Həmid Herisçi: “Bəlkə də Klara adamyeyən idi”

Həmid Herisçi: “Bəlkə də Klara adamyeyən idi”
9 iyun 2015
# 10:24

Kulis yazıçı Həmid Herisçinin "oğru dünyası" və Zerkalo Klara haqda müsahibəsini təqdim edir.

-Həmid müəllim, “Qanuni oğru” necə olur?

- Həmişə istəyirdim ki, bu dünyanı öyrənim. Oğrularda belə bir şey var. Onlar zindanda olmalıdır. Çölə çıxanda da buna sadəcə gəzmək kimi, pul xərcləmək kimi baxırlar. Oğru aləminin qanunu budur. Çünki , oğru qanunları orada daha yaxşı işləyir. Oğru adətən bütün günü döşəyin üstündə uzanır və olanlara nəzarət edir. O, yerindən duranda hansısa bir haqq-hesab, yaxud ad vermək üçün qalxır. Oğru döşəkdən qalxanda sanki, ilan qəbirdən qalxır.

Bir cəhət də var ki, oğruların bədənlərində çoxlu döymələr olur. Bunların da hərəsinin öz mənası var. Oğru dünyasının bir şərti var- oğrunun öz oyun kartları olmalıdır. Kartı gərək, özün yaradasan, nişanı özün təyin edəsən. Bunların içərisində 4 dama, kral olur. Onlar bir-birlərinin dilini bu kartla başa düşürlər. Sanki, paroldur. Kartlarda onun əsgərləri həkk olunur. Kartlar rəmzi məna daşıyır.

- Oğru dünyasında hansı cəza üsullarından istifadə edilir?

- Bu dünyanın xüsusi qanunları var. Məsələn, kimsə günah edəndə təsbehlə başına vurmaq bu aləmdə bir ağır cəza idi. Bundan başqa onların “Qaqarin üsulu” deyilən cəzası var. Onlar günahkarı yumru bir şkafa qoyub pəncərədən atardılar. Onlar buna “Qaqarin cəzası” deyirlər. Bu cür ağır cəza üsulları olur.

- Bildiyimizə görə, sizin də “oğru aləmi”-ndə dostlarınız olub. İstərdim, bu haqda danışasınız.

- Doğurdan da həyatımın bir dönəmində oğru dünyası ilə sıx təmasda olmuşam. Çünki, mən ideologiyaları çox sevirem. Oğru qanunları da ideologiyadır. Bununla əlaqədar bir gün Bakının məşhur Kubinka ərazisində yerləşən məhəlləyə getdim. Orada oğru dünyasının nüfuzlu simalarından olan Zerkalo Klara qalırdı. Oğru deyəndə ilk növbədə insanın beyninə kişilər gəlir. Amma mənim qismətim elə gətirdi ki, mən Zerkalo Klaranın sayəsində bu aləmin adət-ənənələri ilə tanış oldum.Onunla ilk tanışlığım indiyə kimi yadımdadır. Kubinkaya çatanda yolun başlanğıcında , Əbilov küçəsində yanmış söyüd ağacı var idi. Sanki, nağıllardakı kimi. Elə bil bu ağac rəmzi məna daşıyırdı. Taxta qapını əlimlə itələyib həyətə girdim. İlk olaraq gördüyüm bir heyva ağacı oldu.Özüdə çiçək açdığı bir dövr idi. Sanki, bir nağıl aləmində idim. İçəri keçəndə qədim bir Misir mumiyasını xatırladan bir canlı, bəlkə də cansız - Zerkalo Klara ilə qarşılaşdım. Bədənində çoxlu döymələr var idi. Misir heroqliflərini xatırladırdı. Əlini yavaş-yavaş qaldırıdı. Baxışlarında bir lənglik var idi. Amma nitqi çox sərrast idi. Rus və Azərbaycan dillərində sərrast danışırdı. Bizim aramızda isti bir söhbət alındı. Mənə elə gəldi ki, Misir fironlarının ehramına girmişəm, orada bir mumiya qəbirdən çıxıb mənimlə danışır. Həqiqətən də mənzərə o cür idi. Söhbətimiz əsnasında o, mənə çox inandı. Növbəti görüşlərimizin birində bir mövzu ilə bağlı danışırdıq. Mövzu tez-tez mövqeyini dəyişən, ikiüzlü, saxta insanla bağlı idi. Klara ilə qərara gəldik ki, müzakirəyə çıxardığımız o ictimai-siyasi fiquru “balerina” adlandıraq. Oğru dünyasında belə bir söz var ki, mövqeyini tez-tez dəyişən ,satqın adamlara balerina deyirlər. Çox sərrast söz idi. Həqiqətən də adını çəkmək istəmədiyim o şəxs bu gündə balerinalıq edir.

- “Oğru dünyası”nın qanunları və cəzaları haqqında nələri demək olar?

- Oğru dünyasının əsasında adqoyma dayanır. Bu adlar o qədər sərrast və dəqiq idi ki, mövzunu bütövlükdə açırdı. Klara bu sirrləri mənə bir-bir öyrədirdi. Görüşlərimizin birində bir şəxs haqqında danışırdıq. Fikirləşdik ki, ona nə ad verək. Oğru dünyasında xüsusi sözlərdən biri də “arxeoloq” idi. Bir insanı tutmaq istəyirlər, amma bir səbəb yoxdur. Onun cibinə nəisə atıb tuturlar. Sonra müstəntiq gəlib onu tapır. Bu sözün də mənası çox dərindi. Lotu Bəxtiyarın həbsində belə bir hadisə baş vermişdi. Onu həbs etmək üçün cibinə tapança atmışdılar. Həmin müstəntiq orada məhz arxeoloqluq etmişdi. Oğrular qaz kimi ayıq olurlar. Ona görə onlar iz buraxmırlar. Məlumdur ki, oğruların həyətində qazlar saxlayırlar. Çünki, qazlar çox ayıq bir heyvanlardı.

- “Qanuni oğru”ların mətbuata münasibəti necədi?

- Ümumiyyətlə bir söz deyim ki, oğrular müsahibə verməyi, nə isə haqqında danışmağı sevmirlər. Amma Klara mənə bu haqda çox maraqlı bir fakt demişdi. O, deyirdi ki, bir oğrunu digəri vurubsa, bu haqda mətbuatda məlumat gedirsə, aydın şəkildə göstərilirsə onu öldürən şəxs kimdir. Bu o deməkdir ki, həmin oğru onun yerinə gələcək. Məsələn, fikir verin . Ded Xasan oğru dünyasının başçısı idi. Onun vurulmasında Rövşən Lənkəranskinin adı qeyd edildi. Bu o deməkdir ki, oğru dünyasının tacı Rövşən Lənkəranskiyə verilib. Bu sirri mənə Klara demişdi.

- Zerkalo Klaranı qeyri-adi edən nə idi?

- Klaranın fərqli cəhətləri çox idi. Klaranın həyatında qeyri-adi hadisələrdən biri onun pasportunda qızı əvəzinə “oğlu” yazılması idi. O,zindandan çıxanda təzə pasportuna belə yazdırmışdı. Bu müdhiş bir əhvalat idi. Hətta onun qədim bir güzgüsü var idi.O , güzgünü tutatnda “oğlu” sözü “oğru” kimi oxunurdu. Onun bu aləmdə bir qədər sıxıntı yaradan hal qadın olmağı idi. Bu problemi də O, öz pasportunda həll etdirmişdi. O öz pasportunu mənə verdi və bildiridi ki, bunu sənə ona görə vermişəm ki, sən də bunu yaşadasan. Onun çox qəribə şəkilləri də var. İki oğlu və özü zindanda.O, istəyirdi ki tarixdə qalsın. Ona görə o bunları mənə verdi.
Bundan əlavə onun xüsusi bir cəhəti də var idi. Zerkalo Klaranın barmaq izləri yox idi. Bu onu qeyri- adi adam edirdi. Torvaldın “Kriminalistika tarixi ” adlı kitabında yazılıb ki, barmaq izlərini ləğv etmək mümkün deyil. Bu əslində yanlış informasiyadır. Bunu bilərəkdən belə təqdim edirlər. Amma barmaq izlərini dəyişmək olar. Klarada isə bu anadangəlmə belə idi. Uzun müddət qaranlıq aləmdə qalanda insanın beynində “melatanin” adlanan maddənin ifrazı güclənir. Qədim dərvişlər də bunu belə edirdilər. Bu da insanın bəsirət gözünü açır. Klaranın kor olması da uzun müddət zindanda qalması olmuşdu. O, fikirləri qabaqcadan oxuyurdu. Hətta dolların qoxusunu, iyini bilirdi. Bu da onun fərqli xüsusiyyətlərindən idi.

- Stalin dövründə oğrulara münasibət necə idi?

- Ümumiyyətlə, oğru dünyası ilə dövlət arasında bu və digər dərəcədə əlaqə var. Bu əlaqə ola bilər çox da kobud deyil. Daha demokratikdi. Bildiyimə görə İosif Kabzon Sovet dövründə məhbəslərdə konsertlər zamanı oğrularla görüşərdi. Onlara xəbərləri aparıb gətirərdi. O,bir infarmasiya xətti idi. Buna görə də, bu gün də onun hörməti var. O, gizli bir mediadır. Onlar növbəti baş oğrunun seçilməsində əsas rol oynayırlar. Klara elə Stalin dövründə yaşayıb.

Ona nəzarət edən xüsusi bir şəxs var idi. O Klaranın vəkili idi. Zindana düşən kimi həmin şəxs Klaranın yanında görsənirdi. Familyası da Baqalyuv idi. Vəkildən çox təhlükəsizlik komitəsinin generalı kimi görünürdü. Ola bilər ki, Klaradan hətta hansı düyünlü cinayətin açılmasında istifadə olunurdu. Ancaq Klara ağzıbütöv insan idi. Onlar bilirdi ki, Klara ideoloji insandı.

- Ümumiyyətlə Zerkalo Klara neçə il məhbəsdə olub?

- Onun həyatının 32 ili məhbəsdə keçib. Bədənində olan döymələr də hər bir ilin əlaməti idi. Zerkalo Klara ilk həbsini Mardoviya Avtonom Respublikasında keçirib. Orada Elyanora Fransevn adlı bir cinayətkarın yatdığı bir xüsusi otaqda qalıb. Həmin qadın Klaraya bir çox şeyləri öyrədib. Onun çox zəngin kitabxanası olub. Klara o qadını çox hörmətlə xatırlayırdı. Hətta ona “müəllimim” deyirdi. Klara bir dəfə mənə dedi ki, Taşavuzda –Qırğızıstanda adamyeyənlərin kaloniyasında olmuşam. Buna əvvəlcə o qədər də fikir vermədim. Klara öləndən sonra bu söz yenidən beynimdə fırlandı. Klara bəlkə özü də hannibalist olub. Çünki, onlar çətin vaxtlarda ola bilər di ki, insanları kəsib yesinlər.

-Müasir dövrün oğruları ilə münasibətiniz varmı?

-Zerkalo Karadan sonra mənim bu aləmdən əlaqəm soyudu. O, ölənə qədər işin içində idi. Amma istərdim yenə əlaqələrim olsun. Qanuni oğrular yazıçılarla görüşmürlər. Amma istərdim ki, Rövşən Lənkəranski ilə görüşüm, onun portretini çəkim. Qulinin da adını çəkirlər. Amma eşitdiyimə görə Quli qanunlara tabe olmayıb. Mənim bir vaxtlar “razborka” adlı bir layihəm olub.İstərdim o layihənin ikinci həyatını yaradım.\femida.az

# 5924 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #