Elçin Samvel Qriqoryanın evində yaşayırdı

Elçin Samvel Qriqoryanın evində yaşayırdı
5 aprel 2013
# 13:21

Əslində bu yazını mən ötən il - ANS kanalında gedən bir verilişdən - “yazıçılarımızın ev şousuna” baxdıqdan sonra yazmaq istəyirdim. Sonra bir köklü azərbaycanlı, şirvanlı kimi “millət necə tarac olur-olsun nə işim var” deyib fikrimdən daşındım. Mövzunu elə oradaca qapatdım. Dedim ki, Allah işlərini avand eləsin. Kimin o mənzili almağından asılı olmayaraq əgər hansısa azərbaycanlı ailəsinin ev problemi həll olunursa, bu, artıq müsbət bir haldır. Bir anlıq Sovet dövrünü yaddaşımdan keçirməyə başladım.

Yazıçılar üçün ilk binanı 1955-ci ildə Hüsü Hacıyev 19-da tikiblər. Əsasən də bir mənzildə 2 ailə yaşayırmış. Bizim ailə İsa Hüseynovun ailəsiylə mənzil şərikləriydi. İndi o mənzildə Afaq Məsud yaşayır. Sonradan Vaqif küçəsi 30-da yeni bina tikiləndə bir çox ailələr ora köçdü. Yazıçılar yavaş-yavaş ayrıca mənzillərlə təmin olunmağa başladılar. Mənzil fondundan evlər ayrıldıqca, məşhur, ailə tərkibi böyük olan yazıçıların mənzil şəraiti daha da yaxşılaşdırılırdı. Bir yazıçı mənzilin dəyişdirəndə o biri mənzil Yazıçılar İttifaqının başqa bir üzvünə verilirdi.

Özündən razı gənc yazıçılarımıza bircə misal çəkim. Məsələn Xalq Yazıçısı İlyas Əfəndiyevin oğlu Elçin, İlyasın oğlu və Yazıçılar İttifaqının katibi olmasına baxmayaraq indiki yaşadığı mənzil şəraitinə 3 mənzil dəyişəndən sonra nail olub. Hüsü Hacıyev küçəsi ev 19, mənzil 29-da yaşayan Xalq Şairi Samvel Qriqoryan ordan o biri dünyaya köçəndən sonra o mənzili Elçinə verdilər.

Daha sonra isə atası İlyas Əfəndiyev Hacıbəyov küçəsində daha yaxşı evlə təmin olunduqdan sonra o həmin binada həmin evə köçdü. Atasının evi kimi yox, Yazıçılar İttifaqının üzvü və ittifaqın balansında olan ev kimi. Daha sonra Elçin mənzil şəraitini bir qədər də yaxşılaşdırdı. Həmin mənzillərlə isə Əmir Mustafayev və İsi Məlikzadə təmin olundular. Məqsədim Elçinin evlərini saymaq deyil. Nəyə nail olubsa öz ağlı, istedadı, vəzifəsi hesabına nail olub. Məqsədim yaşı 40-ı, 50-ni ötən yazıçılara və onlara ev verilməsini şouya çevirən gənclərə, bu gün də Qabilin prezidentindən ev almasını həzmdən keçirə bilməyən, amma mədəsi boş olan bəzi gənc yazarlara bu mərhələyə çatmağın çətinliyini anlatmaqdır.

Bu gün heç kim belə Qabili yada salmasa, ona rəhmət oxumasa belə, mən oğlu, gəlini, nəvələri, nəticələri ona rəhmət oxuyacaqlar. Çünki məni quru yurdda qoyub getməyib. Bəs Sizin uşaqlarınız, nəvələriniz necə Sizə rəhmət oxuyacaqlarmı? Şaiq Vəlinin taleyi Sizi narahat etmirmi? Əgər rəhmətdə Yazıçılar Birliyinin sədri Anara ümidlisinizsə, onda işiniz qalıb Allaha.

Sovet vaxtında günlərin bir günü atam girir Anarın kabinetinə ki, bəs Anar, maşın köhnəlib, bir məktub yaz, təzə maşın alım. Onda hər şey növbəynəndi. Və məktubu da Anar yazmalıydı bir sədr kimi. Gənc yazarlar, Anarın cavabı bilirsiniz necə olub?

- Ay Qabil, mənim avtomobil zavodum-zad var ki, sənə maşın verim?

Yox elə bilməyin ki, Anar Qabilə belə cavabı onu çox istəmədiyi üçün deyib. Qabil də Anarı çox istəyirdi, Anar da Qabili. Amma 1988-ci ildə - siyasi hadisələrin burulğanlı illərində meydanlarda çıxış edən, Vəzirovun, Mütəllibovun kölgəsini belə qamçılayan Qabil üçün Anar Mərkəzi Komitədən necə maşın istəyə bilərdi? İstəyə də bilmirdi, səbəbin deyə də.

Çünki atamı daha da qəzəbləndirəcək, qızışdıracaqdı. Atam “Volqa” almağına aldı. Qarabağa yardım komitəsinin sədri, qonşumuz Bayram Bayramovun vasitəsilə, baş nazir Ayaz Mütəllibovun imzası ilə. Ayaz Mütəllibov Prezident olan kimi “sağ olun” da çatdırdı. Komitənin orqanı olan “Azərbaycan” qəzetində prezidentə 24 sual ünvanlamaqla.

Prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət dəyişdi. Ona müraciət edən görkəmli yazıçılara, şairlərə, rəssamlara, bəstəkarlara, memarlara, artistlərə, o cümlədən 1955-ci ildən (48 il) 2 otaqlı, 28 kvadrat metr ərazisi olan evdə yaşayan, iş otağı olmayan 77 yaşlı atam Qabilə də mənzil bağışladı. Hətta onun tanımadığı yazarlara da Anar, Qabil, Bəxtiyar kimi sənətkarların sözüylə evlər də, təqaüdlər də verdi.

Bu gün tikintisi hələ də başa çatdırıla bilməyən (başa çatdırılmayacaq da) “Abidə MTK” da Heydər Əliyevin yazıçılara olan qayğısının bir hissəsidir. Bu gün də yazılarınızda qınaq obyekti olan və mənim yaşadığım mənzil də Heydər Əliyevin yadigarıdır.

Prezidentə müraciət etmək, yazıçıların mənzil şəraitini və digər qayğılarını yaxşılaşdırmaq Anara əskiklik yox, əksinə başucalığı gətirir. O da istər ki, nə vaxtsa onun səbəbkarlığı ilə alınan bu evlərdə onun adı yaxşılığa çəkilsin, rəhmət oxunsun. Mən əminəm ki, məktub da yazır, xahiş də edir. Amma keçmir. Çünki ədəbiyyatımızın ağır artilleriyası (nəsr), daş-qaşı (poeziya) deyilsiniz. Sadəcə olaraq bumeranqsınız. Anar atır - prezident aparatına çatmamış qayıdıb dəyir özünə. Yıxılmır, əzilmir, ancaq incidir. Çünki bu yazıçılara o rəhbərlik edir.

İndi isə ikinci biabırçılıq onun ayağına yazılır.

“Mənzillər dörd yazıçı arasında bölünsün”. Onda belə çıxır ki, dörd yazıçının yaradıcılığı bərabərdi bir yazıçıya? Və yaxud da qızın dörd adaxlısı var? Yəni Siz yazıçılar bu günəmi qaldınız? Daha dərinə getsək belə çıxır ki, Yazıçılar Birliyinin 1000 dörddə bir, yəni 250 bütöv - 100 faizlik üzvü var?

Yazımı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yazdığı məqalədən bir abzasla bitirirəm.

“Məni bir sual düşündürür: Azərbaycanda son illərdə yazılan heç olmasa bir roman, hekayə və ya poema adı çəkmək mümkündürmü ki, o, cəmiyyətimizdə böyük maraq doğursun?” Yaxud Azərbaycan teatrında elə bir yeni əsər tamaşaya qoyulubmu ki, ictimaiyyətin diqqət mərkəzində olsun? Həqiqi söz ustası, əsl ədib zamanın ruhunu duymalı və ona uyğun əsərlər meydana gətirməyi bacarmalıdır. Ədəbiyyat və teatr tənqidçilərimiz hələlik gizli, latent formada cərəyan edən narahatedici proseslərin təhlilini aparmalı və öz missiyalarını yerinə yetirməlidirlər. Söz sənəti korifeylərimizdən bizə zəngin yaradıcılıq məktəbi miras qalmışdır. Onların bugünkü varisləri öz yeni ədəbi axtarışları ilə Azərbaycan ədəbiyyatının şöhrətini layiq olduğu yüksəklərə qaldırmalıdırlar”.

Onun verdiyi sual məni də düşündürür. Sadəcə Qabilin oğlu kimi. Bu suala cavabı isə Siz verməlisiniz, hörmətli gənc yazarlar. Onda ev də olacaq, mənzil də, medal da - şəriksiz, minnətsiz, Anarsız...

# 2619 dəfə oxunub

Oxşar xəbərlər

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #