Kulis.az şairələrimizin şux, şıltaq sevgi şerlərini təqdim edir.
Pərnaz
Rərnaz (1860-1968) Şamaxının Bağırlı kəndində köçəri ailəsində doğulub-böyüyüb. Yazı savadı yox imiş, bədahətən bayatılar deyərmiş.
Çəkməsi cığ-cığ eylər,
Evimizi palçığ eylər.
Zəhləm gedir o yardan
Hər gecə acıq eylər.
***
Eyvanım həsir mənim
Ürəyim əsir mənim
Toyumu tez eyləyin
Yarım tələsir mənim
***
Palazda narıncı var,
abı var, narıncı var,
Hardasan ay nainsaf,
Dalınca zarıncı var.
***
Quzunu alan olmaz
Ağıla salan olmaz
Deyirlər yarım gəlir
Bu boyda yalan olmaz.
***
Şirvanın dağlarıynan
Meyvəli bağlarıynan
Sənin qurbanın olum
Yanımın ağlarıynan.
***
Simavər pıqqıldayır,
Qəndqıran şaqqıldayır,
Zəhləm gedər o yardan
İş bilməz, nıqqıldayır.
***
Bağırrıdı obamız,
Dovğaçıdı babamız
Yara qurban oleydi,
Bizim cəddi-abamız.
Zeynəb Zərbəli qızı (1860-1942)
1860-cı ildə Şirvan mahalının Kolanı kəndində köçəri ailəsində anadan olub. 80-85 yaşlarında vəfat edib.
Küdrünün katan qarı
Novruzu ötən qarı
Allah tezbazar etsin
Axşamdan yatan yarı.
***
Mələ qoyunum mələ
Səsin daşları dələ
Mən mələdim gəlmədi,
Sən mələ, bəlkə gələ.
***
Xoruz ban qabağında
Sübhün dan qabağında
Yarım bir bizə gəlsə
Verrəm can qabağında.
***
Nə müddətdi yol gözlərəm,
Nə durmusan, qoç İsmayıl!
Atam məni salıb bəstə
Gəl qapını aç, İsmayıl!
Dağlar başı duman olar,
Əlif qəddim Kaman olar,
Mənim halım yaman olar,
Tez ağarar saç, İsmayıl!
Gəl eşit Zeynəb sözünü,
Yoldan yığ yarın gözünü
Çox da incitmə özünü,
Götür məni qaç, İsmayıl!
Gülümsoltan nənə
Ötən əsrin ilk yarısında Şamaxının Ərəbşalbaş kəndində yaşayıb. Dilavər, hazırcavab bir qadın olub. Bu yeganə bayatı onun “cəhrə dustağı” olduğu günlərdən yadigar qalıb:
A həndi həndi cəhrə,
ayağımın bəndi cəhrə,
Vurub səni sındırram,
gəzərəm kəndi cəhrə!
Aşıq Nabat
Gürcüstanın vecəsiyəm,
Gözələrin incəsiyəm,
Qızıl gülün qonçasıyam,
Çulğanmışam xara mən də
Mən Nabatam- sayam çoxdur,
Sək rəqibə dəyən oxdur,
Gözəllikdə tayım yoxdur,
Göz dikiblər nara məndə.
Hamayıl
XIX əsrin birinci yarısında Şəmkirdə doğulub yaşayıb.
Əmim oğlu məndən heç utanmadın,
Üç ay keçdi bir yaylağa gəlmədin.
Yüz min cəfa ilə köç eylədim mən,
Ordan endim Ağbulağa gəlmədin.
Mən səni istərəm hamıdan əziz,
Mən sənin yanında oldum bir kəniz,
Ətri can bəslədim, güllərdən təmiz,
Bülbül olub qoxlamağa gəlmədin.
Varlılar yarıyla çəkdilər ləzzət,
Sən yada düşdükcə, mən çəkdim həsrət,
Niyə belə etdin, ay gəda xislət,
Şamama dərməyə tağa gəlmədin.
Mənim adım Həmayildir, həmaya,
Sinəm bənzər həm ulduza, həm aya,
Mənə vədə verdin “gəlləm bir aya”,
Bağlandın arana, dağa gəlmədin.