Balansı olmayan kartdakı 50 manat – HEKAYƏ

Balansı olmayan kartdakı 50 manat – HEKAYƏ
12 may 2017
# 12:24

Kulis.az gənc yazar Nəsib Məhərrəmovun iki qısa hekayəsini təqdim edir.

Əlini mənə bəsdərəcik...

Bir neçə gündür səhər tezdən evdən çıxıb təlimə gedirəm. Bu vaxt uşaqların dərsə getdikləri vaxtdır. Hər səhər valideynlərinin əlindən tutub məktəbə gedən çoxlu uşaqlarla rastlaşıram.


Bazar ertəsi səhər həyətdən çıxanda rastlaşdıq onunla. Məktəbli çantası ağır görünürdü, o qədər ağır ki, çiyinlərinə düşən yükü azaltmaq üçün qəddini xeyli qabağa əymişdi.

"Bəs, nə üçün bu yaşda uşağı başqaları kimi məktəbə valideynlərindən biri aparmır? Bəlkə, ərindiklərindən? Bəlkə, heç atası yoxdur, ya anası, ya da onlardan heç biri..." - deyə düşünə-düşünə arxadan ehmalca çantasından qaldırmağa başladım. Hiss edincə boynunu yana çevirib mırıq dişlərini göstərdi.


- Ver çantanı götürüm - deyən kimi qollarını çiyinliklərdən çıxartdı.


Çantasını çiynimə aldım. Sısqa bir qızcığazın daşıya bilməsi üçün təsəvvür etdiyimdən də ağır idi.


Adı Aytəndir, ikinci sinifdə oxuyur. Maşın yoluna çatana qədər dil boğaza qoymadı, gah şeir dedi, gah da məndən tapmaca soruşdu. Yolu keçməli idik. Əlimi Aytənə uzatdım, məsumca gülümsədi. Sanki, əvvəllər kimsənin əlindən tutmayıbmış kimi yöndəmsizcəsinə şəhadət barmağını barmağıma qarmaqladı. Daha rahat tuta bilməsi üçün balaca əlinin çöpə oxşar barmaqlarını adsız barmağıma necə sarımağı göstərdim. Məktəbin qapısına qədər buraxmadı barmağımı. Mən yeridikcə o gah sağ, gah da sol ayağı üstə tullanıb "klass-klass" oynayırmış kimi yanımca gəlirdi. Yol boyu nə qədər cəhd etdimsə valideynləri haqqında sual verməyə cəsarətim çatmadı. Qorxdum. Daha doğrusu, bu hissin adına qorxu demək də olmazdı. Yazarkən xeyli axtardım, deyəsən, heç dilimizdə o hissi ifadə edən söz yoxdur.


Qapıda sağollaşıb məktəbin həyətinə ötürdüm, gözü arxada qalmışdı, binanın döngəsindən itənədək qapıda dayandım.


İki gündür səhər əynimi geyinib eyvana çıxıram. Taxta sexinin arxasından boyu ucalanda lifti gözləmədən özümü aşağı çatdırıram. Məni sevimli yol-yoldaşını görən kimi qapqara gözləri daha çox parıldayır, gülümsəyir, sorğusuz-sualsız çantasını çiynindən çıxarmağım üçün dirsəklərini bükür. Bu, mənim çox xoşuma gəlir. Barmağımdan tutur, yola davam edirik. Üç gündür Aytəni məktəbə qoyub təlim yoldaşımın məni götürdüyü dayanacağa geri qayıdıram. Hələ daha iki gün də təlimə gedəcəyəm.

Körpə qığıltısı kimidir bankomat tırıltısı

Bir ayın söhbətidir. Nərimanov metrosu yaxınlığında Uşaq Stomatoloji Poliklinikasının qarşında dayanıb dostumu gözləyirdim. Məndən bir neçə addım uzaqlıqda “Beynəlxalq Bank”ın bankomatından pul çıxaran cavan oğlana yaşlı bir qoca yaxınlaşdı. Əyni qalın deyildi. Hülqumunun dibində sonuncu düyməsini bağladığı qəhvəyi damalı köynəyin üstünə boz rəngli pencək geyinmişdi. Soyuqdan üşüyən əli ilə birlikdə titrəyən əsası yeri taqqıldadırdı.

Qoca bankomata başı qarışan oğlanı arxadan qəfil toxunmağı ilə yamanca qorxutdu:


- Oğul, bir yoxla gör, burada pul varmı? - deyə, əli əsə-əsə ağ kağız parçasına bükülmüş kartı oğlana uzatdı.
Oğlanın işini yarımçıq kəsib tələsik öz kartını çıxardaraq qocanın kartını bankomata salması məni şübhələndirdiyindən onlara bir neçə addım yaxınlaşdım ki, miskin qocaya qarşı soyğunçuluq etmək sevdasına düşərsə ona mane olmağa çalışım. Qara, qıvrımsaçlı oğlanın arxasından ona göz qoymağa başlamışdım. Qocanın kart balansında bir neçə qəpik pul var idi.

- Dayı, balansınızda pul yoxdur – cavan oğlan dedi. Qoca udqundu.

- Nə qədər pul olmalı idi burada? - deyərək, oğlan öz kartını bankomata daxil etdi.

- Vallah, bala, o gün qız çıxardıb, deyəsən... O gün özüm gəlmək istədim... - bir xeyli uzunçuluqdan sonra, axır ki, 50-55 manat civarında pul olmalı olduğunu deyə bildi.
Bankomat tırıldamağa başladı.

- Buyurun, dayı, 50 manat var - Öz kartından çıxardığı 50 manat pulu kağız parçasına bükülmüş kart ilə birlikdə qocaya uzadanda baxışlarımız toqquşdu. Gülümsədim. Yanaqları bir anın içində qızardı. Özünü itirmiş kimi oldu. Qoca dua edirdi. Mənə göz vurdu. Kopuşonunu başına çəkərək, deyəsən, heç özü üçün pul çıxarmadan parka tərəf üz tutdu.


Mən də göz vurdum, bu, "Öpürəm" - demək idi.

# 1523 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #