yaxud Borxeslə səsləşmələrlə…
Yazıçı Kamal Abdullanın “Labirint” hekayələr toplusunun təqdimat mərasimi oldu. “Qanun” nəşriyyatında çap olunan kitaba 3 bölümdə (“Hekayələr” ( Bakı,2009) kitabından ; “Labirint” və “Bilgə əhvalatları” silsiləsi) 17 hekayə daxil edilmişdi. Kitabın ön sözünün müəllifi Salam Sarvan, redaktoru isə Aqşin Yeniseydi. İş elə gətirdi ki, bir neçə gün əvvəl Bakı Slavyan Universitetində keçirilən təqdimat - müzakirə mərasiminin məmnuniyyətlə aparıcısı oldum. Kamal Abdullanın “sən fikirlərini söyləmə, aparıcısan, ilk çıxışla tədbiri istiqamətləndirmiş olacaqsan” kimi razılaşdığım qeydinə görə öz “vəzifəmi” ümumi fikirlər söyləyərək yerinə yetirdim, konkretliyə varmadım, “hər bölümdən bir hekayə” prinsipi ilə söyləmək istədiyim fikirlərimi indiyə saxladım.
Giriş əvəzi
Xorxe Luis Borxesin “İki şah və onların iki labirinti” adlı bir pritçası var: Babil hökmdarı “çıxılmaz” bir labirint tikdirir. Girənlər birdəfəlik itirmişlər labirintdə. Bir gün ərəb hakimi qonaq gələndə hökmdar onu alçaltmaq üçün labirintdə tək qoyub gedir, günbatana qədər orda gəzib dolaşan ərəb hakimi Allaha dua eləməklə nəhayət çıxır labirintdən. Babil hökmdarına deyir ki, mənim də labirintim var, bir gün tanış edərəm səni… Geri qayıdan ərəb hakimi Babilistana hücum edir, şəhəri yerlə yeksan edir, Babil hökmdarını isə əsir götürüb ərəb səhrasının tən ortasına gətirir. Və onu Allahın labirintində tək qoyub çıxıb gedir. Hökmdar aclıqdan və susuzluqdan ölür…
Yazıçı Kamal Abdulla da “Labirint” təklif edir oxucularına. Həm toplu kimi, həm də hekayə kimi. Amma “kitab-labirintlər” bitir, ordan hamı həmişə çıxa bilir. Necə? Hansı düşüncələrlə? Bu yazı elə həmin düşüncələrdən ibarətdir, hər bölümdən bir hekayəni təhlil etməklə qeydə alınıb.
“Adaşlar”
(“Hekayələr” ( Bakı, 2009) kitabından)
Əslində, bütün həqiqi mətnlər ya ilk cümlədə, ya ithaf qeydində, ya da epiqrafda gizlənir; elə orda da baş verib bitir. Qalanı bədii təfərrüatdır.
Kamyunun “Yad”ını xatırlayırsız. İlk cümləsi belədir: “Bu gün anam öldü. Bəlkə də dünən – bilmirəm…”. Əslində, bu soyuqqanlı cümlə elə əsərin özüdür. Çünki bütün əsər, sonradan məlum olur ki, elə bu cümləni, bu əhvalı izah etməkdən, danışmaqdan, bitki kimi var olan, amma dolu-duyğulu yaşaya bilməyən insanın ekzistensiyasını göstərməkdən ibarətdir; sıfır hərarətində olan cümlələrlə.
Ya da Borxesi özünün müəllimi hesab edən Kortasarın “Uduşlar” romanının girişini: “Markiza saat beşdə çıxdı, – deyə Karlos Lopes düşündü. – Lənət şeytana, bunu hardan oxumuşam görəsən?”. Anlaşılmazlıq duyğusu yaradan, sonradan əsərdəki təfərrüata heç bir dəxli olmayan bu ilk cümlə, əslində, çox ciddi məqamdır, əsərin canıdır. Çünki bütün roman insanların düşdüyü anlaşılmazlığı izah edir.
Ya da ki, elə dünyanın özünü götürək. Bir “Ol” sözü demək deyilmi dünya?! Bəli, “Ol” kəlməsi dünyanın və həyatın Ön Sözüdür, epiqrafıdır, Müəllifinin niyyətini və özünü nişan verir. Sonradan bütün baş verənlər elə təfərrüatı ilə həmin “Ol” kəlməsi deyilmi? Doğuluş “Ol”ur, uşaqlıq “Ol”ur, sevgi “Ol”ur, zəlzələ “Ol”ur, “ölüm “Ol”ur. Elə lap bugünkü müzakirə kimi. Bu müzakirə də bu dəqiqə baş verməsi ilə elə həmən “Ol”dur. Dünya elə həmin o girişdəki “Ol”dur ki, olmaqdadır. Çünki dünya da mətndir…
Yazının girişində Borxesi elə belə xatırlamadıq. Çünki müəllifin “Adaşlar” adlı hekayəsinə epiqrafındaca bu sözlər yazılıb: Xorxe Luis Borxesin xatirəsinə. Hər şey də burda kodlaşdırılıb… bütün həqiqi mətnlərdəki kimi.
Qoca və müdrik argentinalının bir essesi var, adı belədir: “Borxes və mən”.
Borxes yazır: “Hadisələr – adı Borxes olan başqa bir kəsin aqibətidir. Mən Buenos-Ayresdə gəzib dolanır və artıq, demək olar qeyri-ixtiyarı giriş qapısının tağlarına, darvazanın dəmir çərçivəsinə baxmaq üçün dayanıram; Borxes barədə məktublardan xəbər tutur, onun soyadını müəllimlərin siyahısında, ya da bioqrafik lüğətlərdə görürəm. (…) Rəngləri tündləşdirmək lazım deyil: biz düşmən deyilik – mən yaşayıram və ona görə sağam ki, Borxes öz əsərlərini, ədəbiyyatını yaza bilsin və bununla da mənim varlığımı sübut eləsin. (…) Məmnuniyyətlə etiraf edim ki, onun yazdıqları arasında bəzi səhifələr uğurlu çıxır, amma bunlar da məni xilas etməyəcək, o səhifələrin ən yaxşılarına görə, o nə özünə, nə də başqalarına borcludur, yalnız dilə və ənənəyə. (…) Hə, onun şişirtmə və qatıb-qatışdırmaq kimi bir azarı var. (…) Bir dəfə mən canımı ondan qurtarmaq istədim, əyalət əsatirlərini zaman və məkan oyunları ilə əvəzlədim. Amma bu oyunlar indi Borxesə məxsusdur, mən nəsə yeni şey fikirləşməliyəm. Odur ki, mənim həyatım indi qaçışdır və hər şey mənim üçün itkidir, keçmişdir, hər şey unudulmağın malına çevriləcək, ya da ona, başqasına çatacaq… Və mən bilmirəm bu səhifəni bizim ikimizdən hansımız yazırıq…”.
Kamal müəllimin “Adaşlar” hekayəsi haqqında danışarkən Borxesə bu qədər yer ayırmağımızı izah etsək də, bunu həm də bir az müəllifin Borxesə sevgisi, bir az da bizim Kamal Abdullaya hörmətimizlə bağlayaq və lütfən, bundan yorulmayın.
Keçək hekayəyə. Birisi yuxu görür. Günün eyni vaxtında, eyni saatda, eyni yuxunu. Hər gün. Artıq o, yuxunu görmür, təhkiyə(çi)nin dili ilə desək, hər gün təkrar-təkrar “doyunca seyr edir” - günorta 2-dən 6-yadək. Hər dəfə ayılanda da eyni ovqat və hətta ağzında da eyni dad olur. Hansı dad? Müəllif hekayə boyu buna izah vermir; biz isə bunu axırda deyəcəyik. O özünü görməkdə davam edir. 10 yaşına qədərki vaxtını… Öz həyətlərində. Öz evlərinin bağlı balkonlarında. Qarşıda qoşa tut ağacı. Evdə yazı masası, kitablar, qələmlər. O, evlərinə “soxulmuş” tut ağacının yarpaqlarını və masadakı kitabları məhəbbətlə sığallayır. Bu vaxt eyni zamanda 10 yaşındakı uşaq olmadığını, ortayaşlı, həyatını yaxşı-pis qurmuş qələm adamı olduğunu da xatırlayır. Toz basmış masada bəzən adını da yazır. Və bu vaxt bağlı balkonda atılıb-düşməyə başlayır. O biri otaqdan səsi eşidilən anasının xəbərdarlığına baxmayaraq, daha sürətlə və möhkəm atılıb-düşməyə davam edir. Anası məcbur olub balkona gəlir və pıçıldayır: “Bəsdir daha, balkon uçar…Sən istəyirsən balkon uçsun?”. Sən demə, məsələ elə “uçma” məsələsiymiş, o, yuxusunu hər dəfə buna görə təkrar-təkrar görmək istəyirmiş. Çünki ikinci mərtəbədə yerləşən evin balkonu “tut ağaclarının onu buraxmaq istəməyən yarpaqları, budaqları arasından sıyrılıb vertolyot kimi dik uçur, dənizə səmt alır” və təhkiyəçi yuxudan ayılanadək davam edir. Doyunca. Və nəhayət o, yuxudan ayılanda, uşaqlıq dostu Nizamini, onunla velosiped sürməsini və çoxlu gözəl bədii boyalarla əks olunan uşaqlıq həyatını xatırlayır. Amma sonuncu gün yuxudan ayılanda, artıq əsər içindəki reallıqdaykən anasının səsini eşidir: “Kamal, bala, necəsən?” – bu, hekayənin 6-cı səhifəsində baş verir, biz yalnız burda əsərin qəhrəmanının adını öyrənirik. Bu səs təkan olur ki, Kamal öz köhnə həyətlərinə getsin; hər yuxu görəndə köhnə məhəlləyə getmək arzusu doğulsa da, səs bu arzunu dözülməz və qarşısıalınmaz edir. Elə də olur, Kamal “Azdrama”dan yuxarıdakı köhnə məh(əl)lələrinə gedir, həyətlərinə girir və ilk gördüyü qoşa tut ağacının kəsildiyi, bağlı balkonlarının artıq açıq olduğu olur. Həyətdə, elə o mişarlanmış ağacların düz ortasında (!) özünəbənzər biri ilə rastlaşır. Evlərdən birinin yanan işığında, sonra isə kibrit alışdırarkən odun işığında bu oxşarlıq dərəcələrinin birəbirliyi aydın olur. Bu yerdə Brodskinin “Qərib yerlərin laylası” şeirindən bu misralar yada düşür:
“На ступеньках закрытой биллиардной некто
вырывает из мрака свое лицо пожилого негра,
чиркая спичкой.”
“Bağlı bilyardxanaın pilləkənində biri
qaranlıqdan qoparır öz zənci sifətini
kibrit alışdıraraq…”
(tərcümə: S.Babullaoğlunundur)
Məlum olur ki, Kamal qarşılaşdığı oxşarı ilə həm də adaşdır. İndi açıq olan balkon(ları da) artıq elə adaşa məxsusdur. Adaş bir vaxtlar Kamalın çəkdiyi kimi “Şipka” siqareti çəkir. Kamalı da qonaq edir. Sonra onlar “Çadrovı”dakı (əslində, Kamalın təxmininə görə, çoxdan bağlanmış olmalı olan) hər ikisi üçün doğma, bir vaxtlar Əliağa Vahidin də gəldiyi pivəxanaya gedirlər. Eyni pivə, noxud, bir az duzlu da olsa, eyni şor balıq. Və söhbət. Adaşı Kamaldan nə iş sahibi olduğunu soruşur. Kamal yazı-pozu adamı olduğunu deyir. Adaşı Kamaldan ən çox sevdiyi yazıçısının kim olduğunu soruşur. “Borxes“ deyəndə, həmsöhbəti “Argentinalı Borxes?” deyə dəqiqləşdirmə aparır ki, bu da Kamalı təəccübləndirir. Sonra “niyə” deyə sual edəndə, Kamal ədəbiyyatdan heç danışmaq istəməsə belə, cavab verir: “Borxes heç kimə bənzəmir. O biri yazıçılar isə biri-birinə ona görə bənzəmirlər ki, oxşar süjetlər yazırlar, ona görə bənzəyirlər ki, ümumiyyətlə süjet yazırlar…”. Adaş da nə vaxtsa yazıçı olmaq arzusunun olduğunu, amma sonradan həkim olmaq qərarına gəldiyini söyləyir. Bu vaxt birinci Kamal onun niyə fikrini dəyişdiyini təxmin edir. Bu qərara o da dostu Nizaminin ölümündən sonra gəlmişdi. Təxmini dilə gətirir. Məlum olur ki, Nizamini onlar hər ikisi tanıyırlarmış. Amma adaş dəfələrlə həkim olmaq üçün imtahan versə də, qəbul olunmur ali məktəbə, üstəgəl, həyatı pozulur.
Daha sonra adaş da tez-tez bir yuxu gördüyünü deyir. O da uşaqlığını, balkonda tez-tez atılıb-düşdüyünü, anasının “ a bala, yavaş ol, balkon uçar” deməsini, balkonun da uçub küçəyə töküldüyünü, anasının onu uçmuş taxta-tuxta arasından çıxarmaq istədiyini və “Kamal, bala, necəsən? “ soruşduğunu danışır.
Bu eyniyyət və fərq, bu eyniyyət və fərqin gətirdiyi gərginlik, “kim kimin yuxusudur görəsən?” sualının doğurduğu əsəb həmsöhbətlərin bir-birinə nifrətini artırır. Onlar pivəxanadan çıxırlar. “Məhzun bir yaz gecəsiydi” yazır müəllif. Birdən Kamal xatırlayır ki, alışqanı unudub pivəxanada. İkisi də geri qayıdırlar. Təkrar çıxanda artıq payızdır. Yaz deyil. Və onlar bir-birini sevirlər, nifrət yoxdur. Hətta adaşı Kamalı evinə də dəvət edir. Dəvəti qəbul olunmasa da, sevgiylə ayrılırlar adaşlar bir-birindən. Biz də hekayədən.
Diqqət yetirin. Yuxu. Bu həm hadisə, həm də ilk rəmzdir. Paralel dünyaların varlığının hamı üçün əlçatan təsdiqidir. Növbəti rəmz. Balkon. Nədir balkon? Balkon – çıxıntıdır. Kənardır. Bəlkə, həyat hekayəsinə baxış səhnəsində bir az da parterdir, ya da lojadır. Evin də, evdəkilərin də özlərinə kənardan baxmaq imkanıdır. Əgər Kamalın yuxusunda o, bağlıdırsa və uçan xalça kimi yuxarıya doğru uçursa, adaşının yuxusunda o, açıqdır, yerə doğru uçur, uçub tökülür. Bağlı – sirr,gələcəkdir. Açıq-bəlli və keçmişdir.
“Uçma(q)”lar qafiyələnir. Birinci uçma yuxarıdır, müvəffəqiyyətdir, yazıçı Kamal Abdullanın da uğurdur. İkinci uçma yerə doğrudur, tənəzzüldür, baş tutmayan uğursuz keçmişin aqibətidir. Bu, artıq Borxesin elə “Borxes və mən” esse-hekayəsindəki təbirilə desək, “etimoloji, filoloji “studirovaniye”dir (ruscası belədir hər halda), həmin o şişirtmə və oyun, qatıb-qatışdırmadır. Qoşa tut ağacı – bu, növbəti rəmzdir; ağac – diriliyin və həyatın rəmzidir; qoşa ağac – iki həyatdır; Kamalın yuxusunda onlar “salamatdırlarsa”, hekayə reallığında onlar kəsiliblər. Çünki Kamal və Kamal Abdulla üçün hər iki ağac durur, keçmiş də, indi də; bu uçuş həm də elə təxəyyül qanadlarıyla uçan filoloq, ədəbiyyatçı deməkdir. Adaş Kamal üçün isə keçmiş və gələcək yoxdur deməkdir bu həm də. İkinci Kamal – adaş, balkonda və balkonla birlikdə yerə uçursa, bu o deməkdir ki, o, təxəyyül qanadlarında uçmaq istəyən filoloq olmaq istəmişdisə də, dostu Nizaminin ölümünə görə həkim olmaq qərarı vermiş, amma burda da uğursuzluqla nəticələnmişdi arzusu, həyatı. Nizami adının ədəbiyyatla assosiasiya olması da təsadüfi deyil məncə. Əgər adaşlar pivəxanadan çölə çıxanda əvvəl yazdırsa, geri qayıdıb növbəti dəfə çıxanda artıq payızdır. Uşaqlığa qayıdış yazdırsa, o qayıdışla vidalaşmaq artıq payızdır deməkdir bu. Başqa tərəfdən, bu payız – birinci Kamalın xatırlamasının payızıdır; yazıçı Kamal Abdullanın fəsli başqadır, konkret bir fəsil deyil, çünki bu əsər müxtəlif fəsillərdə oxunacaq, hər fəsil də yazıçının fəsli olacaq. Amma adaş Kamalın gələcəksiz və uğursuz ömrünə daha çox payız və xəzəl yaraşır. Kamal anasının sualını hekayə içindəki reallıqda eşidir, adaş Kamal isə uçulub tökülmüş balkonun xarabaları altında onu xilas edən anasının dilindən…Bəs, bu nədir? Bu, məncə, ananın duasıdır. Reallıqda o, Kamalla eləcə hal-əhval tutub onu uşaqlığına, özü ilə görüşə sövq edirsə, bu isə öz növbəsində adaş Kamalın təcrübəsini, uğursuz həyatını və yuxusunu onun rastına çıxartmaqla biruzə verir öz sirrini; demək, “Kamal, bala, necəsən?” sualı ana narahatçılığı, ana köməyi, ana duasıdır. Baş tutmuş, Allah tərəfindən eşidilmiş dua və hal-əhval tutma.
Borxesi bir də xatırlayaq: “Hadisələr – adı Borxes olan başqa bir kəsin aqibətidir. Mən Buenos-Ayresdə gəzib dolanır və artıq demək olar ki, qeyri-ixtiyarı, giriş qapısının tağlarına, darvazanın dəmir çərçivəsinə baxmaq üçün dayanıram”.
Hekayədəki hadisələr də yazıçı Kamal Abdullanın və hekayədəki adaşların aqibətidir. Kamal Abdulla da “Azdrama”dan yuxarıdakı köhnə məhləni gəzərək, balkona, pilləkənlərə baxır, keçmişin başqa cür inkişaf edəcəyi təqdirdə necə ola biləcəyini anlayır; indi o, tanınmış yazıçıdır, filoloqdur və adını Borxes kimi çoxlu mənbələrdə görə bilər…
Yenə xatırlayaq Borxesi: “Rəngləri tündləşdirmək lazım deyil: biz düşmən deyilik – mən yaşayıram və ona görə sağam ki, Borxes öz əsərlərini, ədəbiyyatını yaza bilsin və bununla da mənim varlığımı sübut eləsin…”.
Eynən hekayədə də belədir. Rənglər tündləşmir. Xatırlayırsınızsa, nifrət sevgi ilə əvəzlənir. Kamal ona görə yaşayır və adaş Kamalla rastlaşır ki, Kamal Abdulla öz əsərlərini yaza bilsin…
Borxes davam edir: “… o nə özünə, nə də başqalarına borcludur, yalnız dilə və ənənəyə…Hə, onun şişirtmə və qatıb-qatışdırma kimi bir azarı var…”
Elədir ki var: Kamal Abdulla nə özünə, yəni, personajı Kamala, nə də Borxesə borcludur, şişirtmə azarı haqqında isə danışdıq. Yalnız dilə və ənənəyə borcludur Kamal Abdulla. Hər bir yaxşı yazıçı kimi.
Qoca və müdrik Borxes sonda yazır: “Bir dəfə mən canımı ondan qurtarmaq istədim, əyalət əsatirlərini zaman və məkan oyunları ilə əvəzlədim. Amma bu oyunlar indi Borxesə məxsusdur, mən nəsə yeni şey fikirləşməliyəm. Odur ki, mənim həyatım indi qaçışdır və hər şey mənim üçün itkidir, keçmişdir, hər şey unudulmağın malına çevriləcək, ya da ona, başqasına çatacaq… Və mən bilmirəm bu səhifəni bizim ikimizdən hansımız yazırıq…”
İnsan Kamal da qaçmaq istəyib. Romanlar yazıb, pyeslər yazıb, şeirlər və esselər yazıb, janrları, mövzuları dəyişib. Amma indi bunlar tanınmış yazıçı Kamal Abdullaya məxsusdur. İndi onun da həyatı müəllimlərindən biri olan Borxesinki kimi, qaçışdır. Özündən və yazdıqlarından itələnmədir, yeni bir şey fikirləşmədir. Nə fikirləşir? Biz bunu bilmirik. Və onu da axıradək bilmirik ki, bu hekayəni daha çox kim yazıb? Yazıçı Kamal Abdulla, ya insan Kamal?
“Adaşlar” hekayəsi həm də anoxronika olaraq, imkanların, zamanların, taledə hadisələrin müxtəlif versiyalarının çək-çeviridir. Xüsusən, iki variantda təklif olunan sonluğu ilə magik realizmin ustalarından və Borxesin ustad tələbələrindən olan Kortasarın “Sonsuz baxçalar” hekayəsi ilə qan qohumudur. Cavab verəcəyimizə söz verdiyimiz bir sualımız açıq qalmışdı: Kamalın ağzındakı dad nə dad idi? Bu yazı prosesindən yazıçının aldığı həzzin dadı idi, fikrimizcə.
Hekayə dil baxımından olduqca maraqlıdır. Əsrarəngiz yerlər var. Məsələn: “Dondurmasatan məhlədən əsl zəfər yürüşü ilə, içindəki buz parçalarının üstünə, altına necə gəldi yığılmış meyvəli, qəhvəli, südlü dondurmalarla dolu təkərli dondurma arabasını itələyə-itələyə, dalınca balaca-balaca əsgərləri qaçışan sərkərdə kimi keçib gedərdi…”
Yaxud başqa bir yer: “Göy üzündən keçib gedən günəş, elə bil, bir neçə işıq parçasını salıb itirib, yaddan çıxardıb gedirdi. Çünki günəş evlərinin başı üstündən çəkiləndə belə bu işıq parçaları hələ bir müddət yaşıl yarpaqlarının arasından öz süzülməklərindən qalmırdılar…”
Magik realizmin Azərbaycan ədəbiyyatı təcrübəsində olduqca dəyərli nümunəsi olan bu hekayədə ikiləşmə, binarlıq haqqında daha çox yazmaq olar. Amma “Quran”da Məhəmməd peyğəmbərə ünvanlanmış bir sual var, təxminən belədi, axı, mən sənə ikililiyin nə demək olduğunu necə izah edim? Bu hökmə bənzəyən sual hamıya ünvanlanıb… Bəndə deyilən kəs bunu necə fəhm edə bilər?..
Hekayənin daha bir cəhəti onun süjetsiz, daha doğrusu, vərdiş olunan klassik mənada süjetdən məhrum olmasıdır. Çünki süjet – hərəkət tələb edir; hərəkət üçün zaman xərclənməlidir. “Adaşlar”da bu mənada süjet yoxdur. O, maksimum şərti və statikdir, məkan etibarilə “mistik” və məhdud oxucu dairəsinə hesablanmışdır (“kamernı”). Çünki Kamal iki yerə hərəkət edir: bir yuxularına, bir də təxəyyülünə… və bu mənada da hekayə qəhrəmanı Kamalın (eləcə yazıçı Kamal Abdullanın da) “Borxes heç kimə bənzəmir. O biri yazıçılar isə biri-birinə ona görə bənzəmirlər ki, oxşar süjetlər yazırlar, ona görə bənzəyirlər ki, ümumiyyətlə süjet yazırlar…” deməsi təsadüf deyil əlbəttə. Hərçənd, biz hekayənin oxunması üçün təəssüflənmədən, əksinə, böyük məmnuniyyətlə vaxt sərf elədik.
Yeri gəlmişkən, Kamal Abdulla da bütün səsləşmələrə rəğmən heç kimə bənzəmir, hətta Borxesə də. Əgər Borxes adını çəkdiyim essesində özüylə özünü tutuşdurursa, Kamal Abdulla personajı Kamalı adaşıyla qarşılaşdırıb tutuşdurur, özü isə bir az kənarda dayanıb seyr edir bu oyunu; ya da ki, özünü daha iki nüsxədə çoxaltmaqla bir az daha irəli gedir – bu, əlavədir, bir addım qabağa getmədir…
Bir dəfə Kamal müəllimin “Beyrəyin kafir qızı ilə vidalaşıb əsirlikdən qaçması” şeirini təhlil edərkən demişdim ki, bu şeiri sevirəm. Çünki ömrü boyu darıxan və sıxılan, bir ayağı ilə bizi əhatə dünyadan daim qaçmağa hazırlaşan, tərəddüd edən, həyatını, bəraətini, təskinliyini kitablarda, onları oxumaqda və yazmaqda tapan adamın şeiridi bu şeir. Əks təqdirdə, onun kədəri min üç yüz illik yaşı olan dastana, onun personajlarına niyə köçsün ki? O kitablarda, kitablardakı reallıqda, personajların içində ovunmağa, yeni reallıqda yenidən yaşamağa cəhd idi həmin şeir. Bu sözləri yenə də təkrar edə bilərəm. Cüzi fərqlərlə.
“Labirint”
(“Labirint” silsiləsindən)
“Labirint” hekayəsi ilk baxışdan detektivdir. Yalnız bir neçə səhifə sonra anlayırsan ki, yalnız belə deyil. Sən demə, usta yazıçı və nağılçı Kamal Abdulla həm də məlum yunan əsatirlərindən olan Teseyin və Ariadnanın, Minotavrın məşhur hadisəsini danışır bizə. Cinayət baş verir. Cinayəti çayxanadakı söhbətdə çözməyə başlayan , kişi və qadın deyə əvvəl adsız təqdim olunan iki adam (hüquqşünas və jurnalist) cinayətlə bağlı söhbətdən başlayıb şəxsi bağlara, hadisələrə keçid edirlər. Eyhamla. Ehtimal olunur ki, qadın və kişi əvvəl ər-arvad olublar, sonra ayrılıblar. Qadın yenə ona dönmək istəyir və hansısa sözü gözləyir (bu açar sözdür), amma kişi bu sözü demir. Dialoqlar zaman-zaman əsatirin danışılması ilə kəsilir, yaxud belə deyək, növbələşərək təqdim olunur. Amma hər dəfə dialoqlara, deyək ki, real hadisələrə qayıdılanda personajların adları başqa olur. Əsər boyu ad cütlüklərlə və bəzən tək halda dəyişir: Kişi və qadın, Səlim və Nazilə, Aydın və Mətanət, Nazim və Samirə, Nizami və Cəmilə, Şəfiqə və Əşrəf, Nazilə və Əşrəf, Səlimə, Afət, Vaqif, Sənubər, Dürdanə, Afaq, Şəbnəm və Nadir, Sənubər və Samir, Fəridə, Aliyə və Bəhrəm, Cəmilə və Fərhad, Asif və Tamilla, Gülnarə və Kərim, Zaur və Zümrüd, Səmayə, Rəhilə və Rəhim, Xədicə, Xavər və Əhməd, Səbinə, Dürdanə, Vaqif və Qətibə… Diqqətli olmasan, başını itirə bilərsən. Diqqətli olsan, ilk əvvəl bir şey anlamayacaqsan. Dialoqların çoxu çayxanada və yataqda baş verir.
Bircə cinayətin üstünə ilk gəlib çıxmış olan südçü qadın “ad-inisial” kimi dəyişmir, bir də çayxanada kompüter arxasında ciddi-ciddi nəsə yazan, eyni zamanda kişi və qadını, söhbət edən personajları izləyən sirli adamdan başqa. Südçü qadın da müəmmalı danışır. Çünki qapını açıb içəri girmək üçün icazə istəyəndə sonradan ölüsünü gördüyü daimi müştərisi sağ idi, südçü qadın onun səsini eşitmişdi. Hətta cinayət yerində qalmış, öldürülən qadına məxsus olmayan (jaket onun ölçlcülərinə düz gəlmir), əvvəl Samirənin əlində bənövşəyi rəngdə görünən jaket sonradan Afaqın əlində mavi, Fəridənin əlində yaşıl, Səmayənin əlində çəhrayı rəngdə görünür. Əlbəttə, bu mürəkkəb labirintdə diqqətli oxucuya məlum olur ki, indi məşhur kriminal yazarı olan ərindən ayrılmış hüquqşünas-müstəntiq qadın cinayəti ona görə törədir ki, jurnalist ər də hadisə yerinə gəlsin, onlar görüşsünlər və bəlkə, təkrar birləşsinlər. Amma ər-kişi, açar sözü demir. Açar söz isə sadədir: “Sənə sevgimin adı”. Çünki kişi başqasını sevir. Kişi, sözü həm də ona görə demir ki, bu sözü bəzən dilinin ucunda da olsa, onu unudur.
Nəhayət, məlum olur ki, qatil Qətibə (burda adlar da səsləşir sanki), açar sözü bilən Vaqif (Vaqif – vaqif olmaq deməkdir), onun sevdiyi və xəyanət eləmədiyi bir dənəsi olan başqa qadın isə Dürdanədir (dürr dənəsidir). Amma eyni zamanda müəllif sadaladığım çoxlu cütlüklərin adını çəkir ki, bir az diqqətli olub, qatil qadınları, sevən kişiləri, sevilən qadınları başqa adlarla da tapmaq, hesablamaq olar. Labirint və tapmaca da burasındadır. Görəsən, Kamal Abdulla çoxməchullu tənlik və labirint kimi qurduğu bu hekayədə adları niyə belə dəyişir? Postmodernist əyləncə və oyun öz yerində, amma məncə, başlıca məsələ bu deyil. Əsas məsələ, Dostoyevski demişkən, “hamı hamının qarşısında hər şeyə görə məsuliyyət daşıyır” fəlsəfəsindədir. Yəni, o adlar və adamlar elə bizik, ya da yumşaq desək, biz ola bilərik…Hamı potensial qatil, hamı potensial vəfalı aşiq, hamı qısqanc və sevən qadın ola bilər. Hər bir kəs – elə hamıdır.
Mən yenə Kamal Abdullanın çox sevdiyi Borxesə qayıtmaq istəyirəm. Borxesin “Labirint” adlı iki şeiri var. Onların birinin əvvəli belədir: “Qapını axtarma. Əsarətdən çıxış yolu yoxdur. Sən yaradılışda məhkum olunmusan, həbs olunmusan…”. Şeirdə Minotavr da xatırlanır. Kamal Abdullanın “Labirint”ində Minotavr yoxdur, hekayə içində xatırlatdığı, nəql etdiyi, içini böyük ustalıq və bədii boyalarla doldurduğu əsatirdəki Minotavrdan başqa. Amma hekayədə hamı Minotavr ola bilər. Çünki biz axıra qədər Qətibəni qatil olduğunu hesablaya bilmirik.Yəni, bunu sona yaxın edirik. Amma mən, nədənsə, Borxesin “Əsarətdən çıxış yolu yoxdur” sözləri ilə razılaşmıram və kitaba ön söz yazmış, şeirlərini çox sevdiyim Salam Sarvana ithaf etdiyim bir şeirimi xatırlayıram:
“ On eləsə üç üçüm,
1-i də demək özünsən.
Hər kəs özünün bü(s)tü,
Qonub çiyinlərinə.
Düşsən, enişdi dağlar,
Qalxsan, dostum, yoxuşdur.
Bağlananda qapılar,
Bacalar da çıxışdır…”
Kamal Abdulla da hekayədə məhz eyni məntiqlə xatrıladır mifi. Yadınızdadırsa, Tesey əlindəki kələfi aça-aça girir labirintə ki, çıxmaq istəyəndə də kələfi yığa-yığa çıxsın. Çıxış – elə girişdir demək. Çünki xəyanət eləməsən, azmayacaqsan. Kamal Abdulla da, yunan əsatiri də “bizə xəyanət edərsənsə, hər şeyini itirərsən” təcrübəsinin minillik yaşını xatırladır. Yəni, bu gün də heç nə dəyişməyib. Elə müəllif də sonda 3 qənaətə gəlir : xəyanətin ödənci var, çalış xəyanət eləmə; xəyanət unutqanlığa aparacaq və sarsıntılara yol açacaq; Labirintə girmədən əvvəl ordan necə çıxacağın barədə düşün…
Və biz Kamal müəllimin “Labirint”indən elə onun öz köməkliyi ilə çıxırıq.
Sonradan bir qeyd:
Kamal müəlllim müzakirələr vaxtı sualların birinə cavab verəndə dedi ki, “Labirint” hekayəsində adların dəyişməsi yazı prosesinin doğurduğu bir şeydir. Çünki bir az yazıb fasilə verəndən sonra yazıya təkrar qayıdanda başa düşmüşdü ki, personajların adını unudub. Fikrimcə, çoxları üçün az inandırıcı olan bu məqam, bir anlıq da olsa, məhz bu cür baş verib. Çünki sporadik olan yazı prosesinə ağıl sensorlarının sonradan qoşulması nəticəsində maraqlı konstruksiyaya və konsepsiyaya malik əsərlər yazılb və dünya ədəbiyyatında buna dəyərli nümunələr çoxdur…
“Uca qaya başında”
(“Bilgə əhvalatları” silsiləsindən)
Xatırlandıqca heç nə unudulmur: nə adamlar, nə hadisələr. Unudulmadıqca isə heç nə itmir bu dünyada sonadək. Əlbəttə, adamlar üçün. Xatırlama isə düzxəttli baş vermir. Ziqzaqlıdı. Mozaikdi. Qırıq-qırıqdı. Və insan yaddaşı bu mənada kərtənkələnin quyruğuna oxşayır, regenerativdi, kəsirsən, yenidən bitir. Xatırlayırsan. Təkrar xatırlayırsan. O, əvvəlki xatırlamaya oxşayır, amma eyni zamanda başqadır. Yaddaş möcüzədi bu mənada. O səni işıq sürətindən daha böyük sürətlə keçmişə qaytara bilər və keçmiş indi təkrarən yaşana bilər. “Uca qaya başında” hekayəsi qeyri-xətti müstəvidə olan yaddaşın, daha doğrusu, xatırlamanın xətti müstəvidəki inikasıdır. Bir vaxtlar zorlanmış qız, indi isə qoca, 80-85 yaşlı Səkinə arvad yenə qışqırır, daha doğrusu, qışqıran onun yaddaşıdır – biz bunu sonra bilirik, o, məşum hadisəni xatırlayır. Hadisə həm keçmişdə, həm indi – eyni vaxtda baş verir. Qarı “ay aman, qoymayın! zorlayırlar!” deyə qışqıranda adamlar ona inanmayıb gülürlər, o, dodaqaltı “qoymazlar ki, adam olub keçənləri yada salsın” deyə çıxıb gedir, bu vaxt qayalıqdan cavan bir qız çıxır. Və “qaraçılar kimi oynaya-oynaya” ona heyrətlə baxan adamlara əhəmiyyət verməyib kəndə üz tutan Səkinə arvadın arxasınca düşür, ona çataçatda “tullanır, gözəgörünməz qanadlarını açıb ona doğru uçur, cavan qız qıca arvadın içində əriyib yox olur”… Zamanların eyni məkana “sürüklənməsi” postmodenizmdirsə, “uçma” detalı – magik realizmdir.
Bəs, oxucu hardan bilməlidir ki, bu qız elə həmin belibükük Səkinə arvaddır? Vur-tut iki detaldan: “belibükük qoca arvad bu uca qayanın arxasından ah-zarla çıxıb üst-başını çırparaq, qara həşyəli yaşıl tumanını (…) hamarlaya-hamarlaya getdi”. Əlində də qırmızı yaylıq. İki abzas sonra müəllif başqa bir cümlə yazır: “ Səkinə arvad gözdən itməmiş həmən uca qayanın dalından gənc, gözəl, yaşıltuman bir qız sıçrayıb çıxır…” Onun da əlində qırmızı yaylıq. Bəli, məhz yaşıl tuman və qırmızı yaylıqdır həmin detallar. Yaşıl gəncliyin və ümidin rəmzidirsə, qırmızı məhəbbətin və aqressiyanın rəmzidir. Mən bilərəkdən hər bir rəngin iki şeyi ehtiva elədiyni söylədim. Burda incə bir məqam var. Baxın, qocanın tumanı “qara haşiyəli yaşıldır”. Onun gəncliyi bitib, qara haşiyəyə alınıb. Amma ümidi bitməyib.
Bəlkə, qocanın əlindəki qırmızı, “zorlayırlar!” desə də, eşq üçündür. Əks təqdirdə , niyə “qoymazlar da mərdimazarlar” desin ki? Qızın əlindəki və əynindəki yaşıl və qırmızı, isə təbii ki, gəncliyin və aqressiyanın rəngidir. Bəs, qaya nəyin rəmzidir. Həyatınmı? Yaddaşınmı? Taleyinmi? Dünyanınmı? Yozum çox ola bilər. Yel qayadan nə aparıb ki… Elə hekayədə də yel əsir – xəzri. Səkinə arvad qırmızı yaylığı axırda xəzrinin ağzına verib yelləndirir, bəlkə də aqressiyanı və eşqi beləcə soyudur.
Yeri gəlmişkən, hekayədə mütəhərrik, sürətli dil və nağıllara xas atmosfer var. Əgər “Min bir gecə”də rəvayətləri Şəhrizad nağıl eləyirsə, bu nağılı bizə lap elə nağıllardakı tək – “günlərin bir günü” deyərək dostlarının əhatəsindəki Rüstəm kişi, yaxud Kamal Abdulla nağıl edir.
Fikrimcə “… zamanların eyni məkana “sürüklənməsi” tərəfiylə postmodenizm, “uçma” detalı ilə magik realizm, rəmzlər tərəfiylə simvolizm olan bu hekayə insan yaddaşı üçün kiçik, amma olduqca ustaca yonulmuş bir heykəldir. Dayanıb uca qaya başında.
Azlit.net
“Kamal Abdullanın Minotavrsız labirinti”
12 noyabr 2012
13:07
2831 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın
09:00
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024