Nazim Hikmət Çingiz Fərəcovu necə oğulluğa götürmüşdü?

Nazim Hikmət Çingiz Fərəcovu necə oğulluğa götürmüşdü?
16 dekabr 2016
# 13:00

Nazim Hikmətin oğulluğu Çingiz Fərəcov vəfat edib. Kulis.az onun Nazim Hikmət haqqında xatirələrinə təqdim edir.

***

Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində çalışan Çingiz Fərəcovu çoxumuz televiziya çıxışlarından tanıyırıq.

Çingiz Fərəcovla bağlı maraqlı məlumatlardan biri isə budur ki, o, Nazim Hikmətin oğulluğudur. Şöbə müdiri bu barədə “Türkiyə” qəzetinə danışıb.

Kulis.Az həmin müsahibəni təqdim edir.

Çingiz Fərəcov 10 yaşına kimi Füzuli rayonunda bir uşaq evində böyüyür. Bir gün müəllimi ona bir şeir verib əzbərləməyini istəyir: “Bunu əzbərlə, hər gün soruşacağam”.

Kiçik Çingizin həyatını dəyişən də elə bu şeir olur. Şeiri əzbərləyir. O günə qədər nə Nazim Hikmət, nə də Türkiyə haqda bir şey bilən Çingiz 1952-ci ilin iyununda Nazim Hikmətin qarşısında bu şeiri deyir və onun övladlığı olur.

O andan da etibarən həyatı dəyişir. Çingiz Fərəcov Nazim Hikmətlə görüşü barədə belə deyir:

“1952-ci ildə 10 yaşında bir uşaq idim. Füzulidə bir uşaq evində qalırdım. SSRİ-yə aid bütün uşaq evlərindən 100 uşaq Moskvaya aparılacaqdı. Məni də bu qrupa daxil elədilər. Əvvəl Bakıya gəldik, bizi konfrans salonlarından birinə yığdılar. Nazimin əvvəlcədən əzbərlədiyim şeirini qələbəliyin qarşısında səhvsiz və əzbərdən dedim.

Hamı alqışladı. Sonra paltarlar tikildi və qatarla 3 günlük səfərdən sonra Moskvaya çatdıq. Bizi Dilarə Salamovaya tapşırmışdılar. Mənə “Sabah Yazıçılar Birliyinə gedəcəyik, bir çox yazıçıyla tanış olacaqsınız. Hətta Stalin də orda olacaq”, - dedi. Stalini görməyi biz heç xəyal belə etməzdik. Növbə ilə o dövrün şairlərinə aid şeirləri dedik. Mənim növbəm sona yaxın idi. Bəyənildi, alqışlandı. Xatırladığım bəzi misraları sizə də deyə bilərəm:

Ben senden evvel dünyadan
köçmek isteyirem


Ben ölende beni yumazsınız, beni
bastırmazsınız


Beni yandırıp külümü bir şeffaf
şişeye dökersiniz


Benden sonra sen gelersin, seni de
bastırmasınlar


Seni de yandırıp ben olan şişeye
döksünler.


Biz hayatta kavuşamadık hiç
olmazsa küllerimiz kavuşacak

Qabaq sıradan uzunboylu, dalğalı saçlı, qızılı bığlı biri mənə yaxınlaşdı. Məni qucaqladı, öpdü. Onu tanıyıb-tanımadığımı soruşdu. “Tanımıram” deyincə, bildirdi: “Dediyin bu şeiri mən yazmışam.” Haralı olduğumu soruşdu. Mən rusca yaxşı bilmirdim. Dilarə xanım yanımıza gəldi. Uşaq evində böyüdüyümü biləndə yenidən bir neçə dəfə mənə sarıldı. Dedi: “Mənim də sənin yaşda bir oğlum var, amma məndən çox uzaqdadı”.

Məni gəzməyə aparmaq üçün icazə istədi. Yanında bir qadın da vardı. Qalina Qriqoryevna Kaleşnikovanın arvadı olduğunu bildirdi. O gün mənə Moskvanı gəzdirdilər. Ağ köynək və şalvar aldı. Bütün günü yedik, içdik, gəzdik. Nazim əmi elə hey ağlayırdı. Axşam olan kimi məni otelə apardılar. Səhəri gün Azərbaycana geri qayıtdıq.

Qısa zaman kəsiyində uşaq evi Şuşaya köçürüldü. Bir gün müəllimim məni rayon rəhbəri İdris Məhərrəmovun yanına gətirdi. O, Nazim Hikmətin məni övladlığa götürmək istədiyini, Moskvaya aparıb oxudub böyüdəcəyini dedi. Məndən fikrimi soruşdu. Tərəddüd etmədən qəbul etdim. Müəllimimlə birlikdə Moskvaya gəldik. Vağzalda bizi Nazim əmi və Qalina xanım qarşıladı.

Evlərinə getdik. İki mərtəbəli, balkonlu çox gözəl bir ev idi. Bundan başqa dörd otaqlı bina evi də vardı. Mənimlə çox yaxşı rəftar edirdilər. Həyatım bir şeirlə tamamilə dəyişmişdi. Təzə məktəbə gedirdim, çoxlu dost qazanmışdım. Çoxlu oyuncaqlarım vardı. Bütün bunlar mənə yuxu kimi gəlirdi.

Nazim Hikmət həbsdə olanda ona su ilə edilən işgəncələrə görə sudan nifrət edirdi. Yuyunduğunu heç vaxt görmədim. Buna görə həmişə Qalina xanımla dava edərdi. O çox gözəl və ürəyi yumşaq qadın idi. Nazim əmini losyonla silib təmizləyirdi. Qalina xanım həkim idi və onu həmişə müayinə edirdi. Türkiyə sevgisi həmişə onu ağladırdı. Bir gün geri dönmək onun ən böyük istəyi idi.

Rusca yaxşı bilmədiyimdən öyrəşə bilmirdim, vətənimdən ötrü darıxmışdım. Hər dəfə geri qayıtmaq istəyəndə məni fikrimdən çəkindirməyə çalışırdı.

Bir məsələ vardı, bunu Qalinaya deməməli idim, ancaq dedim. Buna görə Qalina Nazimlə dava etdi, səs-küyə qonşular gəldi. Nazim əmi mənə bir sillə vurdu. Həmin gün geri qayıtmağa qərar verdim. Qonşuların köməyi ilə yük qatarı ilə 5 günə Bakıya, oradan da Şuşaya çatdım.

Amma Nazim Hikmət məni heç unutmadı, həmişə məni axtardı, hədiyyələr göndərdi. Bir neçə dəfə də Bakıda görüşdük. Öləndə dəfninə getmişdim. Münəvvər xanım və Məhmət də gəlmişdilər. Moskvada dəfn olundu. Nazim Hikmət mənə bunu demişdi: “Ən böyük arzum bir gün Türkiyəyə geri dönməkdi. O da olmasa məzarım orda olsun bəs edər”.

# 6414 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #