[b]"Telefonda səs" - Rüstəm Kamaldan[/b] ESSE

[b]"Telefonda səs" - Rüstəm Kamaldan[/b] ESSE
14 oktyabr 2017
# 15:15

Kulis.az Rüstəm Kamalın “Telefonda səs” essesini təqdim edir.

Kənddə babamgilə də telefon çəkmişdilər. Qara pişiyə oxşayan telefon aparatı otağın küncünə qoyulmuşdu və çox vaxt susurdu. Hərdənbir zəng gələndə evin sükutu pozulur. Taxtın üstündə ala pişiyi ilə mürgü vuran nənəm bu qəfil, əcaib səsdən diksinirdi. O, fəhmlə hiss edirdi ki, evdə yad, xoşagəlməz bir varlıq var.

Nənəm telefonun əlindən birinci mərtəbəyə düşməli oldu.

Bir daha yuxarı qalxmadı.

Özgə vaxt ütələk danışan əmimin telefonda cümlələri qısa, qırıq-qırıq olurdu. Az qala pıçıltı ilə danışırdı. Sanki hər gün yolda-izdə, çayxanada, örüşdə görüşdüyü Boz Əhməd, Dəli Şahsənəm, Belburun Mustafanın oğlu Yaqub deyildi…

Artıq onlar başqası idi...

Hər telefon söhbətindən sonra əmim bir neçə dəqiqə özünə gələ bilmirdi, “ordan” əvvəlki vəziyyətə qayıtmağı çətin olurdu.

“Mimino” filmində təyyarəçi Valikonun xarici ölkənin aeroportundan evə zəng etmək cəhdi bu gün də adamda kövrək duyğular oyadır. Ona Telavi (Gürcüstan) yerinə Tel-Avivi (İzrail) calaşdırırlar. Bu yanlışlıqda bir məna var: o, illər öncə qürbətə köçmüş gürcünün nisgilli səsini eşidir iki gürcünün bu telefon söhbəti qərib ruhların görüşünə çevrilir.

Xalq yazıçısı Anar “başqa dünya”nın varlığını, ruhlar aləminin yaxınlığını hiss etdirmək üçün telefon obrazından (eləcə də radio) geniş istifadə edir.

Onun əsərlərində telefon sadəcə ünsiyyət vasitəsi deyil. Hər telefon söhbəti bir metafizik dialoqdur. Telefon söhbəti personajı başqa bir zamanın içinə girməyinə imkan verir. Real zamanı qeyri-real zamanın sərhədi itir. Telefon fərqli məkan və zaman daşıyıcılarını görüşdürür.

Telefonla zəng edən insan ruhları çağıran şaman kimidir.

Anarın qəhrəmanlarının dialoqu şamanla ruhların dialoqunu xatırladır. Telefon söhbəti olan epizodları xatırlayan - sanki spiritizm aktı baş verir. Oxucu spiritual-mistik (ruhları çağırma) atmosferə düşür (90-cı illərdə spritizmlə məşğul olduğunu bildirən rəhmətlik Nüsrət Kəsəmənli bir dəfə mənə Nizami Gəncəvinin də ruhunu çağırdığını söylədi. “Şeyx Nizami sizə nə dedi?” sualıma şair “Heç nə. Susdu” cavabını vermişdi”).

Telefon nömrəsi şəxsin metonimik işarəsi ola bilir. “Şəhərin yay günləri”ndə bir dialoqda telefon nömrəsi Qumrunun əvəzedicisi kimi çıxış edir:

“Namiq. 93-53-00

Qumru. Bəli.

Namiq. Mən sənə zəng edəcəm…

Qumru. Bu nömrəylə şəxsi söhbətlər eləmək olmaz”.

Müasir «yuxunamələrdə» - yuxu yozumu kitablarında oxumuşam ki, yuxuda telefonla söhbət ölümü simvolizə edir. Əgər xanımınız yuxuda xidmətlərin birinə (yanğın, təcili yardım, polis) zəng edirsə, onu boşamağınız məsləhətdir: xanım şüuraltı sizin yox olmağınızı arzulayır…

“Vahimə” hekayəsində psixiatr Orucun başına gələnlərdən telefonun “rolu var”.

Bağda Baləmi adlı bir şəxsin qəfildən peyda olması zəngləri onun psixikasını tamam pozur: “Heç şübhə yoxdur ki, bu zəng iki-üç saat bundan qabaqkı hadisəylə bağlıdır. Bəlkə “Baləmi yox, Baləmigildəndir” - deyillər. Ya bəlkə Baləmi adlı başqa bir qohumları var. Hər halda bu gün, bu saat Baləmi adının telefonda səslənməsi quru bir təsadüf ola bilməz…” Nəhayət, bu qarabasmalar onun ölümünə gətirib çıxarır.

Telefon zəngləri, telefon söhbətləri magik tale işarələridir. Hər təsadüfi telefon zənginin mistik bir məntiqi var. Rəqəmlərdən yığılmış telefon zəngi bir məkanda işləyən, ancaq bir-birini tanımayan Seymurla Mədinənin virtual tanışlığına (“Mən, sən və telefon”) səbəb olur. Seymur öz yarısına cismani qovuşa bilmir. Ruh səviyyəsində bu mümkünsüzdür. Seymur anlayır ki, Mədinə daha zəng etməyəcək “və mən də möcüzə arzuladım – istədim, telefon səslənsin. Telefon susmuşdu”.

Telefon bizi axirət dünyası ilə, ruhlar, kölgələr səltənəti ilə bağlayır. Məsələn, kiminsə yuxuda radio gördüyünü eşitməmişəm. Amma yuxuda telefonla danışıblar.

Ona görə də artıq Zeynalın Mələk xala gilə zəng edib Kamiləni axtarması əbəsdir – Kamilə artıq bu fani dünyada yoxdur (“Sabah biz ayıq olacağıq”).

Telefonun ətrafında sanki bir kabus dolaşır:

“Dzin.

Telefon zəngi. Kölgə qeyb oldu…”

“Çıq.

Telefon asıldı. Döşəmədə yenidən kölgə göründü. “Allo, indi gəlirəm”. Bilirdim. Bu, axırıncı anlardır. Mən beş sayacam. Kölgə yox olacaq” (“Taksi və vaxt”).

Anarın qəhrəmanları həmişə “o biri dünyaların səsini eşitmək ehtiyacı ilə yaşayırlar. Telefondan gələn səslər, sözlər, adlar sanki bu dünyadakı səslərə, sözlərə, adlara oxşamır. Onları xəttin o başında həmişə mistik qeyri-müəyyənlik, məchulluq gözləyir.

“O həsir papağını geyinib küçəyə çıxdı. İki saat şəhəri veyilləndi. Sonra Bahar meydanındakı telefon – avtomat budkasına yanaşdı. O, telefonun yarığından 15 qəpiyi atıb dəstəyi qaldırdı. Telefondan səs eşidildi. Duuu”. 03 nömrəsini çəkdi. Sonra 2. Sonra 5. bir an tərəddüd etdi. Aparat qeyri-müəyyən bir sükuta qərq olur. Məhkəmə salonunda hökm oxumaqdan əvvəl qeyri-müəyyən bir sükut olur. Sonra Vüsal bir nömrənin dalını çəkdi. 0. Sonra da bir nömrə. Telefondan səs eşidildi: “Duuu…Pauza…Duuu…Pauza... Duuu….” Sonra bir çıqqıltı: elə bil tum çırtlayırdılar. Sonra insanı dəli eləməyə qadir olan axıcı bir səs” (“Hekayə”)

Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatına həsr olunmuş müşavirə gedirdi. Birdən Anar müəllim çıxış edərkən telefonuna zəng gəldi. Anar müəllimin xəbərdən rəngi ağardı, dağ kimi çökdü. Bircə bunu deyə bildi: “Vaqif Səmədoğlu vəfat edib” və məclisi tərk etdi.

Təsadüfə baxın: Anar “Mən, sən, o və telefon” hekayəsində Vaqif Səmədoğlundan bir epiqraf vermişdi:

Telefon nömrələri

oxşamaz bir-birinə

amma hamısında

insan səsi…

…pis günlər

oxşamaz bir-birinə

birində özün susarsan,

birində telefon.

Neyləyəsən, bu dünyada bütün telefonların axırda susması var, əfəndim!

# 1633 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #