Ən yaxşı qatillər məsum qızcığazlardır

Ən yaxşı qatillər məsum qızcığazlardır
17 avqust 2013
# 07:45

Stiven Van Dayn Amerika detektiv yazarı, jurnalist, tənqidçi Uillard Hantinqton Raytın təxəllüsüdür. 1888-1939-cu illərdə yaşamış Van Dayn detektiv janrının qızıl əsrinin (1920-1930-cu illər) tanınmış simalarındandır.

Van Dayn özünün “Detektiv əsər yazmağın 20 qaydası” ilə də məşhurdur. Kulis.Az Stiven Van Daynın qaydalarını təqdim edir.

1. Oxucuya cinayəti açmaqda xəfiyyə ilə bərabər ölçüdə imkan vermək lazımdır. Hər dəlil açıq şəkildə vurğulanmalı və açıqlanmalıdır.

2. Cinayətkar xəfiyyəni çaşdıra, izi azdıra bilər, amma yazıçı oxucunu çaşdırmamalıdır.

3. Romanın mövzusu məhəbbət olmamalıdır. Yazıçının borcu cinayətkarı hakim qarşısına çıxarmaqdır, sevgililəri nikah məmurunun qarşısına çıxarmaq deyil.

4. Detektiv və ya istintaq orqanlarından kimsə cinayətkar olmamalıdır. Bu açıq hiyləgərlikdir, elə bil bir qızıl pulun qarşılığında qəlp pul ödəməkdir.

5. Cinayəkar məntiqi üsullarla təsbit edilməlidir, səhvən, şans nəticəsində və ya özü çıxıb etiraf etməməlidir. Bu oxucunu labirintə salıb ordan çıxarmaq mümkün olmayanda axtardığını cibindən çıxarmağa bənzəyir, bunu edən yazıçı təlxəkdən fərqlənmir.

6. Detektiv romanda mütləq detektiv obrazı olmalıdır. Bir detektiv isə detektivlik etmədiyi təqdirdə detektiv sayılmaz. Onun vəzifəsi dəlilləri toplamaq və birinci fəsildə cinayət törətmiş canini dəlilləri analiz etmək vasitəsilə tapmaqdır. Əks təqdirdə onun misalın cavabını kitabın arxasında baxıb köçürən şagirddən fərqi olmaz.

7. Detektiv romanda cəsədin olması vacibdir və bu cəsəd nə qədər çox ölüdürsə o qədər yaxşıdır. Qətldən yüngül cinayət detektiv roman üçün kafi deyil. 300 səhifə qeyri-qətl hadisəsi üçün çox azdır, oxucunun səbri və xərclədiyi enerji ödənilməlidir.

8. Cinayətin sübut olunmasında təbii üsullardan istifadə olunmalıdır. Fikir oxuma, spiritizm seansları və başqa cadu üsulları qadağandır. Oxucu real üsullardan istifadə edən bir detektivlə rəqabətə girə bilər, amma ruh çağırma və başqa maqik üsullara əl atılsa əvvəldən məğlub olacaq.

9. Bir və sadəcə bir detektiv olmalıdr. Baş-başa verib birlikdə işləyən iki və bir qrup detektivin olması məntiqlə işləməyə maneə yaradar, həm də bu oxucuya qarşı haqsız üstünlük olar. Bu tək başına komandaya qarşı oynamağa bənzəyir.

10. Cinayətkar əsərin hansısa bir hissəsində iştirak etmiş obraz olmalıdır. Yəni oxucunun əvvəldən tanıdığı və marağına səbəb olan bir adam olmalıdır.

11. Cinayətkar xidmətçi olmamalıdır. Bu çox bəsitdi. Elə bir adam olmalıdır ki, oxucu ondan bu cinayəti gözləməsin və oxucunun zəhmətinə dəysin.

12. Cinayətin işlənmə sayından asılı olmayaraq bir və ancaq bir qatil olmalıdır. Təbii ki, cinayətkara vasitəçilik edənlər ola bilər. Amma sonda bütün günah bir adamın üstündə qalmalıdır ki, oxucunun nifrəti ancaq bir adam yönələ bilsin.

13. Gizli təşkilatlar, mafiya və ya başqa cinayətkar təşkilatlara romanda yer yoxdur. Bu cür kütləvi cinayət mərkəzləri əsərin əsrarəngizliyini məhv edər. Qatili qüdrətli, qüvvətli bir adam kimi vermək olar, amma onun bir təşkilata arxalanmasına yol vermək olmaz. Heç bir alicənab, özünə hörməti olan qatil bu avansı qəbul etməz.

14. Cinayətin işlənmə üsulu və istintaq rasional və elmi olmaldır. Xəyali üsullara və fantastikaya detektiv romanda yer yoxdur. Yazıçı Jül Vern kimi fantastik aləmlərdən bəhs edərsə bu artıq macərə romanı olar, detektiv yox.

15. Cinayət sirrinin aşkar olunması üsulu aydın olmalıdır. Ən azından ağıllı oxucu bunu anlamalıdır. Yəni oxucu cinayətin üstünün açılması səhnəsini oxuyanda, əsərin əvvəlinə qayıdıb cinayət hadisəsini oxuduğu təqdirdə aşkar dəlillərə rast gələcəyinə əmin olmalıdır. Oxucu son hissəni oxumadan da detektiv kimi cinayətkarın kim olduğunu təxmin etməlidir.

16. Detektiv romanda uzun-uzadı təsvirlərə, bədii gedişlərə, insan təbiətinin analizinə yer yoxdur. Bunlar əsəri ana xəttindən yayındırar. Əsas məsələ cinayətin açılması olmalıdır. Digər tərəfdən təbii ki, romanın bədiilik qazanması üçün müəyyən qədər xarakter təsvirlərinə yer verilməlidir.

17. Qatil professional olmamalıdır. Oğru və quldurların törətdikləri cinayətlərlə polis məşğul olur, xəfiyyə deyil. Ən münasib qatil kilsə rahibi və məsum bir qızcığaz ola bilər.

18. Cinayət sanılan hadisənin intihar və ya qəza hadisəsi kimi verilməsi yolverilməzdir. Bu qədər zəhmətin sonunda belə bir nəticənin hasil olması oxucunun etibarını zədələyər və onu incik salar.

19. Cinayətlərin səbəbi fərdi olmalıdır. Beynəlxalq və müharibə münaqişələri nəticəsində baş verməməlidir. Məsələn, gizli təşkilatların törətdiyi cinayətlər. Bir cinayət hadisəsi oxucunun gündəlik həyatı ilə yaxından əlaqəli olmalı, onu təsirləndirməlidir.

20. Nəhayət, siyahımızı bitirmək üçün özünə hörmət edən heç bir detektiv yazarının istifadə etməyəcəyi bir neçə üsulu sadalayıram. Bu üsullar o qədər çox işlənib ki, artıq oxucular da beziblər. Bunları işlədən yazarlar ya orijinallıqdan uzaqdırlar, ya da onlarda alınmayıb:

a) cinayətkarı hadisə yerində qalmış bir siqaret kötüyü vasitəsilə tapmaq

b) cinayətkarı etirafa məcbur etmək üçün ruh çağırma seansı təşkil etmək

c) saxta barmaq izləri

ç) əqli naqisliyi olan adamların şahidliyi

d) qatili görəndə hürməyərək onu tanıdığını bildirən it

e) qatilin cinayətkar kimi görünən, günahsız olan birinin əkizi və ya oxşarı çıxması

ə) yuxu dərmanı içilməsi

f) kilidli otaqda cinayətin əslində polis içəriyə girəndən sonra baş verməsi

g) psixoliji vasitələrlə cinayətkarın müəyyən olunması

ğ) detektiv tərəfindən tapılan gizli mətn

Bu mətn ilk dəfə 1928-ci ildə “American Magazine” jurnalının sentyabr sayında yayımlanmışdır.

# 1961 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #