Bakıda yaza bilməyən yazıçının doğum günü

Bakıda yaza bilməyən yazıçının doğum günü
20 sentyabr 2017
# 15:04

Kulis.az Nəriman Əbdülrəhmanlının "Aslan Quliyev: yazmaq xoşbəxtliyi” yazısını təqdim edir.

Bu payız günlərində ömrünün 60-cı ilini tamamlayan Aslan Quliyev təkcə yazdığı əsərlərlə yox, həm də taleyi və həyat tərzilə yazıçıdı…

Sənədlərində aprelin 1-də doğulduğu qeyd olunub, əslindəsə, sentyabrın 26-da dünyaya gəlib; dəqiq elmlər – riyaziyyat üzrə ali təhsil alıb, amma cürbəcür peşələri sınaqdan keçirib, üstəlik, taleyini nəsrlə bağlayıb. Elə keçdiyi ömür yolu da sanki ona həyat materialı vermək üçün Allahın bəxşişidi.

Sonralar müsahibələrinin birində deyəcəkdi: “Başqa işin qulpundan yapışsaydım, lap yəqin indikindən dəfələrlə yaxşı yaşayardım. Sonrası da mənim qulplarından yapışdığım çox işlər olub. Zəmi biçmişəm, ot çalmışam, meşə qırmışam, zavodlarda, fabriklərdə, dəmir yolunda, neft-qazma kəşfiyyatında işləmişəm. Yaxşı yaşamaq üçün ilk növbədə sən vicdan deyilən məfhumdan və yazıdan yaxanı qurtarmalısan…”

Aslan Quliyev “vicdan deyilən məfhumdan və yazıdan yaxasını qurtarmağa” can atmayıb, bununla belə, pis də yaşamayıb: əyalətin çətinliklərinə sinə gərə-gərə, çörəyini daşdan çıxara-çıxara həyatı, adamları, öyrənib, dünyanın genişliyini dərk eləyib, münasibətlərin havasızlığından boğulanda üzünü dağlara tutub, yazmaqdansa əl çəkə bilməyib. Etiraf eləyir ki, “…sonralar dəfələrlə yazmamağa cəhd eləmişəm. Hətta bir dəfə çamadan dolusu əlyazmalarımı da yandırmışam. Amma yenidən yazıya qayıtmışam. Bu yola başladınmı, sona qədər gedirsən. Yolun sonuna qədər…”

Məncə, ədəbiyyatın, illah da nəsrin çıxış nöqtəsi istedadla yanaşı, yaşadığın həyat, qarşılaşdığın həyat sınaqlarıdı. Öz yaşantıların olmasa, başqalarının həyatını təsvir eləməklə ancaq bayağı, candan uzaq yazılar üzə çıxara bilərsən, onları da nə qədər gözə soxsan, zamanla yaddaşlardan silinib gedər…

Aslan Quliyevin nəsri məhz yaşantılarından doğulub, ona görə, həyatın bir parçası kimi görünür, oxucuya təqdim elədiyi hadisələrdə gerçəkliklə təxəyyül arasındakı hüdudu ayırd eləmək çox çətin olur…

***

Aslan Quliyevin yazıçı taleyi zamanın burulğanlarına rast gəlmiş səksənincilər ədəbi nəslinin əksər nümayəndələrindən seçilmir. Əsasən əyalətdə yaşayan, istedadlı, amma arxasız-hamisiz bir çox yaşıdları kimi, böyük ümidlərlə Bakıya gəlib, yazılarını redaksiyalara, nəşriyyatlara verib, üzəyarı təriflər, şirin vədlər eşidib, get-gəllərlə bezdirilib, hekayələri, povestləri cürbəcür bəhanələrlə geri qaytarılıb.

Aslan o illərin ağrılarıyla bağlı “Onlar məni öldürdülər” adlı iri publisistik yazı qələmə alıb. Həmin yazıda ancaq özünə və yazdıqlarına güvənən qələm adamını sındırmağın, bezdirməyin anatomiyası təsvir olunub…

Taleyin işinə bax ki, indi o ədəbi məmurların əksəriyyətinin nə özləri, nə də mövqelərinə arxalanıb çap etdirdikləri əsərlər ədəbiyyatda nəzərə çarpır. Aslansa onların əməllərindən yazmaq həvəsini müvəqqəti itirsə də, alın yazısının əleyhinə getməyi, yazıdan əl çəkməyi bacarmayıb…

Onun da yazıları bir çox həmyaşıdlarımız kimi, ancaq müstəqillik bərqərar olunandan, redaksiyalarda və nəşriyyatlarda özlərinə yuva qurmuş ədəbi məmurların hökmü öz qüvvəsini itirəndən sonra işıq üzü görməyə başlayıb. Aslanın bir çox hekayələri, “Bahar küləkləri”, “Serjant mülki geyimdə”, “Yolun sonu” povestləri o illərdə oxucuya çatıb. Düzdü, uzun müddət ədəbi tənqid onu yenə görməzliyə vurub, bəzənsə haqqında etinasızlıqla beş-on kəlmə yazıblar…

Aslan Quliyevin povest və hekayələrilə ilk dəfə elə o vaxt, “buz əriməyə başlayandan” sonra tanış olmuşam. “Ulduz” jurnalında işləyəndə onun “Rusiyadan gələn qardaş” povestini oxudum, onda hələ şəxsən tanımadığım həmyaşıdımın duyumundan və üslubundan çox təsirləndim. Çörəkpulu arxasınca qürbətə yollanan, amma içindəki yurd sevgisini heç cür ovuda bilməyən adamın yaşantılarını ancaq o cür qüssə və gizli kədər dolu kinayəylə təsvir eləmək olar…

Sonralar, “Qanun” nəşriyyatında çalışanda Aslanın ilk sanballı kitabını - “Yazıçının savaşı” nəsr toplusunu çapa hazırladım. Kitabdakı “Yazıçının savaşı” və “Payız” romanları, dövri mətbuatda işıq üzü görən hekayələri, publisistik yazıları onun nəsri haqqında təsəvvürlərimi daha da genişləndirdi. O əsərlərdə əyalət həyatının amansız həqiqətləri və paytaxtın cazibəsinə qarşı şüuraltı müqavimət ustalıqla təsvir olunub…

***

Son on ili Aslan Quliyevin yaradıcılığında yeni mərhələ, bəlkə də yetkinlik dövrü adlandırmaq olar…

Bu illər ərzində qələmə aldığı “Sonuncu”, “Ağrı”, “İsti və soyuq torpaqlarda” romanları, hekayələri, publisistik yazıları, əsərlərinin rus və türk dillərinə tərcümə olunması, özünün rus, türk, ingilis, ərəb, ispan, Amerika, Polşa yazıçılarının əsərlərini dilimizə çevirməsi onun yazıçı bioqrafiyasında sanballı yer tutur.

Amma qələmlərini gecə-gündüz itiləyə-itiləyə “imkanlı yazıçılar”ın hər hansı əsər yazmasını dörd gözlə gözləyən bir çox tənqidçilər Aslanın nəsrini görməzliyə vurur, bəzən də savadlarını gözə soxmaq naminə “mız qoymağa” üstünlük verirlər. Hörmətli xalq şairi Sabir Rüstəmxanlının çox haqlı olaraq yazdığı kimi, “Aslan Quliyevin kitabları haqqında bəzi tənqidçilərimizin bir neçə məqaləsi var, lakin küll halında onun yaradıcılığı çağdaş ədəbiyyatımızın ümumi kontekstində təhlil olunub dəyərləndirilməyib, qiymətini almayıb, buna görə də onu hələ də ədəbiyyatın əyalətində saxlamaq və ya orda, gözdən-könüldən qıraqda görmək istəyənlər var. Halbuki, əsərləri çağdaş nəsrimizin ən dəyərli və parlaq nümunələrindəndir və bu əsərlərin müəllifinin adının da, yəqin ki, haqlı olaraq, tənqidin dilindən düşməyən adlarla bir sırada çəkilməsi Aslanın qəhrəmanlarının uğrunda vuruşduqları ictimai ədalətin bərpasına bir örnək olardı…”

Aslanın Quliyev ilk əsərlərində əyalət adamının yaşantılarını, qürbət ağrılarını təsvir edirdisə, son romanlarında artıq bugünlə tarixin, gerçəkliklə mifin vəhdətini ön plana çəkir. Yazıçı “Ağrı” romanında ədalətsiz müharibəyə cəlb edilən xalqımızın ağrısından, müxtəlif zamanlarda bü torpaqlara axışıb gələnlər tərəfindən dünya tarixində ən amansız genosidə məruz qalan, təkcə torpaqlarını, kilsələrini yox, həm də dillərini, maddi və mənəvi dəyərlərini itirən, yer üzündən silinən albanlardan, romanın əsas qəhrəmanları olan yazıçının və sonuncu alban keşişinin apardıqları mübarizədən söz açır.

“Sonuncu” və "İsti və soyuq torpaqlarda” romanlarında isə o, mifik yaddaşa müraciət eləyir, Yazıçının həyat gerçəkliklərilə amansız mübarizəsini, eyni gündə öldürülən qabanın, porsuğun və canavarın ruhlarının can verdikləri, görünüşləri, xasiyyətləri ilə də bu heyvanlara oxşayan üç dostun isti və soyuq torpaqlardakı maraqlı, gərgin, qəribə həyatlarından, bu torpaqlara dəniz sahillərindən gələn tayfalarının qeyri-adi adətlərindən, insanlarla insanların, insanlarla heyvanların münasibətlərini təsvir eləyib.

Bu gündən tarixə və mifə keçidlər yazıçı üçün təkcə süjet xəttinə oxunaqlılıq gətirmək cəhdi deyil, həm də qeyri-şüuri olaraq mənsub olduğu xalqın yaddaş kodlarını axtarmaqdı…

***

Bəzən Aslan Quliyev həyat və yaradıcılıq yolundakı maneələrdən, əyalətdə yaşamağın çətinliklərindən çöz açsa da, əslində, bunu Allahın lütfü olduğunu qəbul eləməlidi…

O yaşantıları olmasaydı – çörəkpulu arxasınca Rusiyanı dolaşmasaydı, cürbəcür peşələrdə çalışmasaydı, əyalətdə yaşayıb gələcək obrazlarını həyatın ən amansız sınaqlarında tanımasaydı, redaksiya və nəşriyyatlarda aldadılmasaydı, hekayə, povest və romanları üçün bu qədər zəngin, bənzərsiz materialı hardan alardı?

Onsuz da paytaxtın çətinlikləri heç də əyalətdəkindən az deyil. Belə olan halda, qarmaqarışıqlıqdan uzaqda sakitlikliyə çəkilib yazmaq şəxsən məndən ötrü əsl xoşbəxtlikdi. Aslan da bu həqiqəti çoxdan dərk eləyib: “Bakıda yaza bilmirəm. Yorucu, səs-küylü, tıxaclı, tozlu, küləkli Bakıdan sonra oturmuşam evimdə. Səssizlik qulaq dəlir. Ara vermədən yağış yağır. Rütubət, çürüntü qoxusu yoncanın, yovşanın qoxusunu belə duymağa imkan vermir. Ot qurşağa qalxıb, bu həftə çalmağı düşünürəm. Özümü çox rahat hiss edirəm, yazmağa mane olan heç nə yoxdur. Arada yorulanda kəkotu, qantəpər çayı, ya da tünd kofe içirəm…”

Sonra hər şey təbii axarıyla baş verir, “yazıçı öz təxəyyülündə məkanı yaradır, qəhrəmanlarını ora gətirir və onlar orda yaşayır, ölürlər. Necə məkan yaradır, ora gətirdiklərini necə yaşadır, necə öldürür, ya da öldürmür, bu artıq yazıçının istedadından, yazı qabiliyyətindən asılıdır. Mən də təbiətim etibarı ilə sakitliyi sevirəm, böyük şəhərləri, hisli-tozlu, tüstülü, səs-küylü yaşayış məskənlərini sevmirəm. Meşədə, dağda-daşda özümü öz boşqabımda hiss eləyirəm. Ona görə də qəhrəmanlarımın da sevdiyim yerlərdə yaşamalarını istəyirəm. Həm, belə bir kəndin reallıqda olub olmaması heç nəyi dəyişməz…”

Yazıçının hekayə və povestləri, beş romanı, publisistik yazıları, son illər müntəzəm ortaya çıxardığı tərcümələri məhz belə bir mühitdə dünyaya gəlib…

***

Aslan Quliyevin yaradıcılığı haqqında Sabir Rüstəmxanlının, Əsgər Rəsulovun, Vaqif Yusiflinin, Sabir Bəşirovun, Əlabbasın, bu sətirlərin müəllifinin… yazılarını bir daha oxudum, çağdaş ədəbiyyatşünaslığımızın onu gözardı eləməsinə bir daha təəssüfləndim…

Əlbəttə, kimsə nəyisə bəyənməyə bilər, dah çox şəxsi münasibətlərə üstünlük verən tənqidçilər onu görməzliyə vura, bəzən öz savadlarını nümayiş etdirmək üçün atmaca ata bilərlər, amma dövrün ədəbi mənzərəsini yaradan ədəbiyyatşünaslar haqqı olan yazıçını hesabdan silə bilməzlər…

On il əvvəl – 50 yaşı tamam olanda Aslan Quliyev haqqında qələmə aldığım portreti “Deməyə sözü olan yazıçı” adlandırmışdım…

Aradan keçən illər ərzində zənnimdə yanılmadığıma dir daha əmin oldum: Aslan ortaya bir-birindən sanballı əsərlər qoydu…

Əminəm ki, qarşıdakı onillikdə də yeni kitablarını görəcəyik. Ən azı, onun Allahın lütfü olan yazıçı taleyi bu gümanımda yanılmadığımı sübuta yetirəcək…

20 sentyabr 2017

# 1934 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #