Özünü tanrıya bənzədən snayper – PYES

Özünü tanrıya bənzədən snayper – PYES
17 may 2017
# 12:19

Kulis.az Həmid Piriyevin tərcüməsində Matey Vişnekin “Sən Tanrısan, qandın?” pyesini təqdim edir.

İştirak edirlər:

Vibko

Stanko

Stanko on yeddi yaşında yeniyetmədir. Vibko ondan bir az böyükdür. Onlar vətəndaş müharibəsi gedən şəhərdə, hansısa daldanacaqda oturublar.

Vibko: Sənə soyuqdur?

Stanko: Yox.

Vibko: Başdan-ayağa qırmızı ləkələrlə dolusan. Donmusan?

Stanko: Yox.

Vibko: Şineldən-zaddan nəsə qalın bir şeyin var geyinməyə?

Stanko: Var.

Vibko: İndi mənə qulaq as. Şinel müqəddəs şeydir. Lap hava isti olsa da, şinelin olmağı lazımdır. Şinel həmişə yaxşıdır. Sən özün hardansan?

Stanko: Krikovdan.

Vibko: Krikov haradır?

Stanko: De, budu-burda, iki addımlıqda...

Vibko: Yaxşı. Deməli belə. Birinci məsələ odur ki, sən yaxşıca hazırlaşasan. Əynini qalın eləyəsən. Bu daldalanacaqlarda gizlənmək az şey deyil ki. Bir saat da otura bilərsən, bir gün də, iki gün də... Buna görə hazır olmalısan. Əgər hazır olmasan pis olacaq. Qandın?

Stanko: Aha.

Vibko: Bir də özünü Rembo kimi aparma, kinoda deyilsən. İş görmək üçün hazırlıqlı olmalısan. Al, əlcəyi götür.

Stanko: Mənə soyuq deyil.

Vibko: Əlcəyi geyin dedim. Barmaqlarını qoru. Barmaqlar lazımlı şeydir. Əlini don vursa, apar tulla.

Stanko: Yaxşı, sağ ol.

Vibko: İkincisi. Özünü yaxşı apar. Əgər özünü yaxşı aparmasan, apar tulla. Özünü pis aparmayacaqsan ki?

Stanko: Yox.

Vibko: Əllərini qabağa uzat. İkisini də. (Əllərinə baxır) Titrəyir.

Stanko: Keçər, elə-belə şeydir.

Vibko: Əllərin tərlidir. Əsas özünü yaxşı apar. Al, çək, sakitləşdirir.

Stanko: Mən çəkən deyiləm.

Vibko: (Fit çalır) Fyü-yüü. Neçə yaşın var?

Stanko: On yeddi.

Vibko: Sən heç məktəbdə çəkməmisən?

Stanko: Dadına baxmışam... Öldürdü məni.

Vobko: Hə, belə. Bəs pivə?

Stanko: Pivə pis olmaz.

Vibko iki şüşə götürür. İçirlər.

Vibko: Rahatlaşdın?

Stanko: Hə.

Vibko: Bu gün nəsə yemisən?

Stanko: Yox. Səhərlər yeyə bilmirəm.

Vibko: Belə yaramaz.

Stanko: Səhərlər ancaq kofe içirəm.

Vibko: Qulaq as, səhər bura gələndə gərək tox gələsən. İş görmək üçün əvvəlcə tıxmaq lazımdır. Eşidirsən? Sənə yemək verən kimsə var?

Stanko: Var.

Vibko: Qoy səni yaxşı yedizdirsinlər. Başa düşdün? İndi bizdə səfərbərlikdir. Səfərbərlikdə isə acqarına gəlmək olmaz...

Stanko: Mən öyrəşmişəm...

Vibko: Bu yaxşı şey deyil. Sənin birinci vəzifən – səhər yeməyi yeməkdir. Sağlam səhər yeməyi – birinci işdir. İndi səhər yeməyi sənin üçün ən vacib şeydir. Qandın?

Stanko: Qandım.

Vibko: Bu əmrdir. Səhər isti yemək. Çörək, yumurta. Bir də süd. Onsuz olmaz.

Stanko: Süd içə bilmirəm... Ürəyim götürmür.

Vibko: (ona salyami uzadır) Al, götür... doldur qarnını.

Stanko: Sağ ol. (Yeyir) Dadlıdır.

Vibko: Sənin həmişə ehtiyatın olmalıdır. Salyami, peçenye, çörək... Biz ovçu kimi bir şeyik, gözləməyi bacarmalıyıq... Hə, özünə gəldin?

Stanko: Gəldim.

Vibko: Əllərini göstər. Əh, onsuz da titrəyir. Nə üçün titrəyir?

Stanko: Hardan bilim?

Vibko: Yoxsa birinci dəfədir bu işdəsən?

Stanko: Yox əşi...

Vibko: Belə. Hazırlaş!

Stanko optik nişangahlı silahı çexoldan çıxarıb atəşə hazır dayanır.

Vibko: Ehtiyatlı ol. Bir də tələsmə. Bizi heç kim tələsdirmir. Qandın? Sən Tanrısan. Qandın? Tanrı heç vaxt tələsmir. Əvvəlcə buz kimi soyuq və sakit olduğunu hiss elə, sonra atəş aç. Bir də ürəyin normal döyünürsə. Ən əvvəl ürəyinə qulaq as. Normal döyünür, yoxsa yox?

Stanko: Normaldır.

Vibko: Haçansa nəsə çalmaq öyrənmisən?

Stanko: Hə. Bir ara skripka çalmışam.

Vibko: Əntiqə! Onda bu silah skripkadır. Başa düşdün? Skripaç üçün skripka bədəninin bir üzvü kimidir. Skripka çalanda musiqi sənin bədənindən süzülür. Elə etmək lazımdır ki, güllə də sənin bədənindən çıxsın. Amma silahla burcudsan, onda apar tulla.

Stanko: Mən burcudmuram.

Vibko: Haçansa atəş açmısan?

Stanko: Hə.

Vibko: Yəni doğruçu silahdan atmısan?

Stanko: Atmışam.

Vibko: Bəs adama atmısan? Kimisə gəbərdmisən?

Stanko: Göyərçin öldürmüşəm.

Vibko: Yaxşı. İndisə bu əclaflara atacaqsan. Belə çıxır ki, bu gün sən birinci dəfə əclaf gəbərdəcəksən.

Stanko: Aha.

Vibko: Nişangaha bax. Öz-özünə de ki, bu gün xaça salınma günüdür – atəşlə xaça salma. Səni nə qədər tez xaça çəksək, o qədər yaxşıdır. Nə görürsən?

Stanko: Nə görürəm? Küçə...

Vibko: Eyvanlı evi görürsən?

Stanko: Görürəm.

Vibko: Yanacaqdoldurma məntəqəsini?

Stanko: Görürəm.

Vibko: Yaxşı. Yerini dəyişmə. Orda birinci kimi görsən, sənindir.

Stanko: İki nəfər qoca nənə gedir. Deyəsən bazardan gəlirlər.

Vibko: Əntiqədir ki. Birini seç.

Stanko: Yox-yox. Mən qoca arvada ata bilmərəm. Nənədən başlamaq istəmirəm.

Vibko: Qısası, bu siçovullara başa salmalıyıq ki, deşiklərindən çıxmasınlar... onlar siçovul olduqlarını və başqa çıxış yollarının olmadığını bilməlidirlər. Atəş açanda ancaq bunu fikirləş. Özünə de ki, doğrudan da siçovul öldürürsən. Başa düşdün nə deyirəm?

Stanko: Başa düşdüm.

Vibko: Belə başa düşürəm ki, hələ əsgər olmamısan.

Stanko: Yox hələ.

Vibko: Axtar, axtar. Nişangahın dalında mal kimi oturub gözləmə. Heç kim gəlib səni tapmayacaq. Özün axtar. Həmişə axtar... Küçəyə bax, bloka bax, pəncərəyə bax. Pəncərədə dayan. Pəncərə görürsən?

Stanko: Görürəm.

Vibko: Pəncərə vacib şeydir. Fikirləş ki, bu pəncərənin dalında çoxlu siçovul var. Hamısı tərpənir. Hamısı sənindir.

Stanko: Bir dənə də nənə görürəm. Eyvanda paltar sərir.

Vibko: Kül sənin başına. Ancaq nənələri görürsən. Necə olsa gün batanacan bir dənə siçovul vurmalısan. Əgər bu gün nənələrin günüdürsə, onda nənə seçməli olacaqsan. Hərdən belə də olur.

Stanko: Bir də qız görürəm. Kuklayla oynayır.

Vibko: Harda?

Stanko: Eyvanda.

Vibko: Demişdim də, hər yerdə doludurlar. Qulaq as, siçovullara yazığın gəlməsin. Yoxsa gəlib səni gəmirərlər.

Stanko: Yox, mən uşağı öldürə bilmərəm. Nə danışırsan?

Vibko: Bax da, özün bil. Qərar sənindir. Amma iş görülməlidir. Gün batanacan bircə dənə də olsa ölü siçovulumuz olmalıdır. Onları nəfəs almağa da qoymamalıyıq.

Stanko: Onda qızdansa yaxşısı nənəni vurum.

Vibko: Çox fikirləşirsən, ay uşaq. Əlbəttə, özün bilərsən... Amma mən həmişə özümdən soruşuram: Tanrı fikirləşir? Mənə belə gəlir ki, Tanrı fikirləşmir... Tanrı iş görür, nöqtə. (Pauza) O hələ də oynayır?

Stanko: Oynayır.

Vibko: Keçən həftə mən başqa sektorda idim. Orda, təpənin başında, Tito bulvarı başlanan yerdə. Bir həyəti nişan almışdım. Elə sənin kimi ancaq nənələri görürdüm. Girirdilər, çıxırdılar. Bir də gördüm yeddi-səkkiz yaşlarında qız ip üstündən tullanır. Bütün günü ip üstündən tullandı. Bir-iki saat sonra əsəblərimə toxunmağa başladı. Məncə bilə-bilə edir, dedim, mənimlə oynayır. Xəbərdarlıq üçün bir güllə atdım, iki-üç metr aralı. Axmaq qız qışqırıb evə qaçdı. On dəqiqə sonra isə təzədən qayıdıb oynamağa başladı – uşaqlar hər şeyi unudur. Bir saat da ona baxdım. Hirslənib bir güllə də atdım. Bu dəfə lap yaxın, az qala əlindəki ipə dəymişdi. Bu dəfə də qışqırıb evə qaçdı. On dəqiqə sonra yenə başını qapıdan çıxartdı – sağa baxdı, sola baxdı, həyətə düşdü. Pəncələrinin üstündə gəlirdi, elə bil kimisə oyatmaqdan qorxurdu. Yenə hər şey təzədən başladı... Bütün günü... Az qalmışdı gic olum. Altı dənə gülləm qalmışdı, amma birini də göndərdim ki, qız izal olsun. İzal oldu, amma yenə on dəqiqəlik.

Stanko: Bəs sonra?

Pauza.

Vibko: Siçovul elə siçovuldur.

Stanko: (nişangaha baxır) Hə, bu da bir eksponat.

Vibko: Harda?

Stanko: Yanacaqdoldurma məntəqəsində. Görürsən?

Vibko: Yox.

Stanko: Neyləyim?

Vibko: O orda neyləyir? Qaçır, gizlənir?

Stanko: Yox, gəzir özüyçün.

Vibko: Onda o sənindir. Onu nişana al, bir az onunla gəz. Onu hiss edəndə at...

Stanko: Maraqlıdır.

Vibko: Nə?

Stanko: Maraqlıdır ki, o heç yerə tələsmir.

Vibko: Ay səni. Sənə qalıb? Bu nəyinə lazımdır? Tələsmirsə onunçün pisdir. Yaxşı nişan alarsan.

Stanko: Məncə o içib.

Vibko: Yaşlıdır?

Stanko: Çox da yox. Çağırışçı yaşında olar.

Vibko: Əla. Bu sənin siçovulundur. Dayanma, vur.

Stanko: Qoy yolu keçsin.

Vibko: Ehtiyatlı ol, qaçar birdən.

Stanko: Qorxma, gözüm üstündədir... Eksponata bax ee. Heç yerə tələsmir.

Vibko: Əgər küçəni keçirsə, demək süd almağa gedir.

Stanko: Süd dükanı hardadır?

Vibko: Yanacaqdoldurma məntəqəsinin yanında, solda. Burdan görünmür.

Stanko: Onda qoy əvvəlcə alsın, sonra vurum.

Vibko pivə şüşəsini götürür.

Vibko: İçirsən?

Stanko: Ver.

İçirlər.

Vibko: Səninki neyləyir orda? Süd aldı?

Stanko: İndi çıxacaq. Pulun qalığını alır. Üç şüşə süd alıb.

Vibko: İndi də tələsmir?

Stanko: Yox.

Vibko: Cəhənnəmə ki. At. O bilə-bilə edir. Səni ələ salır. Hə, dayanma. Vur.

Stanko atır.

Vibko: Dəydi?

Stanko: Bilmirəm... yıxıldı... ay dad, onun şüşəsini sındırdım, süd dağıldı...

Vibko: Bir dənə də at. Sən ancaq iki güllə ata bilərsən.

Stanko: Bacarmıram... süd görəndə ürəyim bulanır...

Son

# 1480 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #