"Dizdən aşağı” ŞEİRLƏR

"Dizdən aşağı” ŞEİRLƏR
8 iyun 2016
# 11:46

Kulis.Az şair-yazıçı İmir Məmmədlinin "Dizdən aşağı. Tısbağa qeydləri" silsiləsindən növbəti şeirləri təqdim edir.

1.

Ayağın çoxluğu

Tənhalığın yoxluğuna dəlalət edir.

2.

İtin də atın da dörd ayağı var.

Amma yenə də

İt atdan fərqlidir, at itdən fərqli.

Otla ətin fərqi bir yana qalsın,

İt yola çıxanda

Hara getdiyini öncədən bilmir.

Atın mənzilini yiyəsi bilir.

3.

İxtiyar həmişə minənlərdədi, mindirəndə yox...

4.

Belimə dırmaşan dəcəl uşaqlar

Məni də yönəldib arzuma qarşı...

5.

Belim ilə duyub hiss eləmişəm

Şuluq uşaqların dabanlarının

Sonradan tutacaq qabarlarını.

6.

Bir yanda xeyirdi, digər yanda-- şər,

Yüyəni hayana çəkərsə insan

Atın ayaqları o yana gedər.

7.

Hayana fırlasa sükanı insan,

Görmüşəm, təkərlər o yana dönər.

Bir yanda xeyirdi, digər yanda—şər.

8.

Təkər çoxaldıqca azalır ayaq.

9.

Gündə neçə dəfə yolayrıcında dayanır insan...

10.

Nə xeyir görünür, nə şər əvvəldən,

Açılan hər səhər bir tapmacadır.

Dünyada hər şeyi həll edir seçim.

11.

Danüzü bir azca sökülən kimi

Canlılar oyanıb açılan gündən,

Yüksələn günəşdən mərhəmət umur.

12.

Günəşin üzünü görməmişəm bu günə qədər,

Eh, dizdən aşağı görünmür günəş.

Ucları qırpılmış, üstü selikli və qan ləkəli

Göy otun üstünə düşən şəfəqdən

Bilmişəm günəşin ucaldığını.

13.

Mən belə otlardan irgəndiyimdən

Otudub səhəri gözləmişəm ki,

İlk şəfəqlərin ucundan qırpım.

14.

Nə gündüz mövcuddur, nə zülmət gecə.

İşıq var, bir də ki işıqsızlıq var,

Şəfəq var, bir də ki şəfəqsizlik var.

15.

Qaranlıq kasaddır, işıqdır hər şey,

Mən şəfəq yeyirəm, qarnım doyur.

16.

Günü görməmişəm, amma onun şüalarının

Belimə düşüb qırıldığını hiss eləyirəm.

17.

Ay nuru qırılmır, sərin su kimi

Belimdən axaraq tökülür yerə.

18.

İnsanın üzünü yalnız və yalnız

Onlar yıxılanda, ya göy otlağa

Səvərən vaxtlarda görə bilirəm.

Onda özlərinə oxşamır onlar,

Vəziyyətə görə başqalaşırlar.

19.

Üzləri görməyə ehtiyac yoxdur,

Qıçlardan oxuyuram

Üzlərdəki ifadələri.

Necə ki, ağacın gövdəsini görüb

Təsəvvür edirsən budaqlarını.

20.

Olur, bəziləri şalvarlı olur,

Bəziləri isə şalvarsız, çılpaq.

Hərdən bir görürsən şalvarlı qıçlar

Şalvarsız qıçların düşdü dalına.

21.

Şalvarsız qıçlar gah yavaşıyır,

gah yeyin gedir.

Elə bil şalvarlı qıçları güdüb

Sınayır onun istəyinin ciddiliyini.

Ya da istəmir, çıxsın onun nəzərlərindən.

22.

Hərdən bir şalvarlı şalvarsız ilə

üz-üzə gəlir,

Sonrasa yanaşı gedirlər onlar.

23.

Ya bunlar hamısı şalvarlı olsun,

Ya da şalvarsız.

Ya iqlimə, ya da istəyə uyğun...

24.

Ah, toyda-mağarda ara qızışıb

Rəqs eləyəndə,

Şalvarlı qıçlar nə deyirlər şalvarsızlara,

Əgər eşitsəniz, inanmazsınız qulağınıza.

25.

Ətəklər hey qalxır, düşür ətəklər,

Dizdən yuxarını görmədiyimdən

Hara qalxdığını deyə bilmərəm.

26.

Dizlərdən yuxarı olanlar haqqda

çox danışıblar,

Dizlərdən aşağı baş verənləri görən olmayıb

məndən savayı.

27.

İnsanlar torpaqdan güc alırlarsa,

Demək lap əzəldən hər şey başlanır

Dizdən aşağı,

Sonradan insanın başına vurur...

28.

Sıradöymə vaxtı dəcəl oğlanlar

Bir-birini döyür dizdən aşağı.

Və dizdən aşağı sərgiləyirlər

Yeniyetmə qızlar bədənlərini.

29.

Şəfəqlər çəkilib tam işıqsızlıq hökm sürəndə,

Bambaşqa ayaqlar çıxır bayıra.

Elə bil qap-qara corab geyinib

Qıçlar bürünərək zil qaranlığa

Baş alıb gedirlər məqsədə tərəf,

Otun xışıltısı, çınqılın səsi

Burdadır deyərək satır onları.

30.

Hasarın dibində üz-üzə gəlir

Zülməti yararaq gələn ayaqlar,

Ehmalca toxunur qıçlar qıçlara,

Qaranlıq əzilir aralarında.

# 984 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #