Xan Şuşinskini quldurların əlindən kim xilas elədi?

Xan Şuşinskini quldurların əlindən kim xilas elədi?
8 may 2013
# 11:27

...Novruza az qalırdı. Öydə ayın-oyun qurtarmışdı. Uşaqların əyin-başı da köhnəlmişdi. Çox şey alınasıydı. Hər il olduğu kimi rayon mərkəzinə - bazarlığa getmək üçün lap obaşdan durdu. Axşamdan gözaltı elədiyi qoçları da küzdən çıxardı. Beşatlanı çiyninə aşırdı. Məşədi Tavatın təzəcə qaynatdığı südü içdi. Bir-iki yumurtanın qayğanağını yeyib yola düşdü. Yolda Məşədi Tavatın tapşırdıqlarını bir-bir yada saldı və fikirləşdi ki, bahaçılıq olmasa, apardığı iki qoca hər şeyi ala biləcək və uşaqlarını sevindirəcək. Onu da yadına saldı ki, Məşədi Tavat “Kərbəlayı, sən Allah, ehtiyatlı ol, yol-rizdə qaçaq-quldurdan özünü qoru” demiş, o da “Rəhmətliyin qızı, qaçaq-quldur məndən qorunsun, mən niyə onlardan ehtiyat eləməliyəm ki" cavabını vermişdi.

Rayon mərkəzinə xeyli yol vardı. Bu yol da fizıllıqlardan keçirdi. Köhlən tez-tez fırnıxırdı....

Günəş xeyli boylanmış bazara çatdı. Gətirdiklərini satıb lazım olan şeyləri - Məşədi Tavatin tapşırdıqlarının hamısını aldı. Qızıləhmədi almasından tutmuş qoz-findığa, qotazlı konfetə qədər. Uşaqların ən dərrakəlisi - Hüsnünu lap söyündürəcəkdi. Ona papaq da almışdı.

Gün əyilməyə başlamışdı. Bazardakı çayçıda bir-iki stəkan çay içib kəndə sarı yol aldı...

Bakıya gedən böyük yola çatmamış qulağına səs gəldi. Atını səs gələn tərəfə sürdü. Bir fayton dayanmışdı. 3-4 atlı faytonu əhatəyə almışdı. Hamısı silahlı idi. Atlılar faytondakıları soymaq istəyirdilər. Bu zaman faytondan düşən uca boylu, yaraşıqlı bir cavan:

- Qardaş, mən xanəndəyəm, mənimlə gedənlər də musiqiçilərdir. Bizdə var-dövlət nə gəzir?! Sabah axşam Bakıda olmalıyıq, konsert verməliyik. Buraxın çıxıb gedək,- deyirdi.

Silahlılar isə əl çəkmək istəmirdilər. Əllərinə bir şey keçməyəndə faytonu və atları almaq qərarına gəldilər. Kərbəlayı atını dəhmərləyib bir az da yaxına gəldi və faytondakı cavan oğlanı tanıdı, payızda qaynı Kalba Soltanla Qarabağı toyda görmüşdü.

Qəfil açılan güllədən quldurlar qorxuya düşdülər. Kərbəlayı türk əsgəri olmuşdu. Qan-qada görmüşdü. Vuruşmuşdu. Yaxşı atmaqla bərabər cəldliyi və çevikliyi, mərdliyi ilə ad çıxarmışdı. Silahlılar tez-tez yerini dəyişən Kərbəlayının tək yox, bir neçə nəfər olduğunu zənn etdilər.

- Buraxın faytonu – deyə qışqırdı Kərbəlayı.

Silahlı adamlardan biri onu səsindən tanımışdı. Yoldaşlarına - Kərbəlayı Hüseyndir- dedi. - Kərbəlayı, yolunla çıx get, səninlə bizim işimiz yoxdu.

Kərbəlayı yenidən onları gülləyə tutdu. Quldurların Kərbəlayıni hədələməkdən savayı çarələri qalmadı.

- Eybi yox, qulluğunda qalsın Kərbəlayı, inşallah görüşərik.

Kərbəlayı faytona yaxınlaşdı.

Faytondakılar yollarını davam etdirmək istəyirdilər. Axşam düşürdü. Kərbəlayı yolların xatalı olduğunu söylədi və məsləhət gördü ki, gecəni onlarda qalsınlar. Səhər yola düşərlər.

...Kəndə çatanda xeyli var idi ki, şər qarışmışdı. Kərbəlayınin qonaqlarından qonum-qonşu tez xəbər tutdu. Qoyun kəsildi... Yedilər-içdilər. Xanəndə bir-iki ağız oxudu. Heyrətə gətirmişdi hamını. Qohum-əqrəbaya qalsaydı qonaq gərək sübhə qədər oxuyaydı.

- Ay uşaq, durun dağılışın ev-eşiyinizə. Qonaqlar obaşdan yola düşməlidirlər. Sabah axşam Bakıda olmalıdırlar.

Qonum-qonşu könülsüz də olsa evlərinə-eşiklərinə getdi – Kərbəlayınin zəhmli sözü onları bu­na məcbur etdi.

Xanəndə Kərbəlayınin göstərdiyi hörmət qarşısında bilmədi nə etsin. Bu kişi onları bəladan qurtarmışdı. İndi də bütün ailəsi onların əziyyətini çəkirdi.

- Kərbəlayı, çox sağ olun, çox əziyyət çəkdiniz. Heç bilmirəm necə razılıq edim.

Birdən gözü Kərbəlayınin balaca uşaqlarına sataşdı.

- Kərbəlayı, bu gün bu obada da bir dostum artdı. Babalı boynuma əgər bu uşaqların toyunu mən etməsəm...

Kərbəlayı gülümsədi və razılıqla başım yellədi...

Sübh tezdən Kərbəlayı qonaqları Kürdəmirə qədər müşayiət etdi. Sonra kəndə qayıtdı...

İllər ötüb keçdi. Müharibə başlandı. Müharibə Kərbəlayıyə da yara vurdu, dağ çəkdi. Böyük oğlu Ağahüseyn cəbhədən qayıtmadı.

Qızlar bir-bir köçüb getmişdilər. İki oğlu evlənmək məsələsi ortaya gələndə boyun qaçırırdı. Nəhayət, ortancıl oğlunu anası yola gətirə bildi.

Toya on-on beş gün qalırdı. Kərbəlayı Bakıda oxuyan oğlunu kəndə gətizdirdi. Və izah elədi ki, Bakıya gedəsidir. Uşağın toyu barədə gərək boynuna götürdüyü babalını yusun. Kiçik oğlu ürəyindəki etirazı dilinə gətirmədi. Çünki faydasız olacaqdı. Əgər atası Kərbəlayı bu qərara gəlibsə, deməli, bu qərarı dəyişməyəcək.

...Başında buxara papaq, bir əlində uzun təsbeh Kərbəlayı oğlu ilə öyrəndikləri ünvana çatıb qapını döydü. Qapı açıldı. Qapını bir az kökəlmiş, bir az saçlarına dən düşmüş, bir əlində qəlyan tutmuş bir kişi açdı. Gələnləri başdan-ayağa süzdü. Gözləri güldü. Xoş-beşsiz, salam-kalamsız soruşdu:

- Kərbəlayı, toy haçandi?

Sonra qucaqlaşdılar... İçəri keçdilər.

İndiyə qədər bu kənddə bu boyda mağar qurulmamışdı. Eşidən-bilən, qonşu kəndlərdən də axışıb gəlmişdilər. Xanəndənin ecazkar səsi, şaqraq, məlahətli zəngulələri iki gün, iki gecə könülləri valeh etdi. Eli-obanı heyrətə gətirən səsin sahibi Xan idi. Xan Şuşinski!!!

Xanı bu ağır təbiətli, ləngər yerişli nəhəng kişinin, elin-obanın sayılıb-seçilən ağsaqqalları ilə Kərbəlayı yola salanda o, üzünü Kərbəlayıya tutdu:

- Kərbəlayı, heç demədin kiminlə qohum oldun.

Kərbəlayı qudasını ona təqdim etdi. Xan diqqətlə ona baxdı, bir an fikrə getdi, sanki nəsə soruşmaq istədi. Kərbəlayı arif adam idi. Söhbəti dəyişdi. Kiçik oğlunu göstərdi.

Hazırlaş Xan, bir-iki ilə onun da toyunu edəcəm.

Sözümüz sözdür- dedi Xan.

Kərbəlayı ilə Aslan bəy bir-birlərinə təəccüblə baxdılar. Neçə illər əvvəl faytonu saxlayan Aslan bəyi tanımışdı Xan. Amma Kərbəlayının eyhamını başa düşüb üstünü vurmadı, gülümsədi.

Sahib Mürsəloğlu

# 3183 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #