İşıqpulu yığan, Cəbiş müəllimə oxşayan şair

İşıqpulu yığan, Cəbiş müəllimə oxşayan şair
6 noyabr 2013
# 11:40

Yaddaşın da zirzəmisi olur… Həyatımızdan ani olaraq keçən təsadüfi adamlar, ömrümüz boyunca cəmi bircə dəfə rastlaşdığımız və elə həmin gün də unutduğumuz adamlar o zirzəmidə düşüb qalırlar. Təsadüfi demişkən, mən “həyat təsadüflərdən ibarətdir” tezisinə həmişə şəkk etmişəm. İnsanın həyatında əsas və epizodik rol oynayan yaxud heç bir təsir buraxmadan eləcə ötüb gedən adamları heç vəchlə təsadüfi adamlar hesab etmək olmaz. Lap elə o “zirzəmiyə düşüb” həmişəlik unudulanlar da mütləq nəyəsə görə sənin həyatının küçəsindən keçməliymiş... Bu məqamın izahına girişsək, tamamilə ayrı mövzulara gedib çıxacağıq. İndilikdə qəsdimiz bu deyil.

İndi mən necə inanım ki, uzaq uşaqlıq illərində unutduğum və az qala, otuz ilə yaxın bir müddətdə heç vaxt xatırlamadığım, şüuraltında ilişib qalmış eynəkli və sinni bir kişi - Paşa müəllim heç nədən, səbəbsiz-filansız, tam təsadüf nəticəsində mənim yadıma düşdü və bütün gün boyu mənim zehnim ancaq bu təsadüfi dediyimiz epizodik qəhrəmanın xəyalıyla məşğul oldu?! Burda mütləq zərurət deyilən bir şey var.

Sovet dövründə yaşayanlar xatırlayar, o zamanlarda işıq pulu, qaz pulu yığan adamlar vardı, evləri gəzib işıq, qaz pulu yığırdılar. Sayğaclar evdə quraşdırıldığından sovet hökumətinə kefin istəyən qədər kəf gəlmək imkanı vardı, bunun üçün sayğacın içini qurdalamaq kifayət edirdi. Bizim kənddə istənilən imkanlı adam həyətinə “levı” işıq, qaz çəkirdi və buna görə müəyyən yerlərə “görüm-baxım” da edirdilər.

Paşa müəllim işıq pulu yığırdı. Təxminən, 60-65 yaşı olardı. Əyni nimdaş olsa da həmişə səliqəli geyinirdi. Bir suyu Cəbiş müəllimə bənzəyirdi, amma ondan fərqli olaraq, çoxbilmiş və müəyyən mənada hiyləgər adam idi. Bu tipli adamlara indi sakit parklarda rast gəlmək olar, onlar lilli gölməçəyə bənzər bulanıq gözlərini naməlum nöqtəyə zilləyib uzun-uzadı susur, arada varlıqlarını duyurmaq üçün nəsə deyib yenə sükutun dibinə enirlər və səssizcə əcəllərini gözləyirlər.

Paşa müəllim qoltuğunda kağız-kuğuzla dolu portfeli ləngər vura-vura məhəlləyə girirdi, qapıları gəzib işıq pulunu yığırdı və kirimişcə gözdən itirdi. Amma bizə gələndə hər dəfə ləngiyirdi. Stolun üstünə qəbzlərdən əlavə ayrıca kağız-kuğuz da tökürdü, bu kağız-kuğuzların içi onun qıcqırmış beyninin məhsulu olan şeir adına yazılmış cızma-qaralardan ibarət idi. Tez-tez burnunun ucuna sürüşən eynəyini şəhadət barmağıyla geri itələyib fısıldaya-fısıldaya mənasız şeirlərini anamçün oxuyurdu. Burun da nə burun... Elə bil közdə bişmiş kartofu iki qaşının arasına yapışdırmışdılar. Ağzından şeir əvəzinə sanki horra tökülürdü zalım oğlunun. Anam bu səfsəfəni ona görə dinləmək məcburiyyətində idi ki, dil-ədəbiyyat müəllimi idi və Paşa müəllim də ondan həyasızcasına şeirlərinə qiymət verməyi tələb edirdi. Anam da candərdi qocanı dinləyib bir-iki məsləhət verirdi, ondan sonra Paşa müəllimin yadına düşürdü ki, bura işıq puluyçün gəlib, anam da Yazıçılar Birliyində şeir üzrə məsləhətçi işləmir. Ondan sonra şairimiz çal bığlarına aramla sığal çəkə-çəkə kağız-kuğuzunu yığışdırıb portfelinə dürtürdü.

Heç bilmirəm bu Paşa müəllim durub-durduğum yerdə hardan yadıma düşdü. Kişi elə o vaxt canından şikayətçiydi, bizə gələndə çay içməzdi ki, təzyiqim var, hər evdə bir stəkan çay içsəm, məndə can qalmaz. Yəqin çoxdan köçünü sürüb gedib bu dünyadan...

Bir dəfə Paşa müəllimin lap dərdi açıldı, oğlundan şikayətlənməyə başladı. Sən demə, kişinin kədərli taleyi varmış. Arvadı rəhmətə gedəndən bəri iki övladı olmağına baxmayaraq o, tək yaşayırdı. Bəs niyə tək? Dediyinə görə, bir oğlu bir qızı vardı, qızı əriylə Moskvada yaşayırdı, oğlu isə alverlə məşğul idi, yaxşı imkanı vardı. Özünə yaxşı ev-eşik tikdirmiş, oğul-uşaq sahibi olmuşdu. “Mersedes”in ölkəyə yenicə gəldiyi vaxtlarda özünə təptəzə bir “Mersedes” də almışdı. Analarının ölümündən sonra oğul atanı ahıl çağında evdən qovur, ata da məcbur olub qardaşıgilə köçür. Qardaşı həyətin başında istifadəsiz otaqlardan birini bu talesiz ataya verir ki, binəva küçədə qalmasın.

Paşa müəllim öz həyat hekayətini danışıb qurtarandan sonra portfelindəki kağızlardan birini seçib çıxardı və eynəyini taxıb boğazını arıtladı. Bu, o demək idi ki, Paşa müəllim yeni şeir yazıb və indicə bizə şeir oxuyacaq. Başdan-ayağa şikayətnamə üstə köklənmiş şeir anamı əməlli-başlı kövrəltdi, qadın nankor oğula lənətlər yağdırmağa başladı.

Küçə qapısının açılıb-örtüldüyünü eşidəndə baxdım ki, Paşa müəllim artıq yoxdu.

Paşa müəllimin oxuduğu şeirin iki misrası indiyəcən yadımdadı:

Ey keçən qəbrim önündən, gəl eşit fəryadımı,

Sən mənə həsrət bağışla, mən sənə övladımı...

# 2531 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #