“Qəşəm Nəcəfzadənin 15 kitab yazdığını eşidəndə utandım”

“Qəşəm Nəcəfzadənin 15 kitab yazdığını eşidəndə utandım”
4 iyun 2014
# 14:35

Cavidan. Bu imza ədəbiyyatsevərlər üçün çox şey deyir. Amma yəqin çoxu bilmir ki, onun əsl adı Gülüş, soyadı Xəlilovadır. Özünü isə həmkarları və oxucuları qarışıq cəmi beş-üç adam görüb.

Bu günlərdə qəfil Kulisin redaksiyasına təşrif gətirdi. İçəri girib ərklə salam verən kimi hamımız tanıdıq onu. Və az qala xorla dedik: “Cavidan!”

Və jurnalist operativliyini itirməmək üçün onunla atüstü söhbət də elədik.

Yəqin, sizə də maraqlı olar...

- Cavidan, necəsən, xoş gəlmisən, səndən çıxmayan iş, xeyir ola?

- Sağ ol (gülür). Oğlum liseydən olimpiadaya seçilib, onu gətirmişəm.

- Şükür! Nəhayət bir səbəb oldu Bakıya gəlməyinə.

- Hə... Həm də vacib səbəb oldu.

- Həmişə yazılarından hiss eləmişəm ki, Bakıdakı tədbirlərə can atmısan, arzulamısan, amma heç cür gəlib çıxa bilməmisən. Niyə?

- Elə uşaqlarla bağlıdı. Üç uşaqdı. Onları məktəbə yola salmaq, qayğılarını çəkmək, evdə dərsləri ilə məşğul olmaq... Mənim vaxtım yalnız həftə sonları olur, onda da gəlib-qayıtmaq olmur. Amma həmişə demişəm ki, Bakı mənə, mən Bakıya hava və su kimi lazım olan vaxtı, orda olacağam. İndi həmin vaxt yetişib.

- Yəni birdəfəlik Bakıda qalacaqsız...

- Hələ ki yox, amma tədricən bu məsələ həll olunacaq. Çünki bu bir zərurətdir.

- Çox adam düşünür ki, belə az görünməyin, hətta görünməməyin ailə məsələləri ilə bağlı olub... Həyat yoldaşınız qısqanıb-filan...

- Əvvəldən mənə qarşı bir qədər mühafizəkarlıq olub. Amma ümumi şəkildə, təkcə yoldaşımla bağlı deyil. Belə deyək, əlli-əlliyə. Yarısı biz tərəfdən, yarısı onlar tərəfdən... Bir qədər də özümün çəkingənliyim, komplekslərim var. Birdən bu mühitdə qəbul olunmaram, ciddiyə alınmaz yazdıqlarım, deyə.

- Bəlkə bəzi postmodernistlər kimi sirli, qapalı qalmaq istəmisən.

- Yox, yox, elə deyil. Kənardan elə görünə bilər, amma həqiqətən bunu qəsdən etməmişəm, içimdən gəlib.

- Texniki imkanlar güclü olsa da əyalətdə yaşayıb diqqət çəkmək asan deyil... Bunu necə bacardın?

- Sadəcə istədim, alındı. Başqa heç nə bilmirəm. Həm də əvvəldən yazırdım axı. Orta məktəbdə oxuyandan... Ailə qurandan sonra tamam çəkildim yaradıcılıqdan. Uşaqlar məktəbə gedəndən sonra, elə bil bir az vaxt tapa bildim.

- Həm də Bakıda yazar dostların vardı... Məsələn, mən bilən Zahir Əzəmətlə sinif yoldaşı olmusan...

- Zahiri sonralar tam təsadüfdən tapdım. Bilmirdim haralardadır. Biz həmişə evə rusdilli kitab və qəzetlər alırdıq. Mən deyəndə ki, yazmaq istəyirəm, yoldaşım “Azərbaycan” jurnalının köhnə bir nömrəsini gətirdi evə. Oxudum, sonra ünvan götürdüm, telefon nömrələrinə zəng çaldım. Yadımdadır ki, Qəşəm Nəcəfzadə ilə danışdım. Dedim, şeirlərimi göndərmək istəyirəm. Hecada və sərbəstdə yazdığım şeirləri göndərdim, amma heç bir xəbər çıxmadı.

- Neçənci il idi?

- 2006.

- Niyə çap eləmədilər ki?

- Bilmirəm. Qəşəm Nəcəfzadə dedi, 7-8-ni seçmişəm, verəcəyik, amma vermədilər. Telefonda Qəşəm müəllim mənə dedi ki, “Sənət qəzeti” çıxır, Lənkərana da gəlir, orda sərbəst şeirlərim çıxıb, istəsən oxuyarsan. Qəzeti alıb oxudum, heç nə başa düşmədim. Fikirləşdim ki, yəqin mən yaxşı bilmirəm. Hətta eşidəndə ki, Qəşəm müəllimin 15 kitabı çıxıb, xeyli utandım. Dedim, nə qədər kənar düşmüşəm ədəbi mühitdən, heç nədən xəbərim yoxdur.

- Sən Slavyan Universitetini bitirmisən. Rus dili və ədəbiyyatı fakültəsini... Mayakovskidən nəsə oxumamışdın?

- Oxumuşdum.

- Bəs sərbəst şeir niyə qəribə gəlirdi sənə?

- Mayakovski tam başqadır. Mayakovskinin öz ritmi var. Sərbəst şeirin nə olduğunu bilirəm, orta məktəbdən özüm də yazıram. Mən Qəşəm Nəcəfzadənin şeirlərindən danışıram.

- Anladım.

- “Sənət qəzeti”ndə gördüm Zahirin adını. Şef redaktor kimi. Dərhal zəng vurdum və danışdıq. O, mənim zəngimə çox sevindi. Dedi, haralardasan? Dedim, evdə, ailə-uşaq qayğılarında, amma indi nəsə yazmaq istəyirəm. Zahir dedi, sənə çətin olacaq, çünki 15 ildir prosesdən kənardasan. Üstəlik əyalət şəhərində... O, ədəbi proses haqda ümumi məlumat verdi mənə. Sənin də adını ilk dəfə ondan eşitdim. İndiki yazarların çoxundan danışdı. Dedim, özümə güvənirəm, yazacam! Və yazdım. Müxtəlif ünvanlara göndərdim, amma yenə çap olunmadı. Hətta Azərbaycan Yazıçılar Birliyinə də göndərdim yazdıqlarımı...

- AYB üzvü olmaq istəmirsən?

- İndi istəyirəm.

- Doğrudan?

- Hə, əlbəttə. Bu da bir prinsipdir mənim üçün.

- Bəs necə tanındınız, çap olunmaya-olunmaya?

- İnternetim olan kimi forumlara qatıldım, şeirlərimi paylaşdım. Gördüm ciddi qəbul edilir. Halbuki özüm o şeirlərə ciddi baxmırdım... Sonra Zahir Əzəmətin dediyi imzaları oxudum, kitablar gətirdim. “Alatoran” jurnalını izləməyə başladım.

Şeirlərimi ilk dəfə Rasim Qaraca “Ədalət” qəzetində çıxan “Nar” səhifəsində verdi. “Alatoran” jurnalında da çap olundum.

- Görürsən, səni AYO-çular çap edib, amma AYB-yə üzv olmaq istəyirsən...

- AYB üzvü olmaq kiminsə komandasına qatılmaq deyil.

- Lənkəranda bölməsi var dəəə... Yoxdu əlaqələrin?

- Yox, yoxdu.

- Sən Lənkəranın özündə də guşənişin həyat keçirirsən, deyəsən...

- Aha.

- Xalqdan niyə qaçırsan? Məncə yazıçı insanlara yaxın olmalıdır.

- Bilmirəm. Cavabım yoxdur. Bax, Jaləni gördüm (Jalə Mütəllimova), Sevdanı gördüm (Sevda Sultanova), elə bil, min ildi tanıyıram onları. Adam gərək eyni dalğanın adamı olsun ki, münasibəti alınsın. Bir ifadə var eee... Mənim adamım! Öz adamını, öz çevrəni tapa bilməsən, həmişə kənarda qalarsan.

- Arada açıqlama verdin ki, daha şeir yazmıram...

- Həəə, yazmıram. Çoxdandır.

- Amma çox uğurlu şeirlərin vardı.

- Bilmirəm. Nəsr məni qəfil çəkdi. Bəlkə də yaşla, təcrübəylə bağlıdır. Mən 2006-da çap üçün şeirlər göndərəndə də fikrimdə nəsr vardı. Qısa romanlar və kinopovestlər. Amma əlimdə olan şeirlər idi, onlardan arxayın idim.

- İlk romanınıza münasibət necə oldu?

- Susqunluq. Amma təəssüf eləmirəm.

- İndi nə yazırsan?

- Məhsəti Gəncəvi haqqında roman yazmışam, Türkiyədə çap olunacaq.

- Feminist əsər deyil ki?

- Yox, qətiyyən!

- Bəs niyə, məsələn, Nizami Gəncəvi yox, Məhsəti?

- Roman sifarişdir.

- Zarafat edirəm.

- Bilirəm (gülür). Əsər sifarişdir. Amma etiraf edim ki, Məhsəti Gəncəviyə xüsusi marağım olub həmişə.

- Bir məsələ qaranlıq qaldı. Cənub bölgəsində dinin və mentalitetin güclü olduğunu bilirik. Bu sənin yazılarında həm mənfi, həm müsbət planda görünür. Amma necə oldu ki, Bakıda təhsil almağına icazə verildi, ədəbi mühitə çıxmağında problemlər yarandı?

- Orta məktəbdən yazdığımı hamı bilirdi, amma çap olunmağıma razı olmurdular. Hətta o vaxtkı dərnəklərə getməyimə imkan vermirdilər. Amma mən özümə güvənirdim. Yaşıdlarımdan fərqli olduğumu duyurdum. Məktəbə sərbəst mövzuda olan inşaları həmişə mənə yazdırırdılar.

- Əsas kim idi sənə təsir edən? Atamı, qardaşmı?

- Qardaşlarım balaca idi. Atam və ən əsası qadın qohumlarım. Ətraf var, qohum-əqrəba var, nə yazmağı, nə çap olunmağı!

- Bəs ali məktəbə necə gəldin?

- İnadkarlığımla. İlk testdə yüksək bal topladım, amma Bakıya buraxmadılar, Lənkəranda texnikumda saxladılar. Amma mən qane olmadım. Lənkəranda televiziya açıldı. Aparıcı kimi ora getdim. Nəyə qadağa qoyurdularsa onun üstünə gedirdim. “KVN” komandası yaratmışdım. Ssenarilər yazırdım, tədbirlər təşkil edirdim. Yenə də nəsə çatmırdı. Hər il ali təhsil üçün imtahan verirdim. Hətta arada müəllimə də işlədim. Nəhayət beş ildən sonra arzuma çata bildim.

- İndi işləmirsən deyəsən...

- Yox. İşləmirəm. Peşman da deyiləm. Hər şey yaxşı olacaq.

- Uzaqdan Bakı çoxmu cazibədardır?

- Səmimi deyim ki, mənimçün əyalət və Bakı bölgüsü yoxdur. Mənə görə insanın çevrəsi var. Bakıda da, əyalətdə də səni qane edən və etməyən çevrən ola bilər.

- Məncə sən əyalətdə ola-ola elə Bakının özündə o çevrəni yarada bilmisən. Dostlarla, həmkarlarla və sairə. Sənə uğurlar arzu edirəm.

- Çox sağ ol!

# 3708 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #