Ərli arvadın sanatoriyada nə işi

Ərli arvadın sanatoriyada nə işi
23 aprel 2013
# 10:51

Akvariumda farel ovu

Onları Karpat dağ silsiləsindən başlayan Berezi çayının mənbəyinə doğru aparan mikroavtobusda on üç nəfər idilər. On bir qadın, iki kişi. Yalnız kişinin adını bilirdi: Elmir. Qalanları ilə tanış deyildilər, amma indi bir yerdə farel ovuna gedirdilər. Əlbəttə, səbəbkar dincəldikləri sanatoriyanın müdiriyyəti idi. Görünür, məqsəd də bu idi ki, pasientlər darıxmasınlar və bir daha bu sanatoriyaya gəlməyə can atsınlar.

Əslində isə şabalıd, qoz, fıstıq ağacları ilə zəngin bir meşədə salınmış sanatoriya elə ilk gündən xoşuna gəlmişdi. Amma elə ilk günün axşamı da bərk kədərlənmişdi. Ona görə kədərlənmişdi ki, üç həftədən sonra istər-istəməz bu yaşıl vadini tərk edəcəkdi…
Farel ovuna gedənlər sakitcə bu aşırımlı dağ yolunun bənzərsiz mənzərələrinə baxırdılar.

Onu ən çox heyrətə gətirən bu dağların dumanı idi; bəmbəyaz duman çökmüş dağların arası eynilə dənizə bənzəyirdi, amma o, yaxşı bilirdi ki, Karpat hara, dəniz hara?

Mikroavtobusdakı sükutu sürücü pozdu, soruşdu ki, onların arasında haçansa farel ovlayan olub? Bu sualın cavabını Elmir verdi. Dedi ki, onun işi-peşəsi farel ovlamaqdı. Bu cavabın alt qatındakı şit məna qadınların bir neçəsini güldürsə də, sürücü yenə ciddi tərzdə soruşdu ki, bəs o fareli hardan ovlayır? O da cavab verdi ki, harda gəldi; təyyarədə, qatarda, avtobusda…

Bu dəfə sürücü də məsxərəyə keçdi, dedi ki, bəs onda nəyi gözləyir, bəyəm, avtobusda deyil?

Elmir bu atmacalı sualın cavabını ona açıqladı, amma Azərbaycan dilində:

- Hər şeyin öz vaxtı var, eloğlu, - dedi, - suyu bulandırmamış balıq tutmaq olmaz…

Otuz yaşından sonra Xəzərdə balıq tutmağa başlayanda, həftədə bir dəfə qayalı, çınqıllı sahillərdə gecələyəndə, hərdən evə bir kisə kütümlə dönəndə, bir sözlə, balıqçılıq həyat tərzinə çevriləndə qərara almışdı ki, təqaüdə çıxandan sonra dənizin içərilərinə doğru atılmış dambalardan birində özünə koma qaraldacaq, yazı da, yayı da, payızı da dənizdən bir gün də olsun ayrılmayacaq.

Ancaq Sovetlər çökəndə, az-çox balıqlı körfəzləri, dambaları imkanlı adamlar özəlləşdirib şəxsi ov məkanına çevirəndə, istifadəsiz estakadalara giriş onun kimilərin üzünə bağlananda və balıq ovuna getməyə yer tapmayanda, balıqçılıqdan soyudu.

Bununla belə, tilovlarını və digər balıqçılıq ləvazimatlarını kimsəyə bağışlamağa qıymırdı, əksinə, hardasa xoşuna gələn tilov görəndə, bahasına pul verib alırdı. Və beləcə illər ötürdü. İçindəki balıqçılıq həvəsi, dəniz yanğısı sönmürdü ki, sönmürdü.

Bir ara Moskva televiziyasının «Oxota i rıbalka» kanalına əsir düşdü, amma bu kanalın yayımları yanğısının üstünə su yox, yağ səpirdi.

Amma Avropanın göbəyində, yaşıllıq içində üzən Karpat dağlarının ətəyində salınmış «Almas» sanatoriyasında məskunlaşdığı günün sabahı eşidəndə ki, pasientləri hər gün münasib qiymətə balıq ovuna da aparırlar, uşaq kimi sevindi və öz-özünə dedi ki, hə, axtardığın yar idi, yetirdi pərvərdigar.

Yalnız bir məqam ürəyincə deyildi; gərək tutacağı farelə görə də para ödəyəydi…

Son illər ona elə gəlirdi ki, onu bu dünyaya bağlayan iki tel qalıbsa, biri də balıqçılıq həvəsi, dəniz yanğısıdı.

Mikroavtobusda dil-boğaza qoymayan yalnız Elmir idi. O, məşhur siyasi xadimlər, gündəmdə olan tanınmış ifaçılar haqqında - əhvalatlar, lətifələr söyləyirdi və tez-tez deyirdi ki, dünya gözəldi.

O ki qaldı Elmirin danışığına, onun nitqində qafqazlılara məxsus ləhcədən əsər-əlamət qalmamışdı; görünür, uşaqlıqdan rusca təhsil almışdı.

Onu isə indi dünyanın gözəlliyi maraqlandırmırdı; onu düşündürən yeganə şey mənzil başına tez çatmaq və baxtını farel ovunda sınamaqdı.

Yenə də sürücü söhbətə qarışdı, dedi ki, o, ciddi soruşur, onların arasında heç farel tutan olub?

Bu dəfə bu sual cavabsız qalanda sürücü dilinə bir sual da gətirdi, üzünü ona, sonra da Elmirə tutandan sonra soruşdu ki, bəyəm, Xəzər dənizində farel olmur?

Elmir onu qabaqladı və gülə-gülə dedi ki, Xəzər farelləri qarmağa gəlmir…

Əslində bu cavabın da alt qatı üst qatından daha çox diqqət çəkirdi, amma onun fikrincə bu cavabda qat axtarmağa dəyməzdi, həqiqətən, Xəzər farellərinin qarmağa gəldiyini görməmişdi. Elə bu səbəbdən də Elmirin sözünə qüvvət verdi, dedi ki, bu həqiqətdir.

Farel ovuna gedən qadınlar elə bil eyni mövsümün almaları idilər və bu almalardan biri, özü də xallısı, yaşıl gözlərilə onu diri-diri yeyirdi. Sanki məqam gözləyirdi ki, nə isə desin, ya nə isə soruşsun. Amma, o, qət etmişdi ki, bu sanatoriyada çoxdan yarımçıq qalmış bir yazısının üstünə qayıdacaq… və necə olur-olsun o yazını tamamlayacaq.

Onun yarımçıq qalmış bu yazısı elə balıq ovu ilə bağlı idi; elə bir felyeton yazmaq istəyirdi ki, ölkəni silkələsin. O, həqiqətən, Bakı balıqçılarının halına acıyırdı: axı, necə ola bilər ki, dəniz sahilində yaşayasan, balığa getməyə yer tapmayasan?

O, hələ keçən ildən yarımçıq qalmış bu felyetonsayağı yazıya çox uzaqdan başlamışdı: qayaüstü təsvirlərə istinad edərək yazmışdı ki, qədim insanın ilk məşğuliyyəti ovçuluq olub; o, ilk buğda dənəsini tapana qədər qarnını balıqla doyurub. O, ayrıca bir haşiyədə qeyd etmişdi ki, insan mənəviyyatını üzücü düşüncələrdən, mənəvi böhrandan xilas edən bircə şey varsa, o da ovdur, əsasən də balıq ovu.

Çeşidli folklor örnəklərinə baş vuraraq balıqçılıqla bağlı bir neçə atalar sözü də seçmişdi ki, yeri düşdükcə, məqaləsinə calasın və əsəri şirəli alınsın.

Seçdiyi məsəllərin ən çox xoşuna gələni balığın başdan iylənməsi ilə bağlı idi. Hətta fikirləşirdi ki, çox işlənən bu atalar sözünü başlığa çıxartsın. Fikirləşirdi ki, alt qatı çox dərinlərə işləyən bu sərlövhə onun yazısına dərhal oxucu tapacaq.

Əlbəttə, ekoloji problemlərdən də söz açacaqdı: bir qədər bəlağətlə yazacaqdı ki, bəzi farellər nəsil artırmaq naminə canını qurban verir, bulaqların gözünə qədər üzür…

Mikroavtobus bir bulağın kənarında əylənəndə və sürücü bu məkanın müqəddəs bir yer olduğunu söyləyəndə o da maşından düşdü ki, ayağı torpağa dəysin.

Bir saata yaxın idi ki, nahamar yollarla gəlirdilər və bu yol, bu yolun qırağındakı insan məskənləri, irili-xırdalı kilsələr, sahibsiz qaldığı hasarından, doqqazından bilinən taxta tikililər istər-istəməz qüssə gətirirdi.

Sürücü fəxarətlə bildirdi ki, müqəddəs Məryəm özü bu bulaqdan su içib…

Qollarını qanad kimi yana açmış xırdaca qara qadın heykəlini görəndə və bu abidənin məsumluğundan, bakirəliyindən təsirlənəndə onu müəmmalı bir xof basdı və ayağını da yerə ehmalca qoydu ki, burdakı sükut pozulmasın…

Heykəlin qarşısında diz çöküb dua eləyənlərdən biri də xallı qadındı; avtobusda onu gözlərilə diri-diri yeyən xallı qadın. Duasını bitirib xaç çevirəndən sonra o özü onu dindirdi. Soruşdu ki, o müqəddəs Məryəmdən nə istədi? Qadın dedi ki, bu dünyada yaşaya-yaşaya günah işlətməmək mümkün deyil, dedi ki, günahlarını bağışlasın. Soruşdu ki, günahları çoxdurmu? Qadın dinmədi, çiynini çəkib xəfifcə gülümsədi.

Avtobusdan düşdükləri təpədən Berezi çayı daha çox gölə bənzəyirdi, bilinmirdi ki, hansı səmtə axır.

Sahildə turist dəstəsi ilə qarşılaşdılar. Danışıqlardan başa düşdü ki, polyakdılar.

Polyaklar balıq tutmurdular, hərəsi bir yandan çayın mənzərələrini - əsasən də qarşı yamacdakı heyvanxananı - «zoopark»ı lentə alırdılar.

Onun diqqətini bütün heyvanlardan öncə ayı çəkdi; bəlkə də ona görə ki, bu ayı hərəkətdə idi. Xırdaca qəfəsində gah sağa, gah sola gedirdi. Bala maral bayıra-çəmənliyə boylanırdı.

Çəmənliyə tor sərmişdilər. Yəqin ki, qurutmaq üçün. Və o, bu tora, bu torun dəliklərinə ötəri nəzər salandan sonra bildi ki, bu çayda iri balıqlar yaşamır.

Sahildə onları elə təmtəraqla qarşıladılar ki, elə bil «Almas» sanatoriyasının pasientləri yox, hansı ölkəninsə elçiləri idilər. Milli geyimi ilə dərhal diqqət çəkən bələdçi hamısına tilov və kapron stəkanda bir ovuc bişmiş qarğıdalı dənəsi verəndə uğurlar arzuladı və anlatdı ki, iki saatlıq farel ovundan sonra onların növbəti istirahəti ovlayacaqları balıqdan asılıdır. Və gülə-gülə bildirdi ki, az tutarlar az yeyərlər, çox tutarlar, çox…

Çayın bir qolu beton kvadratlara ayrılmışdı və ona elə gəlirdi ki, bu kvadratlar farel yetişdirmək üçündür, amma məlum olanda ki, yox, onlar fareli bu kvadratlardan ovlayacaqlar. Narazılıqla başını buladı.

Kvadratları bir-birindən beton körpülər ayırırdı və elə bu körpülərdən birinin üstündə sıraya düzülüb suya qarmaq atanda avtobusda onu gözlərilə diri-diri yeyən xallı qadını yenə böyründə gördü…

- Vı ne Fizuli?

Xallı qadının bu sualına ötəri cavab verdi və fikirləşdi ki, demək, haçansa, Fizuli adında bir tanışı da olub.

Birinci fareli sudan çıxaranda ona görə qəlsəməsini qopartdı ki, qarmağı ağzından çıxarda bilsin. Farel ki farel, yemi udmuşdu. Tanış iy yadına çox şeyləri - hətta Xəzərdən ilk dəfə tutduğu kütümü də saldı; sən demə, doğrudan da bütün balıqların ətri eyni imiş, xallı farellər də yosun qoxusu verirmiş…

Eyni boyda, eyni ölçüdə ikinci, üçüncü farel də onun qarmağına düşdü.

Sonra qadınlar da sudan eyni ölçüdə, eyni çəkidə farellər çıxartmağa başladılar.

Suya tilov atmayan yalnız Elmir idi. Amma o da qadınlara kömək eləyirdi, həvəslə qarmaqlarına qarğıdalı dəni salırdı, tutulmuş fareli qarmaqdan çıxarırdı.

Sonra bu Elmir tilovunu da ona verdi:

- Siz iki tilovla da işləyə bilərsiz, -dedi, -görürəm ki… bu sahədə mahirsiz…

O, maraqla soruşdu ki, bəs o buraya farel ovuna gəlməyib?

Elmir:

- Farel ovuna gəlmişəm, - dedi və onun böyründə dayanmış xallı qadını nişan verdi, - amma bu farelin ovuna.

O, daha bir fareli sudan çıxaranda xallı qadın onu yalnız quru sözlə təbrik etmədi, həm də ona bir əzizi kimi sığındı.

Elmir:

- Mənə acıq vermək üçün belə eləyir, ay eloğlu, - dedi, - fikir verməyin ona.

Birdən-birə külək güclənəndə, ləpələr çayın bəndə salınmış bu qolunu əməlli-başlı lilləndirəndə dalbadal dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci fareli də sudan çıxartdı. Və kəsinliklə anladı ki, farel ovladığı bu məkan sadəcə akvariumdu, farelləri də hardansa torla ovlayıb bu nohura doldurublar.

Elmir isə vurnuxurdu və arabir də çayırlığın üstündə hələ çapalamaqda, çırpınmaqda olan farelləri hardansa tapıb gətirdiyi kisəyə doldururdu.

Xallı qadın ovladığı farelləri onun əlindən aldı və şəstlə vurğuladı ki, o, tutduğu farelləri qaxac elətdirib evlərinə aparacaq ki, əri pivə ilə yesin. Elmir isə bu sözün tamamında kinayə ilə başını buladı.

- Qiymətini qaldırır, ay eloğlu, aktrisadı, - dedi, - ərli arvadın sanatoriyada nə işi var?

Nohuru çaydan tamam ayırsalar da, içərisinə nasosla su vururdular, amma, görünür bu sudakı hava farelləri doyurmurdu. Balıqlar hərdən suyun üzünə çıxırdılar, yemin dalınca atılırdılar.

Sahilə düşən farelə də yiyə duran oldu. Bu balıqçı qadınların ən dilavəri idi və xallı farel onun şümşad biləkləri, şirmayi barmaqları arasında elə bil anbaan gözəlləşirdi və o, bu anda balığa baxa-baxa gəlişigözəl bir söz də dedi:

- A tebe ne skazali, çto samoubiystvo sçitaetsya qrexom…

Ovlanmış yarım kisə farel elektron tərəziyə qoyulanda və milli libaslı qapançı qadın tutulan farellərə görə onların borcunu hesablayanda Elmir dərhal döş cibindən avro dəsti çıxartdı. Başı açılmamış avro dəsti. Ovlanmış farellərin pulunu ödəyəndən sonra isə qadınları göstərib:

- Bunlar bizə pulumuza görə salam verirlər, ay eloğlu, - dedi, - mənim ömrüm bunların arasında keçib.

Yalnız xallı qadın tutduğu iki cüt-bir tək fareli tərəziyə özü qoydu, pulunu da dərhal ödədi.

Yarım saat sonra ovlanmış on yeddi kilo farel hisə verilmiş, qızardılmış, qaxac edilmiş, - bir sözlə, bişmiş halda süfrədə idi; yanında da Azərbaycan narşərabı. Taxçalara isə Krım, Moldova, Gürcüstan şərablarından tutmuş fransız konyakına, italyan «amoretto»suna kimi çeşidli içkilər düzülmüşdü.

İlk tost Elmirdən gəldi; o, təklif elədi ki, Ukraynanın azadlıq göyərçini Yuliya Timoşenkonun sağlığına badə qaldırsınlar. Və elə burda da ara qarışdı. Məlum oldu ki, məclisdəki qadınlar hələ keflənməyiblər, ayıqdılar. Və bir də aydınlaşdı ki, bu qadınların neçəsi rusdu, neçəsi ukraynalı... Elmir isə təsadüfən alışdırdığı alovun üstünə su tökməyi bacardı və növbəti tostuyla bir anda bir-birinə bir ayrı gözlə baxan qadınlara çatdırdı ki, siyasət məhəbbətin düşmənidir.

Məhəbbəti siyasətə qurban vermək olmaz.

Meydan musiqiyə veriləndə və xallı qadın qoluna girib onu rəqsə dəvət eləyəndə dedi ki, o da rus deyil. O, bildirdi ki, belə şeylərin fərqinə varmır. Amma qadın ona dedi ki, səmimi danışmaq lazımdı, necə ola bilər ki, o, belə şeylərin fərqinə varmasın? Bəyəm, o anlamır ki, bu gün Azərbaycanı Qarabağ kartıyla gürzlə zindan arasında saxlayan kimdi?

Bu suala cavab vermədi, amma bu qənaətə gəldi ki, bu qadının haqqında ilkin təəssüratında tamam yanılıb…

Daha sonra xallı qadın dedi ki, bu gün azərbaycanlılar da, ukraynalılar da eyni taleyi yaşayırlar; onları da xallı farellər kimi torla ovlayandan sonra nohurlara doldurublar, balıqçıların qarmağa keçirib nohura atdıqları qarğıdalı dəninə, bir udum saf havaya möhtac qoyublar.

Xallı qadın ikinci dəfə onu rəqsə dəvət eləyəndə, arabir də sanki qəsdən üzünü üzünə, döşlərini sinəsinə söykəyəndə və pıçıltıyla məhkum millətlərdən, xalqlardan danışmağa başlayanda Elmir hikkə ilə qolundan tutub onu bir qırağa çəkdi.

- Başa düş, ay eloğlu, mən ona vurulmuşam, bu xarabaya da ona görə gəlmişəm, - dedi, - mən qadın düşgünü deyiləm, özün görürsən ki, - meydanda oynaşan qadınları nişan verdi, -başıma dolanırlar!

Bu, həqiqət idi və sanki bu qadınların arasında Elmirə bənd olmaq uğrunda yarış gedirdi.

Daha bir təntənəli tostun tamamında dolu badələri boşaldandan, meydan yenə də oynamaq istəyənlərin əlinə keçəndən sonra Elmir ona yaxınlaşdı:

- Suyu necə bulandırmışam, ay eloğlu? - dedi, - xoşuna gəlir? - Və onun dinmədiyini görüb sözünün ardını da gətirdi, - bəs nəyi gözləyirsən? Niyə birinin qolundan yapışmırsan? - O, yenə dillənmədi, başını da aşağı saldı ki, onun sifətinə baxmalı olmasın.

Amma Elmir bir daha əlində badə ona yaxınlaşdı:

- Ayılandan sonra heç bunlar bizim salamımızı almayacaqlar ha, - dedi, -mən bunların dabbaqda gönünə bələdəm, şansını qaçırma!

Amma o, bu şansdan başqa cür yarındı, sakitcə stuldan dikəldi. Ancaq heç beş-altı addım atmamışdı ki, gördü xallı qadın da arxasınca gəlir.

Qarşı yamac o qədər də qalın olmayan meşəlikdi.

Düşdükləri cığır isə çox tapdaqdı. Ola bilməzdi ki, onları bir genişliyə çıxarmasın… Nə isə soruşmağa ehtiyac duymurdu. Qadın da onun kimi, susurdu. O, fikirləşirdi ki, belə yaxşıdı; nə isə danışmaqla bu ötən saatlar ərzində arada yaranmış mehribançılığa kölgə sala bilər...

Güldən, çiçəkdən çox alma qoxusu verən bu cığır uzandıqca meşənin sükutu vahimə, xof gətirirdi. Amma, deyəsən, qadın qorxmurdu. Ya belə cığırları çox görmüşdü, ya da ona arxayındı.

Bu alma qoxulu cığır onları gətirib Berezi çayının başqa bir qoluna çıxaranda və burda istər-istəməz dayanmalı olanda qadın söylədi ki, o, ömründə özünü belə qərib, belə tənha hiss etməyib; dedi ki, o, bu balıqçı dəstəsinə də sanatoriyada darıxdığı üçün qoşulub, təəssüflə bildirdi ki, əslində, gərək heç sanatoriyaya gəlməyəydi; anası onu sanatoriyalarda veyillənmək üçün doğmayıb.

Elə bil bu qadın dərdini söyləməyə adam axtarırmış; daha sonra dedi ki, inəyi doğasıdır, baytara ehtiyac olacaq, yəqin və o bilmir ki, təsərrüfat işlərində əfəl olan əri bu işin öhdəsindən gələ biləcək, ya yox?

Həmin cığırla da geri qayıdanda cavan bir alma ağacının altında ayaq saxladılar. Ağac bütün meyvəsini dibinə tökmüşdü. Budaqlarında qalan yalnız sarı, seyrək yarpaqlardı. Elə yarpaqlara baxa-baxa da qadın dedi ki, əri ona həddindən çox inanır, amma gərək belə olmaya, axı qadın da insandı…

Sözün bu sayaq tamamında o, qadının gözlərinə baxmaq istədi ki, ürəyindən keçənlərə aydınlıq gətirsin: doğrudanmı, bu söz nəyə isə işarədir? Amma qadın qüssə ilə yerə tökülmüş sarı-çəhrayı almalara, bəlkə də bu almalara daraşmış cücülərə baxırdı, nə biləsən.

Cığır bitənəcən daha bir kəlmə də kəsmədilər. Mikroavtobusun qapısını açıq görəndə qadın dedi ki, daha o məclisə qayıtmayacaq, keçib maşında oturacaq, istəyirsə… Əslində, o özü belə bir təklif etmək niyyətində idi, amma fikirləşirdi ki, qəlbinə başqa şey gələr.

Bayaqdan ağacın dibinə kətil qoyub oturmuş sürücü elə bil qəsdən aralandı ki, onlar heç nədən çəkinməsinlər.

Məclisdə isə nələr baş verdiyini maşının aynasından da görmək mümkündü, musiqi də eşidilirdi…

Bu arada, bir xeyli götür-qoy eləyəndən sonra qadına xoş söz də söylədi: dedi ki, bizim qadınlara oxşayır. Qadın da cavab verdi ki, bu sözü rastlaşdığı bütün qafqazlılardan eşidib.

Bir anda isə bütün sahilboyunun nizamı pozuldu. Mikrofonla xəbər verdilər ki, bəs, ayı qəfəsdən çıxıb, turistlər tələsik avtobuslara, maşınlara doluşsunlar.

Tanış sifətlərin, tanış simaların mikroavtobusa sarı bağıra-bağıra qaçan anlarında o, ətrafa boylanırdı ki, görsün Elmir hardadır? Axı, ayının donqultusu da eşidilirdi!

Ayı kolların arasından çıxıb ağır-ağır mikroavtobusa yaxınlaşanda da qadınlar qışqırmağa başladılar. Amma ayı bağıra-bağıra maşının sağına-soluna keçəndən, çarxlardan birini isladandan sonra maşından aralandı və dərhal ağacların altındakı üstü naz-nemətlə dolu masanı aşırdı və sonra da ağzına keçəni yeməyə başladı. Ağaca dırmaşmış Elmiri isə, ona xallı qadın nişan verdi və astadan dedi ki, ayı azadlığa çıxıb...

Amma ayının azadlığı çox çəkmədi. Beş-on dəqiqədən sonra yük maşınında gələn ovçular onu aralıdan oxladılar və yatdığına əmin olandan sonra sürüyə-sürüyə aparıb qəfəsinə saldılar. Elə bil ayı farel həvəskarlarının kef məclisini dağıtmaq üçün qəfəsdən çıxıbmış.

Ağacdan düşəndən sonra bir xeyli soyuq su içib özünə gələn Elmir elə bil o suyu udmamışdı, ağzında saxlamışdı.

- Qorxdun?

Elmir onun bu adi sualını da cavabsız qoydu…

Sürücü qayıdanbaş da müqəddəs Məryəmin adı ilə bağlı bulağın başında maşını əylədi və dedi ki, kimin bu yerlərə bir də qayıtmaq niyyəti varsa, düşüb bulağın gözünə qəpik atsın. Qəribə idi: maşından yalnız Elmir düşdü və bu hərəkətilə də hamını güldürdü.

Bu arada Berezi çayının bəndə salınmış sahilinə daha bir iri maşın yan aldı və yaşıl vadi yenidən canlandı…

Mikroavtobus gecənin qaranlığına qarışanda, göy üzündə təkəm-seyrək ulduzlar görünməyə başlayanda qadınlardan biri oxumağa başladı. Sonra bütün qadınlar səs-səsə verdilər, elə bil heç bir-iki saat öncə bir-birini parçalamağa hazır olan qadınlar deyildilər və bu kövrək, həzin nəğmələri oxumaq üçün illərlə bir yerdə məşq eləmişdilər.

Xallı qadın da xora biganə deyildi, oxuyurdu.

O, mahnının sözlərini tuta bilmədiyindən, anlamırdı ki, rus mahnısıdır, yoxsa Ukrayna?

Növbəti mahnıya keçid əsnasında o dedi ki, bu nəğmələr onların ruslarla ortaq sərvətidir. Xallı qadın onunla razılaşdığını bildirdi və dedi ki, ruslarla onların çox şeyləri ortaqdır, amma əqidələri yox…

Gecəyarı «Almas» sanatoriyasının qarşısında mikroavtobus əylənəndə yadına düşdü ki, yaddaşında bir neçə saatın içində bir ömürlük iz qoymuş xallı qadının adını da bilmir. Amma bu məqamda da xallı qadın onu üstələdi. Əl uzadıb adını dedi: Svetlana…

Elmir isə yuxuda idi… Və o, fikirləşirdi ki, onu oyatsın, ya yox? Qolundan tutmaq istəyəndə sürücü mane oldu, dedi ki, oyatmasın, şef Riksosda düşəcək.

Yalan-gerçək, dünən axşam eşitmişdi ki, adına «Riksos» deyilən sanatoriyanın bir günü min avroya başa gəlir və orda ancaq deputatlar dincəlir.

Hər şeydən öncə, isti suyuna alışmış sanatoriya otağında duş qəbul eləyəndən, bir fincan qəhvə içib dincələndən, gün ərzində baş vermiş hadisələri, tanış olduğu adamları, gördüyü heyvanları təkrar-təkrar xatırlayıb başını bulaya-bulaya gülümsəyəndən sonra qərara gəldi ki, vaxtı itirməsin; yarımçıq qalmış felyetonuna qayıtsın. Amma yazı masasının arxasına keçib qələmi əlinə alanda və birdən-birə darıxmağa başlayanda, gördü yox, xallı qadın da bir yandan onu düşünməyə qoymur. Hətta qəfildən telefonu səslənəndə diksindi: elə bildi ki…

Və birdən-birə başını bulaya-bulaya özünü töhmətlədi…. Otaqda bir qədər sağa-sola var-gəl eləyəndən sonra isə aylardan bəri araşdırdığı, hətta sərlövhəsini də tapdığı əlyazmanı cırıb tulladı. Cırıb tulladı ki, balıqlardan - xallı farellərdən yox, xallı Svetlanadan yazsın…

# 4395 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #