Xərçəng xəstəsini sağaldan falçı HEKAYƏ

Xərçəng xəstəsini sağaldan falçı <span style="color:red;">HEKAYƏ
13 may 2015
# 16:39

Meşədə itən cığırlar

Baş redaktor məni kabinetinə çağırıb deyəndə ki, “Qızıl dəfnə” mükafatının qalibi barədə yazı hazırlamaq lazımdır, yazıçısı da əyalətdə yaşayan Piri Məmmədovdur, dilimin altında mənə yad olan bu ismi bir neçə dəfə təkrarladım – tanış imza deyildi – ezamiyyə vərəqini alıb otaqdan çıxdım. Müsabiqənin ilk onluğuna düşmüş yazıçıların əsərlərindən ibarət qalın almanaxı da çamadanıma qoyub günortaüstü avtobusla Piri Məmmədovun ünvanına üz tutdum.

Uzun və çox yorucu yol oldu. Gecəyarısı rayon mehmanxanasına çatdım. Gecəni daş kimi yatdım. Ertəsi gün günortaya yaxın gözlərimi açanda, artıq, otağıma dolmuş təmiz havadan ciyərlərim sevinirdi. Pəncərəyə yaxınlaşıb pərdəni çəkdim. Axşamdan narın yağış yağıbmış. Ətraf cənnət idi. Burda yazıçı olmamaq günah idi. Duman-çis meşəli dağlardan örtüyünü asta-asta çəkdikcə, bir-birindən valehedici mənzərə adamın ruhunu dincəldirdi. Əyin-başımı geyinib birinci mərtəbəyə düşdüm, mehmanxana işçisindən yaxında – təbiət qoynunda nahar edə biləcəyim yer soruşdum. İstinad verdi. Çox da uzaqda deyilmiş... Təzə bal, qaymaq və təndir çörəyi ilə canımın bütün hüceyrələrinin gözünün qurdunu öldürdüm. Ruhum çoxdan idi ki, məndən bu qədər razı qalmamışdı. Təmiz hava, göz oxşayan ucsuz-bucaqsız təbiət mənzərələri, səs-küydən uzaq bir cənnətdəydim – yazıq canım, mən qədirsizin əlindən sevinməsin, neyləsin...

Toqqamı bərkidəndən sonra bir-iki adamdan yazıçı Piri Məmmədovu soruşdum, ya tanımadılar, ya da kiminləsə qarışıq saldılar. Adamların gur ola biləcəyi yer soraqlaya-soraqlaya 3-4 kotejdən ibarət istirahət mərkəzinə gəlib çatdım. Gözətçi yerli adam olar deyə ondan soruşdum. “Odey, o arvaddan soruş, adı Hürüdür” – deyib donu qaftanlı, başıçalmalı, ortasını güllü şalla düyünləmiş kök qadını göstərdi. Piri Məmmədov “kələfinin” ucunu belə asanlıqla tapdığıma sevindim. Əlində zənbil üzübəri gəlirdi. Gözlədim. Qənşərimə çatanda salam verib yazıçı Piri Məmmədovu axtardığımı dedim. “O nə vaxtdan yazıçı olub ki, külbaşın biridir. Neynirsən onu?” – dedi. “İşim var – müsahibə alacağam, mükafat alıb...” – dedim. “Kül ona mükafat verənin təpəsinə olsun, başqa adam yoxdu bu məmləkdə ki, mükafata layiq seçirsiniz onu?” – artıq az qala onun arxasınca yüyürürdüm. Deyəsən söhbətcil adama oxşamırdı. “Hardan tapa bilərəm onu?” – soruşdum. “Cəhənnəmin dibindən!” – deyib addımlarını lap yeyinlətdi.

Darvazanın tuşuna çatanda bizi bayaqdan eşidən gözətçi mənə başını buladı, – “Mənası yoxdur, arxasınca çox düşmə, yerini deməyəcək” – işarə elədi. Hürü xeyli aralanmışdı. Nə qoparsaydım, gözətçidən qoparacaqdım – onun biləyindən ehmalca tutub, – “Bu arvad əsəbi od parçasıdır ki, söz soruşmaq da olmur...” – dedim.

– Görücüdür o, nəsə duyub ki, belə acıdildir. Üstünə çox getsən, səni acılayar – çox qırmızı arvaddır...

– Mən ki ona pis bir şey demədim, sadəcə yazıçı Pirinin yerini soruşdum...

– Bura adamı deyilsən, görürəm... Deyirlər bunlar üç dostdurlar – Hürü, Piri, bir də “Osip”. Biri falçıdır, biri yazıçı, biri də rəssam. Osip onun ləqəbidir deyirlər. Amma, görənlər deyir ki, Osipin yaman kamança çalmağı var. Yemək-içməklərini Hürü ordan-burdan tapıb daşıyır. Deyirlər, elə bil onların qoruyucu mələyidir. Hələ istirahətə gələnlər azdır, turistlər çoxalanda bu üç dost yuxarı istirahət mərkəzində daha tez-tez gözə dəyirlər...

Bir ayağı məftillə bərkidilmiş köhnə qırıq stulu altıma çəkib oturdum. Köhnə, his-paslı alüminium çaydan “tok peçi”nin üstündə pıqqapıq qaynayırdı. Rəngi dəmdən qaralmış qalın stəkana çay süzdü – sən demə qaynayan hazır dəm imiş... “Dağ yarpızıyla daşqapan qarışığının dəmidir – mədəyə, böyrəyə yaman xeyri var, qanı təmizliyir, daşı tökür, xoranı sağaldır. Çalış isti-isti iç. Amma, çox içmək olmaz – sidikqovucu olduğundan adamı ayaqüstə saxlayır” – deyib qımışdı. Çayı qoxladım, birtəhər iyi vardı. Səbrsizliklə soruşdum:

– Bu üç dost haqqında nə bilirsiniz?

– Vallah, elə də çox şey bilmirəm. Ancaq ondan-bundan eşitdiklərimdən bilirəm ki, adamayovuşmaz insanlardır – üçü də tərkidünya adamlardır. Özlərindən, bir də Allahdan başqa onların dərd-sərini bilən yoxdu. Piri və Osipin ancaq adını ondan-bunnan eşitmişəm. Amma bu falçı Hürünü arada-bərədə görürəm. Bilirsən nə gözü var..? Adama diqqətlə baxsa, yeddi arxadönənindən xəbər verər. Deyirlər, Allah eləməsin, birinə qarğadısa, demək o adamın dəfi döndü. Ona görə də “iti hürdürməsən yaxşıdı” – salam versə alıram, almırsa, salam da vermirəm...

Piriyə dair gözətçi Maqsuddan dəyərli bir məlumat ala bilmədim. Təkcə, arvadı ona yemək gətirəndə ümidlərimə təzədən işıq düşdü. Sünbül danışırdı ki, – “Hürünün görücülüyünü danan kafirdir”. Neçə-neçə qəsdən basdırılmış “əməl”in yerini tapıb, cadu olunan adamın gözünə soxub, cadugərləri el içində rüsvay eliyib. Di gəl ki, nə illahla camaata yaxşılıq etsə də, adını “falçı”lıqdan qurtara bilməyib. “Adamın adı çıxınca, canı çıxsın” – bunu gözətçi Maqsudun arvadı Sünbül deyirdi. Onu da deyirdi ki, dörd qızdan sonra oğlan arzusunda olan qızı hamilə qalanda Hürü ona deyibmiş ki, - “Bu dəfə oğlandır, zərrə qədər də səhv ola bilməz”. Dediyi kimi də olubmuş. Hələ bir nəfər xərçəng xəstəsinə baxıb deyibmiş ki, ona səhv diaqnoz qoyulub. Zavallı xəstə kimya terapiyasından da keçibmiş və son günlərini sayırmış. Heç görmədiyi bir xəstəxananın binasını təsvir edərək xəstəyə deyib: “Orda qarşına yaşlı bir alim çıxacaq, o da eyni diaqnozu təsdiq edəcək. Ancaq 124-cü otağı taparsan. Orda başıörtülü bir həkim olacaq. Ona deyərsən ki, sənin bel sütunundakı fıra diqqətlə baxsın. O qız sənə hər şeyi olduğu kimi deyəcək. Qızın yazdığı kağızı bayaqkı qoca professora göstərərsən. Bundan sonra için rahat olacaq“

... Sünbülün deməyinə görə, həmin xəstə Hürü necə deyirsə, elə də paytaxta yollanır. Hürünün təsvir etdiyi xəstəxana binası, ürcahına çıxan yaşlı professor, professorun diaqnozu təsdiq etməsi, sonra 124-cü otaqdakı hicablı həkim qız, qızın maqnit-rezonans müayinəsi nəticəsində aşkar etdiyi limfa düyünü ilə üst-üstə düşən iri sümük törəməsi barədə yeni diaqnozla professorun yanına təkrar qayıtması və əvvəlki rəyin tamamilə alt-üst olması xəbərini elə inamla nəql edirdi ki, adamın buna inanmaqdan başqa çarəsi qalmırdı. “Dağ adamları saf olur, yəqin ki, üstünə beşini də qoyur” – düşünsəm də, dediklərinin heç olmazsa 20%-i düz olarsa, bunun özü də Hürünün usta görücü istedadından xəbər verirdi. “Həmin gəlin yaxınımdır, inanmırsınızsa, gedək öz gözünüzlə görün, özünüz hər şeyin şahidi olun” – bunu Sünbül məni bütün şübhələrdən qurtarmaq, məni tam inandırmaq üçün dedi. Razılaşdım. Hürü, elə ilk gün qarşama çıxan, məni Piri Məmmədova götürəcək, özü sirli yeganə “ipucu”m idi.

Altına-üstünə birini qoymadan deyirəm, “xərçəngsən” diaqnozu qoyulmuş Səmanı buz kimi arxda paltar yıxayan yerdə yaxaladıq. Turp kimi sağlam adamıydı. Soyuq suda paltar hövkələməkdən qızarmış əlləriylə tərli alnını silib bizi qarşıladı, sonra evinə dəvət elədi. “Xəstəlik tarixçələri”ni bircə-bircə qoydu qarşıma. İnanılmaz idi, tam Sünbülün danışdığı kimi! Əgər Hürü bunları doğrudan da deyibmişsə, fitri istedadı danılmazdır.

Səma dönə-dönə deyirdi ki, Hürüyə falçı deyənin dili qurusun, o məni təzədən bu dünyaya gətirdi. “Yoxsa taxtabaş həkimlər məni diri-diri çürütmüşdülər. Allah Hürü arvadı min budaq eləsin” – deyirdi. Onda soruşdum ki, “qol-budaq” demişkən, Hürünün ailəsi-uşağı varmı? Dedilər ki, yoxudur, ərə gedib, uşağı olmadığından boşayıblar, sonra da heç kimə tutduruq verməyib. Səmanın əri Kamal deyirdi ki, eşitdiyinə görə Hürü Osipin sinif yoldaşı olub, həm də qohumluğu çatır. Kamal boyun oldu ki, yerlərini dəqiq bilməsə də, sabah məni öz sınıq-salxaq maşınıyla bu üç dostun izinə salacaqdır. Detektiv kimi, ünvana gedəcək kələfin qarışmasından ləzzət alırdım. Yazıçı Piri, görücü Hürü və onların kamançaçalan naməlum dostları Osip mənə əlimin altında olan əlçatmaz insan olmuşdular. Gəzə-gəzə mehmanxanaya qayıtdım.

Sabah Kamalın “Jiquli”siylə meşənin içiylə xeyli yol gedib bir kəndə çatdıq. Kənd cəmisi 8-9 evdən ibarət idi. Osipin evini soruşduq. Kəndin qırağındakı, meşənin düz girəcəyindəki kürsülü evi göstərdilər. Evin qapısını döydük. Səsimizə hay verən olmayanda qapının məftil cəftəsini açıb içəri boylandıq. Otaq geniş və səliqəli idi. İçəridən təmizkar və subay adam qoxusu gəlirdi. Bütün divarlar əhənglə ağardılmışdı. Divarlardan adamın başını döndürən, bir-birindən maraqlı rəsmlər asılmışdı. Ən böyük tablo isə kəllə divardakı dələ rəsmi idi. Dələ bir əlində kağız pul, digər əlində isə palıd qozası tutub adamın üzünə gülümsəyirdi. Peyzajlar daha çox idi, əksəriyyətində də eyni dələ, onun yuvası, budaq üstündə sevincək tullanışları... Başqasının evinə icazəsiz girmək düzgün deyildi deyə, çıxıb məftil kilidi yerinə keçirdik və həyətdəki taxtda oturub ev sakinlərini gözlədik. Kamalın dili yenidən açılmışdı, – “Deyilənlər doğru imiş...” – dedi. Maraqla soruşdum, – “Hansı deyilənlər?”. Onun dili topuq vururdu – “Dələ məsələsi...” – dedi. Amma əli zənbilli Hürünün gəlişi söhbətimizi yarımçıq qoydu. Bizi görcək hirsləndi:

– Sizin burda nə işiniz var!

– Dedim axı, şəhərdən bura Piri Məmmədova görə vurub gəlmişəm. Onu görməliyəm – dedim.

Hürü:

– Piri ölüb, həm də bir ay bundan qabaq ölüb! Elə şəhərdəkilərə bu cür də deyərsən. Ölüylə söhbət etmək istəyirsənsə, aparım qəbriylə nə qədər istəsən, danış...

Arvadın kobudluğu məni hövsələdən çıxarırdı. Kamal arvadı bir az yumşaltmaq istədi: – Hürü xala, Piri kişi el-obamızın başını uca edib, ölkədə tanınan bir yazı yazıb, qalib gəlib. Sonra özü eşidər, deyər ki, niyə bu xəbəri ondan gizlətmisiniz, hirslənər...

– Qələt eliyib yazıb! Yazıb neyniyib ki, bizi rüsvay eliyib da! Dedim ölüb, qurtardı! Ölülər eşitmir, əsəbləşmir də! Uzatmayın, çıxın gedin...

Arvad əməlli-başlıca bizi itəliyə-itəliyə evdən araladı və maşına minib uzaqlaşınca arxamızca boylandı. Əli ətəyindən uzun qalmışdım.

Rayona qayıtdıq. Maqsud və Kamalla oturub günorta yeməyimizi yedik, xeyli ordan-burdan söhbət etdik. Bayaqkı “dələ” söhbətini xeyli çözələdik. Onların deməyindən belə çıxırdı ki, Osipin çörək dalınca Sibirə getmiş oglundan xəbər-ətər yoxdur. Oğlu Sibirin tayqa meşələrində azıb və itkin düşüb. Osip neçə illərdir ki, oğlunun yolunu səbrsizliklə gözləyir. Dərdini rəsm çəkməklə, bir də yorulanda kamança çalmaqla ovudurmuş. Turistlərin buraya axışan vaxtı, Osip öz kamançasını götürüb meşənin ağzında – gediş-gəlişin bol yerində bir daşın üstündə oturub kamançasını çalırmış. “Deyilənlərə görə, Osip camaatdan pul yığmaq üçün çalmır, bunu bir dələ üçün çalırmış” – bunu Kamal deyirdi. Bu dələ Osipə o qədər isinişib ki, ta onun çiyninə, başına minib asudə oynaqlayırmış – dələ kamança xəstəsi olubmuş. Osip kamançanın futlyarını açıq saxlayırmış. Kimsə futlyara kağız pul, ya qəpik atan kimi dələ əlbəəl cumub pulu götürür, yuvasına daşıyırmış. Bu da adamları xeyli əyləndirirmiş. Adamlar bu mənzərəni seyr etməkdən və pul atmaqdan yorulmurmuşlar. “Bəzi ağzıgöyçəklər də deyir ki, guya dələylə Osip şərikdirlər – Osip dələni qəsdən belə öyrədib ki, daha çox müştəri cəlb eləsin” – Kamal bu şayiənin də gəzdiyini deyirdi. Osip gəlməmişdən adamlar yığışıb dələni, Osipi gözləyərmişlər. Bu maraqlı dostluğa tamaşa etməyə isə hər gün yeni-yeni insanlar axışıb buraya gələrmişlər. Hava qaralanda isə Osip şad-xürrəm evinə dönürmüş. “Yəqin ki, bu münvanla Osipin dələsi indi milyonçudur...” - bunu da Maqsud gülə-gülə deyirdi.

Maqsud və Kamaldan ayrılıb mehmanxanaya dönəndə hava qaralmışdı. Yaz olsa da, soyuq adamı bıçaq kimi kəsirdi. Özümlə palto götürmədiyimə peşiman olmuşdum. Rayon mərkəzinin yarısının işığı sönmüşdü. Mehmanxana binası da işığı sönən tərəfin payındaydı. Otaqdakı qabaq stolunun üstünə 6-7 şam qoymuşdular. Birini yandırıb kül qabının içinə qoydum. Yerimə girib özümü isitməyə çalışdım. Tərs kimi yerim soyuq olanda öldürsələr də gözümə çimir yuxu getməzdi. Pirini məndən qoruyan Hürünün hikkəli davranışları gözümün önündən çəkilmirdi. Bilirdim ki, Piri ölməyib, o, bunu acıqla deyirdi. Amma onunla görüşməyimizdə nə təhlükə, nə dərd-bəla vardı ki, bu arvad, balasını yırtıcıdan qoruyan ana doydaq kimi özünü hər sifətə salırdı... “Yazıb bizi rüsvay eliyib da!” – Hürünün səsi qulaqlarımda cingildəyəndə almanaxı götürüb şam işığına tutdum. Mündəricatdan Piri Məmmədovun yazısını axtarıb tapdım – sən demə Pirinin yazdığı povest imiş. “Mən, Hürü, Osip və dələ” adlı povesti vərəqlədim – 87 səhifə idi. Dəli maraq məni bürüdü – “Yəni Hürü düz deyirmiş, yoxsa həqiqətənmi özlərindən yazıb?”. Qaranlıqda gözüm alacalansa da povesti oxumağa girişdim. Hə, Hürü düz deyirmiş, – povest elə onların özləri barəsindəymiş. Müəllif, hadisələri kənar adamın diliylə nəql edirdi. Heç öz adlarını da dəyişməyə lüzum görməyib. Piri, özünü belə təsvir edirdi, – “...Yay-qış pencəyini əynindən çıxarmaz və təvərə kepkasını başından yerə qoymazdı. O qədər arıq idi ki, toqqasını axırıncı dəliyinədək dartıb bağladığından, qurşağı şor torbası kimi büzülərdi. Osipin dələ qoxusu onun da paltarına hopmuşdu. Hürü həmişə deyərdi ki, – “Piri, səni məzara da elə bu licimdə basdıracağam”...

Çöldə göy gurultusuna, şimşək çaxmasına yerimdən dikəldim. İldırım çaxdıqca eşik işıqlanırdı. Yarım saat keçmədi ki, elə bil göydən sel yağdı – bir leysan başladı ki, beləsini hələ 45 ildə görməmişdim. Uşaqlıqdan şimşək çaxmasından qorxurdum və illərdir ki, belə vur-çatlasın həngamənin varlığını unutmuşdum. Pəncərəni bağlayıb yorğanıma büründüm, yastığıma qısıldım. Bayaqkı soyuq indi çəkilmişdi – elə bil şimşək dünya-aləmi isitmişdi. Yağışın səsinə qoşulub rayondakı uşaqlıq illərimin xatirələrinə təzəcə qovuşmuşdum ki, qapının təkrar döyülməyinə xəyaldan ayıldım. “Gəl!” – deyib şamı qapıya sarı tutdum. Polietilen örtüyə bürünmüş bir kişiydi. Başında təvərə kepkası vardı. Örtüyü yığıb kənara qoyanda, kepkasını çıxarıb əlini başına çəkəndə gözüm onun qurşağına sataşdı. Bu, o idi – ortası şor torbasının ağzı kimi büzülmüş Piri Məmmədov...

– Xoş gəldiniz, Piri Məmmədov... – dedim. Gülümsündü, – “Salam, axşamınız xeyir” – deyib əlini uzatdı.

– Gəldiyinizi dünəndən bilirdim. Bu gün ancaq imkan tapıb gələ bildim – dedi.

– Maşallah, Hürü xala az qalmışdı ki, sizi axtardığıma görə məni rayonunuzdan da qovsun – dedim.

– Onun elə acıdil olmağına baxmayın, dünyada tanıdığım ən kövrək, ən mələk qadındır. O, nəsə bir şey hiss edəndə belə hirsli olur. Nə gözünə görünəni kimsəyə deməz, nə də acıdilliyindən qalmaz. Amma xəta sovuşduqdan sonra mələk kimi olur. Yəqin ki, onun barəsində azdan-çoxdan öyrənmisiniz. Hələ indiyədək onun səhv etdiyini görən olmayıb. Dünəndən ona söz vermişdim ki, nə olursa olsun, sizinlə görüşməyəcəyəm, amma o inamla deyirdi ki, – “Gedəcəksən, həm də tula kimi gedəcəksən, bir quru kitab üçün gedəcəksən!”. Baxın, gəlmişəm – danışdıqca gülürdü. Piri söhbətcil adama oxşayırdı. Qabaq-qənşər oturduq. Şamın zəif işığı onun üzünü güclə işıqlandırırdı.

– Bəlkə bir bədbəxtlik-zad gözünə görünüb, heç gəlməyiniz düzgün deyilmiş? – soruşdum. Çünki, Hürünün evlərindəki hay-həşirindən mən də bunun belə olduğunu güman edərək bu görüşdən soyumuş və əlimi tamam üzmüşdüm.

– Bəlkə də elədir, bunu onsuz da özündən başqa bilən olmur.

– Sizi təbrik etməyi də unutdum, xəbəriniz varmı ki, “Qızıl Dəfnə” mükafatının qalibi seçilmisiniz?

– Hürü deyəndə bilmişəm. Elə məni bura dartan da bu həvəs oldu – təkrar güldü.

İşıqlar qəfil yandı. Piri işıq lampasına boylanıb gülə-gülə dedi, – “Aha, ayağım sayalıymış. İnanmazsınız, gələndə Hürü demişdi ki, sizin otağa girən kimi işıqlar yanacaq!” – Görürsünüz necə çoxbilmişdir bizim Hürümüz... – arıq, nurlu, gülərüz çöhrəsindəki sevinc ona çox yaraşırdı. Nədənsə, əsərindən onu qaraqabaq adam bilirdim, amma qarşıma bambaşqa bir Piri çıxmışdı...

– Povestinizi yenicə oxumağa başlamışdım... – almanaxı ona uzatdım. Kitabı alıb povestini aram-aram vərəqlədi. Üzündəki sevinc indi lap parlayırdı. – Kitabdan-zaddan nəyiniz var, əvvəllər də qalib gəldiyiniz müsabiqələr olubmu? – soruşdum.

– Hərdən özüm üçün yazıram. Hürü bir yazıçı kimi uğurlu gələcəyimi görmür. İlk dəfəydi ki, yazdığımı müsabiqəyə göndərmişdim. Alınıb demək... Hürünün gözünü deşəcəyəm, bizi aldadırmış... – qalib gəldiyinə uşaq kimi sevindiyini açıqca hiss edirdim.

Piri:

– Məqsədim, dostumuz dələni tanıtmaq idi... Yazmaqla çörək qazanmağı heç vaxt düşünməmişəm. Bu yazını üç il idi işləyirdim. Yazmaq mənim üçün it əzabıdır, yazdığımı öz içimdən keçirməsəm, ürəyimə yatmır. Yazmağın acı ləzzəti də elə bu zülmündədir. Deyirlər, adam var ki, biroturuma bir hekayəni işləyib başa çatdırır. Beləsinə qibtə edirəm – Piri danışdıqca hiss edirdim ki, mənə ürək qızdırır və sinəsi doludur. Bəlkə də öz istedadını açıb müzakirə etməyə yazı-pozu adamı sarıdan korluq çəkirmiş.

– Üzərində işlədiyim bir hekayəni tamamlamaq üzrəyəm. Neçə gündür özümə yer tapa bilmirəm. Maraqlı hekayədir – yenə dələmiz haqqındadır.

– Deyəsən bu dələni pir eləmisiniz. Evinizdə də bütün rəsmlərdə o dələ vardı – icazəsiz qapınızı açıb içəri boylananda görmüşdüm – dedim.

– O dələni görsəniz, bizə haqq qazandırarsınız. Hürü deyir ki, hər dəfə dələnin gözündə İlqarı – Osipin oğlunu – sağ-salamat görür. Hürünün deməyinə görə, dələ pul toplayıb İlqara göndərir ki, o, evinə dönə bilsin. O dələ olmasaydı, Osip çoxdan dünyasını dəyişərdi. Dələ, onun üçün dələ cildinə girmiş oğlu İlqardır. Deyəsən məni dəli saymağa başlayırsınız, elədir..? – mən sadəcə onu dinləmək istəyirdim və mattım-mattım onun ağzına baxmağım onu bu fikrə düşməyə vadar eləmişdi. Onun sir-sifətindən məzlumluq, dürüstlük və insaf yağırdı.

– Allah eləməsin! Sadəcə mənimçün çox maraqlı bir müəmmadır sizin dostluğunuz və dələniz, inanclarınız... – dedim. – Nəylə dolanırsınız bəs, elə üçünüz də Hürünün ümidinə qalmısınız? Bəs Osip kamançasıyla qazandığı puldan heç öz dolanışığınıza xərcləmirmi?

– Osip kamanşa ilə pul dilənmir, sənətini nümayiş etdirir, insanlara zövq verməyi sevir və həm də övlad dərdini dağıdır. Qəmli musiqinin ustasıdır, içindəki dərd-sərini kamançayla boşaldır. Camaat da şahiddir ki, yığılan pulların bir qəpiyini də olsun dələ imkan vermir ki, başqası götürsün. Görünür, dələ əl çirkinin dadına bərk öyrəşib – güldü.

– Bəs dələ bu pulları neyləyir, heç yuvasını yoxlamamısınızmı, bəlkə kağızları yeyir, ağacın koğuşu çoxmu dərindir? – soruşdum.

– Yoxlamaq olmaz. Hürü deyir ki, yuvasına qalxıb baxsanız, dələ küsüb gedəcək və İlqarın da qayıtmağa pulu çatmayacaqdır. Osip kimsəsiz olanda da çalır – tək dələ üçün. Pul olmayanda dələ Osipin digər dizində çöməlib onu dinləyir. Bu isə Osipə daha çox ləzzət verir. Osip və dələ bir-birinə çox bağlanıblar. Osip gələn kimi dələ sevinir – budaqdan budağa attanıb, cəld onun futlyarının üstünə çıxır, Osip qapağı açan kimi suxari çörəyi tez-tez gəmirir və musiqi dinləməyə tələsir...Ağacdan tullana-tullana düşüb Osipin futlyarındakı dəmir qəpikləri oğrun-oğrun, ondan hallalıq alırmış kimi ağzına alıb cəld yuvasına aparmağını bir görsəniz...

– Heyf ki, sabah geri dönməliyəm. Yoxsa, məmnuniyyətlə dostunuzu mən də seyr edərdim... – dedim.

– Sabah dağ yolu açıqdır. Birisigün isə daş uçqunu yolu bağlayacaq. Odur ki, sabah getməyiniz məsləhətdir.

– Bunu da Hürü arvad xəbər verib?

– Hə. O, bizim hər şeydən xəbər verən mahir “sinoptik”imizdir – güldü. – Vaxtınızı çox almayım, yatmağa hazırlaşırdınız... Bu kitabı özümlə götürsəm olarmı? – bayaqdan əlində qiymətli mükafat kimi saxladığı almanaxı göstərdi.

– Əlbəttə, olar. Mən özümə şəhərdən yenisini alaram – dedim.

– Neçəyə almışdınız, pulunu ödəyim... – əlni cibinə saldı.

– Heç nə lazım deyil, pay vermişdilər. Amma bu kitabdan mütləq alıb üç dost və dələniz haqqında hər şeyi öynəcəyəm – dedim. Sadəcə gülümsündü.

Piri Məmmədov haqqında lazımi məlumatları qeyd etdim. Bir xeyli sonra onu yola salıb təkrar yatağıma girdim – avtobusum sübh tezdən yola çıxacaqdı. Ancaq bileti qaytarıb Osip və dələni də görmək istəyirdim. "Gedimmi, qalımmı?" - tərəddüddəydim hələ.

Amma o gecə Hürü yuxuma girdi. O qədər qayğılı, həlim, sevgi doluydu ki, gündüz gördüyümlə yan-yana qoyulası deyildi. Gözünün yaşını silə-silə yalvarırdı, - "Qurbanın olum, oğul, qəlbinə dəymişəm, bağışla. Amma, sən bilməzsən olacaqları. Mən, Piri və Osip bu dünyanın xoşbəxtlik deyilən nemətindən əlini üzmüş adamlarıq. Biz dünyanın bu küncündə öz dərdlərimizlə xoşbəxtik. Evimizin hüzurunu qaçırma, uçurma xoşbəxtliyimizi, get buralardan. Pirinin şan-şöhrət dalınca qaçan vaxtı deyil, Osip xoşbəxtliyi çoxdan yadırğayıb. Qoy ümidlərimizlə yaşayaq. Qoy Osip oğlunun qayıdacağına inansın, Piri bir gün adlı-sanlı yazıçı olacağına inansın. Qoy hər gələn sabahı bax belə xoş ümidlərlə qarşılayaq. Get, qadalarını alım, ləngimədən get"...

Sabah dağlı aşırımlardan, ensiz dağ yollarından keçdikcə, bir gün sonra uça biləcək qaya parçalarını izləyirdim. Hürü düz deyirdi, bu qayalar hər an uçub üstdən yenişə yuvarlanmaq üçün bir himə bənd idilər. Ancaq nə vaxt? Bunu bir Allah, bir də Hürü bilirdi...

# 1537 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #