Bu siyahıda nə Tolstoy var, nə də Çingiz Abdullayev

<b>Bu siyahıda nə Tolstoy var, nə də Çingiz Abdullayev</b>
29 avqust 2017
# 13:22

Mirmehdi Ağaoğlu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Oxunması zəruri olan kitabların siyahısı” adlı sərəncam imzalayıb. Sərəncamın adından göründüyü kimi burada oxunması zəruri olan əsərlərin siyahısı təqdim edilib.

Xub.

Dünyada bu cür siyahılar geniş yayılıb. Həmin siyahılar adətən bu adlarla təqdim edilirlər: “Oxunası 100 əsər”, “Ölmədən öncə oxunası 100 əsər“, “Hər kəsin oxumalı olduğu 100 əsər” və sair.

Yəni belə siyahıların hazırlanması, tövsiyə (!) xarakteri daşıması kitaba diqqətin artırılmasına xidmət edə bilər, insanları mütaliəyə yönləndirə bilər. Hətta bəzi siyahılar daha tematik olur, məsələn, məktəblilər üçün nəzərdə tutulan siyahılar, böyüklər üçün nəzərdə tutulanlar və s.

Çox da uzağa getməyək. Türkiyənin Təhsil Nazirliyinin bu cür siyahısı var. Siyahının hazırlanmasının məqsədi məktəbliləri yönləndirməkdən, onlara mütaliə vərdişləri aşılamaqdan ibarətdir. Buna görə də həmin siyahıda türk ədəbiyyat ilə yanaşı dünya ədəbiyyatı da kifayət qədər təmsil olunur. Və siyahıya nəzər yetirəndə qarşında dünyanın ədəbi “xəritə”si canlanır.

Bəs “Oxunması zəruri olan kitabların siyahısı”nda qəbahət nədir?

Siyahının qeyri-peşəkarlığı, pərakəndəliyi, natamamlığı belə bir təəssürat yaradır ki, sanki ömrü boyu cəmi-cümlətani otuz kitab oxumuş adam(lar) tərəfindən hazırlanıb.

Gəlin siyahıya göz ataq. Elə Nizami Gəncəvidən başlayaq. Yaxşı olardı ki, siyahıya Nizaminin bütün poemaları, yəni “Xəmsə” salınsın. Ancaq nədənsə biz siyahıda ancaq “Sirlər xəzinəsi”ni görürük. Ardınca da belə bir kitab adı gəlir: “Nizaminin hikmət və nəsihətləri”. Bax bu nə kitabdır?! Əsərdir, romandır, essedir, araşdırmadır, monaqrafiyadır, nədir axı, kim yazıb, nə vaxt çap olunub? Bir sürü sual. Bundansa Nizamidən başqa bir poema da salmaq olmazdı? Görünür siyahını hazırlayan(lar) Nizami yaradıcılığı ilə elə bu iki kitab vasitəsilə tanış olub, onları da siyahıya salıb.

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı ilə bağlı sadalamalar NATAMAMdı. Siyahıda Nizami var, Füzuli yoxdu. Füzuli yoxdu-yoxdu, deyək ki, buna nə cürsə arqument tapılar, onsuz Füzuli həmişə “rindü-şeyda” olub, bəs Axundov niyə yoxdu? Heç olmasa bircə komediyasınısa siyahıya salmaq olmazdımı? Yenə sual yaranır. Bəlkə siyahını hazırlayanlar Axundovu heç oxumayıblar?

Nə yalan deyim, Hüseyn Caviddən yalnız “Azər” poemasının salınması hardasa təsəlli verir. “Şeyx Sənan”ı, “İblis”i, “Topal Teymur”u yoxdursa da heç olmasa “Azər”i var.

Həqiqətən, qəribə siyahıdır. Məsələn, Mirzə Cəlilin “Bütün əsərləri” salınmalı olduğu halda, ancaq hekayələri salınır. Gi de Mopassanın bütün hekayələri siyahıya salınmalı olduğu halda ancaq “Gombul” hekayəsi siyahıda yer alır. Açığı mənim gördüyüm siyahılarda adətən yazıçılar ya “BÜTÜN ƏSƏRLƏRİ”, ilə, ya bir və ya iki irihəcmli əsəri ilə (Məsələn, Mirzə Cəlildən “Danabaş kəndinin əhvalatları”nı salmaq olardı) ilə təmsil olunurlar. Bu meyarla Mopassandan ya “Əziz dost”, ya da hekayəsi salınacaqdısa “BÜTÜN HEKAYƏLƏRİ” salınmalı idi.

Hələ siyahıda Homerin, Servantesin, Şekspirin, Hüqonun, Floberin, Tolstoyun, Dostoyevskinin adlarının olmamağının səbəbini soruşmuram (bəlkə də cavabı bildiyim üçün soruşmuram).

Rus ədəbiyyatından Puşkin, Qoqol, Tolstoy, Dostoyevski, Çexov, Qorki, Şoloxov qala-qala məhz Ostrovski salınıb. Halbuki Ostrovski bəlkə də heç “Yüz ən yaxşı rus romanı” siyahısına da girməzdi.

Moris Meterlinkin olduğu siyahının başında isə Prust, Coys, Folkner, Selincer, Steynbek gəlməli idi.

Oxunması tövsiyə olunan əsərlərin siyahıları adətən ona görə tərtib olunur ki, bu əsərləri oxuyan adi insanlarda ədəbiyyat haqqında ümumi təsəvvür yaransın. Yəni bu siyahılar oxucunun nəzərində gənəl mənzərəni canlandırmalıdır. Dünya və yerli ədəbiyyat nümunələrindən hazırlanmış elə bir menyu təqdim edilməlidir ki, dadı oxucunun damağından getməsin, mütaliəsinin dərinləşməsinə rəvac versin.

Bizim bu siyahıya nəzər yetirəndə gözümün qabağında nə dünya ədəbiyyatı, nə Azərbaycan ədəbiyyatı canlanır, bunların yerinə kiminsə təsadüfən bir araya gəlmiş kitablardan hazırlanma kitab rəfi görünür - BAPBALACA.

Ancaq bütün bunlara baxmayaraq bəxtimiz gətirib.

Heç olmasa siyahıda Çingiz Abdullayev yoxdu.

# 3626 dəfə oxunub

Oxşar xəbərlər

"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" -  Virciniya Vulf  niyə intiharı seçmişdi?

"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" - Virciniya Vulf niyə intiharı seçmişdi?

15:00 25 yanvar 2026
Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

16:45 22 yanvar 2026
SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

18:21 21 yanvar 2026
Ədəbsiz, aşağı səviyyəli əyləncə - Corc Oruellin Tolstoya sərt cavabı

Ədəbsiz, aşağı səviyyəli əyləncə - Corc Oruellin Tolstoya sərt cavabı

11:00 21 yanvar 2026
"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

14:00 17 yanvar 2026
Qarabağı riskə atardım, Cincilimi yox...  - Təvəkkül Boysunar

Qarabağı riskə atardım, Cincilimi yox... - Təvəkkül Boysunar

17:30 16 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər