Qərib

Qərib
12 iyun 2013
# 11:51

Tərcümə: Səlim Babullaoğlu

Orxan Vəli Kanık 1914-cü il aprelin 13 - də İstanbulda anadan olub. Qalatasaray litseyindən başlanan təhsilini Ankarada davam etdirib. 1932-1936-cı illərdə İstanbul Universiteti ədəbiyyat fakültəsi fəlsəfə bölümündə təhsil alıb. Ankara poçt sistemində məmur işləyib. Əsgərliyini başa vurduqdan (1945) sonra tərcümə bürosunda çalışmağa başlayıb. 1947-ci ildə "qurumda antidemokratik hava hiss olunmağa başladı" söyləyərək vəzifəsindən istefa edib.İlk yazılarını litsey illərində çıxardığı "Səsimiz" adlı məktəb dərgisində, daha sonrakı şeir və yazılarını isə "İnsan", "Səs", "Gənclik", "İnqilabçı gənclik", "Küllük" dərgilərində nəşr etdirib. 1947- ci ildən tərcüməyə üstünlük verən Orxan Vəli, M.A.Aybarın çıxardığı "Hürr" və "Zəncirli hürriyət" adlı qəzetlərdə araşdırmalar, tənqidi yazılar, "Ulus" da isə "Səfər qeydləri" başlıqlı yazılar dərc elətdirib. 1941-ci ildə litsey yoldaşları olan Oqtay Rifat və Məlih Cövdət Andayla birlikdə "Qərib" adlı şeirlər kitabını nəşr etdirərək türk şeirində bir yeniləşmə hərəkatının əsasını qoyub.1 yanvar 1949-cu il tarixindən etibarən həftəaşırı nəzərdə tutulan "Yarpaq" dərgisini nəşr etməyə başlayır.15 iyun 1950-ci liə qədər nəşr olunan bu dərgi maliyyə sıxıntıları üzündən nəşrini dayandırınca Orxan Vəli də Ankaradan İstanbula gedib. Orxan Vəli noyabrın 14-də, 1956-cı ildə vəfat edib. "Yarpaq" dərgisinin "Son yarpaq" adlanan xüsusi sayı dostları tərəfindən şairin vəfatı günlərində nəşr edilib.

Sağlığında "Qərib" (1941), "Vaz keçə bilmədiyim " (1945), "Yenisi" (1947), "Qarşı" (1949) kimi şeir kitabları, sonradan isə "Bütün şeirləri" (1951); proza - "Düz yazılar yazılar" (1953), "Ədəbiyyat dünyamız" (1975) və başqa kitabları nəşr olunub. Bundan başqa Orxan Vəlinin "La Fontaine nağılları", "Nəsrəddin Xoca hekayələri", "Şövkət Radoya məktublar" adlı kitabları, eləcə də Rumidən, Müssedən, Molyerdən, Şekspirdən, Lesajdan Turgenevdən, Qoqoldan,Sartrdan etdiyi çoxsaylı tərcümələi həm ayrıca kitablar şəklində, həm antologiyalara salınaraq nəşr olunmuşdur. Onun şeirləri və ədəbiyyatla bağlı yazıları ingilis, fransız, rus, fars və yunan dillərinə çevrilib.

Orxan Vəlinin XX əsr türk poeziyasında və ədəbiyyat tarixində ciddi iz qoymuş, sonradan bütün türk şeirinə təsir etmiş “Qərib” essesini (bunu nəzəri məqalə də saymaq olar) və bir neçə şeirini Səlim Babullaoğlunun tərcüməsində təqdim edirik.

Qərib

Şeir, yəni söz söyləmə sənəti, keçmiş əsrlər içində bir çox dəyişikliklərə məruz qalıb; ən sonunda da bu günkü nöqtəyə gəlib. Bu nöqtədəki şeirin doğru-dürüst danışıqdan bir xeyli fərqli olduğunu qəbul etmək lazımdır. Yəni, şeir bu günkü halıyla təbii və adi danışığa nəzərən bir ayrılıq göstərməkdə, nisbi bir qəriblik ərz etməkdədir. Fəqət işin xoş tərəfi, bu şeirin bir çox həmlələr nəticəsində özünü qəbul etdirməsi, bir ənənə qurmaq surətilə də məzkur əcaibliyi ortadan qaldırmış olmasıdır. Yeni doğulub bu günün münəvvəri tərəfindən tərbiyə edilən uşaq özünü doğrudan-doğruya bu nöqtədə idrak edir. Şeiri, özünə göstərilən şərtlər içində aradığından, bir təbiiləşmə arzusunun məhsulu olan əsərləri təbii qəbul etməkdən irəli gəlir. Ona buradakı izafiliyi göstərməli ki, öyrəndiklərinə şübhə edə bilsin.

* * *

Ənənə, şeiri nəzm dediyimiz bir çərçivə içində mühafizə etmiş. Nəzmin bəlli ünsürləri vəznlə qafiyədir. Qafiyəni ilk insanlar ikinci sətrin asan yadda qalmasını təmin etmək üçün, yəni sadəcə hafizəyə kömək məqsədi ilə istifadə etmişdilər. Fəqət sonradan onda bir gözəlik də gördülər. Onu, hikməti-vücudu aşağı-yuxarı eyni olan vəznlə birlikdə istifadə etməyi bir məharət saydılar. Şeirin də mənşəyində digər sənətlərdə olduğu kimi belə bir oyun arzusu vardı. Bu arzu ibtidai insan üçün nüfuz sayıla biləcək bir əhəmiyyətdir. Halbuki insan o zamandan bəri xeyli dərəcədə təkamül etdi. Bu günkü insan, elə zənn və təmənna edirəm ki, vəznlə qafiyənin istifadəsində özünü heyrətə salan bir çətinlik, yaxud da böyük həyəcanlar təmin edən bir gözəllik tapmayacaqdır. Necə ki, bu narahatlıq doğuran həqiqəti görmüş olanlar, vəznlə qafiyəyə "ahəng" deyilən yeni bir şeir ünsürünün valideyini nəzəri ilə baxmışlar. Bu yeni nemətə dörd əllə sarılmışlar. Bir şeirdə əgər təqdir edilməsi lazım gələn bir ahəng varsa - onu təmin edən şey, nə vəzndir, nə qafiyə. O ahəng vəznlə qafiyədən xaricdə də, vəznlə qafiyəyə rəğmən də mövcuddur. Fəqət, onu şeirdə şüurlu hala gətirib, anlayışları ən qıt insanlara belə bir ahəngin mövcud olduğunu xəbər verən şey vəznlə qafiyə-dir. Beləliklə fərqinə varılan, yəqin vəznlə, qafiyəylə təmin edilən bir ahəngdən zövq almaq, yaxud da laqqırtını bu bəsit ölçülər içində söyləməyi məharət saya bilmək - sadəlöhvlüyün hər halda ən möhtəşəmi olmalıdır. Bunun xaricində bir ahəngə inanmağın isə şeir üçün nə qədər lüzumsuz, hətta nə qədər zərərli olduğunu bir az sonra anladacağam.

* * *

Vəznlə qafiyənin hər şeyə rəğmən bir qayda olduğunu qəbul edək. Bunlar şairin düşüncəsinə, hissiyatına hökm etdikləri kimi dilin şəkilində də dəyişikliklər edir. Nəzm dilindəki sintaksis əcaiblikləri vəznlə qafiyə zərurətindən doğub. Bu əcaibliklər bəlkə də ifadənin genişlənməsi etibarı ilə, şeir üçün faydalı olmuşdur. Hətta onların nəzm əndişələrinin bir baş tacı sanmaları ehtimalı vardır. Fəqət bu quruluş bəzilərinin qafalarına "şeir dilinin özünə xas strukturu" deyə dar bir anlam gətirmiş. Bu cür adamlar bir qrup şeiri rədd edərkən "danışıq dilinə bənzəyir" deyirlər. Köklərini vəznlə qafiyədən alan bu qavram, həqiqi məcrasını arayan şeirdə daim eyni izafi qarabəti, qəribəliyi tapacaq, onu qəbul etmək istəməyəcəkdir.

* * *

Söz və məna sənəti dəfələrlə zəkanın təbiət üzərindəki dəyişdirici, dağıdıcı xassələrindən istifadə edə bilər. Biliyini, tərbiyəsini keçmiş əsrlərə borclu olan insan üçün bundan təbii bir şey yoxdur. Təşbeh əşyanı olduğundan başqa cür görmək məcburiyyətidir. Bunu edən insan əcaib qarşılanmaz, özündə heç bir qeyri-təbiilik görməz. Halbuki təşbehlə istiarədən qaçan, gördüyünü hər kəsin istifadə etdiyi kəlimələrlə anladan adamı, bu günün münəvvəri qərib qavramaqdadır. Xətası, müxtəlif sapmalarla formalaşmış bir şeir anlayışını özünə çıxış nöqtəsi etməsidir. Yazının peyda olduğu gündən bəri yüz minlərcə şair gəlmiş, hər biri minlərcə təşbeh etmişdir. Heyran olduğumuz adamlar bunlara daha bir neçəsini əlavə etməklə əcaba ədəbiyyata nə qazandıracaqlar? Təşbeh istiarə, mübaliğə və bunların bir araya gəlməsindən meydana çıxacaq bir xəyal zənginliyi, ümid edirəm ki, tarixin ac gözünü artıq doyurmuşdur.

Ədəbiyyat tarixində xeyli qədər şəkil dəyişiklikləri olmuş, yeni şəkil hər dəfəsində, kiçik qəribsəmələrdən sonra yaxşıca qəbul edilmişdir. Güclə qəbul ediləcək dəyişiklik, zövqə aid olanıdır. Belə dəyişmələrin az-az olmasını; üstəlik, bu surətlə meydana çıxan ədəbiyyatlarda da hər şeyə rəğmən dəyişməyən, yenə davam edən, hamısında müştərək olan bir tərəf olduğunu görürük. Bu günə qədər burjuaziyanın malı olmaqdan, yüksək sənaye dövrünün başlamasından əvvəl də dinin və feodal zümrənin köləliyini etməkdən başqa heç bir işə yaramamış olan şeirdə, bu dəyişməyən tərəf; rifah içində olan siniflərin zövqünə xitab etmiş olmaq şəkilində təcəlla edir. Rifah içində olan sinifləri yaşamaq üçün çalışmağa ehtiyacı olmayan insanlar təşkil edərlər. O insanlar keçmiş dövrlərin hakimidirlər. O sinfi təmsil etmiş olan şeir layiq olduğundan daha böyük bir mükəmməliyə çatmışdır. Amma şeirin istinad edəcəyi zövq, artıq azlığı təşkil edən o sinfin zövqü deyil. Bu günkü dünyanı təşkil edən insanlar yaşamaq haqqını mütəmadi bir didişmənin sonunda əldə edirlər. Hər şey kimi şeir də onların haqqıdır, onların zövqünə xitab edəcəkdir. Bu haqqında söz edilən kütlənin istədiklərini əski ədəbiyyatların alətləri ilə anlatmağa çalışmaq demək də deyildir. Məsələ bir sinfin ehtiyaclarının müdafiəsini təmin etmək olmayıb, sadəcə zövqünü aramaq, tapmaq, sənətə onu hakim etməkdir.

Yeni bir zövqə ancaq yeni yollarla, yeni vasitələrlə varılır. Bir sıra nəzəriyyələrin söylədiklərini bəlli qəliblər içinə sıxışdırmaqda yeni, sənətkaranə cəhd yoxdur. Quruluş təməlindən dəyişdirilməlidir. Biz illərdən bəri zövqlərimizə, iradəmizə hökm etmiş, onları təyin etmiş, onlara şəkil vermiş, ədəbiyyatların o sıxıcı, ürəkvuran təsirindən qurtula bilmək üçün, o ədəbiyyatların bizə öyrətmiş olduğu hər şeyi atmaq məcburiyyətindəyik. Mümkün olsa "şeir yazarkən bu kəlmələrlə düşünmək lazımdır" deyə yaradıcı fəaliyyətimizi təhdid edən dili belə atmalıyıq. Ancaq bu surətlədir ki, biz özümüzü alışqanlıqların sürüklədiyi qeyri-təbii təsirdən qurtarmış; saflığımıza, həqiqətimizə əməl etmiş oluruq.

* * *

Tarixin bəyənərək andığı insanlar daima dönüş nöqtələrində olanlardır. Onlar bir ənənəni yıxıb, yeni bir ənənə qurarlar. Daha doğrusu qurduqları şey içlərindən gələn yeni qaydalar sistemidir. Ancaq irəliki nəsillərə müraciət və keçid etdikdən sonra ənənə olur. Böyük sənətkar əbədi qaydaların içindədir. Fəqət bu qaydalar heç bir zaman "əvvəlkilər tərəfindən əsası qoyulmuşdur" deyə düşünülməməlidir. O, kitablardan öyrəndiyindən daha artığını arayan sənətə yeni qaydalar gətirməyə çalışan adamdır.XVI əsr fransız klassisizmi qaydaya əməl edən olsa da qaydapərəst, ənənəpərəst olmamışdır. Zira özlərini özləri gətirmişlər. XVIII əsr yazıçıları daha çox ənənəpərəst olduqları halda sənətkarlıqları baxımından ənənəni quranlar səviyyəsinə yüksəlməmişdilər. Çünki qaydaları hiss etməmişlər, yalnız öyrənmişdilər. Bir şeyin ya lüzumunu, yaxud da lüzumsuzluğunu hiss etmək olar ki, hər halda hiss etmək lazımdır. Lüzumu hiss edənlər qurucular, lüzumsuzluğu hiss edən yıxanlardır. Hər ikisi də cəmiyyətlərin fikir həyatı üçün davam etməyi xoşlayanlardan daha faydalıdırlar. Bu çeşid insanlar bəlkə hər zaman müvəffəq olmazlar. Gördükləri işin oturuşması, işin ictimai binadakı təbəddülatlarla olan münasibətinə və təbəddülərin əhəmiyyətinə tabedir. Adəmi müvəffəqiyyətin səbəblərindən biri də etmənin, edilməsi lazım gələni bilməkdən fərqli olmasıdır. Bir insan qurduğunu mükəmməlləşdirməyə bilər. Fəqət özünü həmən izlənəcək olana qiymətli bir təməl edər. Ya bir yol göstərər, yaxud bir yolun yalnış olduğunu söylər. Bu insan bir davanın bayraqdarı, sıra nəfəri və ya fədaisi deməkdir. Bir fikir uğrunda fədai olmağı gözə almış insan təqdirlə, minnətlə qarşılanmalıdır. Bununla bərabər fədai olmağı gözə almış insanın nə təqdirə ehtiyacı vardır, nə təşviqə. Çünki bunlar ondakı əmniyyət hissinə heç bir şey əlavə etməyəcəkdir. Ən adi irtica hərəkətlərinin onun cəsarətindən heç bir şey əksiltməyəcəyi kimi…

* * *

Mən sənətlərdə qarışıqlığa (sintezə - S.B.) tərəfdar deyiləm. Şeiri şeir, rəsmi rəsm, musiqini musiqi olaraq qəbul etməliyik. Hər sənətin özünə aid xüsusiyyətləri, özünə aid ifadə vasitələri var. Məramı bu vasitələrlə anladıb, bu xüsusiyyətlərin içində qapalı qalmaq həm sənətin həqiqi dəyərlərinə hörmətkar olmaq, həm də bir cəhdə, bir əməyə yer vermək deyilmi? Gözəl olanı təmin edəcək hər halda bu güc olmalıdır. Şeirdə musiqi, musiqidə rəsm, rəsmdə ədəbiyyat bu gücü yenə bilməyən insanların baş vurduqları hiylədən başqa bir şey deyil. Ayrıca bir sənət o biri sənətlərin içinə girincə həqiqi dəyərlərindən də artıq şeylər itiririr. Məsələn, bir şeirdə ahəngdar bir sıra kəlmənin yan-yana gəlməsindən meydana çıxmış bir musiqinin, nəğmələrindəki müxtəliflik və akordlarındakı zənginliklə böyük bir sənət olan həqiqi musiqinin yanında kiçik görünməməsinə imkan varmı? Məxrəcləri eyni olan hərflərin bir araya toplanması ilə vücuda gələn "ahəngin təqlidi" də bu qədər bəsit, bu qədər adi bir hiylə. Mən bu kimi hiylələrdən zövq duymanın, o ahəngi şeirdə hiss etməkdən gələn bir məmnuniyyət olduğu qənaətindəyəm. İnsan anlaşılmaz sandığı bir şeyi anladığı bir vaxt məmnun olur. Bu məmnuniyyəti, anlaşılmaz sayılan əsərin müvəffəqiyyəti adlandırmaq, insanın özünü müəlliflə bir tutmaq, yəni öz-özünü bəyənmək arzusundan başqa bir şey deyil. Bu etibarla xalq tərəfindən sevilən əsərlər ən asan anlaşılanlardı. Məsələn, musiqi zövqləri yeni təşəkkül etməyə başlamış insanlar Çaykovskinin, mövzusu Napoleonun Moskva səfərindən alınmış, hadisələri rəsm kimi, hekayə kimi təsvir edilmiş olan "1812" üvertürasını heyranlıqla dinlərlər. Yenə onlar üçün Saint-Saensın ölülərin gecə saat 12-dən sonra məzarlarından qalxıb rəqs etmələrini, sübhün açılışını, xoruzların yarışını, skeletlərin təkrar məzarlarına girişini anladan “Ölüm rəqsi” ilə Borodinin bir karvanın su və zınqırov səsləri arasında irələməsini anladan "Asiya çöllərində" adlı əsərləri ən böyük musiqi əsərləridir. Məncə musiqi kimi ifadə vasitəsi olan fövqəladə geniş bir sənətdə təsvirlə cəlb etmək kimi bəşit bir hiyləyə müraciət, bəstəkar üçün göz yumulmayacaq qədər böyük bir qüsurdur. Xalqın yuxarıda da anlatdığım cinsdən bir İnferiorite kompleksinə bağlı olan bu hissini heç bir böyük sənətkar istismar etməməlidir.

Sənətkar özünü həsr etdiyi sənətin xüsusiyyətlərini kəşf etmək, hünərini bu xüsusiyyətlərin üzərində göstərmək məcburiyyətindədir. Şeir bütün xüsusiyyəti ədasında olan söz sənətidir. Yəni təmamilə mənadan ibarətdir. Məna insanın beş duyğusuna deyil, qafasına xitab edər. Binaenaleyh doğrudan doğruya insan ruhiyyatına xitab edən və bütün qiyməti mənasında olan həqiqi şeir ünsürünün musiqi kimi, ya da bilmirəm, başqa nə kimi ikinci dərəcəli hoqqabazlıqlar üzündən diqqətimizdən qaçacağını da yaddan çıxarmaq olmaz. Teatr üçün daha çox lüzumu olan dekorasiyaya etiraz edirlər, amma şeirdəki musiqiyə etiraz etmirlər.

Apollinaire "Kaliqramlar" adlı kitabında şeirə bir başqa sənət daha calayır: rəsm. Ehtimal olunan yağış şeirinin misralarını səhifənin yuxarı hissəsindən aşağı hissəsinə doğru düzmüş. Yenə ayrı kitabda bir səyahət şeiri var, hərfləriylə kəlimələrinin sıralanışı gözümüzün önündə vaqonlardan, teleqraf dirəklərindən, aydan, ulduzlardan mürəkkəb bir tablo çəkir. Etiraf etmək lazım gələrsə, bütün bunların bizə bir yağış havası, bir səyahət havası verdiyini, yəni Apollinaire in başqa bir sənətə aid bir qrup maxinasiyalarla bizi şeirin havasına cəlb etdiyini söyləmək icab edər.

Apollinaire, belə bir hiyləyə müraciət edən tək adam deyildir. Rəsmi, şəkillərə şerə dürtənlər çoxdur. Məsələn, yapon şairləri: olduqca tez-tez mövzularını qamışlar, köllər, mehtablar, həsir yelkənli qayıqlar və çiçəklənmiş ərik ağaclarına bənzəyən şəkillərlə anladırlarmış. Haşim (Əhməd Haşim, türk şairi-S.B.) alov kəlməsinin əski hərflərlə yazılışında həqiqi alovu xatırladan bir sehir görürdü. Bu misraları dönə-dönə zikr etməyim şeirin musiqidən olduğu kimi rəsmdən də istifadə edə biləcəyini anlatmaq üçündür.

Musiqidən istifadəni qəbul edən şair nədən rəsmdən, hətta daha irəli gedilərsə, heykəltəraşlıqdan, memarlıqdan istifadəni düşünməsin? Özü də heykəldən istifadə heç rəsmin də haqqı deyil. Rəsmi bir ara həcmləşdirməyə qalxmış olan Picasso, bu gün hər halda bu xətasını anlamışdır. Yalnız diqqət edilərsə görünər ki, gətirdiyim misallar bizi şeirə ürcah olunan rəsmin sadəcə şəkilə aid tərəfi üzərində durdurmaqda. Belə bir şeir hələ də müzakirə açılacaq qədər tərəfdar qazanmamışdır. Halbuki, bir də rəsmi şeirə məna halında ürcah edən şairlər, bu şairləri dəstəkləyən böyük kütlələr də var. Onlar bütün məziyyətləri təsvir olmaqdan ibarət yazıları şeir adlandırmağa çətinlik çəkmirlər. Halbuki o yazıların şeirliyini qəbul etməmək lazımdır. Bu nöqteyi-nəzəri müdafiə edənlər xeyli irəliyə getmədikləri zaman, fikirləri ağlabatan görünür. Özlərinə haqq vermək istərik. Zənn edərik ki, təsvir şeirin şərtlərindəndir, hər şeir də az-çox təsvirdir. Bu yalnış düşüncə şeirin ifadə vasitələ-rinin dil olmasından irəli gəlir. Dilin tərkib hissələri olan kəlmələr ya doğrudan-doğruya əşyanın, yaxud da fikirlərimizin ifadələridir. Mücərrəd fikirlər təkamül etmiş qafalara xarici aləmlə əlaqəsizlik kimi görünür. Halbuki insan deyilən məxluqun ən müçərrəd fikirlərinin belə bir konkretliklə yanaşı düşünmək, yəni onu daima maddiyə, daima əşyaya aid etmək təmayülü vardır.

Belə olunca kəlimələrin yan-yana gəlməsi ilə meydana çıxacaq sənətin gözümüzün önünə təbiətdən bir çox şeylər gətirəcəyini də təbii qarşılamalıyıq. Fəqət bu təbii qarşılama heç bir zaman şeirin bütün sərvətinin bu kəlmələrlə xatırlanan bir dünyadan, qiymətinin də bu dünyanın gözəlliyindən ibarət olacağı nəticəsinə gəlməməli. Şeirdə təsvir ola bilər. Amma təsvir - hətta sənətkarın təmamən özünəxas görüş bucağından baxılsa yenə - şeirdə əsas ünsür olmamalı. Şeiri şeir edən sadəcə ədasındakı xüsusiyyətdir; o mənaya aiddir. Fransız şairi Paul Eluardın dediyi kimi: "Bir gün gələcək, o sadəcə qafa ilə oxunacaq, ədəbiyyat da beləcə yeni bir həyata qovuşacaq".

* * *

Ədəbiyyat tarixində hər yeni cərəyan şeirə yeni bir hüdud gətirdi. Bu hüdudu olduqca genişləndirmək, daha doğrusu, şeiri hüduddan qurtarmaq bizə nəsib oldu.

Oqtay Rifat, bir məktubunda, bu fikri məktəb məhfumu üzərində izaha çalışır. Deyir: "Məktəb fikri, zaman içində bir fasiləni, bir duruşu təmsil edir. Sürət və hərəkətə əks olaraq. Həyatın axışına uyğun, dialektik zehniyyətdə əks olmayan cərəyan sadəcə məktəbsizlik cərəyanıdır".

Fəqət hüdudsuzluq, yaxud məktəbsizlik keyfiyyəti şeirdə tək başına, ayrı bir şəkildə ola bilərmi?

Şübhəsiz ki, xeyir. Bu keyfiyyətin insana bir çox yeni sahələr kəşf etdirəyəcəyini təbii qəbul etməliyik. Bizim öz hesabımıza, bu hüdud genişləndirmə işində ələ keçirdiyimiz qənimətlərin başlıcaları arasında, saflıqla bəsitlik var.

Şeirlik (şeiriyyət-S.B.) gözəli bunlardan çıxarma arzusu, bizi şeirin ən böyük xəzinəsi olan, insanı, həyatının bütün mərtəbələrində axtarış edən bir aləmlə yaxından təmasa sövq edir. Bu aləm də təhtəlşüur. Təbiət, zəkanın müdaxiləsi ilə dəyişdirilməmiş halda, ancaq burada buluna bilir. Eyni qədər insan ruhu burada bütün giriftliyi, bütün kompleksləriylə, fəqət xam və ibtidai halda yaşayır. İbtidailiklə bəsitliyin bir xüsusiyyəti də bu giriftlikdir gərək ki. Hisslərin, yaxud həyəcanların, təcrid edilmişlərinə ancaq ruhiyyat kitablarında rast gəlirik. Bunun üçün, deyək ki, şəhvət şeiri yazmağa çalışan şair, bir xəsislik hissini anlatmaq üçün səhifələri dolduran mühərrir, bizi, həyatın olsun, reallıqların olsun, xaricinə sürükləyirlər. Saflıqla bəsitliyi uşaqlıq xatirələrimizdə eyni zənginlik, eyni giriftlik və təcridə qarşı duyulan eyni düşmənliklə buluruq. Müqəddəsin saqqallı bir ixtiyar, cinlərin qırmızı cücələr, pərilərin ağ paltarlı qızlar şəklində təsəvvürü, pozulmamış uşaq beyninin müçərrəd fikrə təhəmmülü olmadığını göstərir.

"Şeiri ən saf, ən bəsit halda bulmaq üçün yapılan insan təhtəlşüurunu qarışdırma əməliyyatı"nın simvolistlərin qəbul etdiyi kimi içimizdəki bir qrup gizli tellərə toxunma, yaxud Valery nin yaradıcı fəaliyyəti izah edən, "qeyri-şüurda olma" nəzəriyyələriylə qarışdırılmamasını istəyirəm. Bu xüsusda bizim arzumuza ən çox yaxın olan sənət çərəyanı sürrealizm çərəyanıdır. Ruhi avtomatizmi fikir sistemlərinin və sənət anlayışlarının çıxış nöqtəsi edən bu insanlar vəzni və qafiyəni atmaq məcburiyyətində qaldılar. Ruhi avtomatizmlə zəka hoqqabazlığının uyğun gəlməyən şeylər olduğunu görən insan üçün bu zərurət də aydındır. İkisindən birini seçmək lüzumunu açıq şəkildə ortaya qoyan "bütün qiyməti mənasında olan şeir" üçün bu kiçik hoqqabazlıqları qurban verməkdən çəkinməyən sürrealistlər əlbəttə təqdirə layiq görülməlidirlər (sürrealizmdən bir neçə dəfə belə sevgi ilə bəhs etdiyimizə görədir ki, ya sürrealistləri, ya da bizim şeirləri oxumayan bəzi adamlar haqqımızda yazı yazarkən, bizi bu adla adlandırırlar; halbuki sürrealizmlə burada söylədiymizdən başqa heç bir əlaqəmiz olmadığı kimi, hər hansı başqa ədəbi məktəbə də bağlı deyilik).

Qismən haqlı hesab etdiyimiz avtomatizm fikri, bizim məmləkətdə, bu məktəbin tam bir izahı deyə qəbul edilmişdir. Halbuki bu, sadəcə bir çıxış nöqtəsidir. Burada bizim tərəfimizdən olduğu kimi onların tərəfindən də şeirin əsas məşğuliyyəti deyə qəbul edilən "təhtəlşüuru boşaltma" əməliyyatının daima bir cazibə halıyla müşayiət olunmadığını əlavə etməliyəm. Əgər belə olsaydı hər kəs sənətkar olardı. Halbuki sənətkar, əldə edilmiş bir bacarığı yuxu və bu kimi hallar xaricində də istifadə edə bilən adamdır. Qiyməti olsun, böyüklüyü olsun, bu bacarığı qazanış və istifadəsindəki məharətlə ölçülür. Təcrübələrlə əldə edilən bir şüurun, insana, təhtəlşüur dediyimiz quyunu qazmaq qüdrətini gətirməsini, Freud i çox yaxşı tanıyan bir doktor və sənəti fikirləriylə başabaş bir şair olan Breton bundan illərcə əvvəl söyləmişdir.

Bu qüdrət əcəba nədir? Ruhi həyatın yazılaşmış fəaliyyətlərində şüurun nəzarəti - az olsun, yaxud çox olsun - hər zaman mövcuddur. Yəni təbii şərtlər içində təhtəlşüuru yazı halına gətirməmiz imkansızdır. O halda imkansız olan bu halı bacarığa çevirməyə cəhd büsbütün lüzumsuz bir qeyrət sayılmazmı? Əlbəttə ki, bu bacarıq təhtəlşüuru boşaltmaq bacarığı deyildir. Olsa-olsa təhtəlşüuru təqlid etmə bacarığıdır. Bəs, təhtəlşüurda olan şeylər necə şeylərdir? Onu bir sənətkar bir alimdən daha yaxşı, daha dərin hiss edər. Əsəri də bu hissetmənin təqlidindən başqa bir şey deyildir. Sənətkar mükəmməl bir təqlidçidir.

Usta sənətkar təqlidçi deyilmiş kimi görünür. Çünki təqlid etdiyi şey orijinaldır. XIX əsrdə yaşamış realist yazarın anlatdığı təbiət orijinal deyildir, zəka tərəfindən təqlid edilmişdir. Onun üçün əsər nüsxənin nüsxəsidir. Bəsitliklə ibtidailik, ikisi də, sənət əsərinə həqiqi gözəlliyi gətirirlər. Gözəl bir sənətkar onları çox gözəl təqlid edər. Bu işi görən adama "bəsit adam, ibtidai adam" deməmək lazımdır. Sənətin illərcə ağrısını çəkmiş, böyük mərhələlərdən keçmiş şairi günün birində yeni bir əda ilə qarşınıza çıxmış görsəniz, birdənbirə mənfi hökmlər verməyin. Belə bir şair "yeniliyi təqlid"də, “özgəliyi təklif”də gözəllik tapa bilər. Bu təqdirdə o yeniliyin ustası olmuş deməkdir.

Bütün bunlar göstərir ki, sənət bir elə də avtomatizm işi-filan deyil, bir cəhd, hünər işiymiş. Halbuki bir az əvvəl sürrealist şairlərdən bəhs edərkən "ruhi avtomatizmi fikir sistemlərinin çıxış nöqtəsi edən bu adamlar vəznlə qafiyəni atmaq zorunda qaldılar" demişdim. Madam ki, insan belə avtomatizmə inanmır və madam ki, bütün cəhdin bir təqliddən ibarət olduğunu meydana çıxara bilir, o halda vəznlə qafiyəni də qəbul etsin.

Vəznlə qafiyənin ortadan qalxmasına səbəb olan şey sadəcə avtomatizm fikrinə bağlanış olsaydı bu düşüncə bəlkə də doğru ola bilərdi. Halbuki, vəznlə qafiyəni əhəmiyyətli saymaq üçün başqa səbəblər var və o səbəbləri indilik mövzum xaricində hesab edirəm.

"Vəznlə qafiyənin ortadan qalxmasına səbəb olan şey sadəcə avtomatizm fikrinə bağlanış olsaydı, bu bağlanış yersiz olduğu anlaşılınca vəznlə qafiyənin də şeirdəki mövqeni alması lazım gələrdi" dedim.Halbuki gəlməzdi. Çünki sürrealist şairlər şeirə təqlid yolu ilə gətirəcəkləri təhtəlşüruru həqiqətmiş kimi göstərmək istəyəcəkdilər. Elə bu səbəbdən vəznlə qafiyədən istifadə etmək məcəburiyyətində idilər. Çünki onlar təqlid ediləcək şeyi bilməyin kafi olmadığını, təqliddə də usta olmaq lazım gəldiyini idrak etmiş insanlardı.Əgər belə olmasaydı biz onların səmimiyyətlərinə inanmayacaqdıq. Sənətkar bizi söylədiklərinin də səmimi olduğuna inandırmalıdır.

* * *

Şeirdə hücum edilməsi lazım gəldiyinə inandığım düşüncələrdən biri də misraçı düşüncədir. Bir şeirdə bir tək nərmənazik misranın olmasına etiqad şəklində təzahür edən və ilk baxışda insana bəsit görünən bu düşüncəni, şeirin bir pis xüsusiyyətinə bağlanışın gizli ifadəsi olduğu üçün mühüm hesab edirəm. Şeirdə bir “bütünün” lüzumuna inananlar belə misralar arasında bir qrup aralıqlar qəbul edər, bu intervalları bir-birinə bağlayan məna yaxınlıqlarını şeirdəki hörgünün mükəmməlliyi üçün kafi sayarlar. Bu qavrayış bəlkə də hücum edilməyə dəyəcək qədər şikəst qavrayış deyildir. Fəqət insanı indi bəhs edəcəyim xüsusiyyətə və o xüsusiyyətdən zövq alma təhlükəsinə aparıb çıxardığına görə buna da meydan verməmək lazımdır. Şeir elə bir bütündür ki, bütünlüyünün fərqində belə olunmaz.

Suvanmış, boyanmış bir binanın kərpicləri arasındakı palçığı görmürük. Bina tamlığını ancaq bu palçıqla təmin etdiyinə görədir ki, onu təşkil edən kərpicləri dönə-dönə görmək, onların keyfiyyəti haqqında düşünmək fürsətini əldə edirik.

Misraçı düşüncə, bizə,misraları olduğu kimi, onun parçaları olan kəlmələrin də tədqiqi, təhlili imkanını verir. Kəlmə üzərində düşünmək,onun gözəlliyini, yaxud çirkinliyini təsbitə çalışmaq şeirə, kəlmə halında "mücərrəd bir şeir ünsürü" qavrayışı gətirmişdir.Yüz kəlməlik bir şeirdə yüz dənə gözəllik arayan insan vardır. Halbuki min kəliməlik şeir belə bir tək gözəllik üçün yazılır. Kərpic gözəl deyildir. Suvaq gözəl deyildir. Fəqət bunları birləşdirən bir memarlıq əsəri gözəldir. Bunu müqabil əqiq, heliotrop, gümüş kimi maddələrdən bir bina tikilə bilər deyə fərz edək. Əgər bu bina, bu maddələrin daşıdığı gözəllik xaricində bir gözəlliyə malik deyilsə sənət əsəri sayılmaz. Görünür ki, həddizatında gözəl olan kəlmənin şeirə gərəkli material olması, şeir üçün qazanc deyil. Əgər söyləniş tərzlərini, istifadə şəkillərini də bərabər gətirməsəydilər, bu kəlmələrin şeirə bir zərəri də olmazdı. Fəqət nə yazıq ki, o kəlmələr ancaq müəyyən şəkillərdə söylənə bilinir. Yəni öz ədalarını özləri təyin edirlər. Elə köhnə şeirin yuxarıda söz açdığımız xüsusiyyəti də bu ədadır, adı da "şairanə"dir.

Bu ədaya bizi kəlmələr, sözlər gətirmiş. Fəqət şeir zövqünü, şeir qavrayışını bu günkü cəmiyyətdən alan insan daha çox əks cəhətdən hərəkət etməkdə, yəni o sözlərdən əvvəl şairanəni tanımaqdadır. Bu ədanı gətirə biləcək kəlmələrdən mütəşəkkil lüğət yazarkən şairanə olmaq istəyən, oxuyarkən də şairanəni axtaran insanın beynində zəruri olaraq meydana gəlir. O lüğətin çərçivəsindən qurtulmadıqca, şairanədən qurtulmağa da imkan yox. Şeirə yeni bir dil gətirmə cəhdi elə belə bir qurtulma arzusundan doğur. "Nasır" və "Süleyman əfəndi" kəlmələrini həzm edə bilməyənlərə isə şairanəni təhəmmül edə bilənlər, hətta onu arayanlar, həm də bilxassə arayanlardır.

Halbuki, "köhnəyə aid olan hər şeyin, hər şeydən əvvəl də şairanənin əleyhinə olmaq lazımdır".

1941

“Qərib” üçün

Çətinliklərə, tək başına da olsa qarşı olan insan güclü insan olmalıdır. Mən bunu tək qaldığım zaman, ümidsizlik içində olduğumu hiss etdiyim anlarda daha yaxşı anladım. Həm də illərdən bəri o qədər uzun zaman tək qaldım ki, bu hala adət edir, hətta güclü olmağın qürurunu duya bilmək üçün zaman-zaman təkliyi axtarmalı da olurdum. İndi qürur deyə adlandırdığım bu hiss, başlanğıcda bir ovunma yolu idi. Həyatlarının mənim kimi iztirabla dolu olduğunu sananlar, buna bənzər xeyli özünüovutma üsulları tapıblar. Bu üsullar, o tək qalan insanların tənhalıq anlarındakı dostlarıdır. Həyatın qarşısında, hətta zamanı gələndə ölümün qarşısında ancaq bu dostların köməyi ilə duruş gətirə bilərik. Mənim yuxarıda bəhs etdiyim qürurabənzər bir neçə dostum daha var. Vaxt olsaydı, onlar haqqında sizə danışsaydım… amma nə yaxşı olardı! Lakin “Qərib” üçün yazacağım bir yazıda işi dərdləşməyə çevirsəm, bəlkə də mənə acığınız tutar. Onun üçün indilik bunların yalnız birindən bəhs edim.

"Heç bir əməlimdən peşiman olmayacağam" deyə bir qərar verdiyiniz olubmu? Mənim olub. Çoxlu faydasını da görmüşəm. Bundan bir xeyli əvvəl belə bir qərar verməmiş olsaydım, üzüntülü günlərimin sayı heç şübhəsiz, daha çox olardı. Bu arada "1941-ci ildə “Qərib” adlı bir kitab nəşr etmişəm" deyə döyüküb durar, hələ onun yenidən nəşr olunmasına dünyasında razı olmazdım. İndi “Qərib” yenidən nəşr edilərkən içimdə sanki "birincilik məndə qalsın" demiş kimi bir hissim var. Şeirdəki qərib məhfumu barəsində bu gün bir yazı yazmağa başlasam, hər halda eyni şeyləri yazmaram. Amma buna görə kim məni haqsız saya bilər? Onları beş il əvvəl yazmışam. Beş il sonra eyni şeyləri söyləyəcəmsə nə üçün yaşadım? O gün ölsəydim olmazdmı? 1941-ci ildə söylədiklərim, 1616-cı ildə 52 yaşında ölən Şekspirin 377 yaşında söyləməsi lazım gələn sözlərdi. Eyni şəkildə bundan yüz il sonra yaşayacaq bir şairin sözləri də mənim yüz otuz bir yaşında düşünəcəyim şeyləri anlatmalıdır.

Bir oluş, bir təşəkkül, bir özümüzə gəliş dövründəyik. Dilimizin gündən-günə nə qədər dəyişdiyinin fərqində deyilsinizsə, mənim bir bu yazıma, bir də o zamanlar nəşr etdiyim “Qərib”ə baxın. Bu fərqin bütün günahlarını isə əsla mənim üstümə atmayın, işin, dəyişən, daha irəliyə, daha gözələ gedən bir cəmiyyətin işi olduğunu anlarsınız. Bu gedişlə ayaqlaşmayan adamlarla rastlaşmanız da mümkündür. Amma hər irəliyə gedişdə bir xeyli tör-töküntü buraxır, bir xeyli ziyan etmirikmi? Hətta, bir çox hallarda o töküntülər əl-ayağımıza dolaşıb bizim hərəkətimizə mane olmurlarmı?

Yazdıqca anlayıram: “Qərib”in müdafiəsinə qalxmış kimi bir halım var. “Qərib”i kimsədən deyil, özümdən müdafiə etmək istəyirəm. Bunun, ətrafımı bir heç hesab etdiyimdən irəli gəldiyini düşünməyin. “Qərib”i başqalarından əvvəl özümdən müdafiə etmək istəyim, ondakı qüsurların başqalarından çox özümə bəlli olması üçündür. "Məndən başqa bilən yoxdur" söyləyənlər kimi də görünməyim; başqaları dediyimin arasında üzərində dayanmağa dəyən tək bir tənqid yazısı xatırlayıram. O tənqidi yazan zat, fikirlərinə gerçəkdən inandığım bir dostumdur. Cəmiyyətə bağlı bir sənətin, fərdin həyatı ilə maraqlanmayacağını söyləyirdi. Mən fərdin ruhi həyatının cəmiyyətdən büsbütün ayrı bir hadisə olduğunu irəli sürməmişdim ki. Yoxsa o dostum işi belə qəbul edir? Etməməsi lazımdır. Çünki zidd nəzəriyyələrin mənim qədər uzlaşdırıcı olmayan tərəfdarları belə, yeri gələndə öz fikirlərini qarşı tərəfin iddiaları ilə tamamlayırlar. Məsələn, elə bir freydçi yoxdur ki, şüuraltında olan təmayüllərin oraya cəmiyyətlər tərəfindən yerləşdirildiyini, dolayısı ilə şüuraltı dediyimiz aləmin meydana gəlməsində çox böyük bir payı olduğunu qəbul etməsin. O zaman deməmişəmsə indi deyim: şüuraltını bir varlıq deyil, bir fikrin izahı üçün irəli sürülmüş bir məhfum deyə qəbul edirəm. Yəni, bir qrup insanların Allahı qəbul etmələri kimi.

Bu bəhsi dərinləşdirmək istərdim. Amma söyləyəcəyim sözlərin alimanə olmasından qorxuram. Şeir haqqında alimanə olmadan da söylənə biləcək sözlər var. Fəqət “Qərib”i yazdığım zaman, daha ziyadə, qəribliyin haradan gəldiyini düşünmüş, şeirin dəyərləri üzərində o qədər də dayanmamışdım. Gərçi o qiymətləri həmin vaxtlar yaxşı bilmirdim ki. Amma bu gün elə deyil. Şeirlə bağlı həm təcrübəm çoxdur, həm də bilgim. Bununla bərabər o təcrübələri, o bilgiləri anlatmaq mənə indi o günkündən daha çətin görünür. Daha doğrusu anladılmasından ziyadə, anlaşılmasının çətin olacağını sanıram. Xoş belə olmasa, söyləyəcəyim sözlər nəyə yarayacaq bilmirəm. Fikir tarixi bir fikir alverçiliyi tarixindən başqa bir şey deyil. Bu günə qədər çoxlu şeylər söylənmiş. Amma gerçək olaraq nə söylənmiş? Bir dəfə bir dostum "Sənət müzakirələrində əksini isbat edə bilməyəcəyim məsələ yoxdur" demişdi. Əksi isbat edilmiyəcək məsələ yoxdur demək, isbat ediləcək məsələ yoxdur deməkdir. Madam ki, isbat ediləcək məsələ yoxdur, onda nə deyə danışır, nə deyib yazırıq? Sənətdən bəhs etmək də sənətlə əlləşmək kimi, qaçılmaz, sağalmaz xəstəlikmi yoxsa?!

Aprel, 1945

# 1466 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #