Ya qızı seçməliydim, ya Selinceri...

Ya qızı seçməliydim, ya Selinceri...
31 iyul 2013
# 07:00

Kulis.Az Enrike Vila-Matasın “Bartlbi və kompaniya” romanından seçmələrin V hissəsini təqdim edir. Roman bir neçə il bundan qabaq çap edilsə də kult romanlardan hesab olunur. Bol esseistik parçalarla zəngin olan roman yazmayan yazıçılar haqqındadır.

Birinci hissə

İkinci hissə

Üçüncü hissə

Dördüncü hissə

31) Selinceri Nyu-Yorkda Beşinci avenyudakı avtobusda gördüm. Mən məhz Selinceri gördüm, yüz faiz. Bu üç il öncə baş vermişdi. O vaxt mən indiki kimi depressiyanı simulyasiya edib məzuniyyətə çıxdım. Çıxandan sonra da şənbə və bazarı Nyu-Yorkda keçirməyə risk etdim. Ancaq şənbə və bazarı, bundan artıq risk etmək olmazdı: birdən idarədən zəng edib evdə olmadığımı bilsələr onda nə olar? Beləliklə, Nyu-Yorkda iki gün yarım oldum, amma, inanın, vaxtımı boşuna sərf etmədim. Bircə onu deməyə yetər ki, Selinceri gördüm. Bu həqiqətən də o idi, and içə bilərəm. Ərzaq dolu arabacığı itələyən qocanın canlanmış fotosu, – bu yaxınlarda bir reportyor onun Nyu-Hempşirdəki supermarketdən çıxan zaman şəklini çəkmişdi.

Cerom Deyvid Selincer. Budur – o salonun dərinliyində oturub. Arabir gözlərini qırpır. Bu olmasaydı, mən qarşımda heykəl yox, insan oturduğuna inanmazdım. Cerom Deyvid Selincer – Yox incəsənətinin tarixini araşdıraraq bu şəxsiyyətsiz keçinmək mümkün deyil.

Dörd əla və son dərəcə məşhur kitabın müəllifi. Bu dörd kitabdan əlavə o bu günədək heç nə çap etməyib, yəni artıq otuz altı ildir ki, sükutunu pozmur.

Beləliklə, mən onu Beşinci avenyu ilə gedən avtobusda gördüm. Təsadüfən gördüm, o da, sözün açığı, yanında oturmuş və ağzı gülməli tərzdə açılmış qıza göz qoyduğum üçün. Qız avtobusun divarındakı kosmetika reklamını oxuyurdu. Görünür, qız oxuyanda onun çənə əzələləri bir qədər boşalırdı. Və qızın ağzı açılan, dodaqları aralanan an o mənim üçün – Selincerin təbirincə desək – bütün Manhettendə ən fantastik görüntü idi.

Mən vuruldum. Mən, qarşılıqlı hissə heç bir şansı olmayan qoca qozbel ispan vuruldum. Və qoca, qozbel olmağıma rəğmən özümü komplekssiz bir insan kimi, ilk baxışdan vurulan hər bir kişi kimi apardım; başqa sözlə, dərhal qızın yanında oturan kişiyə baxdım. Elə bu an da Selinceri gördüm. Quruyub qaldım. Özünüz fikirləşin: beş saniyə ərzində məni iki qeyri-adi hiss bürüdü.

Çox keçmədi ki, bu iki uyarlaşmayan hiss məni parçalamağa başladı: tanımadığım qıza ildırım kimi parlayan sevgi, bir də Selincerlə bir avtobusda getməyimi dərk etmək. Qadına sevgi ilə ədəbiyyata olan sevgi məni iki hissəyə parçalayırdı – tanımadığım qıza parlayan sevgi və bəxtəvər anı qaçırmayıb Selincerlə danışmaq istəyi: məsələn, mən dünyada ilk dəfə ona kinayəli sual verib soruşa bilərdim ki, niyə o daha kitab yazmır, nəyə görə insanlardan gizlənir.

Mən qızla Selincer arasında seçim qarşısında qaldım. Onlar öz aralarında söhbət etmirdilər və deməli, tanış deyildilər. Anladım ki, uzun-uzadı düşünməyə vaxtım yoxdur. Cəld tərpənmək lazımdır. Qərara gəldim ki, sevgi həmişə ədəbiyyatdan üstün olacaq, ona görə qıza yaxınlaşıb səmimi tərzdə növbəti sözləri deməyə hazırlaşdım:

-Bağışlayın, çox xoşuma gəlirsiniz, sizin dodaqlarınız kimi gözəl dodaq heç kimdə görməmişəm. Bir də mənə, qoca və qozbel kişiyə elə gəlir ki, hər şeyə rəğmən mən sizi xoşbəxt edə bilərdim. Vallah, sizi çox sevirəm! Bu axşam məşğul deyilsiniz ki?

Birdən yadıma Selincerin “Bəbəxt əhvalatın ruhu” hekayəsi düşdü: bir nəfər avtobusda gedir və həmişə xəyal etdiyi qızı görüb ona, demək olar ki, mən vermək istədiyim sualı vermək istəyir. Həmçinin yadıma Selincerin hekayəsindəki qızın adı da düşdü – Şrli Lester. Qərara gəldim ki, vurulduğum qıza hələlik Şirli deyim.

Düşündüm ki, vurulduğum qıza Selincerin hekayəsində səslənən suala bənzər sual vermək istəyimin səbəbi onunla, yəni Selincerlə avtobusda təsadüfi rastlaşmağımdır. İşə bax! Hər şey Şirliyə sevgidən başladı, amma həm də gizli həyat sürən Selinceri öz gözümlə gördüyümə görə.

Lakin Şirliyə yerə-göyə sığmayan sevgi etirafı ilə yaxınlaşmaq axmaqlıq olardı. Düzü beynimdə dərhal yeni və axmaqlıqda daha betər fikir yarandı. Xoşbəxtlikdən buna cəsarətim çatmadı. Mən Selincerə yaxınlaşıb demək istədim:

-Vallah, sizi çox sevirəm! Xahiş edirəm, deyin, nəyə görə neçə illərdi heç nə çap etmirsiz? Yəqin sizi yazını atmağa vadar edən hansısa bir vacib səbəb var?

Xoşbəxtlikdən Selincerə yaxınlaşmağa cürət etmədim, heç nə də soruşmadım. Amma etiraf edim ki, ağlıma daha da axmaq fikir gəldi. Mən Şirliyə yaxınlaşıb növbəti sözləri demək istədim:

-Senyorita, xahiş edirəm, pis heç nə fikirləşməyin. Bu mənim vizit kartımdır. Mən Barselonada yaşayıram, yaxşı işim var, düzdür, indi xəstə olduğumdan məzuniyyətdəyəm, bu da mənə Nyu-Yorka gəlməyimə imkan yaradıb. İcazə verin bu gün sizə nahardan sonra, ya da axşamüstü zəng edim? Ümidvaram, məni ədəbsiz sanmayacaqsınız. Halbuki yəqin mən özümü çox həyasız aparıram...

Əvvəl-axır mən Şirliyə yaxınlaşıb bu sözləri deməyə ürək etmədim. O, mənə kobud cavab verərdi. Ona görə mən qərara gəldim ki, köhnə üsluba əl atıb Şirliyə yaxınlaşıb təmiz ingiliscə soruşum:

- Bağışlayın, siz Vilma Priçard deyilsiniz ki?

Şirli buna soyuq cavab verərdi:

- Yox.

- Necə də maraqlıdır, – deyə bilərdim, – and içə bilərdim ki, siz Vilma Priçardsınız. Vallah! Siz təsadüfən Sietldən deyilsiniz ki?

- Yox.

Xoşbəxtlikdən, mən tez anladım ki, bu yolla da uzağa gedə bilməyəcəyəm. Qadınlar bu üslubla əla tanışdırlar. “Xanım, biz sizinlə deyəsən artıq haradasa görüşmüşük” sözləri ilə onları təəccübləndirmək mümkün deyil. Onlar bu qarmağı yalnız səni bəyəndikləri təqdirdə uda bilərlər. O gün o avtobusda isə mənim Şirlinin xoşuna gəlməyə bircə şansım belə yox idi. Özünüz fikirləşin. Köynəyində dəhşətli kofe ləkəsi olan və keçəl başına saçının telləri yapışmış tərli qozbel. Yox, mən heç də özümə əmin deyildim. Bu azmış belə birdən ağlıma gəldi ki, Selincerin xoşuna gəlmək daha asan olar. Bu səbəbdən mən ona yaxınlaşıb soruşmaq istədim:

- Mister Selincer, mən sizin köhnə pərəstişkarınızam, amma otuz ildən artıqdır yazmamağınızın səbəbini öyrənməyə çalışmıram, yox. Mən sadəcə lord Çendos barədə sizin fikrinizi eşitmək istərdim. Yadınızdadırsa, günlərin bir günü o anlayır ki, bizim də daxil olduğumuz sonsuz kosmosu sözlərlə təsvir etmək mümkün deyil. Bilmək istərdim: doğrudanmı sizinlə də oxşar şey baş verdi və siz ona görə yazmağı atdınız?

Mən ona yaxınlaşıb bu sualı vermədim. O, mənə kobud cavab verərdi. Digər tərəfdən, ondan avtoqraf xahiş etmək fikri də məni o qədər açmadı.

- Mister Selincer, zəhmət olmasa, bu kagız parçasında öz əfsanəvi imzanızı qoyun. İlahi, siz məni necə də valeh edirsiniz!

- Mən Selincer deyiləm, – deyə o cavab verərdi.

O əbəs yerə otuz üç il ərzində öz şəxsi həyatını kənar gözlərdən qorumayıb. Əvəzində isə mən utandığımdan yerə girərdim. Düzdür, o halda mənim əlimə Şirliyə müraciət etmək və avtoqrafı ondan istəmək imkanı düşərdi. Birdən Şirli mənim xahişimə gülümsəməklə cavab verər, mənim də onunla söhbət açmağa şansım yaranar?

- Əslində, sizdən avtoqrafı sizi sevdiyimə görə xahiş etdim. Nyu-Yorkda özümü çox tənha hiss edirəm, ağlıma gic-gic şeylər gəlir, hamısı da bir insanla tanış olmaq istədiyimdən. Amma mən sizi sevirəm, həqiqətən deyirəm. İlk baxışdan məhəbbət. Bilirsiniz ki, sizinlə avtobusda birgə dünyanın ən qaradinməz yazarı gedir? Dünyanın ən sirli yazarı – bu mənəm, bir də sizin yanınızda oturan və mənə avtoqraf verməkdən imtina edən cənab.

Mən ümidsizliyə qapılmışdım, tər su kimi axırdı, Beşinci avenyu ilə gedən bu avtobusda tər məni aparmışdı. Ammu bu an gördüm ki, sən demə, Selincerlə Şirli tanışdırlar. Selincer onun yanağından tələsik öpüb dedi ki, onlar növbəti dayanacaqda düşməlidirlər. Onlar nə barədəsə sakit-sakit danışaraq eyni zamanda ayağa qalxdılar. Yəqin Şirli Selincerin sevgilisi idi. Həyat necə də dəhşətlidir! – deyə içimdə çığırdım. Amma dərhal fikirləşdim ki, bu artıq heç nəyi dəyişmir və “həyat” sözünə epitet axtarmağa vaxt sərf etməyə dəyməz. Mən onların çıxışa tərəf addımladığını görüb dallarınca getdim. Mən uğursuzluqlardan həmişə faydalanmağa çalışıram. Ona görə özümə dedim ki, Selincerin yeni romanları və hekayələri yox olan yerdə, heç olmasa, onun söhbətinə qulaq asım və buna yeni publikasiya kimi yanaşım. Dedim axı, hətta uğursuzluqlardan belə faydalanmağı bacarıram. Həm də ümidvaram ki, mənim şərhlərimin gələcək oxucuları mənə minnətdar olacaqlar. Bu dəftərin səhifələrindəki nə az, nə çox Selincerin çap olunmamış qısa mətninin (onun Şirliyə dediyi sözləri) onlara verdiyi

sevinci təsəvvür edirəm.

Beləliklə, mən onların ardınca düşüb qulaqlarımı şəklədim. Hövsələsizlikdən alışıb yanırdım. Axı bir neçə saniyədən sonra mənim əlimə əfsanəvi yazarın çap olunmamış mətni keçəcəkdi.

- Açar, – dedi Selincer. – Açarı mənə ver, o məndə olacaq.

- Nə? – deyə soruşdu Şirli.

- Açar, – təkrar etdi Selincer. – Bundan sonra o məndə qalacaq. Mənə açarı ver.

- İlahi! – Şirli qışqırdı. – Mən sənə deməyə qorxurdum... Mən onu itirmişəm.

Onlar qəzet köşkünün yanında ayaq saxladılar. Mən onlardan metr yarımlıqda donub qaldım və özümü guya gödəkçəmin cibimdə kibrit axtarırmış kimi apardım.

Birdən Selincer qucağını açdı, Şirli isə hönkürərək onun sinəsinə yıxıldı.

- Sakitləş, – dedi Selincer. – Sən Allah, sakitləş.

Onlar elə qucaqlaşmış tərzdə yerlərində donub qaldılar, mən isə irəli getməyə məcbur oldum, onların yanında dirək kimi durub qalası, qulaq asdığımı göstərəsi deyildim ki?! Bir neçə addım aralanandan sonra ağlıma məzəli fikir gəldi: mən gözəgörünməz və şərti bir xətti adlaya bildim, bu sərhəddin o tayında çap olunmamış hekayələrin finalları gizlənir. Sonra işin nə ilə bitməsi marağında olduğumdan dönüb arxaya baxdım. Onlar hələ elə də durmuşdular, amma bir az da möhkəm qucaqlaşıb birlikdə ağlayırdılar.

Mənə elə gəldi ki, Selincer hönkürə-hönkürə bir dəqiqə bundan qabaq eşitdiyim sözləri yenidən təkrarlayır:

- Sakitləş. Sən Allah, sakitləş.

Mən onlardan həmişəlik ayrılaraq öz yoluma davam etdim. Selincerin əsas problemi özünütəkrara meyillikdədir.

Ardı var...

Tərcümə: Nicat Məmmədov

# 2434 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #