Bu gün Axundov lazım deyil MÜZAKİRƏ

Bu gün Axundov lazım deyil  MÜZAKİRƏ
11 mart 2014
# 15:37

Kulis.Az Neytral zona adlı yeni layihəyə başlayır.

Bu layihədə Azərbaycan ədəbiyyatının parlaq nümayəndələri müzakirə ediləcək.

Layihənin ilk mövzusu Mirzə Fətəli Axundovdur.

Müzakirədə yazıçılar Həmid Herisçi, Qan Turalı və Əli Novruzov iştirak edir.

- Əvvəlcə Axundov haqqında hər birinizin ayrı-ayrılıqda fikirlərini, Axundova münasibətinizi bilmək maraqlı olardı...

Həmid Herisçi: Mənim fikirlərimi çox vaxt yazıya alanda yanlışlığa yol verirlər. Mən yazılı mətn insanıyam və Axundovla bağlı fikirlərimi yazılı olaraq gətirmişəm.

Bu gün mən Axundov yaradıcılığına yumor hissi ilə yanaşmaq tərəfdarıyam. Əvvəla o, özü komediya tamaşalarıyla tanınıb. Yəni bu janrı Axundovun özünə qarşı istifadə etsək, biz bu gün nə əldə edə bilərik?

Başlayaq təcrübəyə, Axundovun silahını özünə qarşı istifadə edək.

Kiçik misal - “Axundov “Dərviş Parisi dağıdır” əsərində bizim qədim dərvişlərin, bu günün diliylə danışsaq, ekstrasenslərimizin, mistiklərimizin uzaq məsafələrə enerji göndərmək, lazımı yerlərdə zəlzələ yaratmaq bacarığına yumorla yanaşır. Lakin, Axundovun bu arzusu hazırkı dövrdə özünü doğrultmur - paradoksa bir baxın, müasir zamanın gizli tektonik silahının müəllifi Azərbaycan alimi İkram Kərimovdur. Tektonik silah isə zəlzələ yaradan ən müasir qorxulu silahlardandır. Hələ 1988-ci ildə bu silah “Merkuri-17” əməliyyatı çərçivəsində sınaqdan keçirilərək özünü doğruldub. Oxşar tektonik silaha Amerikanın Pentaqonu da sahibdir. Təkcə elə bu kiçik misal bəsimizdir. Bəli, etiraf etməliyik ki, Axundovun “yumor silahı” zamanın sınağından üzü ağ çıxmağı bacarmadı - Azərbaycan dərvişi-alimi İkram Kərimov öz həmyerlisi Axundovun fikirlərini, məkrini elmi əsaslarla darmadağın etdi. Zəlzələ yaradıb Parisi dağıtmaq mümkündür. Mistikada buna “terrakenez” də deyirlər. Qeyd etməliyəm ki, indiki Zaqatalada “Sarıbaba” adlı çox güclü paranormal ərazi mövcuddur. Həmin ziyarətgah çox dərin bir tektonik çatın üzərində qərar tutduğundan, zəlzələ təkanlarını əvvəlcədən hiss edir. Burda divardan bir alüminium fincan sallanır. Zəlzələ tərpənişlərinə anında reaksiya verərək azca titrəyir. Ötən il biz bu paranormal ərazidə çəkilişlər apardıq, lazımı gizli ayinləri yerinə yetirdik - əvvəl yağış yağdı, sonra yerin dərinlikləri lərzəyə gəldi. Zəlzələ baş verdi. Hadisələrin xronoloji ardıcıllığı “Gizli Azərbaycan” verilişi çərçivəsində lentə alınıb. Demək istəyirəm ki, qədim dərvişlərimizin zəlzələ yaratmaq qüdrəti boş hadisə deyil. Əsl terrekenez nümunəsidir. Müasir elm, artıq bu fenomenləri öyrənməyə məhkumdur. Adını çəkdiyim “Gizli Azərbaycan” telelayihəsi çərçivəsində biz xalqımızın mistik təfəkkürünə ilk dəfə bir başqa, fərqli rakursdan nəzər saldıq. Maarifçilərin, mistikamız barədəki xurafatını kənara atdıq. Bəlli oldu ki, xalqımız sadə məntiqə, şüura deyil, üstşüura, yaxud altşüura inanır. Bax bu mistik “üstşüur”a hazırkı dünyada “paranormal istisnalar” adı verilib. Həmin bax bu “üstşüur” indi bütün dünyada bir nömrəli mövzudur - həm elm, həm ədəbiyyat, həm kinematoqraf, həm tibb üçün...

Qan Turalı: Maarifçiliyin əsas xətti xurafatın əleyhinədir. Hər cür xurafata nifrət edən maarifçilər zəkanın, ağlın, rasional düşüncənin gücünə inanırlar.

Həmid Herisçi: Amma özləri də xurafata çevrilirlər...

Qan Turalı: Ağıldan, zəkadan kənarda heç nəyi qəbul etmirlər. Misal üçün Volter kilsəylə bağlı deyirdi ki, ilanın başını əzin. Bu tolerantlığı olmayan, qəti fikirdir. Axundovun doğulduğu dövrə nəzər salanda son dərəcə dəhşətli bir mənzərə görürük. Din xurafat pərdəsi altında hər şeyi nəzarətə alıb, Həmidin dərvişləri din adı altında müxtəlif eyş-işrətlərlə məşğuldurlar (bu barədə sənədli faktlar var. Ö. F. Nemanzadənin xatirələrində). Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalı haqqında yazırdı ki, “Molla Nəsrəddin” jurnalını təbiətin özü yaratdı. Axundov haqqında da bu fikri demək olar ki, Axundovu təbiətin özü yaratdı. Axundov Həmidin ideallaşdırdığı Orta Əsrlər şərqinin mistik ab-havasına qarşı bir üsyan idi. Şərqdə bu işi ilk dəfə Azərbaycanda Axundov başladı. Türkiyədə bəzi cəhdlər olsa da, Axundov səviyyəsində intellektuallar yox idi. Həmidin bəzi fikirləri ilə razıyam. Mistik təfəkkürə tamamilə arxa çevirmək, bunu xurafatlaşdırmaq olmaz. Amma o dövr Axundovu yetişdirməli idi, başqa cür ola bilməzdi.

Həmid Herisçi: Sənin fikirlərində bir məqam çatışmır. Biz əgər istəsəydik Cəmaləddin Əfqanini də ideallaşdıra bilərdik. Cəmaləddin Əfqani xurafata düşən şərq mistisizmini xurafatdan çıxarmağı birinci yol kimi göstərirdi. Modernist islamın tərəfdarı idi. Cəmaləddin 20-ci il kommunistlərinə lazım idi. Ondan sonrakı dövrdə isə, Axundovu gətirdilər. Mən Axundovun xurafata qarşı olmasını alqışlayıram. Amma zaman keçdikcə onun qoyduğu məsələlər də xurafata çevrildi.

Əli Novruzov: Mənə elə gəlir ki, biz Axundova yanlış diskursdan baxırıq. Axundov modernizmin təmsilçisi idi. Biz ona maarifçilik deyirik, amma maarifçilik də modernizmin bir qoludur. Modernizm insan ağlına, insan şüuruna qiymət verirdi. Bu o deməkdir ki, insan öz həyatını ağlın və məntiqin qanunları ilə yaşamalıdır. Gəlin Avropaya, Amerikaya – insanın ruhi və cismani azad olduğu yerlərə – nəzər salaq. Onların rifahının səbəbi orta əsrlərdə ağla, idraka apelyasiya edən insanların onları bu vəziyyətdən çıxarmasıdır. İnsan maarifçiliyə qədər qeyri-yetkinlikdə idi. Kant demişkən, maarifçilik insanı qeyri-kamillikdən çıxarıb insan elədi. Kant fikirləşir ki, insan qərar verməkdən qaçır. “Cəhalət xoşbəxtlikdir” fikrinə nəzər salaq. İnsan inkişaf edən varlıqdır və bu vəziyyətdən çıxmalı idi. Bu inkişaf üçün modernizm, maarifçilik lazımdır. Bu Azərbaycanda Axundovla başlayır. O, modernist nəsr yaratdı, xurafata qarşı mübarizə apardı, qadınların təhsil almalı olduğunu önə sürdü və s.

Həmid Herisçi: Bəs niyə indi bizim Axundovumuz yoxdur?

Əli Novruzov: Axundov öz dövrü üçün lazım idi.

Həmid Herisçi: İndiki halda Axundova ehtiyac varmı?

Qan Turalı: Mənə elə gəlir ki, yoxdur.

Əli Novruzov: Əslində bu mərhələ keçib. Amma problem ondadır ki, Azərbaycanda bu irsə arxa çevirirlər. Axundov, Mirzə Cəlil, Zərdabi, Üzeyir Hacıbəyov olmasaydı, bu gün Azərbaycan fərqli bir yer olacaqdı.

Həmid Herisçi: Məncə Nizami, Xəqani yetirmiş Azərbaycan ədəbiyyatı Şərqdə öz məntiqi yeri ilə seçilib.

Əli Novruzov: Həyat təkcə ədəbiyyat deyil.

Həmid Herisçi: Biz inkişaf etmiş xalqıq. Nizami Aristotel fəlsəfəsindən danışıb. Xəqani çox böyük şair olub. Bu cür dahilər ərəbdə, farsda olmayıb. Sən inkişaf etmiş insansan. Sənin əsasında nizamilər, füzulilər, saibtəbrizilər dayanıb...

Əli Novruzov: Məncə Axundov dayanıb. Zərdabinin dövründən bir misal çəkim. Zərdabi XIX əsrin 70-ci illərində Bakıda yaşayıb. O dövrlərdə Bakıda bir adət varmış, xəlifə Ömərin öldüyü gün şiələr “Ömər toyu” adlı şadyanalıq keçirərmiş. Bu, əslində sünni-şiə probleminin bariz nümunəsidir. XX əsrin sonlarına qədər bu söhbətlər gəlib çıxıbmış. Məsələn, “deyirdilər sünnilərin quyruğu var”. Zərdabi sünni-şiə qarşıdurmasına mane olduğu üçün onu “sünni Həsən bəy” deyib ələ salırdılar. Deyirik ki, Axundovu sovetlər qaldırıb. Amma sovetlərin Türkmənistanda, Əfqanıstanda və digər şərq ölkələrində gördüyü işlərə baxaq. Onların indiki vəziyyəti çox bərbaddır.

Qan Turalı: Salman Rüşdiyə bu günün Axundovu demək olarmı?

Həmid Herisçi: Qətiyyən. O, çox fərqlidir. Axundov xalqla çox bağlı idi.

- Təklif edirəm ki, Axundovun fəlsəfi fikirləri ilə bağlı söhbətlərimizi ümumiləşdirək.

Qan Turalı: Maarifçilik məsələsi XVIII əsrdə başlayan və II Dünya Müharibəsinə qədər davam edən prosesdir. Maarifçiliyi fəlsəfi sistem kimi qəbul edə bilmərik. Düşünün ki, maarifçilikdən sonra I və II Dünya Müharibələri baş verdi və bu iki müharibədə dünyada baş verən bütün müharibələrdən daha çox insan öldürüldü. Yurgen Xabermas yazırdı: “Biz maarifçiliyin missiyasını başa çatmamış elan edirik və hamımız etiraf etməliyik ki, maarifçilik öz missiyasını yerinə yetirmədi. Maarifçilik ona görə missiyasını yerinə yetirə bilmədi ki, onun dinə qarşı münasibəti həddindən artıq radikal idi. Ona görə də maarifçilik xalqla koordinasiyanı itirdi“.

Ateistsənsə gəl, ateist deyilsənsə səndən maariflənən olmaz münasibəti uçurum yaratdı.

Həmid Herisçi: Ötən əsrin əvvəlində Mirzə Cəlilə, Sabirə inam vardı. “Molla Nəsrəddin” böyük tirajla çıxırdı. Amma mirzəcəlilçilik, axundovçuluq müasir dövrdə uğursuz alındı. Müasirlərdən ən bariz nümunə Ağalar Məmmədovdur. O isə çox marginaldır.

Qan Turalı: Bəs yazıçılar? Seymur Baycan, Rafiq Tağı?

Həmid Herisçi: Rafiq Tağı fərqli adam idi. O, eyni cümlələrlə Anarı da söyə bilərdi, başqalarını da. Trafaret düşüncəsi vardı.

Əli Novruzov: Belə deyək ki, bu, onun üslubu idi və tənqiddə qorxulu bir şey olmamalıdır.

Həmid Herisçi: Niyə Rafiq Tağı şan-şöhrət qazanmadı? Axı dünyada ateistlərin böyük bazarı var. Deməli yanaşma fərqi var. Baxın, görün Axundov necə tənqid edir xurafatı. Amma Axundov bu gün üçün aktual deyil. Axundovu bu günə daşıyanlar uğursuzdur.

Əli Novruzov: Maarifçilik yarandığı gündən tənqidlərə məruz qalır. Russonu çoxları maarifçi hesab edir. Amma onun digər maarifçilərlə ağla, məntiqə apelyasiya məsələsində ciddi problemləri olub. Mişel Fuko deyirdi ki, biz qarşımızda nəyin olduğunu bilmirik, amma onu amansızcasına tənqid etməliyik. Lakin onun yerində yeni bir şey yaratmağa nail olmalıyıq. İndi məsələ odur ki, Rafiq Tağının kimi isə tənqid etməsində problem axtarmaq lazım deyil.

Həmid Herisçi: Rafiq Tağıda Axundovun, Mirzə Cəlilin yalnız tənqidçiliyi vardı...

Əli Novruzov: Hər bir doqma, hər bir ehkam tənqidə açıq olmalıdır.

Hər kəs cəsarətinə görə yazır. Nəzəriyyədə hər bir ehkam tənqid edilə bilər. Hər bir ideya, fikir tənqid oluna bilər. İdeya ilə bağlı Con Stüartın fikri var, hər bir ideya bazara çıxmalıdır və insanlar onu nəzərdən keçirib doğrunu seçməlidir.

Həmid Herisçi: Bir dəfə Fazil Mustafa demişdi ki, Sabir, Axundov bizdə çox tənqidçilik yaradıb. Biz şərqdə, dünyada böyük xalqıq. İnkişafımız var.

Əli Novruzov: Bəlkə də inkişafımızın səbəbi tənqiddir. Tənqid olmasaydı şərqin digər ölkələrinə bənzəyərdik.

Qan Turalı: Rafiq Tağı da Axundov, Mirzə Cəlil yoluyla gedirdi...

Həmid Herisçi: Bu gün bütün “ayoçular” tənqidlə məşğuldur. Xalq pisdir, din pisdir, iqtidar pisdir, müxalifət pisdir, küçələr pisdir, avtobus sürücüsü pisdir və s. Bu nə vaxtacan olacaq? Mən son 20 ildə 10 cür inkişaf həddi keçmişəm. İndi mistik həddimi yaşayıram. Yazıçı maraqlı olmalıdır. 20 il Axundov, Mirzə Cəlil estetikası üzərində yazmaq olmaz. Bu gün AYO-nun böhranına səbəbi budur.

Əli Novruzov: Siz niyə düşünürsünüz ki, AYO-da böhran var? Harda görürsünüz o böhranı?

Həmid Herisçi: Maraqsızdır. Bir dəfə gənclərdən biri mənə dedi ki, “Siz Axundova, Mirzə Cəlilə dil uzatsanız...” Maarifçilərimiz din yaradır sanki və dindarlarla diskursa açıq deyillər. Bütün dünya bu məsələ ilə məşğuldur, bizim maarifçilər bundan qaçır. Biz niyəsə özümüzü bəsitləşdiririk. Biz böyük xalqıq. Biz türkcədə, ruscada, farscada yaza bilərik. Gəlin xalqa o taylı, bu taylı baxaq.

- Gəlin mövzudan yayınmayaq və Axundovun dinə münasibətindən danışaq. Axundovun dinə münasibəti ilə bağlı nə düşünürsünüz?

Qan Turalı: Axundovun “Kəmalüddövlə məktubları” ölümündən sonra tapılıb və çap edilib. İndiki prizmadan baxanda bu əsər bir neçə nəsil yetişdirib. Bizdə dinə qarşı soyuq münasibəti yaradan ilk əsər hesab edilə bilər. Mən bu gün dinə bu cür yanaşılmasının tərəfdarı deyiləm.

Əli Novruzov: Bu cür yanaşma Volterdə də var...

Həmid Herisçi : Əli, bir dəqiqə. Sən Avropa yazarlarından misal çəkirsən. “Əcaibül-məxluqat” əsərini oxumusan?

Əli Novruzov: Yox, oxumamışam. Kimin əsəridir ki?

Həmid Herisçi: Amma mən oxumuşam. Orta Əsrlər şərqində stolüstü kitablardan biridir. Avropa müəlliflərinin adını çəkmək pis görünür. Biz onların uşağı-zadı deyilik.

Əli Novruzov: Axundovdan söz düşdüyü üçün çəkdik. Çünki onlar da maarifçi olub, Axundov da. Axundovun Azərbaycandakı rolunu başa düşmək üçün Avropa maarifçilərinin Avropadakı roluna baxmalıyıq.

- Mövzumuzu yekunlaşdıraq. Axundovun bədii-estetikası bu gün üçün nə qədər aktualdır? Eyni zamanda mövzu ilə bağlı fikirlərinizi ümumiləşdirməyinizi xahiş edirəm...

Qan Turalı: Ədəbiyyat olaraq maraqlıdır. Mənim ən çox bəyəndiyim “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” əsəridir. O əsər indiki Azərbaycan ədəbiyyatı baxımından da güclü əsərdir. Axundov Azərbaycan ədəbiyyatına güclü impuls və yön vermiş adamdır. Estetik olaraq bu gün də aktualdır. Onun “İbrahimxəlil kimyagəri” əsəri də bu günlə səsləşir. Həm sosial, həm də estetik olaraq aktualdır. Axundovun əsərlərində Cənub, Şimal məsələsi yoxdur. Hadisələr Sərabda, Qarabağda, Lənkəranda baş verir. Onun əsərlərini dekonstruksiya da etmək mümkündür. Mən demirəm ki, işimizi-gücümüzü atıb, Axundovun arxasınca getməliyik. Son dərəcə parlaq dramaturqdur. Müasir Azərbaycan ədəbiyyatının banisi olmağa da haqqı çatır.

Əli Novruzov: Mən ötən il Dikkensin və Axundovun 200 illiyi ilə bağlı yazı yazmışdım. Tezisim bu idi ki, Dikkensin yaradıcılığında onun ortaya qoyduğu çoxsaylı problemlər ingilis cəmiyyətində yoxdur və həllini tapıb. Axundovun qaldırdığı problemlər isə həllini tapmayıb. Deməli, onun bizə qoyduğu yol aktualdır. Biz fikirləşməliyik ki, problemimiz haradadır.

Həmid Herisçi: Klassik ədəbiyyatımız uzun zaman üstşüura inanıb, nəinki sadə şüura. Maarifçilər ötən əsrdə “üstşüuru” inkar etdilər. Sadə şüuru, məntiqi ədəbiyyatın, cəmiyyətin əsasına qoymaq istədilər. Nəticələr o qədər də uğurlu olmadı. Yəni bu “şüurlu ədəbiyyat” dünya oxucusuna maraqlı görünmədi. Həmin oxucu “üstşüura” söykənən Mirzə Şəfi Vazehi, yəni Axundovun müəllimini oxudu, nəinki onun “şüurlu” tələbəsini. Proses hələ də davam edir - “şüurlu Azərbaycan ədəbiyyatı” bu gün dünya oxucusuna öz bəsitliyi ilə maraqlı görünmür. “Üstşüura” yönəlik Füzuli, Vazeh, Nəsimi, Nizami, Xaqani yaradıcılığı isə əksinə, bu gün dünya ictimaiyyəti üçün daha maraqlıdır.

Bəli, bu gün xalqımız Axundov kitabxanasının eyvanını bəzəyən heykəlləri özünün and yeri bilmir. Xalqın öz ziyalıları var, öz övliyaları mövcuddur. Bunlar Mirmöhsün ağa, Rəhimə xanımdır. Seyid Aqil Babadır, Diri Babadır. Şeyx Əhməd Əfəndidir və s. Xalq bu övliyaların paranormal istedadına, üstşüuruna and içir, özünü onlara tapşırır. Xalq Axundovun güvəndiyi sadə məntiqə, şüura öz keçisini belə etibar etməz, nəinki öz taleyini.

Müasir dünya kinematoqrafı, ədəbiyyatı da üstşüuru daim öz diqqət mərkəzində saxlayır. Müasir Azərbaycan ədəbiyyatına da bax bu lazımdır - maarifçilərin xurafatından üzülüşüb, üstşüura sarılmasaq, biz artıq heç vaxt dünya oxucusu üçün maraqlı olmayacağıq.

# 4175 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #