazuistik fikirlərdir. Bununla belə iddia edirəm ki, “Evinə bax, mələk” əsəri məhz mütailənin dördüncü mərhələsinə gəlib çatmış insanların tam başa düşəcəyi, mütailənin dördüncü mərhələsinə gəlib çatmış adamların tam qiymətləndirə biləcəyi bir əsərdir.


Tomas Vulf “Evinə bax, mələk” əsərində ədəbiyyatın sirli, möcüzəli dünyasına tərəf ilk kövrək addımlarını necə atdığını belə təsvir edir;


“Bir dəfə böyük tənəffüsdən sonra müəllimləri onları – yuxarı sinif şagirdlərini toplayıb ikinci mərtəbədəki akt zalına apardılar. Onlar zala daxil olub hər bir sinif üçün nəzərdə tutulmuş ayrıca cərgələrdə oturdular. Elə əyləşdilər ki, hər ikinci stul boş qaldı. Bir saniyədən sonra direktorun kabinetinin sol tərəfdəki qapısı açıldı. Direktor yandakı keçidlə addımlayarq səssicə səhnəyə qalxdı və danışmağa başladı.


Bu təzə direktor idi. Təzə direktor bir qədər yaşlıydı. Onun otuz səkkiz yaşı vardı. O yetərincə ağır çəkili və güclü bir adam idi. Tennessidəki fermada böyük bir ailədə böyümüşdü. Atası yoxsul olsa da, uşaqlarına təhsil almağa kömək etmişdi. Bunların hamısını Yucin (yəni Tomas Vulf S.B.) artıq bilirdi, çünki direktor səhərlər onunla xeyli söhbətləşərək, Yucinə bir zamanlar özünün məhrum olduğu hansı üstünlüklərdən yararlandığını izah etmişdi. O, bir qədər lovğalıqla özünü nümunə göstərir, balaca oğlanlara zarafatla, ancaq israrla deyirdi ki, “sürüdə heyvan olmaqdansa, mübarizədə qəhrəman olmaq lazımdır”. Bu Lonqfellonun şeirindən bir parça idi.


Direktorun möhkəm və güclü çiyinləri, düyünlü və yöndəmsiz kəndli əlləri vardı. O, kobud, yöndəmsiz və gülməliydi, xəlvəti yerişi vardı, yaxınlaşdığını hiss etmədiyin halda, bir də görürdün ki, arxandadır. Otto Krauze onu “Sürünən İsa” adlandırırdı.


O hər səhər uşaqlarla iyirmi dəqiqə məqsədsiz, qəliz, darıxdırıcı söhbət edirdi. Müəllimlər əllərini ağızlarına tutaraq ehtiyatla əsnəyir, şagirdlər sakitcə şəkil çəkir, ya da bir-birlərinə kağız atırdılar. Direktor onlara “daha yüksək həyat” və “mənəvi dəyərlər” haqqında danışırdı. Onları gələcəyin rəhbərləri və dünyanın ümidləri olduqlarına inandırırdı. Sonra da Lonqfellodan sitat gətirirdi.


O, divan tutmaqda çox zirək idi. İstənilən qiyamı patriarxal qəddarlıqla boğurdu. Şagird söz qaytaranda onu qüvvətli qollarıyla partanın arxasından çıxarıb, qıvrılan qurbanını yöndəmsiz iri addımlarla, ağır nəfəs ala-ala kabinetinə sürüyür, kəskin nifrətlə deyirdi:


– Ax səni, küçüyün biri! Hələ baxarıq, buranın sahibi kimdir. Mənə ağıl öyrədən tərbiyəsiz həşəratları necə əzdiyimi sənə göstərərəm.


Kabinetinin tutqun şüşəli qapısını arxasınca bağladıqdan sonra isə bərkdən ləhləyə-ləhləyə çubğunu vıyıldadıb, əsirini ağrıdan və qorxudan doğan fəryadlar qoparmağa məcbur edərək, qurulacaq dəhşətli ədalət məhkəməsi barədə xəbər verirdi.


Direktor bu gün şagirdləri inşa yazmaq üçün toplamışdı. Nə istədiyini kəkələyə-kəkələyə izah edərkən uşaqlar ona küt-küt baxırdılar. Axırda dedi ki, kim yaxşı yazsa, öz cibindən ona beş dollar mükafat verəcək. Bu, uşaqlarda maraq oyatdı.


Onlar “Torğayların nəğməsi” adlı fransız tablosu haqqında inşa yazmalıydılar. Bu rəsmdə əlində oraq olan ayaqyalın bir fransız kəndli qız təsvir olunmuşdu. O, tarlaya düşən günəş şəfəqlərinin işıqlandırdığı çöhrəsini qaldırıb quşların nəğməsini dinləyirdi. Onlara bu qızın üzünün ifadəsini necə başa düşdüklərini, ümumiyyətlə, tablodan aldıqları təəssüratı yazmaq təklif olunurdu. Hər birinə sarı kağız paylanmışdı. Onlar karandaşlarını ağızlarına salıb dalğın halda şəklə baxırdılar.”


Məktəbin yuxarı sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsində iştirak edən Tomas Vulf rəsm əsəri haqqında belə bir inşa yazır:


“Bu qız ilk torağayın səsini eşidir. O bilir ki, bu quş baharın gəlişini xəbər verir. Onun ya on yeddi, ya da on səkkiz yaşı var. Valideynləri çox kasıbdır, odur ki, öz kəndlərindən savayı heç bir yeri görməyib. Qışda o, taxta başmaqlarda gəzir. O elə bil ki, fit çalmağa hazırlaşır. Ancaq torağayı dinlədiyindən quşun xəbər tutmasını istəmir. Tarlaya onun doğmaları da gəlib, ancaq bir az geridədirlər, biz onları görmürük. Onun atası, anası və iki qardaşı var. Onlar bütün ömürləri boyu durmadan çalışırlar. Bu qız ailənin ən kiçiyidir. O gəzmək, dünyanı görmək üçün harasa getmək istəyir. Bəzən o, Parisə gedən qatarların fit səslərinə qulaq asır. O heç vaxt qatara minməyib. O, Parisə getməyi çox istərdi. O, yaxşı paltarı olmasını istəyir, səyahət etmək istəyir. Yəqin ki, Amerikada – sonsuz imkanlar ölkəsində yeni həyata başlamağı çox istərdi. Bu qızın həyatı çox ağır keçir. Doğmaları onu başa düşmürlər. Əgər torağayı dinlədiyini görsələr, ona güləcəklər. O, təhsil ala bilməyib, çünki ailəsi çox yoxsuldur, əgər bəxti gətirib oxuya bilsəydi, bundan oxumaq imkanı olan çoxlarından daha yaxşı istifadə edərdi. Üzündən görünür ki, ağıllıdır”.


Yazdığı bu inşa ilə Tomas Vulf direktorun təyin etdiyi mükafatı qazanır və direktorun, direktorun kitab qurdu olan arvadının diqqətini çəkir. Direktor oğlan uşaqları üçün özəl məktəb açmaq istəyirdi. Şagirdlərə inşa yazdırmaqda əsas məqsədi açacağı özəl məktəbə xüsusi istedadlı uşaqlar seçmək idi. Bu inşa əhvalatından sonra Tomas Vulf tez-tez direktorun evinə gedir, onun kitabxanasındakı kitablardan istifadə etməyə başlayır. Tomas Vulf ədəbiyyat dünyasına doğru kövrək addımlar atmasını “Evinə bax, mələk” əsərində belə yazıb. Hərçənd Tomas Vulfun atası da ədəbiyyata heç də yad adam sayılmazdı. Tomas Vulfun atası klassik şairləri, xüsusən, Şekspiri çox sevirdi və xeyli poeziya nümunələrini əzbərdən bilirdi.


Bəs görəsən Tomas Vulfun ədəbiyyat dünyasına doğru ilk addımlarını atması həqiqətdə necə olub, əhvalat həqiqətdə necə baş verib? Əslində bu o qədər də həyati vacib sual deyil. Əsas odur ki, Vulf “Evinə bax, mələk” əsərini yazanda ədəbiyyat dünyasına doğru ilk addımlarını atmasını belə xatırlayıb və adamın üstündə Allah var sırf yazıçı kimi yaxşı xatırlayıb, yaxşı da yazıb.


İspandilli yazıçılardan biri deyir ki, fakt içinə dolan hislərin formasını alan qabdır. Yəni biz keçmişdə baş verən hadisələrə hansı hislərlə fokuslanırıqsa, hadisələr də fokuslandığımız hislərə uyğun formanı alır. Milan Kundera yazır ki, Höte başqalarının yanında anasının onun uşaqlığı haqqında danışmasını heç xoşlamırdı. Anası başqalarının yanında Hötenin uşaqlığından danışanda Höte əsəbiləşirmiş. Bunun nə dərəcədə həqiqət, nə dərəcədə tarixi fakt olduğunu bilmirəm. Əgər Milan Kundera yazdığı doğrudursa, yəni doğrudan da Höte başqalarının yanında anasının onun uşaqlığı haqqında danışmasını xoşlamırmışsa o zaman Höteni hardasa başa düşmək olar. Niyə? Ona görə ki, Höte artıq hadisələrə tamam başqa hislərlə fokuslanmışdı və hadisələr bu hislərin təsiri ilə öz formasını, mənasını tamam dəyişmişdi.


Heç bilmirəm yeridirmi, amma yeri olsa da, olmasa da, bir məsələyə münasibət bildirəcəm. Bir də görürsən yekə-yekə kişilər oturub orta məktəbdə müəllimlərə qarşı etdikləri kobud, tərbiyəsiz hərəkətləri hələ də bir qəhrəmanlıq hadisəsi, bir qəhrəmanlıq nümunəsi kimi həvəslə bir-birlərinə nəql edirlər. Yekə kişilərdir, Allah qoymasa guya ailə başçısıdırlar, atadırlar, ərdirlər, ölüb yerə girmirlər, oturub orta məktəbdə etdikləri tərbiyəsiz hərəkətlərdən ağızdolusu danışırlar. Adam keçmişdə etdiyi kobud, tərbiyəsiz hərəkətə görə bir az utanar, bir az xəcalət çəkər, imkan varsa gedib kobudluq etdiyi insandan üzr istəyər. Amma bunlar utanmırlar, xəcalət çəkmirlər. Utanmalı, xəcalət çəkməli olduqları əməlləri törətməkləri ilə hələ də fəxr edirlər. Bu o deməkdir ki, belə adamlar böyüməyiblər, saç-saqqalları ağarsa da bir qram müdrikləşməyiblər. Bu o deməkdir ki, belə adamlar bu dünyaya eşşək kimi gəliblər və bu dünyadan eşşək kimi də gedəcəklər. Belə adamları eşşəklə müqayisə edəndə əslində eşşəyə qarşı haqsızlıq, ədalətsizlik nümayiş etdirmiş oluruq. Eşşək belə adamlardan daha qanacaqlı, daha mərifətli canlıdır.


***


Tomas Vulf ailənin yeddinci uşağı idi. Onun atası bərk içir, evdə daima, ardı-arası kəsilməyən dava-dalaş olurdu. Bəzən hətta sakit, mehriban ailələrdə belə hansısa səbəbdən ailənin bir üzvü ilə başqa bir üzvü arasında daha çox doğmalıq hissi yaranır. Dava-dalaşlı, qalmaqallı ailələrdə ailənin bir üzvü ilə başqa üzvü arasında doğmalıq yarananda bu doğmalıq daha dərin olur. Tomas Vulf qardaşı Beni hədsiz dərəcədə çox sevirdi. O, qardaşına olan bağlılığını, sevgisini “Evinə bax, mələk” əsərində süjet boyu bir neçə dəfə çox təsirli bir şəkildə təsvir edib;

Image result for tomas vulf

“…Onun içində öz gizli həyatını tutqun gözləri, kədərli nitqi arxasında gizlədən Benə qarşı dərin bağlılıq boy atırdı. Ben qəzet paylamaqdan qazandığı cüzi vəsaiti Yucinin hədiyyələrinə və əyləncələrinə xərcləyir, deyinərək onu öpüb-oxşayır, bəzən şapalağa qonaq edir, ancaq başqalarından qoruyurdu…


…Benin saqqalı çıxmışdı və artıq üzünü qırxırdı. O, Yucini dəri divanın üstünə yıxıb, saatlarla qardaşıyla oynayır, onun incə yanaqlarını çənəsinin cod tükləriylə cızırdı. Yucin ciyildəyirdi.


– Kişi olanda sən də belə edəcəksən, – Ben deyirdi və astaca xışıldayan səsiylə oxuyurdu;


Məktəbin qapısını ağacdələn döyürdü,


Döydü, döydü, dimdiyini sındırdı,


Məktəbin zəngini də ağacdələn döyürdü,


Döydü, döydü, dimdiyini düzəltdi.


… Qaşqabaqlı, susqun, tənha və özünə daha çox qapanan Ben səsli-küylü evə heç kəsin hiss eləmədiyi xəyal kimi gəlib-gedirdi. Hər gecə saat üçdə, hələ formalaşmayan cılız bədəninin şirin yuxuda olmalı olduğu bir vaxtda, sübh ulduzlarının işığında yatağından qalxıb, hamının yatmış olduğu evdən çıxır, çap maşınlarının səhər gurultusuna, çox sevdiyi mətbəə rənglərinin qoxusuna doğru tələsirdi, çünki ona həvalə olunan marşurut üzrə qəzetləri paylamalıydı. Səkkizinci sinifdən sonra məktəbi hiss olunmadan buraxmış, qəzet paylamaqdan başqa, mətbəədə kömək etməklə bağlı da razılığa gəlmiş və böyük qürurla öz məvacibi hesabına yaşayırdı. Evdə gecələsə də, burda gündə bir dəfədən artıq yemək yemir, axşamlar atasına xas geniş ac addımlarla qayıdır, daşıdığı çantaların ağırlığından vaxtsız əyilmiş belini, arıq, ensiz çiyinlərini bükərək otururdu. Ben evdə keçirdiyi vaxtlarda özünü tam və sakit şəkildə Yucinə həsr edirdi. O öz kiçik maaşından qardaşına cib xərcliyi verir, doğum günündə, Milladda, ya da başqa münasibətlərlə ona bahalı hədiyyələr alırdı. Yucinin onu mesenat kimi qəbul etməsinə qəlbinin dərinliklərində sevinirdi. Onun cüzi vəsaiti balaca qardaşına çox böyük və tükənməz kimi görünürdü.


…Ümidsiz vaxtlarında Yucin Benə arxalanırdı. Bəzən ayaqlarını əyri ata-ata küçədə gəzən Ben yorğun, əsəbi, çirkli, böyründə ağzınadək dolu parusin çanta tutmuş kiçik qardaşına rast gəlib, üz-gözünü hirslə turşudur, pinti görkəminə görə onu danlayır, sonra isə aşxanaya aparıb yeməyə nəsə alırdı – yağlı köpüklü süd, qaynar yağlı paxla, yumşaq alma piroqu.


…Ben özünə yeni çəkmələr almışdı. Açıq-qəhvəyi rəngdə. Onlara altı dollar vermişdi. O həmişə bahalı şeylər alırdı. Ancaq bu çəkmələri geydikdən sonra necə oldusa ayaqları ağrımağa başladı. O, qaşqabağını tökərək qəzəbli halda birtəhər öz otağına gəlib çıxdı və onları soyundu.


– Lənətə gələsiniz! – o bağırdı və çəkmələri divara çırpdı.


Eliza qapıdan içəri baxdı.


– Nə qədər ki pullarını havaya sovurursan, əzizim, həmişə cibində siçan oynayacaq. Əgər yaxşı-yaxşı fikirləşsən, bu çox pis şeydir. – O, başını kədərlə bulayıb ağzını büzdü.

Image result for tomas vulf

– Ah, Tanrı xətrinə! – Ben deyindi. – Bunun dediyinə bir bax! Lənət şeytana, sən mənim nə vaxtsa kimdənsə nəsə istədiyimi eşitmisən? – o hirslə qışqırdı.


Eliza çəkmələri götürüb Yucinə verdi.


– Adamın atmağa heyfi gəlir, yaxşı çəkmələrdir, bax gör ayağına olur?


Yucin çəkmələri geyinib yoxladı. Onun ayaqları artıq Benin ayaqlarından böyük idi. O, ehtiyatla bir neçə addım atdı.


– Hə, necədirlər? – Eliza soruşdu.


– Deyəsən, pis deyil, – o, tərəddüdlə cavab verdi. – Bir az sıxırlar.


Ayaqqabıların dərisinin tarımlığı və möhkəmliyi, xoş qoxusu onun xoşuna gəlmişdi. Onun heç vaxt belə çəkmələri olmamışdı.


Mətbəxə Ben daxil oldu.


– Donuz potası! – o qışqırdı. – Sənin ayaqların at ayağından da yekədir!


O, qaşqabaqlı halda əyilib tarım çəkilmiş dərini yoxladı. Yucin diksindi.


– Ana, Tanrı xətrinə, uşağı onları geyməyə məcbur etmə, – Ben hirslə dedi, – çəkmələr ona balacadır. Əgər sən puluna qıymırsansa, mən ona başqasını alaram.


…Bu Yucinin ilk müstəqil səyahəti idi. Eliza onun əşyalarını köhnə çamadana yığıb, içərisinə yumurtalar və buterbrodlar qoyduğu qutu hazırladı. O yuyunmuş, ütülənmiş və həyəcanlı şəkildə çamadanının yanında dayanmışdı. Eliza hiss edirdi ki, oğlu ondan daha bir addım uzaqlaşır. Səyahət yanğısı Yucinin sifətini qarsırdı.


– Ağıllı ol, – o dedi. – Ehtiyatlı ol, özünü yaxşı apar. – Eliza üzünü yana tutaraq fikrə getdi. Sonra əlini corabının içinə salaraq beş dollarlıq əskinas çıxartdı.


– Pullarını boş yerə xərcləmə, – o dedi. – Al bunu da. Artıq pul mane olmur.


– Bura gəl görüm, balaca avara! Ben qaşqabaqla dedi və cəld Yucinin əyilmiş qalstukunu düzəltdi. Sonra jiletindən tutub, cibinə on dollar basdı. – Özünü yaxşı apar, – o dedi, – yoxsa səni ölənəcən döyərəm.


…Sən bizim son ümid yerimizsən, Cin. Təhsilini mütləq başa vur, hətta bununçün pul oğurlamaq məcburiyyətində qalsan belə. Bizim heç bir dəyərimiz yoxdur. Çalış, nəyəsə nail olasan. Başını dik tut! Sən heç kəsdən əskik deyilsən, hətta o lənətə gəlmiş yelbeyinlərdən qat-qat üstünsən. – O hiddətləndi, həyəcanından özündən çıxmışdı. Qəfil stolun arxasından qalxdı. – Onların sənə gülməsinə imkan vermə! Bizim onlardan heç nəyimiz əskik deyil, lənət şeytana! Əgər onlardan hansısa sənə gülmək istəsə, əlinə keçəni götürüb, onu yaxşıca susdur. Eşidirsən? – O, vəhşi qəzəblə stolun üstündəki iri bıçağını götürüb, havada oynatdı…»


1918-ci ilin oktyabr ayında Tomas Vulfun çox sevdiyi qardaşı ölür. Vulf bu ölümdən bərk sarsılır. “Evinə bax, mələk” əsərində Benin ölümü çox ağır cümlələrlə təsvir olunub. Benin doktor Koukerlə söhbəti, Yucinin qardaşı Lyukla Ben üçün tabut seçmək səhnəsi isə sadəcə, dəhşətli səhnələrdir. Çox təəssüflər olsun ki, həcminin böyüklüyünə görə həmin hissələri yazıda tirajlaya bilmirəm;


…Benin arıq, uzun bədəninin dörddə üçü örtülüydü, adyalın altındakı sümüklü fiqur qıc olmuş şəkildə bükülmüşdü, elə bil, ona işgəncə verirdilər. Bədəni sanki Benə aid deyildi, elə bil, onu boynu vurulmuş cani bədəni kimi ayırıb, eybəcər hala salmışdılar.


Ben yatağında onlardan aşağıda, təbiətşünasın stolunun üstündəki iri həşərat kimi işığın altında uzanmışdı və onlar onun miskin, arıqlamış və heç kəsin xilas edə bilməyəcəyi bədəninin həyatda qalmaq üçün necə ümidsizcəsinə mübarizə apardığını görürdülər. Bu, son dərəcə dəhşətli idi.


Onlar ümidsizcəsinə, acıqla, səksəkəli halda bir-birindən sakitlik və soyuqqanlıq tələb edirdilər. Onlar xəstənin otağından uzaq durmalı olduqlarını deyirdilər, ancaq elə bil, güclü bir maqnit onları yenə çəkib Benin qapısının kandarına gətirirdi və nəfəslərini qısaraq, barmaqlarının ucunda yenə də dəhşətin sönməz yanğısıyla onun xırıltısına, havanı necə çətinliklə, qıc olmuşcasına sementlənmiş ciyərlərinə çəkdiyinə qulaq asırdılar və onun yanına girməyə həriscəsinə, qısqanclıqla bəhanə axtarır, səbirsizcəsinə su, dəsmal, ya da başqa bir şey gətirmək üçün növbə gözləyirdilər.


…Saat dördə qalmış ölümün yaxın olduğu aydınlaşdı. Ben gah huşdan gedir, gah şüuru yerinə qayıdır, gah da sayıqlayırdı. Ancaq çox zaman sayıqlayırdı. O daha az xırıldayır, çoxdan unudulmuş, itmiş uşaqlığının gizli dərinliklərində qalan mahnıları zümzümə edirdi.


…Yucin artıq ölüm haqqında sevgi və sevinclə düşünürdü. Ölüm gözəl və incə qadına, Benin dostuna və sevgilisinə bənzəyirdi, onu azad buraxmağa, müalicə etməyə, həyatın əzablarından qurtarmağa gəlmişdi…


Tomas Vulf “Evinə bax, mələk” əsərini iyirmi altı yaşında yazmağa başlamışdı. Təssəvvür edin yuxarıdakı cümlələri yazanda Vulfun heç otuz yaşı tamam olmamışdı. Gücsüzlük, acizlik, çıxılmazlıq, yorğunluq, düzəldilməsi mümkün olmayan səhvlər, ölüm – bunlar “Evinə bax, mələk” əsərinin ortasından bir qırmızı xətt kimi keçir. Gənc bir insanın gücsüzlük, acizlik, yorğunluq, düzəldilməsi mümkün olmayan səhvlər, çıxılmazlıq, ölüm haqqında bu qədər çox yazması, həm də çox gözəl yazması adamı heyrətləndirir. Niyə gənc bir insan gücsüzlükdən, acizlikdən, yorğunluqdan, ölümdən bu qədər çox yazmalıdır? Hansı səbəbə görə gənc bir insan ölümü bu qədər gözəl vəsf eləməlidir? Axı o nə yatmışdı ki, nə də yuxu görsün?


…Oliver hüznlü stansiya binasından çıxıb, gözlərini kənd dükanındakı yağ çırağının işığına zillədi, hiss etdi ki, sanki nəhəng vəhşi heyvan kimi dolama yollarla bu nəhəng zirvələrə ölmək üçün sürünüb.


…- Qulaq asın! Belə olmaz, – o dedi. – Yəqin ki, siz də qara gününüz üçün nəsə yığmaq istəyirsiniz, eləmi?


– Mənim qara günüm artıq gəlib çatıb, – o qaşqabaqla cavab verdi, – odur ki, mənə səkkiz fut qəbir torpağından başqa daşınmaz əmlak lazım deyil.


…Qant yalnızlığın qaranlığına qərq olmuşdu, onun qəlbi gecənin uçurumuna yuvarlanmışdı, çünki yad adam kimi öləcəyini, bütün insanların ölməli olduğunu anlamışdı. Odur ki, qütb gecəsində can verməkdə olan adam kimi gəncliyinin yaşıl çəmənlərini, sünbüllərini, gavalı çiçəklərini və yetişmiş taxılını xatırlamağa başladı. Bəs niyə burda?


…O, yer üzündəki qısamüddətli varlığımızın anlaşılmazlığını və yalnızlığını həmişəkindən daha çox hiss edirdi, o alman fermasında keçən uşaqlığı, Baltimordakı günlər, qitəni məqsədsiz dolaşması, bütün həyatının bir çox təsadüflərdən qorxunc asılılığı barədə düşünürdü.


…O, insanların əbədi olaraq bir-birinə yad olduğunu, heç kəsin başqasını tam mənada başa düşməyə qadir olmadığını, anamızın qaranlıq bətnindən bu dünyaya onun sifətini tanımadan gəldiyimizi, onun qucağına yad olaraq verildiyimizi və kimin əllərinin bizi qucaqlamasından, kimin dodaqlarının bizi öpməsindən, kimin ürəyinin bizi isitməsindən asılı olmayaraq düşdüyümüz çıxılmaz mövcudluq həbsxanasından artıq heç vaxt çıxmayacağımızı anlayırdı.


…Birdən Qant yox olmuş gəncliyi, azalan gücü, canına hopan eybəcərlik və murdarlıq haqda düşündü, onu hörülmüş zənciri qoparmağın, toxunmuş naxışı sökməyin, ediləni yenidən etməyin mümkünsüzlüyünü bilən adamın sakit ümidsizliyi bürüdü.


…O həyatının elə bir dövrünə gəlib çatmışdı ki, bu yaşda insan qəzetdə daim ölüm xəbəri axtarır. Dost-tanışdan kiminsə ölümü haqda eşidəndə isə başını riyakar qoca kədəriylə bulayıb deyirdi: “Onlar bir-birinin ardınca gedirlər, İlahi! Növbə mənimdir.” Ancaq dediklərinə inanmırdı. Ölüm hələ ki ona yox, başqalarına aid idi.


…Biz tüstüyə qarışıb yox oluruq, dünənki zəhmətimizdən bu günə yorğunluqdan başqa heç nə qalmır. Bundan necə xilas olaq?


…Ən yaxşısı cavan ölməkdir.


…Bob Qreydi çərşənbə axşamı vətəndaş bankından çıxdığı yerdə yıxılaraq ölüb. Onu iyirmi beş il idi ki, tanıyırdım. Bircə dəfə də xəstələnməmişdi. Hamı gedib, hamı, əvvəlki tanış adamlardan heç kəs qalmayıb. Sırada qoca Qantdır…


…Artıq hər şey qaydasındadır. Mən çox yorulmuşam. Yorulanda heç nə adamın vecinə olmur, elədir? Mən də çox yorulmuşam, dərd çəkməyə heyim qalmayıb. Artıq heç nə vecimə deyil. Çox yorulmuşam. Əgər indi kimsə tüfəngi üstümə tuşlasa, qətiyyən qorxmaram. Mənim heç nə və heç kəs vecimə deyil. Əvvəllər mən hər şeydən qorxurdum, indisə artıq yorulmuşam və heç bir şey vecimə deyil.


…Bob Sterlinqin ürəyi xəstəydi. Bir dəfə pilləkənlə qalxanda meydançada dayandı. Qapını onun üçün Yucin açdı. Bob Sterlinqin solğun, çilli, xoş siması tutqun ağ rəng almışdı.


– Nə olub, Bob? Sənə nə olub?


Bura gəl, – Bob Sterlinq dedi və gülümsədi. – Başını bura qoy.


O, Yucinin başını köksünə qoydu. Ecazkar mühərrik ağır və qeyri-müntəzəm, fışıltılı işləyirdi.


– Aman Tanrım! – Yucin qışqırdı.


– Eşitdin? – Bob Sterlinq gülə-gülə dedi. Sonra o, quru əllərini bir-birinə sürtə-sürtə otağa daxil oldu.


Bir gün elə xəstələndi ki, mühazirələrə gələ bilmədi. Onu universitetin klinikasına qoydular və orda bir neçə həftə yatdı, görünüşü o qədər də xəstəhal olmasa da, dodaqları göy idi, nəbzi asta vurur, hərarəti daima normadan aşağı olurdu. Heç nəyin ona köməyi olmadı.


Anası gəlib evə apardı. Yucin ona hər həftə yazır, qısa da olsa, gümrah cavablar alırdı. Sonra o öldü.


İki həftədən sonra dul qadın oğlunun əşyalarının ardınca gəldi.


… – Uşaqlar! Uşaqlar! Biz bir-birimizi sevməyə çalışmalıyıq. Gəlin bu miladın qalan hissəsini mehriban keçirək. Bəlkə də bu hamımızın birlikdə olduğumuz son bayramdır. Mən çox ağır bir həyat sürmüşəm. Həmişə həyəcan və iztirab içində olmuşam. Məncə, bu qoca yaşımda bir qədər sakitliyə və xoşbəxtliyə haqqım çatır.


…Əzizim, biz keçmişi qaytara bilmərik. Biz həyatımızı ciyərlərimizin sağlam, qanımızın qaynar, bədənimizin cavan olduğu günlərə qaytarmağa qadir deyilik.


…- Hə, Eliza, – otuz ildə arvadına ilk dəfə adıyla müraciət edən Qant dedi, – sənin həyatın çox çətin olub. Əgər mən özümü başqa cür aparsaydım, indi biz daha yaxşı dolanardıq. Gəl, qalan illərimizi korlamayaq. Heç kəs səni suçlamır. Sən əlindən gələni etmisən.


– Bir çox şeylər var ki, onları başqa cür etsəydim, şad olardım, – Eliza kədərlə dedi və başını buladı. – Heç nəyi əvvəlcədən bilmək olmur.


O dövrün bir çox tənqidçilərinin fikrincə, Vulf həyat materiallarını ədəbi nümunəyə çevirə bilmirdi. Bəziləri isə Vulfun əsərlərini adi səfər qeydləri adlandırırdı. Vulf isə deyirdi: “İstənilən ciddi ədəbiyyat nümunəsi avtobioqrafikdir. Mən “Qulliverin səyahəti”ndən daha avtobioqrafik əsər tanımıram”.


Qonkur mükafatını iki dəfə almış yeganə yazıçı Roman Qari “Dan üzündə verilmiş vəd” əsərində yazır ki, məktəb illərində beş-altı topu əlimdə oynadıb jonqlyorluq edirdim və topların sayını yeddiyə, səkkizə, doqquza qaldırmaq istəyirdim. Əlimə imkan düşən kimi harda gəldi məşq edirdim. Tənəffüsdə, yolda, küçədə, evdə… Ustalığa, mükəmməlliyə can atırdım. Nəhayət mən kobud faktla qarşılaşdım. Altıncı topdan o tərəfə keçə bilmədim. Mən dirəşmişdim, özü də necə dirəşmişdim. Gündə yeddi-səkkiz saat məşq edirdim. Nə qədər əlləşsəm də yeddinci topa keçmək mümkün olmadı. Yeddinci şarı dövriyyəyə buraxan kimi hər şey dağılırdı. Beləliklə heç vaxt sonuncu topu tutmaq mənə müyəssər olmadı. Bütün ömrüm boyu buna cəhd etdim. Uzun illərdən sonra bir həqiqəti başa düşdüm. Başa düşdüm ki, sonuncu top ümumiyyətlə mövcud deyil. Bu çox kədərli həqiqətdir və bu haqda uşaqlara danışmaq lazım deyil. Ona görə də mənim kitabımı kimə gəldi vermək olmaz. İndi mən Paqanininin bir vaxtlar skripkasını kənara atmasına təəccüblənmirəm. Paqanini bu həqiqəti, sənətdə mükəmməlliyin əlçatmaz olduğunu bilirdi.


Nə versən də, nə ödəsən də, sonuncu topu əldə etməyə heç kim kömək edə bilməz. Faustun faciəsi ondan ibarət deyildi ki, o, ürəyini iblisə satmışdı. Faustun faciəsi ondan ibarətdir ki, ümumiyyətlə, ürəyi satın alıb əvəzində sonuncu topu verən iblis mövcud deyil. Alıcı yoxdur. Sadəcə, Höte bu qəddar həqiqəti gizlətmək üçün camaata dahiyanə bir yalan danışıb.


Roman Qarinin sözündən belə çıxır ki, Mikelancelo, Motsart, Tolstoy kimi sənətkarlar da sonuncu topu əldə etmədən nakam ölən sənətkarlardır. Bir sözlə, sənətkarı qane edəcək mükəmməllik sənətkar üçün əlçatan deyil.


Folkner də müsahibələrindən birində sənətdə mükəmməlliyin əlçatmaz olduğu barəsində danışıb: “Mən yazıçıları qeyri-mümkün olanı əldə etmək cəhdlərindəki parlaq məğlubiyyətlərinə görə dəyərləndirirəm. Əsərlərimi yenidən yaza bilsəydim, şübhəsiz ki, onlar daha yaxşı çıxardı və bunu bilmək sənətkar üçün həmişə faydalıdır.


Çünki məhz buna görə işləməyə davam edirsən. Hər dəfə inanırsan ki, bu dəfə daha yaxşı çıxacaq. Əslində isə, əlbəttə, yaxşı olmayacaq, ancaq bu cür fikriləşmək sənətkar üçün faydalıdır. Əgər arzuladığını əldə etmək mümkün olsaydı, əgər əlin ideala çatsaydı, geriyə, sadəcə, boğazını kəsib bu mükəmməlliyin zirvəsindən özünü aşağı atmaq qalardı.”


Folkner Vulfun yaradıcılığını yüksək qiymətləndirirdi və Vulfun sənətdə qeyri-mümkün olanı əldə etmək cəhdlərini parlaq məğlubiyyət adlandırırdı.


“Evinə bax, mələk” əsərini oxuyub bitirdikdə adama elə gəlir ki, bir neçə kitabdan ibarət epopeya oxuyub bitirmisən. Bəs bu təəssürat insanda necə yaranır? Məsələ ondadır ki, əsərdə küçələr, kafelər, əşyalar, obrazlar olduqca canlı təsvir olunub. Mexaniki, təsvir xatirinə təsvirə əsərdə demək olar ki, rast gəlmirsən. Dialoqlar təbii və koloritlidir. Vulfun ifadə etdiyi hislər surroqat hislər deyil, tamamilə səmimi və dərin, həqiqətən yaşanmış hislərdir. Vulf səmimi və dərin hislərlə oxucunu haldan-hala salır, oxucunu əsər boyu daima xatırlamağa, düşünməyə, bəzən kövrəlməyə vadar edir.


…Bu evin kişiləri evdə daim cib bıçaqlarıyla əylənirdilər.


…O zamanlar Eliza çox dadlı yeməklər bişirir və hər bazar günü bayramsayağı nahar hazırlayırdı. Kilsədən qayıdan balaca oğlanlar iki saat ərzində mətbəxin yanında ağızlarının suyunu axıda–axıda vurnuxurdular. Ben lovğa halda qaşqabağını tökərək öz marağını təmkinli ləyaqəti arxasında gizlədirdi, ancaq evdə tez-tez o yana, bu yana gedərək yeməyin bişməsinə nə qədər qaldığına göz qoyurdu. Qrover birbaşa mətbəxə gəlir, qovulub bayıra çıxarılmayana qədər gözlərini açıq-aşkar pilətədən çəkmirdi.


…Qant üstündə iri məbləğdə pul gəzdirməyi xoşlayırdı, ancaq Elizanın onun bu xasiyyətindən qətiyyən xoşu gəlmir və buna görə daima onu danlayırdı. Sərxoş olanda onu iki dəfə soyub soğana döndərmişdilər. Onun viskinin təsiri altında pul dəstəsini cibindən çıxarıb oynatmaq və öz uşaqlarına pul paylamaq vərdişi vardı – hər birinə on, iyirmi, əlli dollar. Bu hərəkətini ağlayaraq qışqırdığı sözləri müşayiət edirdi: “Götürün! Hamısını götürün, lənətə gələsiniz!” Ancaq ertəsi gün eyni israrla pullarını geri tələb edirdi. Adətən Helen pulları tərslik edən qardaşlarından toplayıb ertəsi gün atasına qaytarırdı.


…Yucin jurnalların bir hissəsini şəhərdə satdıqdan sonra o, təpələrə və meşəyə yollanır, vərəm dispanserinə daxil olaraq, jurnalları Lyukun təbirincə desək “isti piroqlar kimi” tez və asanlıqla həkimlərə və baxıcılara, solğun rəngli üzütüklü yəhudilərə, çürümüş ciyərlərini parça-parça kasaya tüpürən əldən düşmüş pozğun adama, arabir öskürən, ancaq öz kürsülərindən ona gülümsəyən və pulu ödəyərkən isti və incə əlləriylə ona toxunan gənc və gözəl qadınlara satırdı.


…Pul gətirən hər şeyi kor-koranə müdafiə etmək Elizanın xarakterinin əsas xüsusiyyəti idi.


…Stiv özünü mahir fırıldaqçı kimi görürdü, ancaq buna baxmayaraq, öz məharətini atasından başqa kimsənin üzərində sınamağa cürət etməmişdi.


…Qara torpağı hələ üstündə olan yupyumru turplar.


…Cənab Qulderbilt milyonçu idi. O, şəhərə öz böyük “Pakkard”ında gəlir, sonra ondan düşüb hamı kimi piyada gəzirdi. Bir dəfə Qant onu Yucinə göstərdi. Cənab Qulberbilt banka daxil olurdu.


– Budur o! – Qant pıçıldadı. – Onu görürsən?


Cənab Qulderbilt alçaqboy, qara kostyumlu, qara şlyapalı və qara bığlı bir kişiydi. Ayaqları və əlləri balacaydı.


– Onun əlli milyon dollardan çox pulu var, – Qant dedi. – Ancaq baxanda heç deməzsən, elə deyil?


…Divarlar və pəncərələr sanki qaranlığın artan təzyiqi ilə içəri əyilmişdilər.


…Helen uşağı olmadığından onu boğan ana məhəbbətini axşamların birində özünü aclıqdan taqəti kəsilmiş halda onların həyətinə salan itə vermişdi. Bu, ağ-qara rəngdə, ev sahiblərindən başqa hamıya mırıldayan balaca və acıqlı bir it idi. O, yaxşı ət və ciyər yeyərək kökəlmiş, yırğalana-yırğalana gəzir, məxmər yastığın üstündə yatır, maşınla onlarla birlikdə gəzərək hər yetənə hürürdü. Helen iti körpə uşaq kimi öpüb-oxşayır, onun qəzəblə mırıldanmasından xoşlanmayanlara nifrət edirdi.


“Evinə bax, mələk” əsəri belə canlı təsvirlərlə doludur.


Tomas Vulfun demək olar ki bütün əsərlərini oxumuşam. Onun “Bir romanın tarixçəsi” əsəri gənc yazıçılar üçün, sadəcə, dərslikdir. Otuz səkkiz yaşında ölən, iki romanı öləndən sonra nəşr olunan Tomas Vulfun əsərlərini oxuduqca Drayzerin bir sözünü istər-istəməz xatırlamalı olursan: “Ruhsuz adamların övladları da ruhsuz olur”. Ağır sözdür, amma nə etmək olar vəziyyət belədir. Xüsusən, təhsilin zəif, ailə institutunun möhkəm olduğu yerlərdə ot əksər hallarda kökü üstə bitir və çox nadir hallarda qarğa yumurtasından bülbül çıxır. Bu isə artıq tamam başqa yazının mövzusudur. /alogos.eu/

# 4011 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #