Çürük qızıləhmədlər - Hekayə

Çürük qızıləhmədlər - Hekayə
11 iyul 2026
# 11:30

Kulis.az Furqan Əliyevin "Çürük qızıləhmədlər" hekayəsini təqdim edir.

Yenə yay gəlmiş, magistral yollar Bakı qeydiyyatlı maşınlarla dolmuşdu. Şəhərdəki binaların heybətini qabaqladığı səma günəşin al-əlvan şüaları ilə mavinin ən xəfif çalarını almış, əhalinin kefini saz etmişdi. Qara rənginə baxmayaraq, içindəki kondisioner ilə sərin qalan maşınlardan birində hələ on yaşı yenicə tamam olmuş Bədirxan da otururdu. Uzun yolun səssiz-səmirsiz keçib gedən ab-havasının əksi axşam rayondakı nənə-babasının yanında əmiuşaqları ilə yaddan çıxacaqdı. Bir-iki saata yerləşəcək, beş-on dəqiqə böyüklərin yanında məcburi oturacaq və sonra uşaqlar ilə telefonda oyun oynayacaqdılar. Ancaq onsuz da şəhərdə etdiyi kimi, telefon oynamaqdan ibarət olan günlər üçün bu qədər yol getmək Bədirxana mənasız gəlirdi. Eynilə rayonun bir neçə restoranına getmək də… Elə ancaq kabablar, böyüklərin mənasız söhbətləri və yenə telefonda oynayacağı oyunlar… Axşamüstü rayona çatdılar. Həyət evində çıxan hay-küyün həddi ilə hamının yalançı mehribanlığı əməlli-başlı toqquşurdu. Nənəsi ilə babası elə ancaq “nə var, nə yox” soruşur, hamı da eyni cavabları verirdi. Uşaqlara rayon meyvələrini yemələri diktə edilir, onlar isə telefona zillənmiş gözlərini bir an belə qırpmadan yalandan edəcəklərini təsdiqləyirdilər.

Bir neçə maraqsız gündən sonra Bədirxan digər bir diktə mövzusu olan həyətə düşmək aktını günün ən qızmar vaxtında həyata keçirməyə qərar verdi. Demək olar ki, evdəki hamı yatırdı. O isə birtəhər vaxt öldürməyə çalışırdı. Bir az sonra, əslində, indilərə hələ təzə-təzə bitməli olan qızıləhmədlərin yerdəki çürüklərinə rast gəldi. Əlbəttə ki, Bədirxan bu qeyri-adi hadisədən xəbərsiz idi. Yəni həmin almaların çürüyüb viran olması onun üçün heç bir mənaya gəlmirdi. Sadəcə, bir ağacdan tutuna bilməyən almalar idi onlar… Heç babasının yazıq-yazıq oğluna “Nə əcəb, bu il bunlar belə dözümsüz çıxdılar, bilmirəm” deməsini də eşitməmişdi öz “dünyası” olan telefonun əlindən. Bədirxan elə həmin ağacın altında dayandı və budaqlarına baxdı. Olduqca alçaqdan başlanğıc götürürdü dörd-beş metrə qədər uzanan budaqlar. Hətta sanki xüsusi bir cığır tək yaradılmışdılar ki, kimsə ağacın təpəsinə qədər qalxa bilsin. Bu zaman anasının ona həmişə qürurla dediyi sözləri xatırladı: “İndiki uşaqlar uşaq deyil ki… Biri ağacın təpəsinə qalxa bilmir! Hamısı qorxur. Bizim vaxtımızda bütün uşaqlar ağacın bir budağından o biri budağına elə tullanırdılar ki…”.

Bəlkə də, bu sözlərdən təsirlənib Bədirxan dəqiqələrcə əlini hansı budağa atsa, daha rahat tutunar deyə düşündü. Təbii ki, əllərinin çirklənməsi də qorxunc bir qayğı idi onun üçün. Axırda birtəhər cəsarətini topladı və heç yarım metr uzunluqda olmayan iki budağın arasına ayağını atdı. Vurnuxaraq gözlərini bağladı və açanda… Bacarmışdı! Artıq yerdən düz yarım metr hündürdə idi. Əlləri bir qədər çirklənmişdi, amma zorla özünə təskinlik gətirib macərasına davam etmək qərarına gəldi. İndi hər şey bir az da çətin idi. İyirmi santimetr hündürdə olan bir budaq aralığına ayağını soxmalı, sonra əlini düzgün yerə atmalı idi. Ürəyində saydı… Bir… İki… Üç… Və… Yenə uğurlu oldu. Xoşbəxtlikdən, onu narahat edən nə bir həşərat var idi, nə də insan. Yalnızca o və yetmiş santimetrlik uğuru… Fövrən balaca Bədirxana bir cürət gəldi və gözünün qarşısını kəsən budağın arxasındakı tərəfə əlini uzatdı ki, oradakı budaqların da xəbəri olsun onun bu igidliyindən. Ancaq gözlənilməyən bir hadisə baş verdi. Əli həyatı boyu şahid olmadığı və haqqında eşitmədiyi bir şeyə dəydi. Bu, ağacın ifraz etdiyi qatran idi. Maddənin yapışqanlığından diksinərək dərhal əlini çəkdi və bir də nə görsə yaxşıdır? Bayaq yoxluğundan aram tapdığı arılardan biri... Təşvişlə cəld digər əlini də çəkib onu uzaqlaşdırmaq istədi ki, birdən özünü kələ-kötür torpağın üzərində, yanındakı bir neçə alma ilə ağrıdan qıvrılan yerdə tapdı. Arı getmiş, əlindəki şirə isə özünə bir yarpağı yapışdırmışdı. Bir anlıq həyətdə gördüyü tut ağacının yarpaqları kimi bunda da barama qurdunun ola biləcəyindən qorxub yerindəcə göyə hoppandı, ancaq əlindən düşüb havada süzülən şeyin sadəcə çılpaq bir yarpaq olduğunu gördü.

Bu qədər şeyin bir anda baş verməsi istinin də köməyi ilə bütün bədənini suya qərq etdi. Ağrıyan çanağını birtəhər qaldırandan sonra gözü bir yadlığa sataşdı. Həftələr əvvəlki yağışın çoxdan qupquru etdiyi torpağın altından çölə çox kiçik bir hissəsi çıxan vərəq parçası… Və Bədirxanın gəldiyi gündən bəri şahid olmadığı sərinlikdə bir meh… Mehin həzin-həzin ucunu əsdirdiyi vərəq bir anda onun bütün tərini soyutdu və canına üşütmə gətirdi. Həmin an cəld oradan qaçacağına əmin idi, ancaq marağına məğlub oldu. Vərəqi kiçik barmaqları ilə əsə-əsə çəkdi və torpaqlı hissəni əli ilə təmizlədi. Vərəqin orta yerində gözəl xətlə yazılanları oxudu:

“Adəm ilə Həvvaya ayıbı öyrədən almanın rəngi qırmızı idisə, onlara “Qulluğu” öyrədən alma nə rəngdə idi?”.

Udqunmağa çalışdığı tüpürcəyi boğazındaca qurudu. Ola biləcəklərin qorxusu idarə edə bilmədiyi vəziyyətin içində hara qaçıb gedə bilərdi? Bu yerlə yeksanlıq biristiqamətli deyildi və bu da kiçik Bədirxan üçün kabus idi. Oxuyub qurtarandan sonra başını qaldıranda, deyəsən, kiminsə pilləkəndən evə qalxdığını gördü. Deməli, etdiyi cinayətin, oxumamalı olduğu o vərəqi çəkib burnunu hər şeyə soxmağının bir şahidi də var idi artıq. Özü də həmin bu şahid məchul idi. Paltarının rəngini belə tuta bilməmiş, yalnızca oradan bir qaraltının keçdiyini görmüşdü. Deyək ki, heç kəs onu görməmişdi, bu zaman yenə də həyatı boyu eşitmədiyi iki ad haqqında əcaib bir etirafdan xəbərdar idi o. Axı ona lazım idi bu həyətə düşmək? Həmin yazının bir uşaq oxusun deyə yazılmadığı açıqca ortada idi. Adəm və Həvva adında qohumları yox idi. Bəlkə, rayondakı iki nəfərin adı idi bu? Yaxın məhəllələrdən kiminsə məktubvari bir hədiyyəsi ola bilərdi, bəlkə də… Ya da… Bu girişdiyi işdə çarəsiz uşaq heç bir ağıllı cavab tapa bilmirdi. Evə təhlükəsiz şəkildə, arxasında heç bir iz buraxmadan getmək barədə titrəyə-titrəyə bir dəqiqəyə yaxın fikirləşəndən sonra vərəqi yavaşca götürdüyü yerə qoydu və diksinə-diksinə üzərinə torpaq tulladı. Əlini qızmar bıçağa toxunan kimi çəkdi torpaqdan və həmin o qorxunc ağacın altından yüyürə-yüyürə uzaqlaşdı.

Başmaqlarını çıxarıb günəşin qızdırdığı pilləkəni əlacsızlıqdan, guya olanları unutmaq üçün çıxış yoluymuş kimi barmaqları ucunda qalxdı və yataq otaqlarına keçdi. Yarıoyaq olan atası oğlunun üst-başındakı toz-torpağı görən kimi soruşdu:

– Üstün harada batdı, Bədirxan?

Otağa başıaşağı girən uşağın eşitdiyi ani xitab az qala ürəyini yerindən çıxarmışdı. Çünki şüuru bu zaman təsəvvürünə yatan insanları ölü kimi yerləşdirmişdi. Bir ölünün qəfildən qayğılı səsi ilə sual soruşması isə adamın huşunu da əlindən alardı.

Cavab vermək yerinə, əvvəlcə dil aça bilməyən adam kimi xırıltılı səs çıxaran Bədirxan atasının sifətindəki təəccübü görən kimi xırıltısını sözlərə çevirdi:

– Ayağım sürüşdü, torpağa yıxıldım…

Atası heç nə demədən gözlərini yumdu və o, təşvişlə üzərinin çirkli olmasına məhəl qoymadan çarpayıya uzandı. Bədirxan oyananda şam yeməyinin vaxtı gəlmişdi. Hamı bağır-çağırla bir-birini süfrəyə çağıranda, onun da adı çəkildi. Çox qorxurdu. Çünki kimsə süfrə arxasında onu etdiklərinə görə danlasaydı, evdəki heç kim günlərlə onun üzünə baxmayacaqdı. Yarım saata yaxın, yəni süfrədə oturduqları müddət boyu səmirini bircə dəqiqə belə çıxarmadı. Və hər şey heç nə olmamış kimi öz axarında getdi. Süfrədən qalxıb uşaqlarla birgə telefonlara cumanda bütün təlaşı söndü. Başına gələnləri o gündən sonra heç xatırlamadı da… Ta ki, həftələr sonra babası ilə qəssaba gedənə qədər…

Səhər heç olmadığı qədər tezdən ayılmışdı. Başqaları xoruldayarkən o, həyətə çıxdı ki, bəlkə, özü kimi oyaq kimisə tapar. Ancaq bir azdan yağacaq yağışın xəbərçisi olan bürkü hava və öz cisimlərini gizləyib, hamının bildiyi səsləri ilə nəsə haqqında danışan qurqur quşlarından başqa heç bir hərəkətlilik əlaməti yox idi ətrafda. Bədirxan bu gün üstdən, hər ehtimala qarşı, anasının götürdüyü bürüncəyini geyinməli olduğundan xəbər tutdu. Bunun üçün geriyə çevrilmək istəyəndə kiminsə qolundan yapışdığını hiss etdi: – Babanın balası, gəl gedək ət alaq, bu gün kabab bişirərik. Babası sözünü deyib qurtaranda artıq çoxdan qapının ağzına qədər sürüklənmişdi. Ona görə də etiraz etmədi. Digər nəvələrin təkcə Bədirxanın babası ilə getdiyini öyrənəndə qibtə edəcəkləri faktı da var idi ortada. Beş dəqiqəyə qəssabxananın qabağına çatmışdılar. İçəri daxil olanda, biri qəssab olmaqla, iki qoca kişi qabaqlarına çay-qənd qoyub söhbət edirdilər. Və qəssab durub babanı salamlamazdan əvvəl Bədirxan kişilərin bir neçə saniyəlik söhbətindən sonuncu bir cümləni eşitdi:

– Elədir də… Adəm ilə Həvvanın vaxtından eyni söhbətdir… Adam gərək hər şeyə burnunu soxmasın! Artıq tamah baş yarar!

Əvvəlcə babası, sonra da bığları sıxlıqdan rezinə dönmüş divboyda qəssab ona gözlərini zilləyib təbəssüm etdi.

– Allah saxlasın, kişi! Nə var, nə yox?

– Sağ ol! Həmişəki kimi… Bizə kabablıq ət verərsən!

Bax beləcə, Bədirxan artıq hamının onun bu eybindən xəbərdar olduğuna əmin olmuşdu. Qəssab sanki hər dəfə əti qarmaqdan çıxaranda, bıçağı əlində o yan-bu yana sallayanda uşağın gözlərinin içində bitirdi. Yenə ola biləcəklərin qorxusu idarə edə bilmədiyi vəziyyətin içində heç bir yana qaça bilmirdi. Ancaq bu dəfə üstündə üç cüt gözün müşayiəti var idi. Üç cüt dərindən nəfəs alıb-verən burun deşiyi və üç cüt qorxusunun ən kiçik xırıltısını belə eşidə biləcək qulaq… Qəssabın sonlara yaxın qırpdığı bir gözü Bədirxanın bədəninin bir yarısında axan qanı dayandırdı, digər yarısını isə az qala qıc etdi. Babası içində ət olan sellofanın çoxdan balaca uşaq tərəfindən əlindən alınacağını fikirləşsə də, Bədirxan bədənində axan cərəyanın müqaviməti ilə çölə çıxmışdı. Ahıl kişi dinmədi, ancaq yolboyu nəvəsinin qəfil sürətlənib yavaşımasından nəyinsə düzgün olmadığını başa düşdü. Evə çatanda saat hələ doqquz idi. Bədirxan düz o saatdan axşama qədər otaqlarında bir qırağa qısılıb gizlin-gizlin, guya ancaq telefonla oynadı. Təbii ki, valideynləri heç də bu vəziyyəti qəribsəmədi. Axı bu, normal idi; uşağın çöldə dura-dura balaca ekranda əyləncə tapması. Özü də hələ böyüklərin eləməyə nə qədər işi var idi… Hələ onlar da bir qırağa qısılıb telefona baxası idilər axı…

Qaş qaralandan sonra ev əhalisi bir qədər də meh sifətlərinə vura-vura telefona baxmaq niyyəti ilə həyətə düşəndə, Bədirxan gözə dəymədən ayaqyoluna getmək istədi. Gördü ki, atası bu saatda heç kimin oturmadığı qonaqotağında təkbaşına oturub fikir çəkir. Uğurla, yəni atasına görünmədən ayaqyoluna girə bildi. Hətta bir az artıq da gözlədi ki, bəlkə, atası da aşağı düşə. Düzdür, böyük ehtimal, yenə uğurla öz otağına gedə biləcəkdi, amma ehtiyat etdi. Səbri isə boşuna çıxmadı. Ev qapısının heybətli səsi eşidildi və Bədirxan xatircəmliklə çölə çıxdı. – Bədirxan! Gəl görək… Qorxuları qonaqotağından və ayaqyolunun açıq qalmış qapısından düşən işıqlar ilə “gün” üzünə çıxdı. Sayrışan işığın birini, ayaqyolununkunu söndürdü.

Və atasının qarşısına keçdi.

– Əyləş…

Atası başını qolunun üzərinə atıb yuxuya getməyə çalışırmış kimi gözlədi. Əslində, bəlkə də, heç nə gözləmirdi, ancaq Bədirxanın da bir həddi-hüdudu var idi. Səbir olsun, qorxu olsun, onu tərə qərq etdikcə digər şeylər də qarşılıqsız şəkildə baş alıb gedirdi. Elə bir nöqtə var ki, orada insan ya istədiyi, ya da istəmədiyi bir şey üçün olan duasını ağzından qaçırır.

Və o da belə etdi:

– Atacan, üzr istəyirəm… Səndən xahiş edirəm, əsəbləşmə! Vallah, bilərəkdən o vərəqi götürmədim! Heç o adların mənasını bilmirəm! Adəm və Həvva! Heç vaxt elə adlar eşitməmişəm! Mən günahsızam!

Kişi təəccüblə başını qaldırdı və hiddətə bənzər ifadəyə büründü təəccübü. Oğlunun nə dediyi haqqında heç bir fikri yox idi. Ancaq öyrənmək əziyyət və ağıl tələb edən bir şeydir. Öyrətmək isə cəhalətə daha yaxın durur həmişə. Atanın vəziyyəti elə də bir intellekt fəlsəfəsi ilə qavranası kimi deyildi. Çünki onun yuxusu gəlirdi. Sadəcə nədənsə yaranan fiziki yorğunluğun gətirdiyi yuxu idi onun hövsələsizliyinin səbəbi. Buna görə də qərara gəlmişdi. Oğlundan olanlar haqqında heç nə soruşmayacaqdı. Onun yerinə:

– Bədirxan! Adidən də adi olmaq deyə bir şey var! Bir yazıçı var idi… İndi xatırlamıram adını… Deyirdi ki, əjdahanın quyruğunu gövdəsindən ayrı təsəvvür edən adama quyruq o əjdahanın özündən də dəhşətli gələ bilər. Gərək quyruğu əjdahanın gövdəsinə bitişik qavrayasan, onda öz halında, yəni eləcə, əjdahanın quyruğu kimi görünər: adidən də adi bir quyruq kimi.

Bunları deyib oğlunun başından öpdü və ikinci sayrışan işığı, qonaqotağının işığını söndürüb dedi:

– Gəl aşağı, camaatın yanına düşək.

Kiçik Bədirxan heç bir şey anlamamışdı, ancaq sevincdən ağappaq üzünə qızıləhməd tək qırmızılıq gətirən qanın püxtələşməsi ilə bütün qayğılar itib-batmışdı. Çünki atası hər nə sayıqlamışdısa da, onu danlamamışdı. Əsas olan da bu idi. Bundan sonra keçən günlər isə, məlum məsələdir… Adidən də adi keçdi və bir ayın sonunda şəhərə qayıtdılar.

On yaşından sonra Bədirxan nənə-babasının ard-arda rəhmətə getməsi ilə bir də o rayona getməli olmadı. Və beləcə, bir də ömründə yerdə qızıləhmədin çürüyünü görməyib, əlini qatrana batırmadı. İllər keçdikcə dəfələrlə marketdən alınan bəmbərk yaşıl almaları yedi və onlardan gələn dərman qoxusunu hər dəfə ciyərlərinə çəkdi. Həmin yaşıl almalar heç vaxt çürüməz, içindən qurd çıxmazdı. Və əlbəttə, üstlərində heç bir toz da görünməzdi. Bir dəfə atası durduğu yerdə Bədirxanın illər əvvəl ona etdiyi əcaib etirafa qarşılıq, həmin günü yorğunluq səbəbi olan səhərdən telefona baxmasından yadında qalan o sözləri xatırladı: “Adidən də adi…”. Nədənsə oğluna yalandan “Bir yazıçı var idi... İndi xatırlamıram adını…” dediyinə görə vicdan əzabı çəkdi və təşvişlə yaşıl almasını gövşəyən Bədirxana bir vaxtlar eynilə onun yanaşdığı kimi yanaşaraq dedi:

– Ye, oğlum! Ye! Xeyirdir immunitetə!

# 85 dəfə oxunub

Oxşar xəbərlər

Atam və mən - Per Lagerkvistin hekayəsi

Atam və mən - Per Lagerkvistin hekayəsi

10:30 11 iyul 2026
Babamın dişi - İkinci Mahmudun hekayəsi

Babamın dişi - İkinci Mahmudun hekayəsi

16:51 6 iyul 2026
“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” - Artur Konan Doyl

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” - Artur Konan Doyl

14:30 6 iyul 2026
Boyunbağı - Gi de Mopassanın məşhur hekayəsi

Boyunbağı - Gi de Mopassanın məşhur hekayəsi

11:30 6 iyul 2026
Belə günlərdən biri - Qabriel Qarsia Markesin hekayəsi

Belə günlərdən biri - Qabriel Qarsia Markesin hekayəsi

13:30 5 iyul 2026
"Tarix -zaman keçdikcə yalanlara çevrilən həqiqətlərdir..." - Jan Koktodan  sitatlar

"Tarix -zaman keçdikcə yalanlara çevrilən həqiqətlərdir..." - Jan Koktodan sitatlar

10:00 5 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər