Ruhların rəqsi - Hekayə

Ruhların rəqsi - <span style="color:red;">Hekayə
28 fevral 2019
# 15:45

Kulis.az Təranə Fazilqızının "Ruhların rəqsi" hekayəsini təqdim edir

Yorğun vücudunu çarpayıya sürüyüb atdı. Pərqu kimi yumşaq balışa yayxanıb gözlərini yumdu...

Qulağının dibində səs salan çıqqıltıya gözlərini açmadan qışqırdı. Xarabada yatmağa da qoymurlar! Əlini balışın altına salıb üzünü çevirdi. Səs daha möhkəm, cingiltili gəldi. Əsəbi halda çarpayının yanındakı tumbuçkaya əlini uzatdı, səsi sakitləşdirmək istədi, alınmadı. Yarıaçıq gözü səs gələn tərəfə baxdı. Saçına taxdığı sancaq sürətli şəkildə telefona dəyərək tərpənir, getdikcə də fırlanırdı. Nə olduğunu anlamayıb, əşyaları əliylə saxlamağa çalışdı. Bu inandırıcı deyildi. Tumbuçkanın üstündəki dərmanlar, saç sancağı, telefon bir-birinə dəyib qulağının dibində cingildəyirdi.

Bir anda yuxu olmadığını bilib ətrafa diqqətlə baxdı. Yarıqaranlıq otaqda kimsə yox idi. Telefonun işığını çırağa tutdu, yəqin zəlzələdir, deyə, düşündü. Gözünü çıraqdan çəkmədən baxdı. Bir müddətdən sonra, göz qapaqları ağırlaşıb yumuldu. Nə qədər keçdiyini bilmədi, otağın digər tərəfində nəsə yerə düşdü. Diksinib yerində oturdu, ətrafı diqqətlə gözdən keçirdi. Yoox, bu zəlzələ deyildi. Bəs əşyalar niyə belə dayanmadan tərpənirdilər. Canına üşütmə düşdü. Ayağa durub başmaqlarını geyindi. Tül pərdənin arxasında yayxanmış pişiyini görüb gülümsədi. Mətbəxin işığın yandırıb su qrafininə doğru getdi. Stəkanı əlinə alanda donub qaldı. Stolun üstündə oturan pişik gözlərini zilləyib ona baxırdı. İçini çəkib, “Bisimillah” dedi. Axı, bu necə ola bilər. Onun ki, əkiz pişiyi yox idi. Bəlkə onu qara basır? Qaçaraq yataq otağına girdi. Pişik pəncərənin önündə quyruğuyla oynayırdı.

Qorxudan dizləri əsdi, nəfəsi təngidi, özünü toxtamağa çalışdı. Bu azmış kimi arxadan gələn hənirtini eşidəndə bütünlüklə vücudu gizildədi. Az qala onu qucaqlayan birinin nəfəsini kürəyində, boynunda hiss etdi. Qulağına pıçıltıyla deyilən sözü anlamasa da, tükləri biz-biz oldu. Qışqırmaqdan özünü güclə saxladı, gözləri bərəlmiş halda nə edəcəyini fikirləşdi. Burda kim var? – deyib, qəfil arxaya çöndü, heç kim yox idi. Allahı, peyğəmbəri köməyə çağırıb yatağına doğru getdi. Çarpayıya çöküb için-için ağladı. Titrək əlləriylə ağzını tutub hıçqırtısını boğmağa çalışdı. İki gün əvvəl bitirdiyi “Ruhların qaçışı” kitabı bir vaxtlar şamanlar haqda oxuduğu üç təbəqəli virtual həyatı xatırlatmışdı. Maraq güc gəldiyindən hər dəfə bu üçlükdən birini - səma, yer, yerin alt qatına səyahəti sınasa da, cəhdi uğursuz alınmışdı. Bəlkə də indi onu narahat edən yer üzündəki qara ruhlar idi. Bir yerdə büzüşüb oturduğundan qıçları qıc olmuş, bədənini soyuq tutmuşdu. Ayağa durub gərnəşdi. Çiyninə saldığı toxunma şalı qollarına sarıdı. Qonaq otağının işığını yandırıb yan otağa keçdi. Yorğanın içində yığılıb yumağa dönmüş atasına baxdı. Başı görünməsə də, xorultusundan varlığının sağlığı hiss olunurdu. Bir istədi onu oyadıb, evlərində ruh olduğunu desin. Sonra fikrindən vaz keçdi, uşaq kimi köməksiz, ölümdən qorxan atasına elə gələcəkdi ki, Əzrayıl onun canını almağa gəlib. Ağlından keçdiyinə gülməyi tutdu. Az qaldı şaqqanaq çəksin, özünü ələ alıb, yanaşı çarpayıdakı oğlunun yatmasına tamaşa etdi. Üzü üstə uzandığından çətin nəfəs aldığını görüb onu yanakı çevirdi. Üstünü örtüb, öz otağına keçdi. Çarpayıda bükülü oturub dirsəyini dizinə söykədi, barmaqlarını aramla saçında gəzdirib bir müddət ovxaladı. Deyəsən baş ağrı, həyəcan da keçib gedirdi. Səs-səmir kəsilsə də, işığı söndürməyə ürək etmədi. Yanılı qalsa heç nə olmaz, onsuz da bir neçə saatdan sonra işə gedəcəkdi. Gözünü qırpmadan tavana baxıb olanları götür-qoy etdi, qulağı səsdə bir–iki ağız əsnədi, nə zaman yuxuya getdiyini özü də bilmədi...

***

Dizlərini yerə qoyub sərin bulaq suyunu qurta-qurtla içdi, yanğısı getmədi. Ovuclayıb dönə-dönə içdi, üz-gözünü yudu, suyu boynuna, biləklərinə vurub, sinəsinə axıtdı. Vücuduna yayılan soyuq həzzdən silkələnib sevinclə qışqırdı.

Öz səsindən diksinib gözlərini açdı. Dəmir halqalarla örtülmüş qoşa pəncərəli iri otaqdadı. İçəridən dərman, kəsif sidik qoxusu gəlir. Üz-gözünu turşudub, burnunu büzür. Qurumuş boğazını, ağırlaşmış dilini islatmağa çalışır, yuxuda içdiyi suyun əvəzində palçıq tamı verən ağzının dadını əlinin yanı ilə aparmağa çalışır. Qolunu qalxızmaq istəyəndə dəmir çarpayıya bağlanmış ayaqlarını, əllərini görür. Təəccüblə əynindəki ağ köynəyə baxır. Ona elə gəlir ki, uzun müddətdir yataqdan durmayıb. Ayaqları, onurğa sütunu ağrıyır. Başını yana əyib ətrafı gözdən keçirir. Otaqda təxminən səkkizə qədər çarpayı var, deyəsən ikisi boşdu. Çaşıb qalır, varlıqlarını indicə hiss etdiyi adamların zarıltısını, xorultusunu eşidir. Bunlar kimdi, o hardadı deyə düşünür.

Ola bilməz, yooox, bu yuxudu. O gözlərini ovuşdurmaq istəyir, cəhdi boşa çıxır. Qollarını sıxan qayışı qəzəblə sağa-sola dartır. Lənət şeytana, ürəyi şiddətlə döyünür, gözləri qızarır. Onu bura kim, nə vaxt gətirib? Bəs niyə çarpayıya bağlıdı? Bəlkə o dəlidi? Nə dedin? “Həə, eşitdiyini dedim də, sən dəlisən, dəli!” İçindəki səs onu məsxərəyə qoyub gülməyə başlayır. O, vahimə içində qəzəblə qışqırır, var gücü ilə yerindən durmağa çalışsa da, vücudu dartılaraq çarpayıya doğru gedir. Bir an içində ona səs verən otaqdakılar canavar kimi ulaşırlar. Dəhşətlə onlara baxır. Yarıqaranlıq otaqda başlar çarpayıdan qalxıb üstünə gəlir. Saymağa başlayır. Bir, iki, üç... Gözlərini yumub son nəfəsinədək bağırır. Qəfil yanan işıq yarıqapanmış gözlərini qamaşdırır. Tez gözünü açıb ətrafa baxır. Qolu zorlu pəzəvənglər başları yerlərinə qaytarıb, onları sakitləşdirməyə çalışır. Ağ xalatlı qız yaxına gəlib əlini alnına qoyur, biləyin tutub nəbzini yoxlayır. Az qala dəli olacaq, bərəlmiş gözlərindən çoxlu suallar tökülsə də, fikrini deməkdə acizdi. Dili topuq vuraraq yorğun halda:

- Bura haradı, mən nə vaxtdan burdayam?

Tibb bacısı aramla çantanı açır, dərmanı doldurub iynəni damarına vurur, pambıqla üstünü basıb:

- Altı aydan çoxdur ki, psixoloji klinikada müalicə alırsız. Depressiya zamanı belə unutqanlıq adi hallardan biridir. Əsəbiləşməyin, indi sizə sakitlik lazımdır, çalışın yuxuya gedin. Yekəpərlərin ətrafında işini bitmiş hesab edib, qəfil gəldiyi kimi də gedir. Dəmir qapının ağır cırıltısı, açarın səsi qulağında əks-səda verir.

Cavabsız suallar bir anda yerə səpələnir. Onları yığışdırıb beyninə yığır. Yəqin o ağır xəstədi, sadəcə xəstəliyini, kimliyini unudub. Görəsən valideynləri, əri, uşaqları var? Bəlkə də... Yoox, əgər ərə getməyibsə, belə daha yaxşıdı. Gülümsədi, hətta xeyli sakitləşdi də. Ağırlaşmış gözləri tədricən yumuldu...

***

Hər tərəf dumandı, bədəninə dəyən pənbə buludları incəliklə yarıb keçir. Dağların arasından pilləkənlə yuxarı qalxır. Gördüyü mənzərədən heyrətlə içini çəkir, ucu-bucağı görünməyən meşələrə, sakit dənizə baxır. Günəşin qızılı rəngi dənizin üstünə xalı kimi sərilib. Gözünü qamaşdıran işıq selində rəngarəng quşlar səs-səsə verib nəğmələrini ona bəyan edirlər.

Bir anda yer-göy lərzəyə gəlir, qara bir əl onu götürüb başqa məkana atır. Üstünə daraşan qarğalar başının ətini dimdikləyir, gözlərini çıxarmağa çalışır. Özünü müdafiə etmək istəsə də alınmır. Püskürən vulkanların istisi üzünü, gözünü qarsıyır. Ağrıdan, əzabdan dizi bükülüb yerə yıxılır. Özünü ələ alıb ayağa durmaq istəyəndə qarğalar onu sürükləyib ucalıqdan yerə atır. Aşağıya doğru sürətlə getdiyindən vücudunun zərblə çırpıldığını hiss edib zarıyır...

***

Gözlərini açıb ətrafa baxır, deyəsən işə gecikib...

Könülsüz halda saata baxdı istirahət günü olduğunu bilincə sevincək yataqda qurcanıb gərnəşdi. Mətbəxdə oğlunu əzizləyən atasının səsini eşidib duruxdu. Bir anlıq gecə yaşadığı hadisələrdə nəyin həqiqət, nəyin yalan olduğunu dərk edə bilməsə də, sağlam olduğunu yəqin bilib şükürlər etdi. Düşüncələr burulğanında ayağa durub pəncərəni açdı. Saçlarını yelləyən təmiz havanı ciyərlərinə çəkib mətbəxə tərəf getdi...

# 1957 dəfə oxunub

Oxşar xəbərlər

Han Kanq:  "Onlar qurbana çevrilməmək üçün ölümü seçmişdilər" - Müsahibə

Han Kanq: "Onlar qurbana çevrilməmək üçün ölümü seçmişdilər" - Müsahibə

12:00 11 oktyabr 2024
"Mən bazar yazarı deyiləm!" - Həmid Herisçinin sərgi haqqında müsahibəsi

"Mən bazar yazarı deyiləm!" - Həmid Herisçinin sərgi haqqında müsahibəsi

12:00 10 oktyabr 2024
Yolun yarısı keçildi! - 10 möhtəşəm cild haqqında

Yolun yarısı keçildi! - 10 möhtəşəm cild haqqında

17:00 9 oktyabr 2024
Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar

Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar

15:00 4 oktyabr 2024
Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

09:00 2 oktyabr 2024
Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

14:30 1 oktyabr 2024
# # #