Nəcib Məhfuzun peyğəmbərlərdən bəhs edən romanı

Nəcib Məhfuzun peyğəmbərlərdən bəhs edən romanı
3 may 2017
# 16:28

Kulis.az Mirmehdi Ağaoğlunun “Nəcib Məhfuz və onun “Məhəlləmizin övladları” əsəri” yazısını təqdim edir.

Qərb ədəbiyyatına nisbətdə zəif inkişaf etmiş Şərq nəsr ənənələrində dini motivlərdən bəhrələnən bədii əsərlər demək olar ki, yoxdur. Bu baxımdan 1988-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı almış Misir yazıçısı Nəcib Məhfuzun "Məhəlləmizin övladları" əsərini pioner hesab etmək olar.

Məhsuldarlığı ilə seçilən Məhfuz "Məhəlləmizin övladları"nı 1959-cu ildə qələmə alıb. Roman əvvəlcə “Əl – Ahram” qəzetində hissə-hissə çap olunub. Lakin əsərin Məhəmməd peyğəmbərlə bağlı hissələri bəzi radikal çevrələrdə etiraz doğurub, bu səbəbdən 1967-ci ildəki Livan nəşrini nəzərə almasaq əsərin çapı Ərəb ölkələrində qadağan edilib. Misirdə bir də 2006-cı ildə çıxıb.

Bəs Məhfuzun bu romanı niyə müsəlmanların hiddətinə səbəb olub?

"Məhəlləmizin övladları" yaradılış haqqında əsərdir. Müəllif kiçik bir küçənin timsalında insanlığın Yer üzündə məskunlaşması haqqında dini mifi yenidən işləyib. Küçə ilə Dünya eyniləşdirilib, dinlər tarixi alleqorik bir dillə ifadə olunub. Əsər Ədhəm, Cəbəl, Rüfət, Qasım və Arif adlı beş bölmədən ibarətdir.

Məhfuz obrazların adını təsadüfi seçməyib. Bu adların hər biri dini qəhrəmanların ad və ya xarakterlərinə işarə edir.

***

Böyük bir səhranın ortasındakı, hündür divarlarla əhatələnmiş bağ-bağatlı malikanənin sahibi olan Cəbəlavi (oxu: Allah) oğlanlarını yığıb vəqfə rəhbərliyi onların ən böyüyü İdrisə (oxu: İblis) deyil, ən kiçiyi Ədhəmə (oxu: Adəm) verdiyini elan edir (oxu: Allahın İblis və mələklərə Adəmə ibadət etmələrini əmr etməsi).

Atasının qərarına etiraz edən İdris malikanədən (oxu: İblisin cənnətdən qovulması) qovulur və səhrada atası haqqında ağzına gələni danışmağa başlayır. Bir gün İdris Ədhəmi aldadaraq xahiş edir ki, Cəbəlavinin hamıdan gizlətdiyi və övladlarının mirası barədə məlumatın yer aldığı kitaba (oxu: lövhi-məhfuza) baxıb onun uşaqlarına nə qədər miras düşəcəyini öyrənsin. Ədhəm etiraz etsə də yoldaşı Umayma (oxu: Həvva) onu bu işi görməyə (oxu: qadağan olunmuş meyvəni yeməyə) vadar edir. Aldanmış övlad kitabın qorunduğu otağa girəndə atası işin üstünə çıxır, qəzəbindən oğlu ilə gəlinini malikanədən (oxu: cənnətdən) qovur.

Ədhəm Umayma ilə səhrada daxma tikib yaşamağa məcbur olur. İdris də burdadır. Mer-meyvə sataraq ailəsini saxlayan Ədhəmin Qədri (oxu: Qabil) və Hümmam (oxu: Habil) adlı iki övladı dünyaya gəlir.

İyirmi ilin tamamında Cəbəlavi vəqfi idarə etmək üçün Hümmamı malikanəyə dəvət edir. Atası buna sevinsə də ailəsinin malikanəyə qayıtmağına babası icazə vermir deyə Hümmam tərəddüd içindədir. Cəbəlavi Qədrini seçmədiyi üçün qardaşı ilə dalaşıb onu öldürür (oxu: Qabilin Habili öldürməsi). Övlad itkisinə dözə bilməyən Ədhəm can verəndə Cəbəlavi onu görməyə gələrək bağışladığını, bundan sonra vəqfin gəlirlərini onun övladlarına verəcəyini deyir. Cəbəlavi oğlunun cəsədini malikanəyə aparıb dəfn edir, bununla da Ədhəm bölümü yekunlaşır.

İkinci hissənin qəhrəmanı Cəbəl (oxu: Musa) Hamdanlardan olsa da vəqfxərcin (oxu: fironun) evində yaşayır. Bir gün Cəbəlavinin nəslindən olan Hamdanlar onlara çatan payı istədikləri üçün vəqfxərcin quldur dəstələri tərəfindən döyülürlər. Bu vaxt başqa hadisə də baş verir: Cəbəl öz nəslindən olan şəxsi müdafiə etmək istərkən təsadüfən bir qulduru öldürür (oxu: Musanın bir yəhudini müdafiə etmək istərkən misirlini qətlə yetirməsi). Bundan sonra Cəbəlavi küçəsindən qaçıb Müqəddəm bazarı qəsəbəsində, ilan təlimçisi və əslən Hamdanlardan olan Balkitinin (oxu: Şüeyb peyğəmbər) evində yaşayır, ondan ilan tutmağı öyrənir. Cəbəl çöldə babası Cəbəlavini görür, babası ona “nəslinin vəqf payını geri al” əmrini verir. Bir müddət sonra doğma Hamdanlar məhəlləsinə qayıdan Cəbəl əvvəlcə vəqfxərcin evinə girmiş ilanı çıxararaq onları təəccübləndirir (oxu: Musa çomağı ilana çevirir), daha sonra qaldığı dalana hücum edən quldurları orda qazılmış çuxura düşürüb boğur (xatırla: fironun Qırmızı dənizdə qərq olması).

Cəbəldən digər məhəllələr üçün də ədaləti bərpa etmək xahiş olunanda o, qəbul etmir. Deyir ki, mən yalnız öz nəslimin haqqını vəqfdən tələb edə bilərəm (oxu: Musanın yalnız yəhudi qövmünə peyğəmbər göndərilməsi) və on qayda (oxu: On Əmr) qoyur. Təhkiyəçi Cəbəlin dövrünü belə yekunlaşdırır: “Nəslinə ədalət, güc və nizam məsələlərində nümunə oldu. Küçəmizdəki başqa insanlarla maraqlanmamağı düzdür. Bəlkə də xalqının elədiyi kimi onları gizli-gizli bəyənmədiyi də oldu (oxu: yəhudilərin özlərini başqa xalqlardan üstün tutması), amma heç bir zaman haqsızlıq etmədi, zərər də vermədi, hamı onu örnək götürdü.”

Üçüncü bölümün qəhrəmanı xarrat oğlu Rüfət (oxu: İsa) Müqəddəm bazarı bölgəsində anadan olub, böyüyəndən sonra valideynləri onu da götürüb doğma məhəlləyə, Cəbəlavi küçəsinə köçüblər. Növbəti vəqfxərc də sakinlərə gəlirdən pay vermir, küçəyə nəzarət edən quldurbaşılar sakinlərdən xərac alırlar.

Rüfət atasına kömək etməkdənsə şair Cavadın şeirlərini dinləyir, başqaları kimi tiryək çəkmir, qadınlara meyl etmir, əxlaqsızlığına görə xalqın öldürmək istədiyi Yasəmənlə (oxu: Maqdalı Məryəmlə) evlənməklə qızı ölümdən xilas edir. Cavadın arvadı Ümmi Bəkatirdən cin çıxarmağı öyrənən Rüfət bir gün səhrada gəzərkən babası Cəbəlavinin səsini eşidir. Səs ona Cəbəlin işlərini davam etdirməyi və xalqını quldurların əlindən xilas etməyi tapşırır.

İnsanların içindəki cini çıxarmaqla onlara sevgi bəxş edən Rüfətin ətrafına tərəfdarların (oxu: həvarilərin) yığılması quldurbaşıları qorxuya salır, onu öldürmək qərarına gəlirlər. Rüfəti elə öz tərəfdarları satır. Gecə ikən səhrada öldürülən Rüfət haqqında müxtəlif əfsanələr qoşurlar. Bəziləri deyir cəsədi Cəbəlavi götürərək malikanədə basdırıb (oxu: İsa peyğəmbərin qeyb olması). Tezliklə Rüfətin tərəfdarları güclənirlər. Onun fikirlərinin əksinə sevgi ilə deyil, güc yolu ilə vəkilxərc devrilir, eyni vəzifəyə Rüfətin Əli adlı (oxu: Roma papası) müridi gəlir.

Rüfətdən sonra da məhəllədə sülh bərqərar olmur. Bir müddət sonra küçə təzədən quldurların ixtiyarına keçir. Zülm, haqsızlıq baş alıb gedir. Cəbəlavinin övladları yenə vəqfdən paylarını ala bilmirlər, Cəbəlavinin hökmü bu dəfə də yerinə yetirilməmiş qalır.

Dördüncü bölümün qəhrəmanı Qasım (oxu: Məhəmməd) uşaq vaxtı valideynlərini itirib. Onu əmisi Zəkəriyyə (oxu: Əbu Talib) böyüdüb. Ağlı ilə məhəllədə şöhrət qazanmış Qasım özündən yaşca böyük olan Qəmərdən (oxu: Xədicə) aldığı evlilik təklifini qəbul edir. Bir dəfə səhrada halsız vəziyyətdə tapılan Qasım ayılandan sonra Cəbəlavinin xidmətçisi Qəndilin (oxu: Cəbrayıl) onun yanına gəldiyini və vəqfin mirasını bərabər şəkildə hamının arasında bölməyi, quldur dəstələrini ləğv etməyi tapşırır. Qasım hədələrə baxmayaraq özünə tərəfdar toplayır. Ən yaxın tərəfdarları əmisi oğlu Həsən (oxu: Əli), Sadiqdir (oxu: Əbu Bəkir Siddiq). Quldurlardan müdafiə olunmaq üçün qaçmalı (oxu: hicrət) və tərəfdarları ilə bir müddət dağda (oxu: Mədinə) qalmalı olur. Cəbəlin gücə, Rüfətin sevgiyə söykənən ideyalarını birləşdirən Qasım ədaləti bərpa etmək üçün yeri gələndə gücdən, yeri gələndə sevgidən yararlanır. Beləcə küçədə yenidən Cəbəlavinin istəklərini bərpa edir, amma bu “bərpa” da daimi olmur.

Qəmərin vəfatından sonra Qasım Sadiqin yaşının azlığına baxmayaraq artıq yetkinləşmiş bacısı Bədriyyəni (oxu: Aişə) alır. Lakin onun evliliyi Bədriyyə ilə yekunlaşmır, başqa qadınlarla da evlənir. Məhfuz Qasımın qadınlara qarşı meylini belə izah edir: “Hər qadında Qəməri axtarırdı.”

Məhəmməd peyğəmbəri xatırladan Qasım realistik boyalarla, adi insan kimi təsvir edilib. Onun yeri gələndə gücdən-şiddətdən istifadəsi, qadınlara meyli adi insani hisslərin ifadəsi kimi göstərilib. Yəqin buna görə də əsər bəzi müsəlmanları hiddətləndirmişdi.

Dini tarixə söykənsək Qasım bu əsərin sonuncu fəsli, Cəbəlavinin küçəni quldurlardan təmizləmək və vəqfin gəlirlərini bərabər bölmək üçün göndərdiyi sonuncu nəvəsi (oxu: elçisi) olmalıdır. Amma Qasım SONUNCU (oxu: xatəmül-ənbiya) olmur, yazıçı elmlə din arasında bir bərabərlik işarəsi qoyaraq növbəti “Arif” (oxu: elm) fəslini yazır.

Atasının kim olduğu bilinməyən sehrbaz Arif özünü Cəbəlavinin nəvələrindən hesab edir və düşünür ki, sehrlərin ən böyüyü Cəbəlavinin kitabında gizlənib. O, kitabı əldə etməyə çalışır. Bununla da Cəbəlavinin (oxu: Allahın) işlərinə baş aparır. Malikanənin hündür divarı altından lağım ataraq gecə ilə ora keçən Arifin istədiyi alınmır, xidmətçini öldürür. Səhər xəbər yayılır ki, Cəbəlavi də ölüb. Arifin əməllərinin babasının ölümünə səbəb olması Nitşenin məşhur “Tanrı öldü, onu biz öldürdük” fikrini yada salır. Ədhəmdən üzü bu yana Cəbəlavinin bütün övladlarının arzusu malikanəyə qayıtmaq olsa bunu bacaran, malikanənin sirlərinə vaqif olan ilk nəvə Arifdir. Lakin onun qayıdışı qapıdan, Cəbəlavinn razılığı ilə olmadı, onun malikanəyə qayıdışı oğru qayıdışı oldu. Belə çıxır Məhfuz elmin inkişafını və onun Allahın sirlərinə vaqif olma çırpıntılarını doğru hesab etmir və bəlkə buna görə Arifi –elmi “bic” kimi qələmə verir.

Arif sehri ilə məhəllədə ədaləti bərpa etmək istəsə də Cəbəlavinin Cəbəl, Rıfat, Qasım kimi nəvələrinin sıralarına qoşula bilmir. Onun peyda olması küçəyə daha çox bədbəxtlik gətirir. Məhz onun zamanında Cəbəlavi ölür və küçə Arifin sehrini mənimsəyən zalım vəkilxərcin əlinə keçir. Vəklxərc Ariflə yoldaşını diri-diri torpağa gömsə də Cəbəlavinin övladlarının o xoşbəxt səadətə yetişmək arzularını əllərindən ala bilmir.

Küçədə də xəbər yayılıb ki, Arifin qardaşı Hanaş onun sehr dəftərini əldə edib, hardasa gəncləri toplayıb onlara sehr (oxu: bilik) öyrədir. Hanaş və onun tərəfdarları bir gün mütləq qayıdacaq. Çünki əsərin son cümləsində yazıldığı kimi: “Gecənin ardından gün necə doğursa ədalətsizlik də bir gün bitəcəkdir. Müstəbidin ölümünü də görəcəyik, işığın və möcüzələrin doğuşunu da.”

Görünür, böyük yazıçı insanlıq barədə ümidlərini itirməyib. Romanı bu cür bitirməklə Cəbəlavinin övladlarının (oxu: insanlığın) yenidən haqq yoluna qayıdacağına, səhrada (oxu: Yer üzərində) nə vaxtsa insanların xoşbəxt olacağı bir küçə (oxu: cəmiyyət) qurulacağına səmimi-qəlbdən inanır. Bizə də Nəcib Məhfuza inanmaq qalır.

# 1305 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #