Qismətlə Şərif Ağayarın dil iməciliyi – İNTONASİYA SÖHBƏTİ

Qismətlə Şərif Ağayarın dil iməciliyi – <span style="color:red;">İNTONASİYA SÖHBƏTİ
17 may 2016
# 12:00

Kulis.Az Şərif Ağayarla Qismət Rüstəmovun intonasiya ilə bağlı söhbətini təqdim edir.

Şərif Ağayar: Ramiz Rövşənlə söhbətlərimizin birində o, maraqlı bir fikir işlətmişdi: Şair ədəbiyyata fikir yox, intonasiya gətirir. Sən necə düşünürsən?

Qismət Rüstəmov: Borxesin dünyadakı bütün sujetləri dörd, Jorj Poltinin isə otuz altı dramaturji situasiyada ümumiləşdirdiyini düşünsək, Ramiz Rövşənin nəyə işarə vurduğunu başa düşmək olar, yəni “bu səmanın altında təzə heç nə yoxdur.” Amma bir incə məqamı deyim ki, məsələ təhrif olunmasın: intonasiyasının önəmi, fikrin vacibliyini istisna etmir.

Ş.A: Məncə, təkcə şair yox, bütün yaradıcı insanlar, hətta rəssam və heykəltəraşlar belə intonasiya ilə özlərini təsdiq edirlər. Musiqili rənglər, rənglərin harmoniyası və s. bu qəbil ifadələr burdan yaranır. Buna yaradıcılıq ahəngi, için harmoniyası da demək olar. Məhz əsas məsələ onu tapmaqdır. Qalanı asan olur. Daha dərinə getsək, insanın danışması, yeriməsi, iş görməsi də xüsusi ahəng istəyir. İbtidai insanların ov-ovlarkən tutduqları ritm də buna sübutdur. Bəs intonasiya sənin üçün nədir? Nə dərəcədə önəmlidir?

Q.R: Şair üçün intonasiya birinci növbədə sözlərin öz musiqisi deməkdir. Fikir vermisənsə, adətən intonasiya haqqında təsəvvürü olmayanlar öz şeirlərini musiqinin fonunda oxumağı sevirlər. Elə bədii qiraət ustaları da bu mənada fərqlənir, şeiri fonda musiqi ilə oxuyanlar və şeiri öz daxili səsinə uyğun səsləndirənlər. Amma iş təkcə bununla bitmir, elə bil ki, yaradıcı adamın intonasiya ilə onun nitqinin, yeriməyinin, bir işi hansı sürətlə yerinə yetirməyinin, yəni bütün yaşantısı arasında da nəsə izaholunmaz bağ var. Gəl buna “individual dalğa” deyək, amma bu dalğanı tutmaq, öz FM-ni tapmaq elə də asan məsələ deyil. Madam ki, dalğa-fm metaforasından istifadə elədik, bunu bir az da inkişaf etdirək: məncə, fərdi intonasiyanın tapılmaması və yaxud bundan bixəbərlik böyük mənada cəmiyyət üçün də problemdir. Biz həmişə cəmiyyəti tənqid edib deyirik ki, mentalitet elə gəldi, “qonum-qonşu nə deyər” düşüncəsi belə getdi, bütün bunlara bəlkə bir az da fərdiliyin, fərdi həyat intonasiyasının yoxluğu fonunda baxmaq olar. Taksi şoferləri oturub müştəri gözləyəndə necə aşağı-yuxarı həmişə eyni radio-dalğanı tutursa, kütlə də öz ömrünü o cür eyni dalğaya – mentalitet, “dədə-babadan belə görmüşük” dalğasına kökləyir. Bu baxımdan, məsələn, bəlkə Axundov Füzuliyə bütün başqa şeylər bir yana, elə həm də buna görə hücum çəkirdi, şair öz “mentalitet”ini yaratdığı üçün. Yəni Axundovun problemi əslində Füzuli ilə yox, başqasının səsiylə ağlayanlarla idi...

Ş.A: Məncə, şairin bir neçə ritmi və ahəngi ola bilər, amma, sənin təbirincə desək, FM-i bir dənədir. Hətta onun, əgər varsa, nəsr və dramaturgiyası da eyni intonasiya üzərindədir.

Q.R: Yadıma maraqlı bir şeyi saldın. Bu barədə çoxdan yazmaq, danışmaq istəyirdim. Nobel mükafatı laureatı Oktavio Pasın maraqlı bir bölgüsü var: o poeziyanı şeirdən ayırır. Bax, bu məsələni də çox adam bilmir. Aristotel yazır ki, Homerlə Empedokl arasında ölçüdən başqa heç bir ortaq məqam yoxdur, amma birincisi şairdir, ikincisi yox. Poeziya sadəcə sözlərin qafiyələnməsi, hecaya salınması deyil. Yoxsa şeirin texnikasını yaxşı bilən bir filoloq içində min dənə ağıllı fikir olan bir ensiklopediya alar, ordan qəşəng fikirlər seçər, hər ay nə qədər desən şeir yazardı. Bəs niyə yaza bilmir? Çünki poeziya texniki məsələlərdən daha böyük və geniş gerçəklikdir. Pas əla yazır, deyir ki, texnika metoddur, önəmlidir, amma dəyərin funksionallığı ilə düz mütənasibdir. Oxun yerini tüfəng tuta bilər, amma “Eneida” “Odisseya”nın əvəzi ola bilməz.

Bəli, düz deyirsən, nəsrin intonasiyası olur. Kamyünün məşhur romanın birinci cümləsini xatırla: “Anam dünən ölüb, ya da bu gün, dəqiq bilmirəm.” Poeziyadır. Kafkanın “Çevrilmə”si, Salvador Dalinin rəsmləri, Tarkovskinin filmləri, bir qadının güzgülənməsi, bir kişinin təraş olması da, dondurma yeyən uşaq da, işə balaca qablarda yemək aparan adamlar da poeziyadır. Hər şey poeziya deyil, amma hər şeydə poeziya var.

Ş.A: Bir az da sözün hərfi mənasına gedək: Ana ton, əsas ritm, ana ritm anlamına gəlir.

Q.R: İntonasiya, ritm haqqında danışmaq üçün mütləq daha qədim zamanlara - şeirin ədəbi janr yox, həyat tərzi, ritual olduğu zamanlara ekskurs etməliyik.

İndiki dünyada SÖZ gündəlik ünsiyyət vasitəsindən, dil alış-verişindən başqa heç nə deyil. Bizim dünyamızda sözlər, eləcə, hansısa əşyanın, nəsnənin simvoludur. Amma əcdadlarımız – bu gün ibtidai dediyimiz insanlar üçün SÖZ başqa anlam kəsb edirdi. Onlar üçün sözlər nəsnələrin, əşyaların özləri qədər konkret, həqiqi idi. Məsələn, ağız, burun, dil, əllər, ayaqlar kimi insanın adı da bədəninin bir üzvü sayılırdı. Belə bir eskimos şeiri oxumuşdum:

Zamanın başlanğıcında

insanlarla heyvanlar

yer kürəsini paylaşarkən,

insan istəsə heyvan,

heyvan istəsə insan ola bilərmiş.

Bəzən insanla dolarmış dünya,

bəzən heyvanla.

Eyni dildə danışarmışlar.

Söz sehrmiş o vaxtlar;

insan ruhunun sehrli gücləri varmış.

Təsadüfən deyilən bir Söz

qəfildən canlanar,

gözlənilməz nəticələr doğurarmış.

Nigeriyada yaşayan Doqonlara görə, Söz davranışla, əməllə sinonimdir. Məsələn, döyülmüş dəmir, toxunmuş parça, üyüdülmüş buğda – yəni yerinə yetirilmiş işlər onlar üçün Sözdür. Sudanlı Bambaralar üçün də Dil, Söz mücərrəd yox, konkretdir. Onların atalar sözlərindən birində belə deyilir: “İnsanın quyruğu yoxdur, hörükləri də. Onu hardan tutmaq olar? Ağzından çıxan sözdən.” Paraqvay tərəflərdə yaşayan Quarani hinduları uşağın doğulmasını belə ifadə edirlər: “Söz yerləşmək üçün özünə yer hazırlayır.”

Qədim insan inanırdı ki, o ayağından, əlindən yaralandığı kimi, adından da yaralana bilər. Ceyms Freyzer məhşur “Qızıl budaq” kitabında bu haqda bənzərsiz misallar çəkir. Məsələn, yazır ki, Şimali Amerikalı hindular üçün saç, dırnaq, göz kimi, ad da bədənin bir üzvüdür, həmin adın pis məqsədlə deyilməsi öldürücü nəticələrə gətirib çıxa bilər. Onlara görə, ad heç vaxt deyilməməlidir, çünki deyilən kimi maddiləşir, bu da adamın özünəməxsus xüsusiyyətlərindən birini faş edir, beləcə, onu düşmənlərinin qabağında gücsüz vəziyyətdə qoyur. Paraquaylı abiponların maraqlı adəti var. Onlar hər il dillərində iməclik aparırlar. Hər il dillərindən ölmüş adamların adlarını, ya da o ada oxşayan sözləri atır, yerinə təzə sözlər götürürlər.

Misalları çoxaltmaq olar, qısaca deyim ki, ibtidai dediyimiz insan birliklərində Söz də, Dil də, Ad da başqa statusda idi. Onlar inanırdılar ki, bıçaq sözü bıçağın özü kimi adamı yaralaya bilər. Onlar üçün Söz tanrıydı və bu inamları həqiqi idi. Biz isə elə bil, sözün özünə yox, şəklinə inanırıq.

SÖZ dünyanın ən müxtəlif dillərində başqa-başqa adlar altında olsa da, həmişə eyni mənaları – həyat nəfəsini, yaradıcı gücü, universal ruhu, varlığın sirrini ifadə edir. Maleneziya dilində mana, qədim misirlilərdə ka, ibranilərdə amen, qədim çinlilərdə ki, hindlərdə om

“Upanişadalar” kitabında əsas fiqur Atman əvvəlcə aləmləri, suları, işıq təkərinin çubuqlarını, ölümün yerini-yurdunu yaradır, sonra suların içindən Puruşanı – insanın universal eskizini çıxardır, ona forma verir və üstündə kürt yatır. Vaxtı çatanda çatlayan yumurtanın içindən cücənin görünməsi kimi, Puruşanın ağzı görünür və SÖZ doğulur. Sonra Atman bütün digər işlərini həmin SÖZ vasitəsilə həyata keçirir...

Afrika xalqlarının mifologiyasında iki cür söz var: Quru söz, Yaş söz. Onlara görə, Quru söz uca varlıq Ammanın özəlliklərindən biridir; o, əvvəlcə sözü yaradır, onu muxtar bir gücə çevirir, sonra isə bu güc vasitəsilə (sözlə) bütün varlıqları yaradır. Afrika mifologiyasında deyilir ki, Quru söz insanda intuisiya kimi mövcuddur, Yaş söz isə yaradılış yumurtasının içində həyatın əsas prinsipi kimi cücərir və düşünmək, danışmaq qabiliyyəti formasında insana ötürülür.

Ş.A: Bizim əcdadlarımız necə düşünüb bəs?

Q.R: “Dədə Qorqud” dastanının dünyasında sanki adamların iki dünyası var: onlara ad verilməmişdən öncəki və sonrakı. Adlar əməllərə görə verilir, söz boşa deyilmir, öz mahiyyətinə, təyinatına uyğun seçilir.

Quran “Oxu!” nidası ilə başlayır və ümumən İslamda “lövhi-məhfuz” anlayışı var, sözlərin əslinin olduğu, əməllər yazılan dəftər.

Nizami hər kitabının bir hissəsini sözün gözəlliyini vəsf etməyə ayırır. Məsələn, “Yeddi gözəl”in əvvəlində yazır ki, söz sənətkarlarına ölü demə, onlar söz dəryasına baş vurublar, adlarını çəksən, balıq kimi həmin dəryadan baş qaldıracaqlar.

Şah İsmayıl Xətai sözün təsnifatını aparır:

Söz vardır, kəsdirər başı,

Söz vardır, kəsər savaşı

Söz vardır, ağulu aşı

Bal ilə yağ edən bir söz.

Yaxud folklorda nə qədər desən sözə müxtəlif rakursdan yanaşma var: “Sözlü adama oxşayırsan”, “Söz məni tutdu”, “Elə söz dedi ki, yeddi qatımdan keçdi”, “Sözün var söz danış”, “Qılınc yarası sağalar, söz yarası yox” və s.

Ş.A: Bir örnək də verək. On birlikdə təqt bölgüləri eyni, intonasiyası müxtəlif olan misralar var. Misal üçün:

Qulac-qulac hörüklərin ilandır

İncimərəm, sal boynuma dolandır...

Dünən hələ bu boydaydı bu boyda

İndən belə ağlamaqdan nə fayda...

Ay ağalar, bir tərlanım uçubdu

Sağ əlimdən sol əlimə alınca...

Üçü də, 4-4-3-dür, ancaq intonasiya nə qədər fərq edir. Səncə, nədir bunun sirri? Təkcə, sözlərin yeni və köhnə biçimdə işlənməsimi?

Q.R: Çünki misraların arxasındakı müəllifin səsi, fərdi dalğası, həyat tərzi, ürək döyüntüsü başqadır. Türk jurnallarından birində yaxşı bir məqalə oxumuşdum, xoşuma gəlmişdi. Ahmet Haşimin məşhur bir “Merdiven” şeirinin birinci misrası belədir: “Ağır, ağır çıkacaksın bu merdivenlerden...” Məqalənin müəllifi yazırdı ki, çox qəribədir, “Bu merdivenlerden ağır, ağır çıkacaksın” desək, artıq şeir olmur. Heç bir sözü dəyişmə, amma effekt ayrıdır. Çünki necə bəstələnibsə, elə də qalmalıdır. Söhbət pilləkəndən düşmüşkən, yadıma Qoqolun “Ölü canlar” əsəri ilə bağlı Nabokovun bir təsbiti düşür. Sənətkar yazır ki, mehmanxana xidmətçisi əsərin baş qəhrəmanı Çiçikovun otağından çıxıb pilləkənləri düşəndə, bir kağız parçasına yazılmış adı oxuyarkən təsvir edilib: “Pa-vel İ-va-no-viç Çi-çi-kov.” Bu hecalama, həmin pilləkənin konkretləşdirilməsi üçün taksonomik dəyər daşıyır.

Yan Parandovskinin bir kitabı var, məncə, kitabın təkcə adı hər şeyi deyir: “Sözün əl-kimyası.” Platonda “Dialoqlar”da boşuna hərflərin simvolizmdən danışmırdı ki. Təxmini qarşılığını belə izah edim, bizdə içində “S” hərfi olan sözlərə baxaq: su, soyuq, sükut, sərin və s. Bir hərfin yaratdıqlarına fikir ver, hərfin canında boyundan artıq informasiya var. Artur Rembo məşhur şeirində boşuna demirdi ki, hərflərin rəngini tapmışam. Məsələn, “A” qaradır. Niyə? Bəlkə ona görə ki, ilkin başlanğıcı, yaradılışı, doğuluşdan öncəki qaranlığı ifadə edir, əlifba da onunla başlayır. Füzuli necə deyirdi:

Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,

Bu nə sirrdir kim, olur hər ləhzə yoxdan var söz.

Öz təcrübəmdən deyim, 5-6 il əvvəl eksperimental poeziya ilə maraqlanan vaxtlarımda bir şeir yazmışdım: “Yağışda gəzinti”. Həmin şeirdə yağışı vizuallaşdırmaq üçün çox sayda sləş işarələrindən istifadə etmişdim, bu, işin görünən tərəfi idi. Amma o şeirdə həm də az qala bütün misralarda “ş” hərfi dominant idi, təkcə vizual yox, səs effekti də yaratmaq üçün.

Ş.A: Yaradıcı insanlardan başqa zamanın özünün də bir intonasiyası olur. Və yaradıcılıq həmin ümumi intonasiyanın içindəki fərdilikdir əslində.

Q.R: Yüz faiz razıyam. Zamanın ruhu, yaxud intonasiyası məsələsi də vacibdir. Amma bunu dəblə, trendlə qarışdırmamaq lazımdır, məncə. Çünki dəbin xarakterində zahirilik, səthilik var. Bizim zamanın intonasiya dediyimiz şey isə fərqlidir, o zahiri parıltı, mövsümi dəyişən məsələ deyil, bütöv bir epoxanın, dövrün daxili mexanizmidir. Keçən gün Eliotun bir fikrini oxudum, çox radikalcasına deyilib, amma xoşuma gəldi. Deyir, Coys bir əl ilə XIX əsri yerlə-yeksan elədi. Mən bunu belə başa düşürəm: zamanın dəyişməsi, əsrlərin bitib-başlaması çox vaxt təqvimlərlə olmur. Məsələn, bizim üçün zahirən sovet imperiya dağılmış ola bilər, amma mən xeyli adamın düşüncəsində, xeyli məkanda hiss edirəm ki, XX əsr deyəsən bizim üçün hələ bitməyib. Afrikada elə yerlər var ki, onlar üçün də əksinə, yəqin hələ XX əsr gəlməyib. Bu mənada Eliot dəqiq deyir, Coys vaxtından artıq çəkən XIX əsri bitirən adamlardan biridir, çünki bizim dediyimiz mənada, o, artıq başqa bir dalğanı, intonasiyanı hiss etmişdi, eynən Kafka kimi, Prust kimi.

Zamanla bağlı şahanə bir kitab tövsiyyə edə bilərəm: Robert Levine “Zamanın coğrafiyası”. Levine yazır ki, Hindistandakı bank əməliyyatlarının sürəti ilə Fransadakı eyni deyil və bu zaman fərqi əməliyyatı yerinə yetirən üçün də, gözləyən üçün də müxtəlifdir. Ona görə belə deyim, mədəniyyət həm də zamana münasibətdir.

Ş.A: Fikrimizi daha konkretləşdirmək üçün yada salaq: vaxtıyla Səməd Vurğunun intonasiyasında yazan onlarla şair vardı. Zamanı xarakterizə edən o intonasiyanın vaxtı keçəli Səməd Vurğun tarixə, onu imitasiya edənlər heçliyə gömüldü. Eyni məntiqlə, bu gün məşhur olan yazıçı və şairləri yamsılayanlar da öz səslərini, yəni öz intonasiyalarını tapa bilmədikləri üçün qalmayacaqlar. Bu mənada intonasiyanı için barmaq izi də hesab etmək olar. Çünki, iki adamda heç vaxt eyni olmur.

Q.R: Doğrudur. Yadına gəlirsə, Hollivud filmlərində bir klişe var: bankların içində bütün pulların saxlandığı xüsusi qorunan otaqlar var, otağın sensorlu qapısı kiminsə barmaq izi ilə açılır. Cinayətkarlar o qapını açmaq üçün həmin adamı tapıb barmağını kəsirlər ki, qapını açsınlar. Bu baxımdan ədəbiyyatımızda barmaqkəsən oğrular az deyil. Metaforanı davam etdirsək, neçə əsr Füzulinin “barmağını kəsib”lər, sonra Səməd Vurğunun və başqa şarilərin. Amma ədəbiyyatın yaddaşında təqlidçilər yox, öz səsi, üslubu olanlar qalır. Ona görə təkrar etməkdən usanmıram: ədəbiyyat tarixi mövzuların, fikirlərin yox, üslubların tarixidir.

Ş.A: Bir də, təəssüf ki, intonasiyanı hiss edən qələm adamları çox azdır. İstər köhnə, istər müasir nəsildə... Səncə?

Q.R: Bu hissiyyatla bağlı olduğu qədər peşəkarlıqla da bağlı məsələsidir. Bizim insanımız məşğul olduğu işlə bağlı özünü təkmilləşdirməyi, daim axtarışda olmağı, öz işinin problemləri barəsində düşünməyi sevmir. Nəinki intonasiya haqqında, ümumən poeziya barəsində düşüncələrin çoxu köhnədir. Məsələn, belə bir düşüncə var ki, guya şeir bədii düşüncənin ibtidai formasıdır, sonra inkişaf etmiş hekayə, roman gəlir. Ədəbi klişedir. Mənsə belə deyirəm: başlanğıcda poeziya vardı və poeziya həmişə başlanğıcda olacaq.

# 3101 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #