Anam qonşumuz Şamil kişiyə ərə getmişdi...

Anam qonşumuz Şamil kişiyə ərə getmişdi...
22 may 2014
# 14:25

Kulis.Az gənc yazar Ömər Xəyyamın “Evlənmək” hekayəsini təqdim edir.

Əsgərlikdən qayıdanda öyrəndim ki, tay-tuşlarım evlənib hamısı. Bütün gözəl qızlar "zanit" idi. Aradım-araşdırdım, məndən bir bahar kiçik olan Xədicəni tapdım. Bir az romantikləşdim, bir az ədəbiləşdim, amma sevdim bu qızı zamanla. Bələdiyyə Mahmudun qızı idi. Məktublaşdıq, dağda-dərədə görüşdük. Hətta məktublarda uşaqlarımız da olmuşdu. Qızımıza Xədicənin anasının adını qoymuşduq. Çox elçisi olmuşdu bu qızın. Mahmud "başlıq puluna" elə qiymət qoymuşdu ki, elçilər suyu süzülə-süzülə qayıtmışdılar. Dedim, gedim “urusetə”, puldan-paradan yığım, gəlim. O vaxtlar bizim tərəfin ceyilləri pul dalınca o tərəflərə gedərdi. İlk başda anam razı olmadı, evin tək oğlu idim:

- Bir yetimçə məndən üstün oldu? Ona görə gedirsən, mənə görə qalmırsan?

Arvad hətta and-aman eləmişdi ki, sənsiz ölərəm. Amma sonralar öyrəndim ki, dədəm anamın atasına başlıq pulu ödəmək üçün 3 il Arxangelskdə zülm çəkibmiş.

Xədicə də razı idi getməyimə, amma "aşk" sözü vermişdi -gözləyəcək, sona kimi gözləyəcək!

Dədəm də qarışdı bu məsələyə:

- Xoşbəxt ol, ancaq orda Nataşalar səni yoldan azdıracaq, unudacaqsan bizi, Xədicəni – söylədi.

Nə isə... Getdim. Hələ burda camaatın həyətini belləyib bir az pul yığmışdım, yolxərci elədim. Atamın verdiyi pulu isə corabımın içində saxlayırdım. Yad yerdi, soyarlar adamı! Arzularım vardı, qayıdıb özümə ev tikərəm, ayrı yaşayarıq.

Uzun müddət çətin oldu. Sonra iş tapdım. Şam meşələrində ağac kəsirdik motorla. Hər ağac başına pul alırdım. Belə-belə günü axşam edirdik. İş yoldaşlarımla içirdim, əylənirdim. Nataşalarla "dərdləşmirdim". Axı söz vermişdim Xədicəmə.

Məktublaşırdıq, darıxırdıq, ağlayardıq, ayrılıq "zor"laşırdı. Bir qazaxlı ilə dostlaşmışdıq. Bir evdə kirayədə qalırdıq. Yaman vuran idi. Qaçaq gəlibmiş o vaxt, sənədi-zadı yox idi. Qarlı-şaxtalı bir gündə oturduq vurmağa. Gecənin yarısında bunun "Nataşa hissi" oyandı, durub getdi. İki dəqiqə keçməmiş qayıtdı:

- Yaman şaxtadı, qadan alem, bir şey ver atım çiynimə.

Mən gödəkcəmi verdim – cibində də sənədlərim. Gecəni gəlmədi. Səhər eşitdim ki, gecə onu maşın vurub, tanınmaz hala salıb. Sifətinin yarısı yoxdur. Cibindən mənim sənədim çıxınca, elə o adla da yollayıblar ölüxanaya. Ordan da dədəm evinə - doğma vətənə. Sənədlə öldüm. Başladım ölü kimi yaşamağa. Düz iki il beləcə ötdü. Sonra birtəhər gəldim Dağıstana, ordan qaçaq kimi keçdim vətənə. Deməli belə. Dədəm keçən yay dünyasını dəyişib. Anam da mənsiz ölməyib, bu bir yana, üstəlik qonşumuz Şamil kişiylə evlənib. Sizə kimdən deyim, saçı uzun Xədicə xanımdan. Bir qarın doğmuşdu - oğlan uşağı. Birinə də hamilə idi. O da o biri qonşumuz Fərhadın həyat yoldaşı idi.

Getdim qəbiristana. Ədəb-ərkanla dəfn eləmişdilər məni, allah var adamın başı üstdə. Oturub xeyli ağladım özümü.

# 4230 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #