Rəsulzadənin 3 dolları və bir kitabın 4 QURBANI

Rəsulzadənin 3 dolları və bir kitabın 4 QURBANI
16 dekabr 2014
# 13:21

“Qurban”. Roman-xronika. Nəriman Əbdülrəhmanlının 20 il hazırlaşıb, 4 aya yazdığı əsər. Son 20 ilin ən gözəl romanlarından biri...

Əsərdə 4 QURBAN var...

Yusif Vəzir Çəmənzəminli. İnsanların qurduğu oyunların qurbanı...

Hələ ayaqlarını yerə bərk basmağa macal tapmamış atasını, anasını, böyük qardaşını itirmiş adam.

Amma ayaq üstə durmağı bacardı, min bir əziyyətlə, məşəqqətlə oxudu, səfir oldu. Amma amansız tale yaxasından yenə əl çəkmədi. Səfir olanda belə maddi sıxıntılardan qurtara bilmədi. Azərbaycan Demokratik Cümhuriyyəti lazım olan dəstəyi vermədi. Yusif Vəzir əsəbiləşib ovaxtkı Xarici İşlər Naziri Fətəli xan Xoyskiyə məktub yazdı, amma xeyri olmadı. Sonra cümhuriyyətin süqutu, ağır günlər... Cümhuriyyətin Parisə oxumağa göndərdiyi balaca qardaşı Mir Abdullanın ciddi xəstələnməsi. İş tapmayan Yusif Vəzirin qara fəhləlik etməyə məcbur olması...

Yusif Vəzir kömək üçün hamıya ağız açdı. Əlimərdan bəy Topçubaşova, Ceyhun Hacıbəyliyə, Məmməd Əmin Rəsulzadəyə, gümanı gələn başqa yerlərə. İmkanı az olsa da təkcə Ceyhun bəy gücü çatan qədər kömək elədi. Topçubaşov heç bir kömək edə bilməyəcəyini bildirdi, Rəsulzadə isə cəmi-cümlətanı 3 dollar göndərdi. Mir Abdullanı xilas etmək mümkün olmadı. Və Yusif Vəzir həyatın növbəti ağır zərbəsini aldı. Müsavatdan çıxdı, sovet hökumətinə müraciət etdi, geri qayıtmasına şərait yaratdılar. Amma problemlər, maddi çətinliklər yenə bitmədi. Harda işlədisə, imkan vermədilər, işsiz-gücsüz qoydular onu... İş tapmaq üçün Özbəkistana getdi. Hər şey yoluna düşmüşdü, amma bir gün qapı döyüldü. Həbs elədilər, sonra sürgün və sürgündə ölüm.

Belə... Ağır, kədərli, acınacaqlı bir yazıçı taleyi...

Lev Nussimbaum - Muhammad Əsəd bəy. Atası Abram Nussimbaum ticarətçi, anası Berta Davidovna inqilabçı idi. Bertanın Koba ilə, SSRİ-də məsul vəzifələrdə çalışmış Leonid Krasinlə yaxşı münasibətləri vardı. Bu isə Abramın ürəyindən deyildi, buna görə də Bakıya köçdülər. Amma Berta inqilabi fəaliyyətindən qalmadı. Hətta Kobanı evlərində gizlətdi. Abram həyat yoldaşından çox, amma çox narazı idi. Və bir gün Bertanın meyitini tapdılar. Guya zəhər içərək intihar etmişdi. Bəlkə də onu Abram zəhərləmişdi. Bir inqilabçıdan xilas yolunu bunda görmüşdü. İllər keçdi, Azərbaycanda sovet hakimiyyəti quruldu, Nussimbaumlar ölkədən qaçdılar. Almaniyaya pənah apardılar. Oğul Nussimbaum səs-küy doğuran kitablar çap etdirdi, 15 il ərzində 16 kitab yazdı. Avropa yəhudilərinə - Aşkenazi soyuna mənsub iyirmi-qırx yaşlı kişilər arasında tez-tez rast gəlinən, “Burger xəstəliyi” adlandırılan nadir qan xəstəliyinə tutuldu və 37 yaşında öldü. Belə... Daha bir yazıçı taleyi... Ağır, kədərli, acınacaqlı...

Leopold Veys - Muhammad Əsəd. Gənc yaşlarında öz yazıları ilə yəhudilərin lideri, İsrailin ilk dövlət başçısı Haim Veysmanın diqqətini çəkdi. Ondan müəyyən təlimatlar alandan sonra islam dinini qəbul etdi. Müsəlmanların yaşadığı ərazilərdə ciddi araşdırmalar apardı, Pakistan dövlətinin yaradılmasında iştirak etdi, məsul vəzifədə çalışdı, Pakistanın BMT-dəki nümayəndəsi oldu. Qurani-Kərimin təfsirinə girişdi, kitabdakı yəhudilərlə bağlı ayələri təzədən şərh elədi, Məkkədəki “Rabitatül-Aləmi-İslam” mərkəzi əsərin yazılmasına və nəşrinə pul ayırdı, kitab yüz min tirajla nəşr edilib Avropadakı müsəlmanlara paylanacaqdı. Amma ilk cildi Cenevrədə çap olunandan sonra Mərkəz səkkiz nəfərdən ibarət komissiya yaratdı ki, əsərə rəy versin.

Heyətin qərarı belə oldu: kitabı yaymaq olmaz, zərərlidi, nəşr olunmuş yüz min nüsxə məhv edilməli, müəllif aldığı məbləği geri qaytarmalıdır.

Muhammad Əsəd 92 yaşında İspaniyada vəfat etdi.

Və Elfrida fon Ehrenfels. Şöhrət qazanmaq, yazıçı olmaq üçün çox əlləşdi, amma bacarmadı. Faşistlərdən qaçıb canını qurtarmaq istəmədi, məhz buna görə əri onu atıb getdi. Ömrünün sonuna qədər tək qaldı, həmişə tənhalıqdan əziyyət çəkdi. Bu da bir tale...

Müxtəlif taleli, həyatın enişli-yoxuşlu yollarında irəliləyən 4 insan. Və onları birləşdirən bir şey var: əbədi yaşamaq istəyi, ədəbiyyat...

“Qurban” hər cümləsində informasiya olan kitabdır. Amma saysız-hesabsız faktlar adamı qətiyyən yormur, çünki Nəriman Əbdülrəhmanlı bu faktları yazıçı peşəkarlığı ilə təqdim edə bilib.

Yaxşı, bəs əsl Qurban (Səid) kimdir?

Bu məqamda xüsusi olaraq qeyd etməliyik ki, “Qurban” romanı da nöqsanlardan xali deyildir.

Ciddi yazıçılarımızın əksəriyyətində müşahidə elədiyim bir məqam var. Özlərinə o qədər arxayındırlar ki, əsərlərini redaktəyə vermir, yaxın dostlarının adını redaktor kimi qeyd edirlər. “Qurban”ı oxuyanda da bunu sezdim. Əsərdə xırda-para da olsa redaktə səhvləri vardı.

Bu heç, bu öz yerində...

Əsas problem isə ondadır ki, biz əsərdə Nəriman Əbdülrəhmanlının özünü də görürük. Müəllif mövqe nümayiş etdirir, hansı məqamdasa təsirlənir və mənə görə bu yolverilməzdir. Bolşeviklərin pis, yaxud yaxşı olduğuna, “Əli və Nino”nun müəllifinin kim olduğuna yazıçı yox, oxucu qərar verməlidir. Nəriman müəllimi mənim bu haqqımı əlimdən aldığına görə şiddətlə qınayıram. Baxın, Dostoyevskinin əsərlərində -“Cinayət və cəza”, “İdiot”, Karamazov qardaşları”ında çoxlu dialoqlar var. Adam girinc qalır. Çünki hərə öz həqiqətini müdafiə edir. Sənsə kimin tərəfində olduğuna özün qərar verməlisən. Dostoyevski isə yazdığına, yaratdığına kənardan baxır. Allah kimi... Nəsrin Allah kimi...

Sonda istedadına güvəndiyim bütün yazıçı dostlarıma, dəyərli insanlara Nəriman Əbdülrəhmanlı səbri və dözümü arzulayıram. Səbir və dözüm olanda nəsə alınır. Özü də çox gözəl alınır. “Qurban” kimi...

# 2252 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #