Kulis.az tanınmış yazıçı Səfər Alışarlının “Sentyabr sinsitməsi” adlı yeni hekayəsini təqdim edir.
Partalara təzə çəkilmiş qırlı boyanı yumşaldıb dirsəklərimizə yapışdıran günəşin dəniz sularından necə doğduğunu mən hələ görməmişdim, heç görmək də istəmirdim. Çılpaq pəncərələrdən alov başımıza tökülür, sifətimizdən axan tər boyun-boğazımıza sızıb köynəyi canımıza pərçimləyir. Lövhəyə sürətli taqqıltı ilə yazılan tərs triqonometrik funksiyalar günəşin tabaşirdən də ağ işığında əriyib yox olur, oddan salamat çıxan törəmə quyruqlarındakı qiymət əvəzləməsində olduğu kimi ətrafda da hər şey sanki fərziyyə və ehtimallar aləminə keçir. Saatyarımlıq fasiləsiz kürə dəhşətindən sonra zəng vurulanda yorğun-yorğun qayıdan reallıq hissi özü ilə sevinc gətirmir.
Qaranlığın da rəngi başqadır, göyüzü yuyulmamış qazan kimi bomboş; fərqlərin hamısının qarşısına minus işarəsi qoymuşuq. Minusların acığına İmran qoltuğunun altından çimdik-çimdik yolduğu tükləri aşağıda sonsuz böcək dızıltısı ilə yanan küçə fənərinin başına buraxır. O məndən cəmi bir yaş böyükdür, amma mənim qoltuğumda tük bitmir və mən hərdən bunun da dərdini çəkirəm. Səhərə yaxın hava sərinləyəndə adyala bürünüb kürək-kürəyə veririk: bir adyalı iki nəfərə paylaşmağın bundan başqa çarəsi qalmır. Həsrətilə yaşadığımız şəhərin belə sentyabr sinsitməsi bizə çox qəribə gəlir.
Küçə fənəri sönər-sönməz İbrahim və otaq yoldaşları durub işə gedirlər: o qədər tələsik və sərt hərəkətlər edirlər ki, deyərsən, bir dəqiqə ləngisələr, onları tikintidən də, bu yataqxanadan da qovub kor-peşman kəndə qaytaracaqlar. İkinci növbədə oxusaq da, komendant Qasımovun gözünə görünməmək üçün o, işə gəlməmiş dəftər-kitabımızı götürüb texnikuma qaçırıq. Texnikumun öz yataqxanası var. İkimərtəbəli, sarı imarətin barmaqlıqlı pəncərələrinə, balaca balkonlarına, ora girib-çıxan uşaqlara qibtə ilə baxa-baxa darvazadan keçib həyətə giririk. Yad dünyanın ortasında həyət bir qədər doğmalaşıb, bu gözəl binada yatmağa bircə dənə çarpayını isə hamı arzulayır. Bu arzu məktəblərdə yarımçıq qalmış yüzlərlə nakam sevgiylə təxminən eynidir. Deyirlər, yer yoxdur. Hər dəfə bu işlərə baxan İsrafilin arxasınca bir sürü uşağın həyətdən keçib yataqxana binasına, ya da əks tərəfə az qala qaça-qaça getdiyini görəndə fikirləşirik ki, daha orada bizi yerləşdirməyə nəinki otaq, hətta koridora belə qoymağa çarpayı da qalmadı.
Yadul üç gün Baksovetdəki o qədim binanın qabağında qara şapkasının dimdiyini endirib gəzişdi, siqaret çəkdi, gözünü qıyıb ucalıqda parıldaşan pəncərələrə uzun-uzadı baxdı. Hərdən qəflətən dönüb ətrafa, keçib gedən adamların üzünə, maşınların içinə baxışlarını diqqətlə sancanda elə bil onların arasında Hacının gizləndiyindən şübhələnirdi. Arada gedib qapıçının üzünə də həmin şübhə dolu diqqətlə baxırdı. Qapıçının ona fikir verməməsindən başa düşürdü ki, təzə xəbər yoxdur, gəlməyib Hacı. Yadul nəfəs dərmək üçün başını suyun altından çıxarmış üzgüçü kimi qapıdan qayıdıb təzədən rəngli şahmat daşları olan səki boyu öz fikir-xəyallarının içində irəli-geri üzə-üzə səbirlə gözləyirdi. Elə bil yer belləyirdi, ot biçirdi, əkin suvarırdı.
- Bircə dəfə o telefonu qaldırıb deyə ki, bu uşaqlara orda yer verin, verərlər, –Yadul mızıldanırdı. – Verərlər,– özünü inandırırdı. – Desə ki, uzaqdan gəliblər, şəhərdə kimsələri yoxdu, ona inanarlar.
Telefonla heç danışmamışdıq, yəqin ona görə telefonla deyilən söz bizə daha kəsərli görünürdü. Günorta Yadulu orada var-gəl edə-edə qoyub dərsə qaçırdıq və bizə elə gəlirdi ki, Hacı getdiyi rayondan heç zaman geri qayıtmayacaq, ümumiyyətlə Hacı deyilən adam real həyatda yoxdur, nəsə qurama bir nağıldır ki, guya o, zəng vurmaqla texnikumun yataqxanasında bizə yer alacaq. Yadulun günlərlə gözləməkdən bezəndən sonra çıxıb gedəcəyi, bizim isə bu şəhərdə itib batacağımız hərdən nağıllardan fərqli olaraq gözümüzə daha böyük həqiqət kimi görünürdü.
Üç gün mehmanxanada Yadulun yanında yatdıq, o qədər rahat idi ki, oradan adam nəinki olmayan yataqxanaya, heç doğma evinə də çıxıb getmək istəmirdi. Giriş qapısından gecə-gündüz sallanan “Yer yoxdur” lövhəciyinə daha inanmırdıq, bizə elə gəlirdi ki, mehmanxanalarla bərabər, yataqxanalardakı boş yerləri də gizlədirlər. Yayda sənədlərimizi verəndə də yaxşı fakültələrin hamısının qarşısında adamı dinməzcə kənara çəkilməyə məcbur edən o iki söz yazılmışdı: “Yer yoxdur!” Bu, şəxsən mənim xoşuma gəlməsə də, indi, Yadulun Baksovetdəki israrlı gözləmələrindən sonra bizə müəyyən ümid verməyə başlamışdı.
Mehmanxananın balaca hamamında çimdik, paltarlarımızı yuyub ütülədik. Hələ birində İmran gəldi ki, həyət tərəfdən zirzəminin pəncərəsi bağlanmır, oradan keçib içəridəki sınıq-salxaq mebelin arasında yatmaq olar. Biz zirzəmini ehtiyatda saxladıq ki, birdən Qasımovun qəzəbinə düçar olsaq, gəlib ora girərik. Axşamlar mehmanxananın restoranında musiqi səslənməyə başlayanda İmranla aşağı düşüb açıq pəncərələrdən, qapıdan içəri boylanırdıq: müğənni qızların oxuması, yeyib-içən adamların rəqs etməsi bizə o qədər maraqlı gəlirdi ki, texnikumu qurtarandan sonra yer quruluşçusu yox, şalvarı qırmızılı şveytsar olmağı arzulayırdıq. Şveytsar da elə bil bunu hiss etdiyi üçün potensial rəqib qısqanclığında bizi yaxına buraxmırdı. Görən kimi qapıdan üç-dörd metr aralanıb bizi foyenin ortasında qabaqlayırdı: “Ну-ка, пошли отсюда! – çəmkirirdi. – Тут не детское заведение”.
Üçüncü gün axşam biz dərsdən gələndə Yadulun kefi yaxşıydı, təzəcə qırxdırdığı kitab kimi düz, enli üzündə şəhərsayağı, əhlikef bir təbəssüm zurna-balabansız “Şalaxo” vururdu: Hacıynan görüşmüşdü. Bu boyda şəhərdə o cür uzun, ümidsiz gözləmələrdən sonra Hacının tapılmağı bizdə bütün gələcək möcüzələrə inam hissini həmin dəqiqə artırdı. Bizim üç möcüzəmiz vardı: yataqxanada yer almaq, texnikumu bitirmək və kəndə qayıtmaq. Üçü də ehtimallar və fərziyyələr aləmindən qəfil çıxıb Hacının səxavətlə bəxş etdiyi işıqlı gerçəkliyin içində boy sırasına düzülmüşdü. Elə bil otağın da işığı artmışdı, Yadulun dediyi, əlini vurduğu hər şey dərhal yerbəyer olurdu. Birdən-birə sehrlənmiş o əl İbrahimi də haradansa tapıb gətirdi və xüsusi təmtəraqla bizi aşağıdakı restorana axşam yeməyinə apardı. Bu dəfə biz qapıya yaxınlaşanda ucaboy şveytsar özünü görməzliyə vurdu. Az qaldım gedib onun sarı pencəyinin ətəyini dartışdıram ki, bizi görsün. Restoranın fərqli stulları, qab-qaşığı, yeməkləri, iyləri, səsləri vardı. Burada hər şey qapı-pəncərədən boylanmaqla gördüklərimizdən daha yaxşı idi. Texnikumu bitirəndən sonra ofisiant da olmağa dəyərdi.
Yadul dedi, Hacı danışacaq və bir daha bizi də, özünü də ürəkləndirdi: Hacının ağappaq kağıza öz əli ilə yazdığı telefon nömrəsini də cibindən çıxarıb bunun təsdiqi kimi göstərdi. Bu bütün Bakı şəhərində bizə tanış olan və dərhal doğmalaşan yeganə nömrə idi. Onu bizim əlimizdə olan rəsmi sənədə - metrikamıza da yazmaq olardı. Onu heç yazmaq lazım deyildi, bir baxışla yaddaşımıza hopdu: 98-11-74. Biz o nömrənin yarada biləcəyi möcüzəni elə restorandan çıxıb ikinci mərtəbədəki otağa gələndən gözləməyə başladıq.
Yadulu yola salmaq üçün vağzala tək getdim. Yadulun bizim oxumağımız və şəhərdə yaşamağımızla bağlı qəti əminliklərinə baxmayaraq, platforma xətlərində dayanmış qatarların tüstü qarışıq qatran iyi burnuma dəyəndə yataqxana xoşbəxtliyinin uzaqlığı və qeyri-müəyyənliyi ürəyimi sızıldatdı və mən də qatara minib kəndə qayıtmaq istədim. Mən bunun üzərində xeyli düşündüm, bütün bu vaxt ərzində özümün yox, Yadulun keçirdiyi həyəcan və sevinclərə qıymadım və nəhayət, istəyimi birtəhər kəndirləyib içimdəki yaşıl futbol meydançasına hörüklədim ki, hələlik orada başı qarışsın, görək sonra nə olur. Yadul vağzal dükanlarını gəzib ayın-oyun alınca anası ilə Moskva qatarına minik başlanmasını gözləyən bir qızla tanış oldum. Onun adı Şəlalə idi, əynindəki don da şəlalə kimi yuxarıdan aşağı böyüyən pırpıra dalğaları ilə konusvarı enirdi. Mən ondan adres istədim:
– Sənə məktub yazaram, – pıçıldadım ki, anası eşitməsin. Sanki bununla böyük qəhrəmanlıq edəcəkdim. Mən ürəyimdə bu axmaqlığımın xəcalətini gizlətməyə yer tapmamış Şəlalə də öz axmaqlığını qınından siyirib anasına dedi:
–Mama, bu oğlan bizim adresi istəyir, – başını yana əyib altdan-yuxarı anasının üzünə baxa-baxa dedi sonra da əlavə elədi: –Məktublaşmaq üçün... Verim?
Mən yəqin ki, qızardım, çünki yanaqlarımın alovu gözlərimi qarsaladı. Bu dəhşəti artıracaq bircə dənə söz deyilsəydi, üzümün odu tökülüb paltarımı yandıracaqdı. Əyin-başım, böyrümdəki çamadan, sentyabr və tük çıxmayan üzüm qarışıq hamısı mənə böyük licimsizlik ansamblı kimi şıdırğı musiqi çalmağa başladı. Mama dönüb çamadanıma, sentyabra-filana yox, yalnız tük çıxmayan üzümə diqqətlə baxdı və sanki hansısa dərinlikdən yavaş-yavaş qalxaraq onun gözlərində qığılcım kimi peyda olan o xırdaca işıq nöqtəsindən anladım ki, etiraz etməyəcək.
–Sən buralarda neynirsən, oğlum? – mama ciddi səslə soruşdu.
Mən cavab verdim, hətta yataqxana və yola saldığım Yadulla da bağlı nəsə dedim və mən bunları deyincə Şəlalə çamadanından çıxardığı kağıza qara-qura hərflərlə adresi mənə ilk məktub kimi yazdı. Orada ən aydın oxunan “г.Дербент” və xüsusi diqqət tələb edən başqa sözlər mənim yaddaşımdakı yeganə telefon nömrəsinin böyrünə çox doğmalıqla sürtünüb boylaşdılar.
Qatar yola düşənə yaxın Yadul birdən-birə kefsizlədi. Üzündə dünənki sevincindən heç nə qalmadı, üzü kənddəkinə oxşadı və o birdən-birə itirdiyi sevincinin yerini haralara getməmək, nələri etməmək, kimlərə qoşulmamaq haqqında mənim üçün çətinliklə tapdığı nəsihətlərlə doldurmağa başladı. Sonra da qucaqlayıb onun dediklərini öz asta tərpənişi ilə təsdiqləyən briyalinli başımdan öpdü. Vağzaldan yataqxanaya qədər o öpüşü başımda şüşə nimçə kimi, salıb sındırmaqdan qorxa-qorxa gətirdim. Gözətçi özünün həmişəki sorğu-sualı ilə birinci mərtəbədə onu mənə unutduranda daş pilləkənin üstünə salıb sındırdım.
Xeyli sonra o nömrə artıq elə həşəmətli görünməsə də, biz ona zəng vurduq. Ona qədər biz telefonla danışmağı addımbaşı qarşımıza çıxan telefon avtomatlarda əsasən susub dinləmə rejimində bir az məşq eləmişdik. Ancaq bu nömrə ilə vacib məsələ haqqında danışmaq lazım idi. Belə çıxırdı ki, Yadulun tam həll edə bilmədiyi bu məsələni biz üzünü görmədiymiz, görsək belə tanımayacağımız Hacı ilə danışıb həll etməliyik. Özü də telefonla.
İmran məni ürəkləndirdi, telefon budkasının ikiqat olmuş şüşəli qapısını trolleybus qapısı kimi bağlayıb dedi:
–Yığ, nə ola-ola! – iki qəpiyi avtomatın təpəsindəki yarığa da lap toy şabaşı kimi şəstlə qoydu.
Məlum siqnal bir neçə dəfə düdüldəyəndən sonra İmranın barmağının icazəsilə ikiqəpiklik onun üçün açılan yolla aşağı, avtomatın qarnına yuvarlanıb öz yerini tapınca məni tər basdı, demək istədiyim sözlər durduqları yerdən qopub başımda ağcaqanad sürüsü kimi vızıldaşmağa başladı, zəng vurduğumuza peşman olmağa da bu qısa anlar ərzində mən imkan tapdım. O başdan gələn yekə “Alo” sədası isə boğazımı da qurutdu. Birtəhər tanışlıq verdim, ancaq Hacı heç yataqxana məsələsindən danışmadı. Yadulun uşaqlarının sayını, bizim necə oxumağımızı, oxuyub nə olacağımızı, İmranın böyük qardaşı Mətləbin indi haralarda olduğunu soruşdu. Yalnız sonda bizə bir az da səbr etməyimizi məsləhət görüb ümid verdi. O cür gümani-şəkk dolu ümidlərlə adətən kəndin küçə-bacaları dolu olur.
–Səbr eləyin, – “alo”nun təxminən yarı qalınlığı ilə dedi və biz, demək olar ki, bu danışıqdan heç nə başa düşmədik. Elə oradanca Yadula zəng vurmaq mümkün olsaydı, dostu Hacının qarasınca yəqin ki, onun özündən də ümidsiz danışardıq.
Payızın alovu bizə çox uzun və pinti görünən sentyabrla birtəhər sovuşub getdi, küləkli havaların başlanması ilə balkondan içəri yığışdıq. Üçnəfərlik otaqda, bəlkə də bütün şəhərdə bizim mövcudluğumuz sanki indi görünməyə başladı. İbrahimin otaq yoldaşı uzun Nüsrət səhərin alaqaranlığında hər dəfə üstümüzdən o yan-bu yana atdananda “Bismillah!” deyirdi. Biz başımıza çəkdiyimiz adyalın altında bunu eşidib yuxu görürmüş kimi təkrarlayır, bu səhər daha neçə “bismillah”ın qaldığının hesabını aparırdıq. Bir dəfə demədi, ayağı döşəyin qırağına ilişdi və yıxıldı. Adyalın altından çıxdıq ki, başı tumbanın küncünə dəyib deşilib, qan axır. Ondan sonra elə bil acığa düşüb “bismillah” demirdi, ancaq hər dəfə atdananda mən o hikmətli sözü adyalın altında onun əvəzinə pıçıldayırdım ki, ayağı ilişməsin, yıxılmasın.
Otağın üçüncü sahibi Zirəddinin gəldiyini biz gecə qaranlığında onun çarpayı setkasının torbalanıb az qala döşəməyə dəyməsindən bilirdik. O da çox vaxt İbrahim kimi gecə gəlib işığı yandırmadan yerinə girib yatır, səhər tezdən yoxa çıxırdı. Açığı, qapıçıların gündəlik danlağı altında bu şəhərin tikintilərində fəhlə olmaq da bizə texnikum tələbəliyindən yaxşı görünürdü.
Komendant bizi qovdu, üstündən də qapıçını möhkəmcə danladı, ancaq mehmanxananın zirzəmisinə getmədik. Döşəmənin üstündə yatmağımız komendantdan da artıq hər səhər camaat işə gedəndən sonra hay-harayla otaqları yığışdırmağa gələn xadimənin ürəyincə deyildi. Komendantı da o gətirmişdi. Bu qadını başa düşmək ümumiyyətlə bizim üçün çətin idi. Biz onun şəhərdə ev-eşiyi ola-ola niyə o qədər deyingən, işindən narazı olduğunu anlaya bilmirdik. İbrahim yalvar-yapışla komendantı yola gətirdi ki, az qalıb, bizim yataqxana məsələmiz həll olunmaq üzrədir. Hacıdan çox biz İbrahimin yalanı belə qətiyyətlə danışmağına inanırdıq, o inam bizim içimizdə balığa oxşar küçə lampası kimi yalnız gecələr, döşəyin üstündə uzanıb ayaqlarımızı stolun altına uzadanda dızıltı ilə yanırdı. Gündüzlər isə şveytsar, ofisiant, tikinti fəhləsi olmaq xəyalı kimi öz-özünə sönüb gedirdi.
Bir dəfə bezib İmrana dedim ki, çıxıb gedəcəm buradan. O duruxdu, sonra nədənsə qorxa-qorxa üzümə baxıb gördü ki, mən doğrudan gedirəm, artıq yarıyoldayam. Mən də gördüm ki, bu fikir onun ağlına bir dəfə də gəlməyib, ona görə dərhal xəcalətlə geri qayıdıb adyalımızın altına girdim.
– Gündə dörd kilometr yolu piyada Qazançılar məktəbinə gedib-gəlməkdənsə, buna dözmək yaxşıdı, – İmran qətiyyətlə dedi.
– Dözüləsi bir şey yoxdu axı, – mən peşman-peşman dedim. – Bu qapıçılarnan hər gün cəhlləşməkdən bezdim eee...
– Gedib iki ildən sonra yenə bura gələcəyik də, –İmran dedi.– Başqa yer var getməyə?
Mənə elə gəlirdi ki, iki ildən sonra orta məktəbi qurtaranda biz indikindən çox böyük, işbilən və daha faydalı olacağıq. İndi biz burada özümüzdən başqa hər kəsə lazımsız görünürdük. Təkcə lazımsız görünmürdük, həm də mane olurduq.
Məhz bezib bir addım geri atandan sonra gözümdən düşən işlərimin qəfil düzəlmək ehtimalı haqda mən onda heç nə bilmirdim. Ertəsi gün ikimizi də təcili şəkildə dərsdən çağırdılar: bizi İsrafil müəllim gözləyirdi.
Bəli, İsrafil müəllim! Kabinetində yox, yataqxanada! Bir anlığa özümüzü onun ardınca bütün sentyabr boyu hinduşka balaları kimi qaçanların arasında hiss elədik və o qədər həyəcanlandıq ki, sevinə bilmədik.
Yataqxananın səliqəli foyesi, portret, qırmızı şüar: “Oxumaq, oxumaq, yenə də oxumaq!” Elə bilirsən oxumaq asandı?! Buranın qapıçısı zəhmli kişi yox, qadındı, adamın gözünün içinə baxmırdı. Arxamızca gəlmiş oğlan bizi ikinci mərtəbəyə iki butulka su kimi yüngüllüklə qaldırıb üstü qırmızı örtüklü stolun qarşısına qoydu. Orada oturmuş üç nəfərdən biri İsrafil müəllim, biri tanış olmayan cavan adam, o biri isə komendant, balacaboy, kök arvad idi. Onlar bizim ikimizə də diqqətlə baxdılar, mənə elə gəldi ki, bu baxışla bizim bir döşəyin üstündə yatdığımızdan, hərdən əl-üz yumağa su tapmadığımızdan, hansı uzaqlardan gəldiyimizdən, hətta ötən ay dəhşətli istilərin təsirindən tərs triqonometrik funksiyalar nəzəriyyəsini yaxşı mənimsəmədiyimizdən də agah oldular. Allah bilir, bəlkə İmranın qoltuğunun altından yolduğu tükləri də gördülər. Biz qəribsədiyimiz bu yumşaq baxışlardan elə bil əriyən kimi olduq.
–Əmoğlusunuz? – İsrafil müəllim yumşaq səslə soruşdu.
Biz təsdiqlədik.
– Neçə yaşın var? – məndən soruşdu.
– On dörd, – mən dedim.
Bizə birbaşa aid olmayan daha bir neçə sualdan sonra tamamilə bizə aid olmayan belə bir sualı lap əriyib suya da dönsəydik, ağlımıza gətirə bilməzdik:
– İmran Cəlilov sizin nəyinizdir? – bunu komendant, kök qadın soruşub gülümsündü. Bu səmimi təbəssümün içində bizim gözümüzə çox şeylər göründü, onların içində ən böyüyü və dəyərlisi iki dənə çarpayı idi. Kişilər bayaqkından da böyük maraqla bizim üzümüzə baxmağa davam etdilər. Bu mülayim baxışları üzərimizdə hiss etmək o qədər xoş idi ki, az qaldıq deyək ki, əziyyət verdiyimiz üçün bizi bağışlayın, bizə heç nə lazım deyil, ilin sonunda yeni yataqxana istifadəyə verilənədək birtəhər dözərik.
Ancaq məsələ burasında idi ki, bizim də familiyamız “Cəlilov” idi və indi bütün ağırlıq sanki böyrümdə dayanıb gözlərini kərtənkələ gözü kimi bərəltmiş İmranın üzərinə düşürdü. O da, mən də qəti şəkildə mızıldandıq ki, biz elə adam tanımırıq.
– İndi yataqxanada yerləşməyin nə dərəcədə çətin olduğunu siz bilirsiniz, – İsrafil müəllim izah etdi. – Buna baxmayaraq, biz çalışırıq ki, sizə kömək edək. Siz də bizimlə səmimi olmalısınız, yəni İmran Cəlilovun nəyi olduğunuzu gərək gizlətməyəsiniz.
– Yox, – dedik, – tanımırıq onu. Bir nəsildə bir İmran Cəlilov olar, o da budur, durub qarşınızda. Bizə belə xoş münasibət göstərən adamları pəjmürdəlikdə saxlamamaq üçün o an istədik and içək ki, yalan demirik. İstədik ki, bizim familiyamız Cəlilovun əvəzinə ən çoxu Xəlilov olsun, ondan artıq olmasın. Ancaq bu şəhər elə əvvəldən bizi başa düşmürdü. Ya da biz onun dilini bilmirdik.
Bütün söhbət boyu susan cavan adam da, nəhayət, dilləndi:
–Uşaqlar, – o dedi, – siz heç nədən çəkinməyin. Yoldaş İmran Cəlilov bizim çox hörmət elədiyimiz rəhbərlərimizdən biridir. Qohumluğunuz varsa, lap yaxşı. Biz sadəcə bilmək istəyirdik...
Yox ki yox! Bilsəydik bu “yoxlar” bizə necə baha başa gələcək, “hə” deyərdik. Öldürməyəcəkdilər ki bizi!
Onlar mənalı-mənalı baxışıb susdular, bizə inanıb-inanmadıqlarını başa düşə bilmədik və komendant çatma qaşlarını oynadaraq söhbətin ağır mərhələsini belə başladı.
–Uşaqlar, məsələ belədir ki, biz yalnız bir yer düzəldə bilirik. Özünüz seçin, hansınızı desəniz, o yeri də ona verəcəyik. İlin axırına bizim təzə beşmərtəbəli yataqxanamız hazır olacaq, onsuz da hamı buradan köçəcək ora. Onda ikinizi də yerləşdirərməyə biz indidən yüz faiz söz veririk.
Bu variant heç ağlımıza gəlməmişdi. Elə bil düz yolun ortasında ikimizin də ayağı qəflətən nəyəsə ilişdi, səndələdik.
– Biz ikimiz bir çarpayıda da yata bilərik, –İmran dedi.
– Olmaz, – komendant qısaca dedi. – Tez qərara gəlin: kimin adını yazaq?
– İmranın adını yazın, – mən dedim, sonra əmioğlunun üzünə baxdım. O etiraz elədi.
Ancaq onun adını yazdılar və biz axşam uzun yolu trolleybusla İbrahimin yataqxanasına sanki əbədi olaraq ayrılmış kimi gəldik.
Vəziyyətin mürəkkəbliyindən heç İbrahim də baş çıxara bilmədi.
– Allah bilir, Hacı onlara nə deyib, nə təhər deyib,– İbrahim gülümsündü və gülümsünəndə həmişəki kimi İbrahimin balaca gözləri yumuldu. – Neynək, qalarsan burada, – elə gözüyumulu da mənə dedi. – İlin axırına nə qalıb ki?! Qasımovnan bir də danışaram, bəlkə bir kravat düzəldər yaxın otaqların birində...
Biz İbrahimlə, elə onun otaq yoldaşları ilə də yalnız bazar günləri bir neçə saat birlikdə olsaq da, İmrandan və onlardan ayrılmaq qorxusu məni basdı, elə bil durduğum yerdəcə sifətimin yarısı dondu, dabanlarım keyidi və uzun, yarıqaranlıq koridor boyu əl-üz yumaq otağına gedənəcən elə bil çoxlu illər keçdi bu söhbətdən: mən texnikumu bitirdim, hərbi xidmətdən qayıdıb yaşlaşdım, sonra qocaldım, burada deyilmiş hər sözü, intonasiyanı zərrə qədər unutmadan həmişəlik yadımda saxladım və bütün bir ömrə aid bu prosesi təkrar-təkrar xatırladıqca üşüməyə davam etdim. Bəlkə də əl atıb pəncərənin əlcəyindən tutmasam, ayaq üstdə dayana bilməyib çökərdim. Özümü sıra ilə divara mıxlanmış dəmir əl-üz yumaq qablarından biri kimi hiss etdim, hətta içimin bəzi yerlərimdə ağ emal qatının necə çırtdadığını da gördüm. Çöldən də bu soyuğa necəsə təsir edə biləcək bir hənirti gəlmədi. Beşmərtəbəli evlərin sarımtıl işıqları və avtobus parkından yüksələn şıdırğı şofer höcətləşmələri qapqara qəbiristanlıq meşəsinin vahiməsinə qarışıb soyuğu bir az da artırdı.
Komendant qadın İmran Cəlilov haqqında daha bizdən heç nə soruşmadı. İndi biz onun kimliyini bilirdik, bizə qohum olmadığını isə ondan da yaxşı bilirdik.
– Bəs sən nəyə gəlmisən? – qadın gözünü qıyıb məndən köhnə tanış kimi soruşdu.
– İmrana kömək eləyirəm, – dedim.
– Get 35-ci otağa, – rus arvad bir dəst yorğan-döşək, yataq ağı verəndən sonra komendant İmrana dedi. –Üç nəfər var orada, hamısı da birinci kurs uşağıdı.
Çarpayı həqiqətən boş idi, bütün sentyabrı, oktyabrı biz yatmağa yer tapmayanda bu burada boş qalmışdı. Həmin an mən mehmanxanadakı kimi fikirləşdim ki, bu şəhərin bütün yataqxanalarında, bütün mehmanxanalarında, bütün bazarlarında, bilet kassalarında "Yer yoxdur" deyilməsinə, yazılıb qapılardan asılmasına baxmayaraq, boş yerlər həmişə var, ancaq nədənsə onları gizlədirlər. Bu, mənim xoşuma gəlməyən ən böyük şəhər kəşflərindən biri idi. İmranın yorğan-döşəyini çarpayının üstünə qoyub, çamadanını və iplə bağladığı dəftər-kitabını çarpayının altına itələdik. Otaqdakı oğlan sarı dolab qapısının üstünə knopkaladığı vatman parçasının kitab boyda bir çərçivəsi daxilində karandaşla şrift yazırdı: böyük “A” yanında kiçik “a”, “B” böyründəcə “b”... Birinci kurs tələbəsi kimi yox, birinci sinif uşağı kimi yavaş-yavaş, əli əsə-əsə yazırdı, ancaq elə bil beyninin yaradıcılıq ritmindən salmamaq üçün tez-tez burnunu çəkirdi.
Qaqaş bizim dərdimizdən hali olandan sonra dedi ki, BU, yerini satır. Ağlımıza belə gəlməyən çox yeni xəbər idi... “Bu” deyəndə məşğul başı ilə arxasını çevirdiyi, təzə pambıq adyalla örtülü çarpayını göstərdi.
– Neçəyə satır? – ilk və əsas sual bu idi və cavab da aptekdə olduğu kimi hazırdı:
– İyirmi manata.
İyirmi manat iki dəfə aldığımız aylıq stipendiyadı. Xərcləməyə ondan ləzzətli pul yoxdur; cədvələ qol çəkəndə elə bil göyün yeddinci qatına da baş çəkirsən. İndi olmayacaqdı. Hər ay onu verirsən indi dərsdə oturub bu söhbəti eşitməyən qubadlılı Ədalətə.
İmran mənə göz vurdu, susdum. Buradaca oğlanın qrupunun nömrəsini öyrənib dalınca qaçdıq texnikuma. Yolda İmran dedi ki, 20 manat çox bahadı, biz 10 manata onu razı salmalıyıq. Boyca uzun olan Ədalət bizə azıb qapısının ağzına qonmuş bir cüt göyərçinə baxan kimi yuxarıdan aşağı baxdı və mızıldandı ki, 15 manata bir nəfərlə razılaşıb artıq. Bu axşam köçəsidir o bir nəfər. Biz gözləyirdik ki, o başqa cavab verəcək: yerini satmağını gizlədəcək. Bu açıqlığı xoşumuza gəldi.
– İyirmi eləsəniz, sizə verərəm, – dedi. – Beşini verəcəm qapıda duran arvada ki, səni buraxsın içəri, on beşi də mənim yolpulum. Gündə Bülbülədən bura dörd avtobus dəyişəcəm.
O, dörd dedi, mən günə səkkiz avtobus hesabladım, aya on manat elədi. Nə qədər dil tökdük, xeyri olmadı. Ədalət sanki bizdən on metr yüksəklikdə olan divarın üstündə durmuşdu, bizim dediyimiz sözlər və mənalar yox, yalnız görüntümüz ona çatırdı və o istədiyi an bu göyərçin təsvirindən üz çevirib, heç bir vicdan əzabı çəkmədən rahatca gedə bilərdi.
Razılaşdıq.
–Yarısını mən verərəm, yarısını da sən, –İmran pıçıldadı.
Pəncərədən beşmərtəbələrin suvaqsız daşları, balaca bir yerdən isə televiziya qülləsinin başında gecələr göz qırpan qırmızı işıq görünürdü. Mən yatanda ağacların yarpaqları arasındakı o deşiyi güclə tapıb işığın mürgüləməsinə baxa-baxa atımı, göyərçinlərimi xatırlayırdım. Göyərçinləri mən kənddən çıxan kimi aparmışdılar, onu kimlərin elədiyini təxminən bilirdim və qəfəslərdə ətcə balaların acgözlüklə çırpındığı yuvalardan gələn üfunət iyi yadıma düşəndə quşların oğurlanmasına heyfsilənmirdim. Ancaq atıma görə darıxırdım, hərdən qüssəli kişnəməsi qulağıma gəlirdi. Bir dəfə İbrahimin yataqxanasının yaxınlığındakı ippodrom tövlələrindən çıxarılan atların arpa dənələri ilə dolu təsini gördüm, atıma yazığım gəldi. Onda çox dumanlı şəkildə mənə elə gəldi ki, mən şəhəri görəndən, ondan bir qədər doyandan sonra qayıdıb getməliydim. Orada məni göyüzünün özü boyda genişliklər, quru şəhər get-gəlindən, qondarma rəsmiyyətlərdən, “Yer yoxdur” lövhəciklərinin yalançı qadağalarından fərqli olaraq lazımlı və faydalı heç nəyini gizlətməyən adamlar, dağlar, düzənlər, atlar gözləyir.
Yanvara qədər mən öz yataqxanamızda kirayənişin yaşadım. Hərdən qapıdan keçəndə müəyyən çətinliklə qarşılaşsam da, mənə dəyib-dolaşan olmurdu. Komendantla koridorda təsadüfən rastlaşanda uca tavanda əks-səda verən cingiltili səsilə deyirdi: “Sən burada nə gəzirsən!?” Mən nəsə mızıldanırdım, amma qorxmurdum, çünki bir başqa yataqxanada 10 manata yer tapmışdım. Sadəcə uşaqlara isinişdiyim üçün hələlik buradan getmək istəmirdim. Uzaqda qalmış isti sentyabr sinsitmələri bizi tədricən tərk etsə də, böyük şəhərin qapıları üzümüzə çox çətinliklə açılırdı. Günlərin bir günü mən yorulub həvəsdən düşdüm, məni yer quruluşu mütəxəssisi kimi gözləyən şoran çöllərə əlvida deyib texnikumu da, yataqxananı da tərk etdim. Yol boyu yalnız Yadulun Baksovetdəki əziyyətinə heyfsiləndim və bir də gözümü açdım ki, gəlib Dərbəndə çıxmışam.