Dostları Ekzüperidən niyə küsürdü?

Dostları Ekzüperidən niyə küsürdü?
14 dekabr 2016
# 14:12

Azər Qismət

Yazıçı Antuan de Sent-Ekzüperinin adını “Balaca şahzadə” ilə assosiasiya edəndə, kövrəlməmək mümkün deyil. Balaca şahzadə insanları və öz planetini sevir, sonra geri qayıdır. Getdikcə həmin assosiasiya unudulur. Bu o zaman unudulur ki, Ekzüperinin təyyarə qəzasında həlak olmasını gözlərimizin qarşısında canlandırırıq. Faciəvi həyatlı Antuan.

Çoxları belə düşünür ki, ədəbiyyatda öz yerini layiqincə tutan Antuan İkinci Dünya Müharibəsindəki hərbi əməliyyatlarda iştirak etməli deyildi. Onu qorumaq lazım idi. Bəzən tarixin müxtəlif dövrlərində hər hansı münaqişə, yaxud böyük müharibələrdə həlak olan istedadların həyat tarixçəsini nəzər saldıqca, qəlbdən həmişə belə bir hiss keçir: onlar belə ucuz ölümlə həyatlarını sona yetirməli deyildilər. Düçüncələr bundan ibarətdir ki, yazıçı öz əcəli ilə yataqda vəfat etməlidir. Qələm adamı müharibələrdə iştirak etməli deyil. Yazıçının yeri yazı masasıdır, onun istər siyasətdə, istər hərbdə yeri yoxdur. Bunun üçün başqa seçilmişlər var. Antuan Sent-Ekzüperi də müharibənin qurbanına çevrildi. Bəli, ilk baxışdan onun müharibəyə sürükləndiyini deyə bilərik. Ancaq neyləyəsən ki, o, özünü bu bəlaya salıb.

“Qraf” titulu ona kübar nəslindən qalıb. Həmin nəslin kökləri 1235-ci ilə gedib çıxır. Anası kəndli qızı olub. Qraflıq isə ata xəttindən qaynaqlanıb. Antuan doğulana qədər atası Lionda sığorta müfəttişi vəzifəsində çalışıb. Gələcəyin yazıçısının atası öləndə balacanın 4 yaşı varmış. Dul qalmış anası uşaqları götürərək başqa yerə köçüb. Onun uşaqlıq illəri Lion yaxınlığında keçib. Antuan anasına çox bağlı olub və ömrünün sonuna qədər də belə qalıb. Uşaqlığının qayğısız keçməsi anasına yazdığı məktublardan da görünür. Həmin məktublarda anasına minnətdarlıq edir: “Sənin sayəndə uşaqlığım yaxşı keçib”. Ekzüperinin həmyaşıdı, məşhur fransız yazıçısı, təyyarəçi Romen Qari yazırdı ki, Antuanın belə hissiyatlı yazıçı olmasında uşaqlıq illərinin rolu danılmazdır. Anadan keçən həyat dolu sevgi onu ömür boyu izləyib. Amma bu izləmə yaxşılığa doğru olub: “Əzizim Antuan, hər dəfə hansısa qadın sizi bağrına basanda qəmlənəcəksiz. Düşünəcəksiz ki, bu istədiyin qucaqlama deyil. Bax onda ananızın qəbrinin üstünə gedəcəksiz”. Cəsarətli təyyarəçi, məşhur yazıçı. O, döyüş tapşırığını yerinə yetirmək üçün hər dəfə Əlcəzairdən Fransaya uçanda da öz uşaqlıq illərini xatırlayarmış.

Yuxarıda qeyd etdiyimiz kimi Antuanın müharibənin ağuşuna atılmasını çoxları qınayıb. Ancaq başqa cür də ola bilməzdi. Hələ uşaqlıq illərində o aviamodellər düzəldər, mələfəni velosipedə bağlayıb sürərmiş. Düşünərmiş ki, külək mələfəni qanadlandırıb uçuracaq. Elə ilk şeirlərində də səmanın ənginliklərinə sevgisi öz əksini tapıb. Belə olduğu təqdirdə, onu heç kim yolundan döndərə bilməzdi. Bu bir yanğı idi. Getməli, uçmalı və həlak olmalı idi. Alın yazısı belə yazılmışdı.

Bacısının xatirələrindən görünür ki, Antuan de Sent-Ekzüperinin gələcək əsərlərindəki hissiyatlı notlar uşaqlıqdan qalıb. Məsələn, ailənin 5 uşağının hərəsinin bir xasiyyəti varmış. Biri küsəyən, biri dikbaş, biri kinli, biri xeyirxah, digəri qaradinməz. Onlar hər gün yeni oyun düşünərmişlər. İlin soyuq günlərində həyətdə qamışlardan ev qurar və sığınarmışlar. Əlbəttə ki, hər günün uşaq yaradıcılığı yazıçının həyatında silinməz iz buraxmalı idi. Belə də oldu.

Uşaqlıqdan ixtiraya meyli, səmaya sevgisi onu aerodinamika üzrə amerikalı mütəxəssis, professor Teodor fon Karmanla tanış edir. Əcnəbi mütəxəssis Antuanın yeni ixtiraları ilə maraqlanır. Amerikalı alim onu öz laboratoriyasına aparır. Həmin görüş zamanı yazıçı özünün yeni ideyaları barədə danışır. Yox, bu ədəbiyyatla bağlı deyildi. Aerodünyanı özünün məsləkinə çevirən yazıçı və ixtiraçı professor Karmana ümid bəsləyirdi. Antuanla görüşdən sonra amerikalı mütəxəssis öz hökumətinə məktubla müraciət edir. Məktubda yazılırdı ki, Sent-Ekzüperinin ideyaları elmdə yeni inqilab ola bilər. Hətta iş o yerə gəlib çatıb ki, həmin ideyalardan birinin təcili sənayedə tətbiqinə başlanmasına dair çağırış da edilib. Sent-Ekzüperi məktubdan sonra Teodor fon Karmana deyib: “Hələ bunlar nədir ki? Müharibədən sonra reaktiv mühərriklə bağlı sizə orijinal sxemlər təqdim edəcəyəm. Görərsiz, bunlar elmdə inqilab sayılacaq. Əsaslandırılmış fikrim ondan ibarətdir ki, reaktiv mühərriklə bağlı ideyam kağız üzərində qalmayacaq və təcrübədən keçəcək. Mən həyatım boyu 5 ixtirama görə patent hüququ əldə etmiş, onlardan dördünü satmışam”.

Səma və ulduzlarla bağlılığı, üstəlik bəzən dizinin üzərinə qoyduğu kağızda qeydlər aparması ilk vaxtlar dostlarını bezdirib. Çünki dostlardan birinin kənara çəkilərək öz işi ilə məşğul olması münasibətləri soyudurmuş. Antuanı aerodrom rəisi vəzifəsinə təyin edərkən də, öz ixtiraçılıq cızma-qaralarından əl çəkməyib. Dostları xatirələrində qeyd edirlər ki, “Antuan çox tənha görünər, heç kimlə qaynayıb-qarışmazdı. Elm aləmi onu öz düşüncələrinə qapatmışdı. Sonradan başa düşəndə ki, dostları incik düşür, bir müddət kampaniyaya qoşulur. Lakin bu mütəmadi xarakter daşımır, yenə də hərdən kənara çəkilir. Həyat yoldaşı Konsuelo anasına yazdığı məktublarda Antuanı pis adam kimi təqdim etmirdi: “Antuan siz deyən qədər də qaraqabaq deyil, nəbzini tutanda çox mehriban və üzüyola olur. Ana, mənim taleyimlə bağlı narahat qalma. Biz Antuanla çox xoşbəxtik. Mənə mane olmur. Əksinə, öz otağına çəkilib ixtiraları ilə başını qatır, mən də öz işlərimi rahat görürəm. Əsas odur ki, deyingən deyil, məni sevir, bir qadın kimi hörmət edir”. Həyat yoldaşı onunla birtəhər dil tapır, dostları da incikliklərini boğurdular. Çünki Antuan de Sent-Ekzüperi çox maraqlı həmsöhbət olub. Necə deyərlər, nəbzini tutmaqdan çox şey asılı imiş.

Antuanın hərbə meyli Hərbi-dəniz məktəbinə hazırlaşdığı illərdə də üzə çıxıb. Lakin arzuladığı məktəbdə təhsil alması müsabiqədə lazımi imtahandan keçməməsi səbəbindən alınmayıb. Ümidini üzməyib, Rəssamlıq Akademiyasının nəzdindəki memarlıq fakültəsinə daxil olub. Qeyd edək ki, Sent-Ekzüperinin rəssamlığı barədə o illərin sənətşünasları müsbət fikirlər səsləndiriblər. Bir sözlə, yazıçılığa gedən yol hərbdən, rəssamlıqdan və memarlıqdan keçib. Belə sənətlərə yiyələnməsi, təbii ki, “Balaca şahzadə” əsərində özünü göstərməli idi. Öz planetini sevən balaca uşaq. O uşağı unutmaq mümkün deyil. Həmin əsərdə nələr yoxdur: yazıçı öz uşaqlıq illərini və ulduzları da hopdurub. Əlbəttə, birbaşa ifadə etməsə də, hər halda Antuan de Sent-Ekzüperinin tərcümeyi-halı ilə tanış olan hər bir insan bunu duyar.

O, yeniyetməlik illərində də anasına məktub yazmağa davam edib. Anasından gələn hər məktub onu həyata bağlayarmış: “Ana, indi nə edirsən? Rəsm çəkirsənmi? Mənə cavab yaz. Sən belə gözəl sözləri hardan tapıb yazırsan? Mən gün ərzində sənin sözlərinin təsiri altında oluram. Uşaqlıqdakı kimi indi də mənə lazımsan”. 1927-ci ildə anasına yazdığı növbəti məktubda hiss etdirir ki, onun da bu həyatda yazmağa çox sözü var və mütləq ədəbiyyatla məşğul olmalıdır. Belə yazardı. Eyni zamanda səmadan və idarə etdiyi təyyarədən yazmağı da unutmazdı.

Təyyarəçi Antuan. İlk dəfə 12 yaşında sərnişin kimi təyyarədə uçmasaydı, bəlkə də ömürlük ədəbiyyata bağlanardı. İxtiraları üzərində çalışmasaydı, ədəbiyyatda qızıl fonda düşəsi xeyli əsərlər yazardı. Lakin belə olmadı. Memarlıq fakültəsini yarımçıq tərk etməsi də səma ilə bağlı olub: “Siz təsəvvür edə bilməzsiniz ki, Yerdən 4 min metr hündürlükdə özünü necə tənhalıqda hiss edirsən. Həmin tənhalığın özündə də bir gözəllik var”. Hətta gəncliyində sevdiyi Luiza da onu səmadan ayıra bilməyib. İmkanlı ailədən olan Luiza ilə Antuan arasındakı nikahın özü gülüş xarakteri daşıyıb. Çünki Luizanın ailəsi Ekzüperini özlərinə yaraşdırmayıblar. Buna baxmayaraq, hansısa səbəbdən nikaha razılıq verilib. Sonralar araşdırmaçılar bunun gülüş xatirinə edildiyini vurğuladılar: “Baxaq görək, təyyarəçi oğlan qızımıza necə baxacaq”. Ailə həyatı qurmasalar da, ömürlük dost qalıblar. Luiza və Antuanın yazışmalarından görünür ki, Lulu (Antuan onu belə çağırıb) Antuanı göylərdən Yerə endirməyə çalışıb, bunu həyatına təhlükə bilib. Lakin neyləyəsən ki, Ekzüperi səmanı heç kimə dəyişməyib. Antuan Luizaya olan sevgisinə “Gecə uçuşları əsərində də toxunub. Yazıçı “Cənub qütbü” romanında Luizaya müraciət edib: “Məni bütünlüklə unutma”.

Antuan de Sent-Ekzüperi onu səmadan ayırmağa çalışanların göz yaşlarını anladı. Döyüş tapşırıqlarına getməyib, belə uçuşları müvəqqəti səngidib, poçt aviasiyasında fəaliyyətə başlayıb. O, bu sahədə çox məsuliyyətlə çalışıb. Havaların əlverişsiz keçməsinə baxmayaraq, həyatına risk edərək mühərriki işə salıb: məktublar evlərə vaxtında çatmalıdır. Uçuşlar zamanı çoxsaylı xəsarətlər alsa da, daha da mətinləşib, peşəkarlığı artıb. Hətta komandiri dəfələrlə uçuşdan əl çəkməyi xahiş etsə də, razılaşmayıb. Çünki səmasız yaşaya bilməzdi: “Mənim buna ehtiyacım var. Mən bundan həm fiziki, həm də mənəvi zövq alıram”. Ucsuz-bucaqsız səma, pambıq kimi buludlar onun həyatdakı bütün incikliyini unutdururmuş. Poçt təyyarəsi sürməsi yaxınlarını sevindirsə də, şadyanalıq uzun sürməyib. İkinci dünya müharibəsi Fransanın da başının üstünü alıb. Bir peşəkar kimi Ekzüperiyə ehtiyac yaranıb, onun yazıçılığının fərqinə varılmayıb. Müharibəyə peşəkar hərbi təyyarəçi lazım idi. Antuan de Sent-Ekzüperi dostu Romen Qaridən fərqli olaraq, general Şarl de Qollun tərəfdarı deyildi. İstəyib-istəməməsindən asılı olmayaraq siyasət burulğanına atılıb. Daha doğrusu, o, siyasətə salınıb. Əlbəttə, həmin dövrdə özünün də günahı vardı. Ekzüperinin qərargah rəisi Jan Leleyə yazdığı məktub bunu göstərir: “Sizin üçün uçuşun az və çox olmasının fərqi yoxdur. Siz buna iş kimi yanaşırsız. Başa düşməlisiz ki, mən hərbi əməliyyatlarda həlak ola bilərəm. Ona görə də hər uçuş mənim üçün vacibdir”. Antuan de Sent-Ekzüperi faciəvi surətdə həlak olacağını duyub. Ölümündən neçə il əvvəl küçədə rast gəldiyi falçı onun dalğalar qoynuna qərq olacağını söyləyib. Falçı düşünüb ki, Antuan dənizçidir. O, bunu dostlarına danışıb xeyli gülüb. Gülüş dolu anlar geridə qalmışdı. Son aylarda ölümdən çox danışan yazıçı hamı ilə mehribanlaşıb. Dostu Rinnetə yazdığı məktubdakı sözlərdə həyatdan necə yorulduğu görünür: “Mən özümdən elə yorulmuşam, hiss edirəm ki, daha bu həyatda heç nəyə nail ola bilməyəcəyəm”. Antuan bu məktubu ölümündən neçə illər əvvəl yazsa da, gedişat göstərir ki, bütün ömrü boyu özünü lazımsız bir əşya hesab edib. Ölüm hissiyatının yaxınlığı hamını ona doğmalaşdırıb. Hətta general Havaula əlyazmalarla dolu kiçik çamadan verib ağlayıb. General xatirələrində yazır ki, “ikimiz də ağladıq, mənə elə gəldi ki, daha onu görməyəcəyəm”.

Hiss etdikləri gerçək oldu. 1944-ci ildə bəşəriyyət belə bir yazıçını itirdi. Onun təyyarəsinin qəzaya uğraması və okeanda qərq olmasına dair mübahisəli məqamlar çoxdur. Antuanın idarə etdiyi təyyarə vurulmayıb, heç bir zədəli qırıntı da tapılmayıb. İki ehtimal irəli sürüldü: ya huşunu itirib, ya da özünü öldürüb. Hər halda, ehtimallar üzərində bu günə qədər müxtəlif fikirlər səslənsə də, bir məsələ aydındır: o, həyatdan yorulmuşdu.

# 937 dəfə oxunub

Oxşar xəbərlər

Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

17:45 2 noyabr 2024
Dədə Qorqu casus olub? - Zəhra Həşimova

Dədə Qorqu casus olub? - Zəhra Həşimova

17:00 1 noyabr 2024
"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

12:00 27 oktyabr 2024
"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

09:00 23 oktyabr 2024
Bəlkə, ədəbiyyatı ləğv edək?

Bəlkə, ədəbiyyatı ləğv edək?

16:00 21 oktyabr 2024
Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

15:00 19 oktyabr 2024
# # #