“Bədəninin gizlində saxlanmasının əleyhinəyəm”

“Bədəninin gizlində saxlanmasının əleyhinəyəm”
19 mart 2013
# 12:46

2-ci hissə

Mən qatara minəndə Dəmirçioğlu Məmmədə zəng elədim. Səhər-səhər Gəncəyə çatanda Dəmirçioğlu məni qarşıladı. Tanıyanlar bilir, o, maraqlı rəssam, gözəl şair, güclü heykəltaraş, yenilikçi dizayner, həm də istiqanlı bir insandı. Gəncədə rəhbərlik elədiyi uzunmüddətli dizayn işlərinə görə bu şəhərə köçüb.

Axşam Dəmirçioğlunun qonağı oldum, evində gecələdim, yedik-içdik, dərdləşdik, şeir oxuduq, saz çaldıq. Məclis başlayan kimi şair dostumuz Şaiq Vəlinin dəfnində iştirak eləyə bilmədiyindən danışdı. Dedi, özün gördün ki, gündüzlər əlavə işlər üçün bir dəqiqə vaxtım olmur. Bu saat şəhərdə ən böyük tikinti kompleksinin dizaynı ilə məşğulam.

Nəhayət, söhbət gəlib Dəmirçioğlu şeirinin fəlsəfəsinə dirəndi.(Mən çox adamlara gizlin kömək etmişəm...)

Zarafata salıb soruşuram:

- Qardaş, səni rəssam kimi tanıyırdıq, hərdən də saz-söz məclislərində şeirlərini oxuyurdun. İndi baxıram, bütün qayğılar içində bir neçə şeir kitabını çap elətdirmisən, xeyir ola?

- Əziz qardaşım, özün də bilirsən ki, mən şairliyə, Nobel mükafatına iddia eləyənlərdən deyiləm. Məncə, dünyada hər bir insan şeir yazmalı, mahnı oxumalı, şəkil çəkməli, incəsənətin hər hansı bir sahəsi ilə məşğul olmalıdır. Bu örnəklər bizi heyvanlardan kəskin ayıran şeylərdi. Mənim də rəsm çəkib, heykəl yonandan sonra şeir yazmaq ixtiyarım var, yəqin. Bəzən elə zəif şeirlər oxuyuram, məcburam bir-iki kəlmə də özüm yazam.

- Bir istedadlı insan kimi, sənin insanlara öz fikirlərini çatdırmaq üsulların müxtəlifdi. Sən həm heykəltəraş, həm rəssam, həm də dizaynersən. Bəs şeirlərinlə nə demək istəyirsən? Yəni, sənin poeziyan hansı fəlsəfəyə söykənir?

- Mən özümü təsəvvüf şairi hesab edirəm.

- Ahaa, demək, sən bir şair kimi islam fəlsəfəsinə söykənmisən.

- Yoox, mən dindar deyiləm. Həm dinin ictimai-siyasi həyata girməsinin əleyhinəyəm. Dindar öz hücrəsində daha möhtəşəmdi. Yəni bir namaz qılan möminə hörmətim var, lakin radikallıq eləyən mütəşəkkil dindarların səmimiyyətinə qəti inanmıram.

- Amma sənin şeirlərindəki ideyalar islam fəlsəfəsinə əsaslanır...

- Yox! Sufi-mistik təlimi islamdan çox-çox əvvəllərə gedib çıxır. İslam gəlməzdən öncə də böyük sufi məktəbləri və təlimləri vardı, tərki-dünyalığa qapanma, ruhi aləmi dərketmə insanların diqqətini həmişə cəlb edib. Mənim fəlsəfəm islamın kurallarını dağıda da bilir.

- Məsələn...

- Yəni, islama görə qadın çarşaba bürünməlidi, ancaq mən kəsinliklə insan bədəninin gizlində saxlanmasının əleyhinəyəm. Fikrim elə başa düşülməsin ki, mən insanın lüt-üryan gəzməsini təlqin edirəm. Ancaq bir türk oğlu kimi deyə bilərəm ki, qadını örtüklərə bürümək türkün işi deyil. İnsanın əxlaqı, mənəviyyatı paltarda, zahiri əlamətlərdə deyil, qəlbində gizlənir.

- Ancaq sən həm də islam dininin tərəfdarına bənzəyirsən.

- Mən islam dininin bəzi qaydalarından razıyam. Məsələn, bu din əsrlərlə vəhşi insanların qarşısını Allah xofu ilə alıb. Allah xofu çox adamları ən qatı cinayətlərdən saxlayıb.

- Olmazmı ki, insanı elmlə, maariflənmə ilə dəqiq mətləblərə çatdıraq?

- Yox, elmsiz insanlara həqiqi elmi çatdırana qədər iş-işdən keçərdi. Tarixdə çoxlu örnəklər var ki, əlində hökmü olanlar peyğəmbərin gətirdiyi axirət fəlsəfəsindən qorxaraq insanlara zülm etməkdən əl saxlayıb.

- Əzizim, bu çox mübahisəli məsələdi. Yəni, islam tərəfindən türkün yazılı kuralları və kitabları yandırıldığına görə ərəb məişətinin qanunları əsas tutulur. Halbuki, yad bir qövmün bizlərə sırıdığı qanunlar heç vaxt doğma ola bilməz. Yəni ərəbin bu və ya digər şəkildə bizə sırıdığı “müqəddəs” qanunlarla yaşamamalıyıq.

- Bəs alternativ olaraq kimi, nəyi təklif edirsən?

- Sən islam xilafətinin ayağı dəyməmiş türk torpaqlarına get, məsələn, Tuvaya! Onların müqəddəs kitablarını, bahadırlıq dastanlarını oxu, onda biləcəksən, biz türklər hansı mənəviyyatla yaşayırıqmış. Gəlişigözəl islam təkcə ərəblərin özünü yox, bütövlükdə müsəlman farslarını və türklərini bədbəxt günə qoyub. Nədən danışırsan, mollalar deyir, bu Quranda yazılıb. Sən mənə deyə bilərsənmi, Quranda molekul, atom, foton haqda nə yazılıb? Ancaq bütün islam dindarları iddia edir ki, guya bütün elmlər Quran kitabında yazılıb. A kişi, Quran ərəblərin növbəti nağıl kitabıdı. Sən necə düşünürsən, Adəm-Həvva nağılı gerçəkdimi?

- Mən Adəm-Həvva nağılına inanmıram, ancaq orda da ibrətamiz məsələlər çoxdur.

- Nədi məsələn?

- Adəm-Həvva əfsanəsinin tamamilə gerçək yaxud tam yalan olduğunu iddia edə bilmərəm. Bunun real olub-olmadığı məni o qədər də maraqlandırmır. Əsas olan bu əfsanədən çıxan nəticədi. Burada deyilir ki, iblis qadını aldadaraq yoldan çıxardı və günah meyvəsini ona yedirtdi. Qadın da ərini bu günaha sövq etdi. Yaradanın hökmünü pozduqlarına görə onlar cənnətdən qovulur və insan övladı bu günədək əcdadlarının günahlarının bədəlini ödəməklə məşğuldur. Bu və ya digər formada biz bəzən etmədiyimiz suçların cəzasını çəkirik. Bu haqda bir şeirim var, deyir:

Dünya itib-batacaq

Bir gün ahlar içində.

Körpəyəmmiş ay allah,

Bu günahlar içində.

Ürək çatlar nar gündə,

Qaysağı qanar gündə

Dostu ara dar gündə,

Gülü bağlar içində.

Sonu yoxmuş bu dərkin

Ruh bədəndə didərgin

Bu dünyanı bilər kim,

Gülüb ağlar içində...

İnsan övladı bəlkə də, öz əcdadının-Adəmlə Həvvanın günahlarını daşımağa məhkumdur...

- Bunlar hamısı nağıldı, qardaş! Təsəvvür elə ki, səhrada ocaq başında tiryək atmış bir qoca camaatın başını qatmaq üçün insanın ilkinliyi haqda ağlına gələni uydurub danışır. Bu şirin nağıl da indiyə qədər elmsiz Şərqdə ciddiyə alınaraq insanın ilkinliyi haqda söylənilən dəlil kimi qəbul olunur. Elm çoxdan sübut eləyib ki, insan təkamüllə inkişaf edərək, indiki vəziyyətə çatıb. Sənin bayaq oxuduğun şeirlərdə ruh sözü çox ötür, bəs bu nə deməkdi? Sən doğrudanmı elə bilirsən ki, insan və ruh barədə uydurduqlarınız düzdü?

- Bilirsən, qardaş, məncə, ruh həqiqətən var və insan öləndə həmin ruh tanrı dərgahına gedir.

- Axı sən nə bilirsən ruh var, yaxud insan öləndə həmin ruh tanrı dərgahına gedir? Sən danışdıqlarının hamısı mifik təfəkkürdən, yəni ibtidai şüurdan qaynaqlanan fikirlərdi.

- Niyə ki? Bax, məsələn, istənilən maşın, yaxud mexanizm enerji ilə işləyir. Bu, onun ruhudu. İnsan da belədir. Nə qədər ki yaşayır, ruhu var, ölən insanın isə ruhu olmur. İnsan öləndən sonra isə həmin ruh tanrı dərgahına qayıdır və səmavi dinlərdə deyildiyi kimi, bu dünyadakı əməllərinin haqq-hesabını verir...

- Tutaq ki, insanın ruhu var, bəs sən, yaxud təsəvvüfçülər haradan bilirsiniz ki, insan öləndən sonra ruhu tanrıya tərəf gedir? Bunu kim təyin eləyib, axı? Kim oradan xəbər gətirib?

- Bax, siz materialistlər dünya, tanrı, ruh və s. barədə mühakimə yürüdərkən, bilərəkdən ya da bilməyərəkdən çox ciddi bir səhvə yol verirsiniz. Varlığın maddi və görünməyən ölçüsü var. Sizin fikrinizcə, hər hansı bir materiyanın çəkisi, fiziki halı varsa, deməli o mövcuddur. Hansı varlığın ki, maddi-fiziki xassələri yoxdur, demək o mövcud deyil. Şüur, ağıl, estetik zövq, hislər aləmi də maddi deyil, lakin bunlar var. Tanrının varlığı və yoxluğu barədə insanın çox düşünməsinin əleyhinəyəm. Amma tanrının varlığına inam bir kəsin qəlbini təmizləyirsə, ruhunu sakitləşdirirsə, onu bəd işlərdən uzaqlaşdırmağa nail olursa, o zaman bunu yalnız alqışlamaq olar. Böyük filosof Kant öz qulluqçusu barədə söyləyirdi ki, qoca Lampenin həyatında hər şey qaydasında olsun deyə, onun üçün tanrının olması vacibdir. Şəxsən mən gəncliyimdən özümü inandırmışam ki, öləndə ruhum tanrının yanına gedəcək, ona görə pis əməllərdən çəkinmişəm. Yazdığım şeirlərimdə də həmişə bundan danışmışam.

- Əzizim, bu çox gözəldi, lakin insan dediyin bu fəlsəfə ilə heç vaxt təmizlənə bilməz. Sənin təmiz, gözəl insan olmağın bu fəlsəfə ilə əlaqəli deyil. Sən genetik qarışığı olmayan təmiz türk soyundansan, ona görə saf insansan. Yoxsa dəstəmaz almaqla insan təmizlənmir.

- Ola bilər. Ancaq mümkündür ki mən öz şeirlərimlə kimisə saflığa, gözəlliyə çəkə bildim.

- Ola bilər.

- Hər halda ümid eləmək yaxşı şeydi.

- Ümid eləyək, qardaş!

# 3942 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #