Qulu Ağsəsin Moskva görüşü

Qulu Ağsəsin Moskva görüşü
28 avqust 2015
# 10:21

“Doqquz yaşımda ikən yazdığım ilk şeiri Moskvaya həsr etmişdim... Özünü isə budur - 46 yaşım olanda görürəm”.

Bu, Moskvaya Azərbaycan diasporasının üzvləri və burada yaşayan qələm dostları ilə görüşə gəlmiş, “Ulduz” jurnalının baş redaktoru - şair Qulu Ağsəsin özünəməxsus baməzəliklə söylədiyi ilk sözlər idi.

Moskvada, Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun qərargahında, “Nicat” Azərbaycan İrsinin Dirçəlişi cəmiyyətinin təşəbbüsü ilə və AYB birliyinin Moskva bölməsinin, ASGA Rusiya nümayəndəliyinin, Şəhriyar ƏMC-nin üzvlərinin iştirakı ilə “Ulduz” dərgisinin baş redaktoru, şair Qulu Ağsəslə görüş keçirildi.

Tədbiri Şəhriyar ƏMC-nin sədri Vasif Məmmədov cənabları açdı. O, tədbir iştirakçılarına şairin həyat və yaradıcılığından, “Ulduz” jurnalının yaranma tarixindən və fəaliyyətindən, Sovet dövründən bu yana, bu jurnalın gənc yazarlar nəslinin yetişməsində böyük rolundan danışdı: “1967-ci ildən bəri nəşr olunan “Ulduz” bu gün də ən oxunaqlı və tələbolunan dərgilərdən biri olaraq qalır. Dərgidə Azərbaycanın və MDB dövlətlərinin tanınmış, eləcə də gənc, ümidverici yazarları dərc olunurlar. Hörmətli şairimiz Qulu Ağsəsin baş redaktor kimi fəaliyyətə başladığı ötən ildən bəri, jurnal daha maraqlı və daha aktual olmuşdur ki, bu da bizi sevindirməyə bilməz.

Qulu Ağsəs istedadlı yazar, tərcüməçi və publisistdir. Onun şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunur. O, eləcə də, “Sənsən hər yer”, “Külək dostum”, “Nabran novellası”, “Nöqtələr” adlı kitabların müəllifidir”.

Bundan sonra, Vasif Məmmədov cənabları şair Qulu Ağsəsə Şəhriyar ƏMC-nin yaranma tarixindən, cəmiyyətin üzərinə düşən məsuliyyətdən və görülən işlərdən danışdı. O, qeyd etdi ki, 2000-ci ildə gözəl alimimiz mərhum Rafiq Sarıvəlli tərəfindən əsası qoyulan və Seyid Məhəmməd Hüseyn Şəhriyarın adını daşıyan bu cəmiyyətin ümdə vəzifəsi - bir-birinə mənəvi ehtiyacı olan soydaşlarımızı, ziyalılarımızı, o cümlədən yazarlarımızı öz ətrafında birləşdirməkdir.

Qulu müəllimin həmyerlisi, tanınmış şair Sultan Mərzili böyük bir həsrətlə doğulub boya-başa çatdıqları yerlərdən söz açdı: “Qarabağ Azərbaycanın ürəyi idi. Bu torpaq dünyaya saysız-hesabsız dahilər bəxş edib. Qarabağın ürəyi isə Ağdam və Şuşa idi. Bizim çox hörmətli şairimiz və dostumuz Qulu Ağsəs Ağdamın gözəl kəndlərindən biri olan Abdal Gülablıda dünyaya göz açıb. Mənsə qonşu kənddən - Mərzilidənəm. Hər iki kəndin sakinləri bir-birinə əzəldən çox doğma olmuşlar. Tiflisdə tapılan arxivlərə əsasən, bu yerlər eyni məkan sayılmışdır. Bu torpaqların tarixi Nuh peyğəmbərin dövrünədək gedib çıxır və biz qarabağlılar bununla fəxr edirik”.

Sonra söz gecənin təşəbbüskarı, Azərbaycan və Rusiya yazarlar birliklərinin üzvü şairə Afaq Şıxlıya verildi. “Qulu Ağsəs mənim çox əziz və dəyərli dostum, həmkarımdır. Bu istedadlı insan həm gözəl şair, publisist, həm də əvəzsiz redaktordur. Heç bir səhv onun gözlərindən yayına bilməz, əsərləri isə Azərbaycanın hər guşəsində tanınır və sevilərək oxunur.

...Qulu Ağsəs uzun müddət Qarabağa, bir zamanlar gülüzar, indi isə düşmən tapdağında viran olan torpaqlarımıza şeir yaza bilməyib və bunu, böyük övlad sevgisi, həsrəti və qəhərilə izah edir. Bu gün sizə Qulu müəllimin şeirlərindən bir neçəsini, o cümlədən də, bir il öncə Qarabağa həsr etdiyi şeirini oxumaq istərdim”.

“Rusiya hamı üçün” portalının redaktoru, “Ulduz” jurnalının Rusiya təmsilçisi, jurnalist, yazar, tərcüməçi - Nilufər Şıxlı çıxışını bu sözlərə başladı: “Mən Qulu müəllimi gözəl şair və gözəl insan kimi tanıyıram. O, bizim ailənin doğması, əzizidir. Azərbaycanda, onun nail olduğu ucalıqda çox az adam tapmaq olar ki, mənsəbinə və adına baxmayaraq bu qədər sadə, təmiz və səmimi qalmağı bacarsın. O, özünü digərlərin üstün tutmur, insanlarla öz bərabəri və dostu kimi davranır. İstedadından əlavə, məhz bu keyfiyyətlərinə görə biz onu çox sevir və dəyərləndiririk.

...Bir tərcüməçi kimi onu da qeyd etmək istərdim ki, şeiri Azərbaycan dilindən rus dilinə tərcümə etmək, yalnız ilk baxışda asan görünə bilər. Hər hansı bir şeir ana dilimizdə nə qədər gözəl səslənsə də, tərcümə zamanı milli koloriti və ahəngi qoruyub saxlamaq çətin olur. Bu nöqteyi-nəzərdən, Qulu Ağsəs şeirləri unikaldırlar. Onlar hər iki dildə öz xüsusiliklərini saxlamağa qadirdir. Bir də buna görə, Qulu müəllimə öz təşəkkürümü bildirirəm”, - deyə əlavə edən Nilufər Şıxlı sözünün sonunda tərcümə etdiyi şeirlərdən bir neçəsini oxudu.

Gecədə, Azərbaycan dilini sevərək öyrənən rus gəncliyinin bir nümayəndəsi də iştirak edirdi. Rudomino adına Xarici ölkələr ədəbiyyatı kitabxanasının nəzdindəki Azərbaycan mədəniyyət mərkəzində çalışan Dmitriy Kruqlıx şairi bizim ana dilimizdə salamlayaraq bir neçə şeirini (orijinalda) oxudu.

Qulu Ağsəsin həyat yoldaşı, “Azərbaycan qadını” jurnalının redaktoru Laura Cəbrayıllı tədbir iştirakçılarını salamlayaraq hər kəsə öz təşəkkürünü bildirdi: “Bu gün biz Ulduzun işığına yığılmışıq. MDB-nin bir çox ölkələrinə sirayət etmiş “Ulduz” bu gün də Rusiyanın paytaxtı Moskva şəhərində şəfəq saçmaqdadır.

...Müəlliflər öz əsərlərini böyük hörmət və məhəbbətlə göndərdikləri kimi, biz də çox böyük sevinc və məhəbbətlə onları dərc edirik. Bu gün burada ilk dəfə gördüyüm insanlar belə mənə yad deyil. Çünki hamınızı artıq yazılarınızdan tanıyıram. “Ulduz”un tirajı az olsa da, hər sayının maraq və həsrətlə gözlənilməsi onun zənginliyindən xəbər verir. Siz bundan sonra da, onun səhifələrində həm yeni, həm də artıq tanınmış yazarların əsərlərini oxuya biləcəksiniz”.

Anasının sözlərinə dərin minnətdarlıq və təşəkkür kəlmələrilə qoşulan kiçik yazarımız Alsu da görüş iştirakçılarından öz sevincini gizləmədi.

Rusiyada yaşayaraq Vətəni unutmayan, ana dilimizin keşiyində duran soydaşlarının suallarını böyük maraq və həvəslə cavablayan Qulu Ağsəs, öz növbəsində, onunla görüşə toplaşanlara dərin minnətdarlığını bildirərək, bir neçə şeir oxudu.

Gecədə Şəhriyar ƏMC-nin üzvü tarix elmləri doktoru, şair Əşrəf Hüseynli, jurnalist Tünzalə Vəliqızı, AMİİ Fondunun sədri Şamil Tağıyev, ASGA-nın Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili və s... çıxış etdilər.

Görüş xatirə şəkillərinin çəkilməsilə başa çatdı.

Rusiya Hamı Üçün (RİA Novosti)

# 1495 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #