Türk alim: “Bakuvinin davamçıları Afrikada da var”

Türk alim: “Bakuvinin davamçıları Afrikada da var”
8 aprel 2013
# 14:14

Kulis.Az Qafqaz Universiteti nəzdində fəaliyyət göstərən Qafqaz Araşdırmaları İnstitutunun direktoru, dosent Mehmet Rıhtımın müsahibəsini təqdim edir.

- Sovetlər dağıldıqdan sonra tanış olduğumuz mənəvi sərvətlərimiz sırasında islamın böyük şəxsiyyətləri, böyük təsəvvüf alimləri də var. Azərbaycanda təsəvvüf şeyxlərinə, xüsusən də Seyid Yəhya Bakuviyə marağın artmasını müşahidə edirik. Bakuvinin Azərbaycan insanına tanıdılması yolunda başladığınız işlər nə yerdədir?

- Azərbaycanda təsəvvüfün tarixi olduqca qədimdir və bütün təsəvvüf təriqətləri bir-birinə zəncirvari şəkildə bağlıdır. Əgər təkcə Bakuviyə qədər olan təsəvvüf tarixindən və təsəvvüf şeyxlərindən danışsaq, saatlarla söhbət etməyimiz lazımdır. Ancaq onu deyim ki, Azərbaycan təsəvvüf tarixi Sührəvərdi ilə başlayır və davam etməkdədir.

Bildiyiniz kimi, YUNESKO Seyid Yəhya Bakuvinin ölümünün 550 illiyini qeyd etməyi 2013-cü ilin tədbirlər planına salıb. Mən hal-hazırda bütün gücümlə Seyid Yəhya ilə bağlı araşdırmalarımı yekunlaşdırmağa çalışıram. Seyid Yəhyanın 18 əsəri var və mən bunlardan cəmi ikisini nəşr etmişəm. Altı-yeddi əsər də çap üçün hazırdır. Nəsr əsərlərini demək olar ki, yekunlaşdırmışam. Sadəcə nəzm əsərlərini normal ədəbi tərcümə edəcək mütəxəssis lazımdı.

Mən farscadan tərcümə edə bilirəm, amma ədəbi tərcümə, şeiri şeir kimi tərcümə etmək vacibdir. Əlyazmalar İnstitutundan Nəzakət Məmmədli ilə birlikdə bu işi görürük. Qismət olarsa bu ilin sentyabr ayına bu kitablar hazır olacaq. İyun ayının əvvəllərində Seyid Yəhya simpoziumu keçiriləcək. Fəlsəfə İnstitutu bu simpoziumun təşkilatçısıdır.

Azərbaycan təsəvvüf tarixi mənim yazmaq istədiyim böyük bir mövzudur. 10 ildir bu mövzuda araşdırma aparıram.

- Seyid Yəhya Bakuvini oxucularımıza daha yaxından tanıdaq. Mümkünsə Bakuvi haqqında qısa bilgi verərdiniz...

-Seyid Yəhya xəlvətiyyə təriqətinin piri-sanisidir. “Pir” ifadəsi Azərbaycanda dəyişik mənalarda istifadə edilir. “Pir” əslində təriqət quran böyük adamlara deyilir. Azərbaycanda çoxlu təriqət pirləri var, Pir Zahid Gilani, Pir Ömər Xəlvəti, Pir Seyid Yəhya Şirvani, Pir Məhəmməd Gəncəvi bunlardan bir neçəsidir.

“Pir” sözünün farsca mənası “yaşlı, qoca” olsa da, təsəvvüfi mənası təriqətin qurucusudur. Bəzi təriqətlərdə Piri-əvvəl və piri-sani var. Məsələn, təriqəti bir pir qurur, ondan bir müddət sonra başqa bir təriqət şeyxi təriqətdə dəyişiklik, yenilik edir. Bu zaman təriqətin adı dəyişir, ya da birinci, ikinci pir anlayışı ortalığa çıxır.

Əslində Bakuvi xəlvətiliyi yeni bir təriqət kimi qura bilərdi. Yəni piri-sani yox, öz yaratdığı təriqətin piri-əvvəli ola bilərdi. Buna tənəzzül etməyib və məncə bu da bir böyüklükdür. Ancaq xəlvətiliyin piri-sanisi, piri-əvvəldən daha öndədir. Pir Ömər Xəlvətinin heç bir kitabı yoxdur. Onun haqqında çox az bilgi var. Bilinən odur ki, Pir Ömər çox xəlvətə çəkilərmiş. Təriqətə qatqısı təriqətin tacı, papağı və adıdır. Təriqətin yerdə qalan bütün şeyləri Seyid Yəhya ilə bağlıdır.

- Xəlvətilik təriqəti ideoloji olaraq sünnilərə, yoxsa şiələrə yaxın sayılır?

- Təriqət kökdən sünni olaraq gəlir. Təsəvvüfi düşüncə köklü olaraq sünni məzhəbinə aiddir. Bəzi təsəvvüf tarixçiləri bu təriqətə şiəliyin təsiri olduğunu deyir. Təriqətin fikri bağlılığı Həzrəti Əliyə olduğu üçün bu düşüncə yaranıb. Həzrəti Əli peyğəmbər əfəndimizin vəlayətini təmsil edir. Nübuvvət peyğəmbərimizlə bitdiyi halda, vəlayət Həzrəti Əli ilə davam edib. Ondan sonra Həsən Bəsri kanalı ilə, Cüneydi Bağdadiyə qədər gəlib.

Bağdadidən sonra isə vəlayət şaxələnib və bir çox yerlərə yayılıb. Bu təsəvvüfi baxış açısıdır. 12 imamın hamısını bu silsilə içərisində görənlər var. Xəlvətilərin silsiləsində də bu imamların bir çoxunun adı yer alır. Amma şiələrin əhli-beyt imamlarına baxışı ilə, təsəvvüfün baxışı ayrıdır. Təsəvvüf onlara mənəvi mirasın daşıyıcıları gözündə baxır. Həzrəti Əli və əhli-beyt məna aləminin sultanlarıdır. Şiələr isə onları imamət olaraq qəbul edir və məsələyə siyasi olaraq yanaşırlar.

- Mən aldığım dərslərdə təsəvvüf silsiləsi Həzrəti Əbu Bəkrə bağlıdır.

- Siz nəqşibəndi olduğunuz üçün, belədir. Nəqşibəndilərin bir silsiləsi Həzrəti Əbu Bəkr əfəndimizə bağlıdır. Hətta Həzrəti Osmanda, Həzrəti Ömərdə silsilənin başlandığını düşünənlər var. Dörd xəlifənin dördünü də başlanğıc qəbul edirlər. Amma nəqşibəndilikdən başqa bütün təriqətlərin silsiləsi Həzrəti Əli ilə başlayır. Elmi-lədunu təmsil edən halqa peyğəmbər əfəndimizdən sonra Həzrəti Əli ilə davam edir.

- Fiqhi cəhətdən bağlılıq, yaxınlıq varmı hansısa məzhəbə?

- Seyid Yəhyada böyük bir əhli-beyt sevgisi müşahidə olunur. Amma təriqət məzhəbdən uzaq, mənəvi işdir. Təriqətdə məzhəb əsas deyil. Təriqətə mənsub olanlar üçün məzhəb sadəcə fiqhi bağlılıqdır. Təriqət “namazı necə qılacaqsan” deyə bir yol göstərmir. Bu məsələdə imamlara - Hənəfiyə, Hənbəliyə, Malikiyə, Şafiiyə bağlılıq tövsiyyə olunur. Hansı fiqh imamına inanırsansa o cür namaz qılmaq tövsiyyə olunur. Təriqət, şəriət, mərifət, həqiqət halqa kimidir və bir-birinin içindədir. Təriqətlər içində yanlış yanaşma ola bilər. Çünki zaman-zaman cahil, bilgisiz şeyxlər meydana çıxıb. Amma təsəvvüfün böyük biliciləri var, Qəzali kimi, Sührəvərdi kimi.

Şiə düşüncəsi isə təsəvvüfü rədd edir. Amma şiələrin çox yaşadığı, geniş yayıldığı yerlərdə təsəvvüfün zəngin irsi var. Bu irsdən kənara çıxa bilmədikləri üçün şiələr bundan istifadə edir, irfan adı altında davam etdirirlər. Şiə fiqh alimləri təsəvvüfi nə qədər rədd etsələr də uzaq da qala bilmirlər. Məsələn İbn Arabini şiələr də qəbul edirlər. Təsəvvüf bir növ seçilmiş sinifdir. Sadə insanların təriqətə münasibəti sadəcə simpatiyadır.

- Xəlvətilik necə yaranıb? Yəni hansı tarixi şəraitdə, necə formalaşıb?

- Xəlvətiliyin təriqət kimi formalaşmasında Şihabüddin Sührəvərdinin qurduğu sührəvərdiyyə məktəbinin danılmaz rol var. Təriqətinin əsаsı lənkərаnlı İbrаhim Zаhid və şirvаnlı Pir Ömər tərəfindən qоyulub.

Seyid Yəhya “Nəcibül-əşrəf” adlı təşkilata başçılıq edən Seyid Bəhaəddinin ailəsində dünyaya gəlib. Seyid Yəhyanın ailəsinin böyük hörməti varmış. Yəni Seyid Yəhya Bakuvi belə nüfuzlu, zəngin ailədə doğulub. Atasının Şamaxıda böyük torpaqları olub.

15 yaşında Seyid Yəhya sufilərlə tanış olur və yuxuda peyğəmbər əfəndimizi görür, peyğəmbər əfəndimiz ona xəlvəti şeyxi Sədrəddinin yanına getməyi tövsiyə edir. Şeyxlə görüşdən sonra Seyid Yəhya təriqətə qədəm qoyur. Atası oğlunu bu yoldan çəkindirməyə çalışsa da, şeyxi tanıyandan sonra özü də təriqət yolu tutur.

- Dövrün hökmdarlarının bir çoxu xəlvəti təriqətinə etiqad edib, Seyid Yəhya Bakuviyə ehtiram göstərib. Bu barədə bir az geniş danışmağınızı istərdim...

- Türk tarixində, müsəlman şərqində sufiliyə dövlət səviyyəsində münasibət hər zaman yaxşı olub. Səlcuqilər, Elxanilər, Teymurilər, Ağqoyunlular sufilərə hər zaman dəstək olub. Əmir Teymurun sufilərə hamilik etdiyini, onların türbələrini abadlaşdırdığını bilirik. Hətta Səfəvi şeyxlərinə Ərdəbil şəhərini o bağışlayıb. Teymur Xəlvəti şeyxi Hacı İzzəddinlə də görüşüb.

Seyid Yəhya Şirvani də Şirvanşah I Xəlilullahın dəvəti ilə Bakıya gəlib. Bakuvinin təkyəsinin Şirvanşahlar sarayın yanında qurulması da Xəlilullahın köməkliyi ilə mümkün olub. Şahların bu davranışının kökündə təsəvvüf şeyxlərinin xalq arasında böyük dəyəri olmasının təsiri var. Fateh Sultan Mehmetdən I Əbdülhəmidə qədər 21 Osmanlı padşahı xəlvətiyyə təriqətində olub. Amma yenə də təriqət yolunda olanlar haqqında dəqiq məlumat vermək çətindir. Çünki bu gizli və şəxsi məsələdir. Bu barədə danışmaq təsəvvüf ədəbində yoxdur.

Amma Osmanlı padşahlarının hamısının təsəvvüfə bağlılığı vardır. Zatən dövlətin təməlində təsəvvüf var. Səfəvilər də təriqət dövləti sayıla bilər. Çünki hökmdarları həm də şeyx olaraq, pir olaraq bilinir. Amma təsəvvüfdə özünü sata bilməzsən. Özünü şeyx kimi, mürid kimi göstərmək qadağandır. Seyid Yəhya da bunun təhlükəli bir məsələ olduğunu bildirib.

Təsəvvüf yolunda olanlar zatən başlarına qoyduğu papaqlarla tanınıblar. Papaq şəxsin hansı təriqətə aid olduğunu göstəricisi imiş. Amma məlamilər adlı Xorasanda yaranan cərəyan bunu da qəbul etmir. Məlamilər mən sufiyəm deyib sarğı bağlayanları tənqid edir, bunu riya hesab edir. Onlar hətta toplum içində günahkar insan kimi görünməyi düzgün hesab edirlər. Onlar ibadəti və zikri gizli etməyi daha üstün tuturlar. Təsəvvüf gizli yaşanmalı bir işdir. Torpaq kimi olmadıqca, heç nə bitirə bilməzsən.

- Sizdən öncə xəlvətiliyi araşdıran olubmu?

- Demək olar ki, olmayıb. Bəzi kiçik miqyaslı tədqiqatlar olub: Əliəjdər Seyidzadənin Dövlət Arxiv Fondundakı yazılarını misal göstərə bilərəm. Ancaq o dövrün şərtlərinə görə ona imkan verilməyib. Onun məqalələrində çox ciddi məqamlar var. Amma səhvləri də var. Seyid Yəhyanın nəqşibəndi olduğunu, sonra xəlvətiliyə keçdiyini deyir.

Ancaq həyatı ilə bağlı ciddi əlyazmalardan istifadə etdiyi məlum olur. Bir neçə yazı yazıb, Rəsul Rzaya təqdim edib. Hətta ona yazdığı məktubu da gördüm. Ancaq bu barədə heç nəyə nail ola bilməyib. Mən onun işləri ilə çox sonra tanış oldum, hətta kitab mətbəədə olarkən məlumat aldım və Əliəjdər Seyidzadənin adını kitaba əlavə etdim.

Eyni zamanda Azadə Musabəylinin məqalələrini də qeyd etmək lazımdır. Abasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”ində də qısa məlumat var. Məşədixanım Nemətin də müəyyən yazıları olub. Bakuvinin əsərləri tam olaraq təhlil edilməyib.

-Hal-hazırda xəlvətilərin fəallığı necədir?

- Təbii ki, çox fəaldırlar. Amma Azərbaycanda fəallığını görməmişəm. Azərbaycanda mənə məlum olan son xəlvəti 1800-cü illərin ortalarında Azərbaycandan köçüb. Qasım Hübabi adlı bir şəxsdir. Yusif Müşkiri nəslindən gələn bir şeyxdir. Ondan sonra demək olar ki, heç kəs yoxdur. Türkiyədə təxminən 10-a yaxın xəlvətilik məktəbi var. Çox önəmli insanlar var bu məzhəbdə. Balkanlarda və Afrikadada geniş yayılıb. Demək olar ki, Osmanlının rəsmi təriqəti hesab oluna bilər. Balkanlarda, Mərakeşdə, Sudanda hələ də təkyələr var. Dünyanın hər ölkəsində xəlvəti təkyələrinin varlığını internetdə də araşdırıb görə bilərsiniz.

# 3721 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #