Aqşin Evrən: “Məni Ermənistanda da oxuyurlar”

Aqşin Evrən: “Məni Ermənistanda da oxuyurlar”
11 fevral 2016
# 09:00

Kulis şair Aqşin Evrənlə müsahibəni təqdim edir.

- Aqşin, istəyirəm əvvəlcə qısa bir arayış verək. Harda anadan olmağın, təhsilin barədə...

- 1990-cı ildə Əli Bayramlıda Yer kürəsinə gəlmişəm. Orda 11 nömrəli məktəbdə oxumuşam. Mənə elə gəlir ki, ədəbiyyatla bağlı olan hər şey elə o 11 nömrəli məktəbdən başladı. O vaxt – təxminən 2-ci sinifdə oxuyanda bir şeir yazmışdım. Bunu müəlliməyə göstərmişdim. Doğrusu, onda şeirin varlığından xəbərsiz idim. Sadəcə hardasa bu formada mətn olduğunu görmüşdüm. Müəllim məni məktəb direktoruna tərifləmişdi ki, bu çox böyük adam olacaq. O vaxtdan aldatmışdılar elə. - gülür. - Sonra nənələrin danışdığı “Qarğa və tülkü” nağılını başqa variantda yazmışdım. Orda avamlıqdan, tülkünün qarğanı aldatmasından bəhs edirdi. Mən onu belə yazmışdım: qarğanın ağzındakı yağdır, tülkü qarğanı aldadana qədər o yağ əriyir, düşür yarpaqların üstünə. Yəni burda nə hiyləgərlik qalib gəlir, nə də avamlıq qalib olur. Nəsə, 90-ci illərdə - 9 yaşımda belə bir postmodernist mətn yazmışdım. – gülür.

- Deməli, uşaq vaxtından istedadlı olmusan.

- Təmsili yaman günə qoymuşdum. Yadıma gəlir ki, o gündən sonra qarğa da, tülkü də gözümə tamam başqa cür görünürdü.

- Məktəbdən sonra qəbul oldun universitetə...

- Universitetə qəbul olmamışdan əvvəl bir şeyi deyim ki, 11 illik məktəb vaxtında bizim şəhərdə bir axın gəlmişdi: hamımız məzmunsuz replər yazırdıq. Elə repçilər var idi ki, məhəllədə elə yeriyirdi, elə bil indicə “Hərb və sülh”ü bitirib gəlib.

- Özü də “Hərb və sülh”dən xəbəri yox.

- Nəinki “Hərb və sülh”dən, heç hərbdən, sülhdən də xəbəri yox idi. Hə, sonra möcüzəli bir şəkildə Bakı Slavyan Universitetinə qəbul oldum.

- Niyə möcüzəli?

- Uşaqlıqdan riyaziyyat, kimya, fizika məni həmişə kənara itələyib. Halbuki indi baxıram, həqiqətən çox maraqlı elmlərdir, vaxt olduqca bu sahəni də mütaliə edirəm. Riyaziyyatdan çox zəif idim. Deməli, qəbul imtahanında testdə riyaziyyatdan olan iki sualı səhvən düz yazmışdım. Camaat sürüşdürüb səhv yazır, məndə əksinə oldu. – gülür. – Elə riyaziyyatdan yazılan o iki düz cavaba görə universitetə qəbul oldum.

- Sənin ədəbiyyata gəlməyin də qəribə oldu. Bir də gördük Aqşin Evrən adlı şair var. Qəfil oldu sanki.

- Hə, məncə də, qəfil oldu, bir neçə ayın içində. Əslində hərbi xidmətdən əvvəl də şeirlər yazırdım. Maraq da doğurmuşdu. Hərbi xidmətə gedəndə düşünürdüm ki, bir də belə şeirlər yaza bilməyəcəm. Mən əsgərlikdə cəmi iki şeir yazdım. Orda çoxlu çətinliklər görmüşdüm, ağrılar, sarsıntılar. Hərbi xidmətdən gələndən sonra isə bir duyğu axını gəldi, o bir ildə yaşananlar yazıldı. Ona görə də düşünürəm ki, bir anlıq ortaya çıxmaq məhz bunun nəticəsi idi. Məsələn, yazar dostlarımızın çoxusu əsgərlikdən qayıdandan sonra yazmadı. Mənə qəribə gəlirdi ki, yad bir sistem, ölümlə üz-üzə qalmaq bir yaradıcı adama necə təsir etmir? Bəzən zarafatla deyirlər ki, səni tez-tez əsgərliyə göndərmək lazımdı. – gülür.

- Əsgərlikdə harda idin?

- Qazaxda, adsız yüksəklikdə. Bildiyimə görə, bizim xidmət elədiyimiz yer əvvəl Ermənistan torpağı olub. Biz orada azərbaycanlıdan daha çox erməni görürdük, Azərbaycan itindən daha çox, erməni iti görürdük. Erməni iti çox ağrılı ifadədir. Orda çox qəribə adamlar var idi. Məsələn, məndən soruşurdular ki, ağac niyə belə bitir, Çingiz xan özünə necə ad günü keçirib? Ceki Can döyər, yoxsa Brüs Li? Belə absurd və heç yerə dayanmayan suallar. Ali təhsilli olduğumu bildikləri üçün onlara elə gəlirdi ki, mən hər şeyi bilirəm. Bir də hərdən bloknotda qeydlər aparırdım deyə...

- Maraqlıdır, nə yazırdın?

- Orda elə situasiyalar baş verirdi ki, onu nəsrdə sonradan işləmək olardı. Detalları qeyd edirdim.

- Amma çox vaxt blaknotu əlindən alırdılar...

- Mən belə halla rastlaşmamışam. Amma posta qalxandan sonra yazmaq daha da çətinləşdi. Bəzən siqaretin kağızına yazırdım. Yazdığım bir-iki şeiri külək vurub aparmışdı ermənilərin səngərinə. Zarafatla deyirdim ki, məni Ermənistanda da oxuyurlar. – gülür. – Hərbi hissənin aurası həqiqətən də öz sisteminə uyğundur. Ağacları, divarları təbiətdən uzaq. Hətta başqa vaxt sevimli görünən itləri belə diktator simalı idi, yanımızdan keçəndə az qala, hərbi salam verək. – gülür. – Havası o qədər sıxıcı, diktatura təsiri bağışlayır ki, darıxmamaq mümkün deyil. Orda hətta Nizamini, Səməd Vurğunu tanıyan adam görəndə sevinirdim, ona şirniyyat-filan alıb verirdim. Deyirdim ki, qardaş, səni qorumaq lazımdır.

- Hələ də əsgərlik təəssüratların güclüdür, yaddan çıxmayıb...

- Bu hadisələr əsgər yoldaşlarımla elədiyim davamlı söhbətlərə görədir. Həm də hər gün müharibə filmlərinə baxıram. Atam da Qarabağ döyüşçüsü olub deyə, müharibə mövzusu mənim taleyimdə bir faciə dalğasıdır. Bir də hazırda müharibə ilə bağlı qeydlər aparıram, nə vaxtsa bu mövzuda irihəcmli nəsr əsəri yazmağı düşünürəm. Ona görə o xatirələri, detalları tez-tez yadıma salıram.

- Nəsr dedin, yadıma düşdü. Əvvəllər də hekayələr yazırdın, məncə.

- Əslində, onların heç birini yazmamışam. Mən nəsrə həddindən artıq həssas yanaşıram. İndi uzun müddət üzərində işlədiyim bir hekayə var.

- Şeirlə yadda qalmısan. Hazırda şeir yazan ən ciddi iki-üç imzadan birisən. Bu nəsrə keçid nəyə görə lazımdı?

- Şeir necə ki adamı rahat buraxmır, istəyir yazasan. Məndə nəsr də belədir. Qabağıma məqsəd qoysaydım ki, nəsr yazacam, indi 6-7 hekayəm olardı. Sadəcə bir neçə mövzular var, onlar məni rahat buraxmır. Yəni bu nəsrin maqnit qüvvəsini özümə də izah edə bilmirəm.

- Aqşin Yeniseydən sonra Aqşin Evrən. O dönəmin ən istedadlısı Yenisey idi. Sən də bu dəqiqə kifayət qədər tanınırsan, sevilirsən. Ancaq tale elə gətirib ki, səndən əvvəlki nəslin ən parlaq imzası ilə eyni adı daşıyırsan. Özü də bir müddət bir yerdə işlədiniz.

- Hərbi xidmətdən qayıdandan sonra bir neçə ay dincəldim, sonra qərara gəldim ki, işləyim. Başladım iş axtarmağa. Əli Bayramlıda marketlərin birində kassir kimi işə düzəldim, amma kartof da, un da daşıdım. Bir gün bir ağbirçək xalanın birinə kartof çəkməsi üçün kömək edirdim, Aqşin Yenisey zəng elədi. Dedi ki, səni izləyirəm, yeni sayt açırıq, istedadlı gəncləri toplayırıq, istəyirəm sən də bizimlə olasan. Müdirə gedib dedim ki, mənə belə bir təklif gəlib, artıq burda işləyə bilmərəm. Həm də ora mənlik yer deyildi. Cəmi 25 gün orda işləmişdim, başladım Aqşinlə birlikdə saytda çalışmağa. Məsələn, Seymur Baycan deyirdi ki, mənə Zamin Hacı kömək elədi üzə çıxmağa, mənə də əl tutan Aqşin Yenisey oldu.

- Aqşin Yeniseyin adının kölgəsi səni narahat etmədi ki?

- Yox, qətiyyən narahat etmədi. Mən yazandan sonra gördüm ki, şeirlər öz oxucusunu tapır və proses getdikcə daha geniş şəkildə davam edir. Mətn elə bir şeydi ki, o gedib öz oxucusunu tapır. Bu gün yüzlərlə adam Yeniseyin də, mənim də şeirlərimi oxuyur, sevir. Məsələn, elə oxucu olub ki, virtualda məni tapa bilməyib, axtarıb gəlib evimin qapısını döyüb. Sonra Ukranyadan bir xanım zəng eləyib ağlayırdı.

- Gənc xanım idi?

- Ağlamağın yaşını bilmədiyim üçün tuta bilmədim. – gülür.

- İndi şeirdə ən çox oxunan Cəlil Cavanşirdir, Şəhriyar del Geranidir, Qismətdir, sənsən. Ümumiyyətlə, bu nəsli necə görürsən? Güclü bir nəsildir, səncə? Şeirin gələcəyi anlamında...

- Nəzəri bilgim o qədər yoxdur. Amma onu deyim ki, son 20-30 ildə yazılan şeir Azərbaycan poeziyasının ən yüksək zirvəsinə çatıb. Sadəcə bunu oxucuya inandırmaq lazımdır. Bizdə bəşəri şeir az yazılır. Bəlkə də dünyada bəşəri şeir yazmayanı döyüb eləyərlər. – gülür.

- Bu adı çəkilən imzaları necə xarakterizə edərdin?

- Şeirin texnikası, forması, fəsləfəsi haqqında elə də dərin mütaliəyə sahib deyiləm. Yəni bunu Əsəd Cahangir kimi izah edə bilməyəcəm.

- Əsədi ironiya ilə deyirsən, yoxsa ciddi?

- Yox, ciddiyəm. Əsəd Cahangirə məsələn şibyələrin tərkibindəki molekkulardan sual ver, cavab verəcək. – gülür. – Hə, qaldı ki xarakterizə etmək məsələsinə. Bizdə son dövrlər bütöv şairə rast gəlmirəm. Məsələn, müharibə mövzusunda Emin Pirinin şeirini bəyənirəm, yaxud sevgi mövzusunda Qismətin şeirlərini, səmavi şeirlərdə Elçin Aslangili. Ancaq ümumi, bunların cəmindən yaranan poeziya hələ rastıma çıxmayıb.

- Aqşin Yeniseydə necə?

- Aqşinin çox gözəl şeirləri var. Amma düşünürəm ki, Aqşinin xəstəxanadan sonra yazdığı şeirlər daha dünyəvi, bəşəridir.

- Şeirdə özünü hansı xətdə görürsən?

- Bu baxımdan Azərbaycan poeziyasında heç bir xətdə özümü görmürəm. Amma mənə deyirlər ki, sənin şeirlərində Nazim Hikmət xətti var. O bəşərilik, dünyəvilik onda çox böyükdü. Adam Səməd Vurğunla görüşüb, oturub-durub, eyni dövrdə yazıb yaradıb. Səməd Vurğun gedib cüyürdən, ceyrandan şeir yazıb, Nazim Hikmət isə Xiroşimaya atılan bombadan, II Dünya müharibəsinin ağırlığından yazıb. Yəni mənim şeirdə axtardığım məhz bəşərilikdir.

- Keçən dəfə bir statusunda gördüm. Yazmışdın ki, rus ədəbiyyatşünas Aleksey Larin bir neçə şeirimi oxuyub, əziyyət çəkib məni gələcəyin Nobelçisi kimi dəyərləndirib. Nə məsələ idi?

- Dostumuz Nicat Məmmədov şeirlərimi tərcümə etmişdi. Moskvada təhsil alan Vasif adlı bir dostum var, onunla danışmışdım, demişdi ki, şeirlərini göndərər, burda jurnalda çap edək. Məndə də ruscaya tərcümə olunmuş şeirlər olduğu üçün göndərdim. Sonra Vasif mənə zəng vurdu ki, Aleksey sənin şeirlərin haqda qəşəng-qəşəng sözlər dedi. Hətta dedi ki, bu adam gələcəyin Nobelçisidir. Mən statusu bir az da zarafata yazmışdım. 2-3 jurnalist xəbəri dəqiqləşdirmək üçün əlaqə saxladı. Sanki Nobelə təqdim olunmuşdum. – gülür.

- Fikir vermişəm, bir az pintilik var sanki şeir dilində. Bu mənə Əli Kərimi xatırladır. Məsələn, bəzən baxıram şeirlərinə, deyirəm bu sözü redaktə etmək olardı. Aydındır ki, bu istedadsızlıqdan belə yazılmayıb. Bunu məqsədyönlü edirsən?

- Bizdə şairlərin çoxu yazdığı şeiri oturub saatlarca redaktə edir, üzərində işləyir. Ancaq məndə elə deyil, kağıza yazıram, sonra köçürürəm komputerə, necə var elə qalır. Elə şeir olur yarımçıq qalır, eləsi var dəyişməlidir. Mən o şeirlərin üzərində işləmirəm, redaktə etmirəm. Təbii formasında saxlayıram. Amma fikirləşirəm ki, kitabda artıq yerləri düzəldim.

- Kitab nə vaxt çap olunacaq bəs? Sənin heç kitabın da yoxdu.

- Kitab əslində keçən il çıxmalı idi. Tənbəlliyim üzündən gecikdi. May ayına istəyirəm kitabı hazır edim. Əslində çox təkliflər oldu. 800 manat qonorarla çap etmək istən vardı. Adam olub ki, bir misramı oxuyub zəng eləmişdi ki, hazırla kitabını çıxardım. Heç biri alınmadı. Bu mənim bir az tənbəlliyimdən, yorğunluğumdan irəli gəlir. İşdən çıxıram, biri zəng edir, gedib orda on şeirlik söhbət edirəm, amma gəlib evə 10 şeir redaktə edə bilmirəm.

- Səndən sonra yazılanlara münasibətin necədir? İstedadlı gördüyün biri varmı?

- Bir dəfə biri dedi, sizdən sonra gələn nəsil mənasız yazdı, mən də dedim ki, bizdən sonra gələn nəsil yox, gəlməyən nəsil. Hələ ki, diqqətimi çəkən imza yoxdur. Son dövrdə məni heyrətləndirən şeir yaranmayıb, amma inanıram ki, yaranacaq. Mən istedadlı adam görəndə həqiqətən xoşbəxt oluram.

- Ədəbi mühitdə paxıllıq olur amma...

- Hə, belə şeylər təəssüf ki, çox olur. Amma mənə elə gəlir, istedadlı adam paxıllıq çəkməz. Kim paxıllıq çəkirsə, deməli, onun istedadı natamamdır.

- Səndə bir şey diqqətimi çəkib: heç vaxt intriqaların, polemikaların içində olmursan. AYB, yaşlılarla dava və s.

- Əslində bunların mənim üçün zərrəcə əhəmiyyəti yoxdur. Elə olur ki, hansısa jurnalist filan mövzuda rəyimi soruşur. Baxıram ki, bunun ədəbiyyata dəxli yoxdur, hətta içki məslisində belə ediləcək söhbət deyil. Bu tip sorğulara cavab vermirəm ona görə. Özü də heç bir təşkilatın, nə AYB, nə AYO-nun üzvüyəm. AYB-dən təklif ediblər, hətta əlimdən tutub aparan da olub üzv olmağa. Siqaret alıb gələcəm deyib qaçmışam əllərindən. – gülür. - Bunun elə ciddi bir səbəbi yoxdur, ola bilsin nə vaxtsa gedib üzv olaram. Ancaq istəmirəm ki, istedadı, mətni hansısa təşkilatın çərçivəsinə sığdırım.

- Təkcə bu ədəbi qovğaları demirəm. Məsələn, bir çox yazarlar polemika yaradacaq fikirlərlə, yazılarla çıxış edir. Ancaq sənin polemika yaradacaq yazın olmayıb.

- Tutaq ki, köşələr yazmışam, buna görə təhqir də, tənqid də olunmuşam, hətta söhbətə çağıran da olub. Məsələn, bir oğlan şeirimi öz sevgilisinin telefonunda görüb, sonra mənə yazdığı təşəkkürü. Yazmışdı ki, sevgilimi bloka at. Mən də dedim, bəlkə daha şeir yazmayım. – gülür. – İndi publisistka da yazmışam, amma həmişə ədəbiyyatdan kənar mövzular olub. Məsələn, hərbi xidmətdəki boşluqlar haqqında yazıma görə məni az qala vətən xaini çıxartmışdılar. Halbuki bu fikri deyənlərin çoxusu avtomatın necə tutulduğundan xəbərsizdir. Necə deyim, bu polemika yaradacaq yazılar, fikirlər mənim içimdən gəlmir.

- Amma Fikrət Qoca haqqında nəsə demişdin...

- Hə, demişəm. Məndən Anarı da soruşublar, tənqid də etmişəm, müsbət tərəflərini də demişəm. Fikrət Qocanı da elə. Amma bu söhbətlərdən uzaq dururam. Dostumuz Emin Piriyə də neçə dəfə demişəm ki, bala, belə məsələlərə qoşulma, otur şeirini yaz. Yaşlı yazıçılarla gənc yazarların münasibəti artıq sırtıqlaşma mərhələsinə gəlib. Burda da ən çox gənc dostlarımız uduzur. Ona görə ki, Fikrət Qoca və digərləri artıq yazdıqlarını yazıblar. Gənc dostlarımız isə bu cür mənasız işlərlə, Fikrət Qocanı, Anarı tənqid etməklə ədəbiyyat kontekstindən uzaqlaşırlar. Bu dəqiqə Fikrət Qocanı tənqid edənlər onun mətnlərinə oxunan mahnılara qulaq asıb feyziyab olanlardır. Amma Fikrət Qoca gəlib “Bakı-2015” adında düşük bir şeir yazdı. Sənin 80 yaşın var e. Sən bu dəqiqə gəncləri başına yığmalı, onlarla söhbətləşməlisən. Artıq Fikrət Qocanı Allahın, ədəbi taleyinin ixtiyarına buraxmaq lazımdır.

- Yeni şeirlər var?

- Hə, “Unutmağın resepti”ndən sonra iki şeir yazmışam.

- Gec-gec yazırsan deyəsən...

- Elə şair var, deyir, günə beş şeir yazıram. Sanki şeiri kartof qızartmasıdır, istədiyin vaxt ortaya gətirə bilərsən. Bu qədər ağrı, acını həzm etmədən yazılan şeiri başa düşə bilmirəm. Ayrılan kimi şeir yazırlar.

- Orhan Veli şeirində yazmışdı ki, mən ən çox bu misra ilə tanınıram: “Yazık oldu Süleyman efendiye”. Özünün ən çox xoşuna gələn misran hansıdır?

- Bu məndə situasiyalara uyğun dəyişir. Məsələn, anam üçün darıxanda bu misra yadıma düşür: “Anam evdən getdiyi gün bizi də çölə atdı ev, həsrət qaldıq evimizə”. Atam üçün darıxanda isə “Atam siqaretin tüstüsü ilə öyrətdi bizə gələcəyin dumanlı olacağını” misrasını xatırlayıram. Ya da “Barmaqların əllərində sırsıra tək sallanar”, “Boynunu üşüdər onun aldığı şərf də”. Doğrusu, mən şeiri yazıram, sonra onu öz taleyinin öhdəsinə buraxıram. Bundan sonra şeir artıq öz taleyini yaşayır.

# 2066 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #