50 rubla görə küsülü qalan dahi yazıçılar

50 rubla görə küsülü qalan dahi yazıçılar
4 yanvar 2015
# 09:00

Dostoyevski ilə Turgenev Baden şəhərində qaldıqları zaman aralarında münaqişə yaşanmışdı. İlk baxışda önəmsiz görünən bu münaqişə sonradan rus ədəbiyyatı tarixinin ən böyük hadisələrindən birinə çevrildi. Onlardan biri xoş rəftarlı burjuy, o biri isə aristokrat idi. Biri 20 ildən çox idi ki, hər cür ehtiyacla, kasıblıqla qarşılaşmışdı. O biri isə həmişə firavan həyat sürmüşdü. Biri çətin adam idi, sözü çəkinmədən dostlarının belə üzünə deyirdi, o biri isə hətta düşmənlərinə qarşı yumşaq davranırdı. 1845-ci ildə Belinski vasitəsilə tanış olduqları zamandan bəri Dostoyevski Turgenevə qısqanclıqla yanaşmış və ona böyük heyranlıqla baxmışdı. Turgenevin isə rəqibinə qarşı rəftarı yumşaq olsa da həmişə öz üstünlüyünü büruzə verirdi.

Belinskinin yanında tanış olduqları vaxt aristokrat Turgenev istedadlı yazıçı və bir kənd həkiminin oğlunun qəribəliklərinə yuxarıdan aşağı baxırdı. Halbuki aralarında ciddi bir fərqlilik yox idi. İkisi də yazıçılığa hələ yeni başlamışdı. Amma Dostoyevski Sibir sürgünündən qayıtdıqdan sonra vəziyyət dəyişmişdi. Turgenev artıq rus ədəbiyyatında qəbul edilmiş yazıçı idi və əsərləri üçün yüksək qonorar istəyirdi.

Dostoyevski 1860-cı illərin sonlarında onunla rastlaşdığı zaman “Vremya” yenicə çap olunurdu. Bu vaxt onların arasında “Kabus” hekayəsinin müzakirəsi ilə bağlı məktublaşma olmuşdu. Turgenev hekayəni “Vremya” jurnalında çap etməyə razılıq vermişdi. Nəhayət hekayə “Vremya” bağlanandan sonra Dostoyevskinin yaratdığı “Epoxa” jurnalında nəşr olundu. Həmin dövrün məktublarında onlar bir-birini tərifləyir, bir-birinin qələmini yüksək qiymətləndirirlər. Hər ikisi olduqca səmimi görünür. Turgenev “Ölü evindən qeydlər”ə heyran olduğunu yazır. Dostoyevski isə “Atalar və oğullar”ı tərifləyərək ona cavab verir, “Kabus”u isə musiqiyə bənzədir.

Yaddan çıxartmaq lazım deyil ki, Dostoyevski o zaman kiçik bir jurnalın pul-parasız naşiri idi. Onun satışını artırmaq üçün isə Turgenevin nüfuzundan yayarlanmaq istəyirdi. Buna görə də ona məktub yazır: “Əgər yanvar ayında sizin bir hekayənizi çap etsək 4500 deyil, 5500 abunəçimiz olacaq”. Turgenev “Kabus” hekayəsi üçün istədiyi qonorarın məbləğini yazandan sonra məktublaşma bir müddət kəsilir.

“Epoxa” bağlanandan sonra səyahətə gedən Dostoyevski 1865-ci ilin avqust ayında Turgenevdən 50 taler borc istəyir. Bundan sonra Turgenevə olduqca soyuq bir təşəkkür məktubu yazır: “Bütün işlərimi həll edə bildim, dadıma çatdı”. İki il sonra Badenə səyahət edən Dostoyevski qumar salonlarından birində Turgenevlə rastlaşır. O, borcunu hələ də ödəməmişdi. Hətta borclu olduğunu unutmuşdu. Əslində borc olduqca həssas məsələdir. Aristokrat insanlar borclarını qeyri-müəyyən müddətə dək ödəməyə bilərlər. Amma burda bir həssas bir məqam var. Borc verən alana borcunu xatırlatmamalıdır, borc alan da borc verənin borcunu istəməyəcəyinə əmin olmalıdır. “İdiot”un müəllifinin xanımı Anna Qriqoryevna gündəliyində yazır: “Fyodorun 50 rubl borcu olduğu üçün o mütləq Turgenevin yanına getməli idi. Yoxsa Turgenev düşünə bilərdi ki, Fyodr borclu olduğu üçün gəlməyib”.

Həmin vaxtlar qumarda əli gətirməyən Dostoyevski Turgenevin borcu haqda da düşünürdü. Qüruru əzilmiş Dostoyevski iyulun əvvəlində Turgenevin görüşünə gedir. Əgər Dostoyevskinin qəhrəmanlarının psixologiyasını araşdırsaq görərik ki, onlar qürurları qırıldığında ilk andaca özlərindən çıxırlar. O ərəfələrdə Turgenevin də əhvalı yerində deyildi. Şöhrətpərəst və tərifi çox sevən Turgenevin son romanı “Duman” etirazlara, tənqidlərə səbəb olmuşdu. Slavyanpərəst çevrələr onu lənətləyirdilər. Çox güman ki, bu görüş ərəfəsində Turgenev Dostoyevskini də ona qarşı çıxanların içində görüb.

Görüşün incəlikləri barədə təəssüf ki, yalnız Dostoyevskinin xanımının gündəliyində, bir də onun Maikova yazdığı məktubda bəhs olunur. Bu qeydlərə inansaq həmin görüşdə Turgenev söhbəti son romanı üzərinə gətirərək özünü rusdan çox alman hiss etdiyini söyləyib. Daha sonra ateist olduğunu vurğulayıb.

Çox güman ki, bunların çoxu uydurmadır. Amma hər halda biz iki əks xasiyyətli insanın üz-üzə dayandığını görürük. Turgenev köhnə liberal və qərbpərəstdir. Özünə əmin adamdır. Dostoyevski isə mühafizəkar görüşə sahib olub. Ortodoksal xristianlığı şiddətlə müdafiə edir. Bu dünyada xilas yolunun Rusiyada və rus inancında olduğunu düşünür.

Mübahisəni kimin başladığı dəqiq deyil. Amma ehtimal var ki, ilk hücumu Dostoyevski edib. Sonralar Dostoyevski yazır: “Məni təhqir etdi”. Amma biz bilirik ki, Turgenev soyuqqanlı və kübar adam idi.

Bu münaqişənin yekun nəticəsi olmadı. Dostoyevski daha sonra “Cinlər” romanında Karmazinov obrazının timsalında Turgenevin karikaturasını yaradır. Bundan sonra Turgenev dostuna yazdığı məktubda belə deyir: “Dostoyevski mənim karikaturamı yaradıb. Lap yaxşı, qoy əylənsin özü üçün. Beş il əvvəl Badendə mənim görüşümə gəlmişdi. Borcunu ödəmək üçün yox, “Duman”ı yazdığıma görə məni söyməyə gəlmişdi. Onun fikrinə görə “Duman” camaatın gözü qarşısında yandırılmalı idi. Onun ittihamlarını dinməzcə dinləmişdim. Onun dəli olduğuna şübhəm yoxdur”.

50 taler nəhayət 1875-cil ildə ödənildi. Dostoyevskinin ömrünün son ilində Moskvada Puşkinin heykəlinin açılışı zamanı küsülülər barışdılar. Bu dramatik, amma saxta bir barışıq oldu. Turgenev isə daha uzun yaşadı və bir yazıçının başqa bir yazıçının ölümündən sonra deyə biləcəyi ən pis şeyləri yazdı. O, Dostoyevskini Markiz de Sada bənzədərək yazırdı:

“Və bizim Sadımız üçün bütün rus yepiskoplarının mərasimlər keçirdiyini, bu cahanşümul insanın, cahanşümul sevgisi haqqında vəəzlərin oxuduğunu düşündükcə... Həqiqətən, qəribə zamanda yaşayırıq”.

# 1646 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #