Kulis Əhməd Qəşəmoğluun yeni şeirlərini təqdim edir.
nanə kolları
mən sənə məktub əvəzi....
nanə kolları gödərmişdim....
eşitdim
urəyin nanə yarpağı kimi əsə-əsə
oxumusan "məktublarımı"....
tutmusan eyhamımı...
dibçəkdə əzizləyib o kolları,
bəzəmisən eyvanını…
eşitdim
nanələrin ətriylə danışırsan hər gün,
meh əsəndə
gülümsəyə-gülümsəyə baxırsan
körpə uşaqlar kimi atılıb düşən
nanə yarpaqlarına…
bir yarpaq düşsə qəfil
diksinib kədərlənirsən,
qınayırsan özünü…
yeni cücərən yarpaqlar
sevgimizə
sədaqət ümidi gətirir …
eşitdim nanələrlə danışa-danışa
xəlvət-xəlvət
bağışlayırsan günahımı…
o ilahi üzündə
çırpınır ilahi eşq, o ilahi üzündə,
eşq dolu bir yaraşıq, o ilahi üzündə...
titrəyir tanrı nuru, bir təşnə işıq kimi
işığa ruhum aşiq, o ilahi üzündə.
səsinin ahəngində yüz sirrin sədası var,
aya bənzər üzündə mələklər ədası var.
qəlbindən qalxan odda qəlbimin nidasi var
sirrlər düşüb qarışıq, o ilahi üzündə.
məni göylər dindirir, sən məni dindirdikcə...
baxışın sonsuzluqda, ilahi hər bir heca.
dünyanın harasıdı? gündüzdü yoxsa gecə?
gecə, gündüz barışır o ilahi üzündə.
ağrı
... sevgilim!
ruhum, nurum, könlüm, gülüm!
nigaran-nigaran məni düşünən, dünyanı düşünən
boynu bükülüm...
mən səni düşündükcə,
öz közümdə közərirəm... ağlayır külüm...
sən Azərbaycan gözəlisən...
yer üzü bir vücud, bu Azərbaycan
ürəyidi onun...
qalxan alovlar, kükrəyən dəniz
əsən küləklər, dağlar, gülüstanlar,
qədimdən bu yana hər nişanə, iz
söyləyir bunu...
sənin gözlərin, ilahi baxışın, sədaqətin
söyləyir bunu....
gözlərinin gülüşünü tez-tez diksindirən
vətənimizin ağrılarına
dözə bilmirəm ki...
bu ağrı qar kimi yağır
sevgimizin ustünə müdam...
o qarın soyuğu
saçlarını oxşayan əllərimi üşüdür...
ən nəşəli vaxtda belə
utanıram o soyuqdan....
... sevgilim!
ruhum, nurum, könlüm, gülüm!
İlk məhəbbətin yarandığı an
Su üstə bir nilufər, yanında incə güllər
Gülərək axır sular, sirrlə nəsə deyirlər...
Çiçəyin əksi suda eşq odunda titrəyir
Yanında ağ buludlar, göy üzü rəqs eləyir.
Sahildə bir reyhanın yarpağı sevdalanır
Özü də çaşıb qalır, hönkürür fağır- fağır.
Allah! Allah! Bu oğlan, yaşının ondördündə
Nilufərə bənzər qızın önündə bu nə gündə?!
Qəlbi hörən mələklər növbəti əlvan nuru
O qızın baxışından tapdılar dum duru...
Ulduzları göylərdə dövr edirdi yanaşı
Özləri bir- birinə baxırdı naşı-naşı.
Ilk dəfəydi qəlbləri belə şən ağlayırdı
Sübh şəfəqi rəngində bulaqlar çağlayırdı.
O nur qəlbə düşəli, oğlan alışdı yandı
Qız aldı bu atəşi, tamam nura boyandı.
Axdı sirli doğmalıq qızın qəlb tellərinə
O andan aşiq oldu iki gənc bir birinə.
Dünyadan ətri gəlir yarın
Eşqim dəryadı Allah, məni Məcnun eləmə,
Vüsalın yolundayam, məni məğmun eləmə.
Sevgilim bir mələkdi, ürəyi, qəlbi təmiz
Yolumuz sənin yolun, bizi məhrum eləmə.
Qəlbimiz bir - birinin, ayıdı, günəşidi
Bu gülzar dünyamızı dərdə mərhəm eləmə...
Sevdamızın ahəngi dünyaya ahəng verir
Ahu - nalə nəvasın bizə məlhəm eləmə.
Çox uca zirvədi bu, haqq yoluna qul olmaq
O qula mən qul olum, arzumu kəm eləmə.
Sən Allah aşiqisən, Qəşəmoğlu qəlbən
Qorxma qəlbin qırılmaz, bu qədər qəm eləmə.
yaman yubandın
ah, niyə yubandın? yaman yubandın!
yaş ötdü, qalmadı güman... yubandın...
səni tanıyırdım ömrüm uzunu...
dünyaya göz açdım təbəssümündə.
özünsə, o vədə yoxdun dünyada
hələ ki, nur idin çiçək üstündə.
o nura boyanıb ömrüm, üz-gözüm
o nurdu qəlbimin binasın quran
o nurdu, dünyada sən yoxkən hələ
ruhumdan ruhun tək qalxan, boylanan...
mən səni axtardım ömrüm uzunu...
nəyi gözəl gördüm, sənə oxşatdım...
həyatda yox idin, qəlbimdə vardın...
hər eşq şeirimdə səni anlatdım...
ah, niyə yubandın? yaman yubandın!
yaş ötdü, qalmadı güman... yubandın...
mənə fikir vermə, dedin
mənə fikir vermə, dedin
mümkünü yoxsa, nə edim?
sən mənə kimsən, bilmədin...
bu əhvalla biləmməzsən.
hər sözdə kölgə axtarma,
naşı- naşı məni qırma,
dar agacına qaldırma
ilgək salma, açammazsan.
sızlayır qəlbim dərini,
çox aradım sözlərini,
sən kecmişin izlərini
ömrümüzdən yığammazsan.
mən də bir qəlbi qırığam,
bir bax, ta sarıq-sarığam
sən gülüstan, mənsə dağam
gəl, sinəmə sıgammazsan?
nahaq durmusan qəsdimə,
şeiri cicək tək üstünə
səpdim... döndüm sarı simə...
çal, halımı çalammazsan...
mən sənin özünlə sevirəm səni...
təkcə ürəklə sevmək nədi ki...
qəlbimin kökləndiyi
yerlə, göylə sevirəm səni...
min illərin səsi gəlir hər yandan...
min illərin
ruhuyla sevirəm səni...
ayağımı basdığım
hər qarış torpağın
duaları ilə sevirəm səni...
bilirsən anamı
nə qədər sevdiyimi...
anamın baxışları ilə sevirəm səni...
ulduzların, kəhkaşanların,
qaynayıb daşan aləmlərin
sirri ilə sevirəm səni...
...çiçəkli ağacların üstündə
ilahi nəğmə oxuyan
ay işığıyla sevirəm səni.
ürəyimin parçasısan,
səndən axıb gəlir üzümün nuru,
mən sənin özünlə sevirəm səni...
gözlərinin işığı
gözlərimi çəkəndə gözlərindən...
ruhum inciyir, küsür məndən...
dünyanın bütün sirri, kainatin dərini
dinir sənin nur dolu,
ilahi gözlərindən...
gözlərinin işığında
mənim uşaqlığımın sübh üzünün
təzə yarpaqlayan ağaclara dolaşa-dolaşa
süzülüb, kənarları çiçəkli bir çayın
sehrinə qarışmağı var....
gözlərinin işığında hər körpə uşağın
sevgi sözündən ilk dəfə
diksinməyi var....
gün işığıyla, qəlb işığının
bir birinə qarışmağı var....
gözünün işığında gördüm, Fizulini
kainata qarışdıran gözəlin
təbəssümünü, gözəlliyini, ilahiliyini....
şükür ki, gəldin....
sənin ruhun ruhumdaymış
yer üzünə gələndən...
qısqanırmış məni hər vaxt
özgələrin ruhuna...
hərdən sənin sorağını duyurdum
qulaq asdıqca
ürəyimin ahına...
sənin ruhun ruhumdaymış
qovurmuş hər kəsi uzaqdan uzaq...
səni axtarırmış... sənə həsrətmiş.
əsən küləklər səndən danışırdı mənə...
ən ulvi sevgiylə sevən ürəklər
səndən danışırdı mənə...
gəldin! ömrümə gəldin...
bir məlakə hüsnündə,
məlakə ruhunda gəldin...
xoş gəldin, ruhumun ruhu!!
bu sevgi…
yer uzunun sevgisi deyil....
kainatın hər qatından
nur axır bu sevgiyə....
kainatın hər qatında
boy verir bu sevgi…
bilirəm ki, hər tərəfdən...
göylərin lap dərinindən...
milyon-milyon... çiçək işıq...
sevinclə, heyrət qarışıq...
bir maraqla... baxır...
dua edir bu sevgiyə.
bu sevgi...
yer üzünün sevgisi deyil...
əslində sevgi deyil...
o sevgi deyiləndən
işıq-işıq böyükdü
min dəfə, milyon dəfə...
boy verir kainatın
hər sirrindən, hər qatından...
günəş elə doğmalaşdı ki...
ay uzaqlarda qalan sevgilim...
bu səhər
qəlbim dolu həsrətin,
kədərli-kədərli günəşə baxdım...
...mənimlə danışan günəşin
indi səninlə də danışdığını düşündükcə,
elə kövrəldim ki...
günəş elə doğmalaşdı ki,
ona pıçıldadım
ayrılığa dözə bilmədiyimi....
bu səhər
yenicə çıxan günəşin şəfəqləri
gözümün önündəki
zümrüd meşənin üstə
elə ilahi
bir aləm qurdu ki...
sən o aləmdən,
buludlar arasında
məlakə tək yüksəldin...
günəşin dili ilə
dindirdin məni....
yağışa köklənən könlüm
yagıs yagar, sirli-sirli səpələr
elə səndən nəsə deyər...
yaşıl meşə, sıldırım dag,
sevdalı cay, təpələr...
mənim könlüm
köklənibdi yağışa…
yağış da ki…
azca qalır danışa…
dinlədikcə xəyal oldum, bulud oldum...
qəlbim gəldi haraya...
mən duymadım, qəlbim duydu,
yagışın nur dilini…
ruhum duydu yagışın nur dilini...
danışdıqca yagış ilə... mənim qəlbim
üfüqlərdən-üfüqlərə canlanır...
ilmə-ilmə, şölə-şölə,
nəgmə-nəgmə oyanır...
indi pöhrə işıq kimi yanımdasan...
mən ətrinin içində...
gah üstümə çiçək kimi yağırsan,
gah meh kimi əsirsən...
aldığın hər nəfəs canımdan keçir...
qəlbim sənin ruhunun
göylərindən eşq içir...
bu sənmisən, bu qədər ögey?
dünyanın başı üstündə durmusan
hovuz üstə duran kimi...
tərəddüdün
diksindirir özünü...
axır göz yaşların...
axdıqca, axdıqca göz yaşların
kəmər-kəmər itir
dünyanin işıqları, gözəlliyi,
olub qalanı..
dünya bom boz
mən dünyada tək tənha...
üz tutub hayana gedirəm belə?
çürüməyə başlayan
meyit rəngdədir hər yan...
dünyanın başı üstündə durmusan
hovuz üstə duran kimi...
sən məni
diri-diri ağladın...
bu səninmi baxışlarındı,
arxamca baxır?
bu səninmi baxışlarındı?
hər zaman qəlbimi
ilmə-ilmə dindirən?
yer üzünü
bir nağıla döndərən?
bu sənmisən, bu qədər ögey?
Nazim Hikmət
bütün yer üzünün, göy üzünün
kainatın nəfəsi var
türkün nəfəsində.
bu nəfəsin odu var
Nazimin hər kəlməsində.
dünyaya gəlməzdən
min-min il əvvəl yaranmışdı Nazim...
Tanrı dağlarından, Baykaldan,
Bosfor nəğmələrindən,
Qafqaz ellərindən doğulmuşdu,
uludan ulu
ruhdan doğulmuşdu Nazim.
o dünyaya göz açanda, dünya
od alov içindəydi.
qanlar axırdı Türkiyənin sinəsindən.
qəlbində ildırımlar haykırdı,
buludlar ötüşdü Nazimin.
haray saldı:
“hava qurşun kimi ağır...
bağır-bağır bağırıram!
mən səni
qurşun əritməyə çağırıram!”...
qurşun əridə-əridə
həpslərdə yatdı,
kövrək, nur dolu qəlbiylə
şeir-şeir
yer üzünü oyatdı...
ömrü qurşun təki ağır oldu.
qürbətdə,
ayrılığın tələsində
şəhid oldu...
Həsən dayımın xatirəsinə
canavar quzuları ovlayar,
balıqçılar balıqları
qara, sirli qüvvlər ovlayar
gözəl insanları.
mələk kimi insanların
pusqusunda durar hər an
o qüvvənin orduları...
sən dil açanda artıq
onlar öz işini görmüşdü,
boy-buxunundan
yaraşığı götürmüşdü...
üsyan etdin bu haqsızlığa,
üstünə yeridin
qəlbinin, əməllərinin gözəliyilə,
qaranlıq üstünə
işıq yeriyən kimi...
amma
divar hördün-
daşını, möhrəsini,
söz dedin, cümləsini,
nə toxudun, ilməsini sökdülər
o nəhs qüvvələr.
sən gülmək istəyəndə, üzünə
qəmin kədəri
kölgəsini çəkdilər
o nəhs qüvvələr...
mələklər dözmədilər
bu sitəmlərə,
səni tez apardılar
göylərə...
amansız, allahsız zərbələr
(“Cavanşir” poemasında bir parcha)
başladı planlaşdırılmış zərbələr,
quraşdırılmış izahatlar
Azərbaycanın taleyinə
zərbələr vurdu qısa günlər, saatlar...
20 noyabr 1991- ci il.
yenə Azərbaycanda qara xəbər yayıldı-
Xocavənd rayonunda, axşamüstü,
Qarakənd kəndinin üstündə
vurulub vertolyotumuz,
məhv olub dövlət məmurlarımız...
ciddi, xalqı sevən insanlar idi onlar.
hara getdi gümanlar?!
inlədi Azərbaycan!
yenə məkrli oyun. nələr baş verir, Allah?
bu iblisin hansı yeni planıdı?
bu planı quranların qanı insan qanıdı?
qərq edərək göz yaşına,
nə oyunlar açılacaq xalqımızın başına?
cəza görməyən ermənilər daha da qudurdular...
durmadan, dayanmadan
onlar da bir tərəfdən yeni oyunlar qurdular.
afərin dedi, əzəli havadarlar.
daha hər gün, hər gün ev yıxdılar,
qan tökdülər, sinəmizə çökdülər...
bəs etməti avtomatlar, pulemyotlar, minalar.
raketlərə keçdilər.
26 fevral, 1992 – ci il.
tarixin üzüqara səhifəsi, Xocalı qırğını...
el-oba, göy üzü hələ də ağı deyir,
götürə bilmir bu ağrını.
vəhşiliyin zirvəsiydi, insanlığın yasıydı,
iblisin təntənəsiydi,
hər tərəf, yer - göy
körpələrin, yaşlıların
qışqırtısı, naləsiydi..
qışın oğlan çağında,
eldən köməksiz qalan ümidsiz insanlar
ən vəhşi alayların qarşısında pərən-pərən,
didim-didim oldular.
qucağında körpəsi,
qanına qəltan olub, qar üstünə düşən kim,
ayaqyalın, baş açıq yollarda sinəsini
qəfil güllə deşən kim...
üzdə erməni ünvanlı,
arxada rus nişanlı alay-alay ordular,
silahsız insanları qırdıqca hey qırdılar,
bundan məmnun oldular.
evə girib, çarpayıda xəstəni,
iməkləyən körpəni, qocaları vurdular,
gözə görünən hər kəsi,
anındaca rişxəndlə, nəşə ilə qırdılar...
dedilər qırın, qırın! daha da vəhşi qırın!
görk olsun, qorxsunlar qoy
ətrafdakı kənd, şəhərlər eşidib bu vəhşəti,
qaçıb boşalsınlar qoy!
gizlin yollara düşüb,
meşələrdə dolaşıb kimlərsə xilas oldu,
insanlığa yad dəhşət, onların da ömründə
sağalmaz yara qaldı...
insanları sona dək, qırıb çatandan sonra,
meyitlərə cumdular
meyidləri əzdilər, meyidləri xıncdılar,
onlar adammıydılar?
balaça körpənin əzildi başı,
qoca ağsaqqallın partladı qaşı
hamilə qadının yarıldı qarnı,
yox oldu çoxunun ağızı-burnu...
baxıb mənzərəyə nəşələndilər,
meyitlər üstünə bir də gəldilər
parça-parça elədilər,
cəsədləri qeyz ilə, bir də güllələdilər...
illərlə uydurduqları genosiddən
yüz qat çox, bir genosid oldu bu,
Xocalı qətliamı –
tariximizdə qəzəb, göynək dolu qaldı bu.
8 may, 1992 ci il. getdi Şuşa da...
bütün xalq yasa batıb
gələn yoxdu fəryada....
nə olub? xalqın bəxtimi yatıb?
Şuşanın dağlarında
vurğun aşiq kimi dolanan dumanlar
diksindi... sanki göm-göy səma
parça-parça olub yerə endi...
dağlardakı gül çiçək
fəryad elədi
körpə qız uşaqları kimi...
əvvəl Şuşaya yaxın,
Daşaltında pusquya düşdü, qırıldı
qəhrəman igidlər...
sonra hiylələr oynadı Şuşanın başında,
quşqonmaz zirvələrdə
tülkülər at oynatdı, keşikçi yatdı.
igidlər sinələrini verdilər qabağa,
gələn yoxdu sorağa...
sinələrdən axan qan...
qəzəb dolu ümidlə, axdı torpağa.
düşmən it sürüsü kimi gəldi,
bölük- bölük, zənik-zənik.
Şuşanı, Azərbaycanı
canından çox sevən oğlanlar
sinələrini barrikada kimi
düzdülər Şuşaya gələn yollara
arxada arxa yoxdu, xainlər vardı,
dərin işlədi yara.
dar gündə Şuşanı qoyub qaçdılar,
ölkənin başına oyun açdılar...
getdi Şuşa, sındı şüşə...
sındı xalqın içində neçə işıq...
qəlbdəki ümidlər, xəyallar
yasların içində düşdü dolaşıq.
sındı yurdun gəncləri, yaşlıları, qocaları,
çaşıb qaldı uşaqları,
kədərdən bir rəng aldı hər kəsin baxışı,
duruşu, yaraşıqları.
Cavanşir çırpınırdı,
yer tapa bilmirdi yer üzündə özünə.
cox əcayib görünürdü güzgüdə də
özü tez-tez gözünə...
öz içində burulan,
qırılan tellərin səsini duyurdu, eşidirdi,
çoxdan gülmürdü üzü,
qəzəb, qəlbi qeyz içində didrdi.
rastlaşanda dostlarla da,
hamısı pərt, hərə bir söz deyirdi
bütün ölkə başdan başa matəmdəydi,
sanki, hüzr yeriydi...
yatanda da, duranda da,
için-için ağlayırdı, gizlədirdi çoxları.
ürəklərə sancılırdı
düyünləri qat- qat olan zəmanənin oxları.
...elə bu vaxt daha bir zərbə!
17 may. Laçın!
açın dolaşığı, açın!
açın dövranın dolaşıq düşmüş tellərini!!!
neçün, axı neçün???
bu qədər bəla yağır üstümüzə?
iblislər tamahlana-tamahlana,
Azərbaycanı sıxıbdılar dalana!
laçın dağlar, laçın yurd,
laçın igidlər oylağı!
arxadan vurdular xəncəri,
dünyanın bu qanlı çağı.
Laçın heç vaxt basılmazdı,
xainlər at çapmasaydı,
kimlərsə palan yerinə,
papağını satmasaydı...
dumanında çiçəklərin əksi gülən, danışan
buludları əlvan-əlvan, bir-biriylə yarışan
zirvələrdə düm ağ qarı, şəfəqlərə qarışan,
yaşıllığın növrəsliyi bir ruh kimi sayrışan
gözəlləri güldən incə, igidləri dağ nişan
adı Laçın, özü laçın el getdi...
getdi Laçın, Laçın yolu...
dizimiz qatlandı bizim
düşmənin gücləndi qolu...
Laçın yolundan
bəlalar axdı Qarabağa gecə- gündüz...
arxasız, köməksiz
ortada qaldı Azərbaycan...
hər tərəfdə qan, qan, qan.