Ceyms Coysun Allah olmaq iddiası

Ceyms Coysun Allah olmaq iddiası
27 sentyabr 2017
# 11:45

Kulis.az İradə Musayevanın “Ceyms Coysda Dublinin allahı olmaq iddiası” yazısını təqdim edib.

əvvəli burda

İnsan ruhunun yaşı neçədir?

VIII məqalə

C.Coys “Uliss” haqqında demişdir ki, bu əsər yüz il boyunca tədqiqatçıların, akademiklərin başına bəla olacaq... U.Eko isə yazırdı ki, “Coys da Dante kimi yeni bir Adəm olmaq istəyirdi. Eynən onun kimi, bütün dilləri bir araya gətirib xəmir edən bir dilin qaranlıq düşüncələri izindəydi”. Amma Coys iddiasında daha irəli getmişdi, məncə. Dublinin allahı olmaq istəyirdi... Dublini də, onun adamlarını da, bu adamların beyninin, düşüncəsinin, şüurunun, taleyinin, ölümünün belə proqramını da sanki özü yazıb kodlaşdırmışdı. Qələmi ilə Dublini və dublinliləri ayağa qaldırmışdı. Onların inanclarına, sevgilərinə, qanunlarına, dəyərlərinə belə istehza etməkdən çəkinmirdi. Onları özü istədiyi kimi yaratmaq istəyirdi elə bil. Onların yaradılış, ölüm fəlsəfəsini yazıçı kimi yox, onları yaradan və öldürən qüvvənin özü- Allah kimi... Və çox maraqlıdır ki, bu yanaşmada bir yəhudi istehzası, iddialılığı, təkəbbürü, kin-küdurəti sezilirdi. Əslində isə, Coys dublinlilər adına bütün insanların taleyinin dəftərini, kitabını açmışdı... Göstərirdi ki, bəşəriyyətin üzü göyə-Tanrısına çevrilib. Qalaları, piramidaları da bu yuxarılığa yetmək naminə qaldırıblar, amma cavab ala bilmirlər o səmaya ünvanlanmış sevgi sahibindən... Kitabın türk dilindəki variantında “ön söz” müəllifi Leventin “Hər şey, Dublindəki qaladan başlamamışdımı?”-fikri bizə daha bir əhəmiyyətli açar verir. Və biz bilirik ki, heç bir detalı, işarəni, sözü boş yerə işlətməyən C.Coys mətnini Dublin limanı, Martello qalası və s. məkanlarda təsadüfən nəql etmir: “Yer: Dublin limanı, Sendikov, Martello qalası – şahmatdakı top fiquruna oxşayan, reallıqda mövcud olan tikili – XIX əsrin ilk on ilində fransız işğalına qarşı tikilən qalalardan biridir. Buck Mulligan deyir ki, dövlət adamı Vilyam Pitt cavanlığında “fransızlar dənizdə üzməyə başlayanda” bu qalaları tikdirib. (Nəğmənin bir hisəssi belədir: “fransızlar üzməyə başladı (davamı irlandcadır) dedi yaşlı qadın”, yaşlı qadın – yəni İrlandiya) Amma Mulligan deyir ki, Martello qalası qalalar içində “omphalos”-dur, yəni göbək, bədənin mərkəzi, kitabın da başlanğıc nöqtəsi və mərkəzi, həm də qədim Yunanıstanda Delfi kahininin taxtı. Stiven Dedal, Buck Mulligan və ingilis Haines “ophalos”-da yaşayırlar”. (V.Nabokov)

Və Levent nəql edir ki, qalalar haqqında çox düşündüm, sonda Babil qalasında ilişib qaldm. “Onsuz da gec-tez hər şey başladığı nöqtədə bitir”.

“Uliss”də də qala sirliliyi və qala labrinti ilə həqiqətə çatma məntiqi var. Qaladan başlayan yola düşür düşüncə axını…

“Uliss”in bir qala olduğunu görməmək mümkündürmü? Hər şeyin hələ də Dublində səssiz bir söz yumağı kimi tikili duran Martello qalasında başladığı, orada bitdiyi aydınca ortada deyilmi?” (Levent)

“Ön söz”də barəsində söhbət gedən “qala” reallığının və əfsanəsinin məğzinə varsaq, daha bir “Ulisslik” yozumunun sirrini tapmış olarıq. “Qala” fiqur kimi, abidə, tarix faktı kimi deyil, həm də düşüncə mərkəzi, ideya qaynağı, dayanağı, Uliss yolçuluğu üçün start nöqtəsidir. Nəql olunur ki, bütün dünyanın dili bir və sözü bir idi. Vaxt oldu ki, şərqdə köç etdikləri zaman Şinar diyarında bir oba tapdılar və orada dayandılar. İnsanlar bir-birinə dedi: Gəlin, kərpic hazırlayaq, onları yaxşıca bişirək. Bütün yer üzünə dağılmamaq üçün özümüzə bir şəhər və başı göylərə çatacaq bir qala tikək. Və özümüzdən bir nişan qoyaq. Və adəm oğullarının bina etməkdə olduqları şəhəri və qalanı görmək üçün Rəbb yerə endi. Və Rəbb dedi: Bax, bunlar bir qövmdürlər və onların hamısının bir dili var. Onların tikməyə başladıqları şey budur, indi hazırlamağa niyyət etdiklərindən heç bir şey onlara aid edilməyəcəkdir. Gəlin, bir-birlərinin dilini anlamasınlar deyə onların dilini orada qarışdıraq. Və Rəbb onları bütün yer üzünə onda dağıtdı. Şəhər tikməyi dayandırdılar, Buna görə onun adına “Babil” deyildi, çünki Rəbb bütün dünyanın dilini orada qarışdırdı, onları bütün yer üzünə oradan dağıtdı... “Babil” sözünün mənası “Göy üzünün qapısı” deməkdir. Amma “bbl” kökündən gəlir, “qarışdırmaq” feiliylə məna qohumluğu var. “Qarışıqlığın qaynağı”...

Və beləcə izah olunur ki, Allah bu qala ucaltma, qaldırma, yüksəltmə təkəbbüründən qəzəbləndi. “İndi ki mənimlə boy ölçüşdürməyə başladılar, bundan sonra anlaşmasınlar. Civə kimi bölündü dillər... İnsan üçün endirilən ilk cəzaları düşünsək, (cənnətdən qovulma, Nuh tufanı, Ninovanın, ya da Lutun yerlə bir edilməsi və s.) ən güclü təsirin, ən davamlı cəzanın bu olduğunu bilməliyik...” Bir-birinizlə normal şəkildə anlaşmaq mümkün olmayacaq. Yerdən ərşə uzanma mücadiləsini Tanrıyla, tanrılarla boy ölçüşmə saymaq, inanılan bir həqiqətmi, Babil cəzası anlamında? Bütün təktanrılı dinlərdə tapınmalar yüksəklik əsasına söykənir. İbadət üçün qalalar vasitəsi ilə Tanrıya yaxınlaşmaq, ona toxunma istəyimi? İnsanlar bu qalaları onun üçünmü tikir? Yerdən ərşə doğru yüksələn tikilidə, onunla yarışma, gücünü göstərmə, təkəbbürümü var? Özünü aliməqam göstərmə istəyimi var bu qala yapısında? “Yer üzünün göy üzünə bir meydan oxuma ədası hiss olunur bu mücadilədə. Babil, həqiqətən də kodlaşdırılmış bir simvoldur. Onda insanın kollektiv kini hiss olunur”. Bu izahlarda “qala” həddini aşma əlaməti kimi təqdim edilir. Qala göy üzünə doğru sərhəd tanımayan bir ədayla yüksəldilir.

“Uliss” özü də bir qaladırsa, deməli, burda da həmin yaxınlaşma, yaxından tanıma, üz-üzə dayanma manerası var. Allah bizi tanıyır, Coys toplumdan sivrilib çıxır və “Uliss”lə Allah qarşısında məruzə etmək, çoxlu sualler vermək eşqinə düşür: Biz də Onu tanıyaq! “Kor-koranə qəbul etmə” mütiliyi insan şüurunu aliməqamlılıq statusundan aşağı salır. İnstiktlə deyil, şüurla yaşamın bax, beləcə çoxlu sualları olmalıdır-qənaətinə gəlinir.

“Uliss” əsərində də “qala” təkəbbürü, iddiası var. Həm də ibadət edənlərin, Tanrıya qala vasitəsi ilə yaxınlaşmaq istəyənlərin qalası var burda. Amma bu romanda da Coys göstərir ki, Babil qalasında olduğu kimi insanlar, özəlliklə də dublinlilərlə Tanrı bir-birini sanki anlamır. Kilsələrdə, mehrablarda dualar oxuyan, ibadət edən insanlar “qala nərdivanı” ilə Tanrıya doğru can atır, Tanrı isə bəndəsindən uzaqlaşdıqca uzaqlaşır... Necə ki Babil qalasını tikib başa çatdırmağı insanlara icazə vermədi. Əslində Coys “allahını axtaran bəndələrin romanı” haqqında da düşünür... Alaha əlləri çatmadığı üçündür ki bəlkə “müqəddəs”lərə -onun yaratdıqlarına tapınırlar? Bu insanlar İsaya, Məryəm anaya, daşa, divara, bütlərə belə ibadət etsələr də, bu tapınmanın, sitayişin şüuraltındakı ünvanı yenə də Allahdır... Coys mücərrədliyi, obstrakt obrazların şüur axınında portretini elə Borxesin də dediyi kimi, dadist estetikası ilə reallaşdırır. Bəli, Coysun metodundan, üslubundan dadizmə bircə addım, dadizmdən də dəliliyə lap qısa bir məsafə var... Təsadüfi deyil ki, onun qəhrəmanlarının böyük əksəriyyəti psixoloji baxımdan qüsurlu insanlar kimi görünür.

C.Coys realizmini ən xırda məişət təsviri fonunda belə aydınca görmək olar, amma onun əbədi, bəşəri və mücərrəd, absurd səciyyəli məsələlərə də münasibəti birmənalı deyildi. Coys üçün sual qadağası qoymaq mümkünsüz idi. Məsələn, onun suallarından biri belə idi: İnsan ruhunun neçə yaşı var? Və ya mühakimə olunan ruhların özünə çoxlu suallar verdirirdi ... Ruhumuz əzab içindədir, həm bu dünyada, həm dəvəd olunan o biri dünyada... “Ruhlarımız günahlarımızın utancıyla yaralı, gənə kimi yapışır bizə. Sevgilisindən yapışan bir qadın kimi... Yenə, yenə, yenə...”

Coys Allahın peyğəmbərə belə qadağan etdiyi sualı qoyur ortaya, özü də ruh araşdırıcısı obrazındadır həm də, bu romanda... Ruhun tarixi ola bilərmi? Burda da əzab çəkən təkcə insanın bədəni deyil, həm də onun mənəvi, ruhi tərəfidir. “Günahçıxarma” ritualı haqqında romanın bir neçə məqamında işarələr verilir. Ölməzdən əvvəl bu dünyada ruhu ləkələyən işlərdən qalan qaraltıları təmizlətmək... Və bizim bildiyimiz “tövbə”, “fitrə-zəkat”, digər buna bənzər “təmizlənmələr”lə deyil, başqasının vasitəsilə... Cinçıxarma ayininə bənzər bir tədarük-günahçıxarma zərurəti, o biri dünyaya arxayın getmək demək idi. Diğnamın oğlu da atası haqqında düşünəndə bu təsəlli ilə özünü ovudur: “Yaxşı ki, ölməzdən əvvəl günahını çıxartdırdı”...

Artıq axşamdır, Blum küçə ilə çox dalğın şəkildə addımlayır, az qala tramvayın altına düşmüşdü. Bu zaman da şüurundan bir cümlə keçir: “Dünyəvi günahlardan təmizlənmə...” Cibində, əlində, qoltuğunda olanları sadalayır müəllif. Saat, pul qabı və s. Bir də və ən əsası, arvadı Molly üçün aldığı “Günah və həzz” kitabı...

Romanda şüur axını süjetinin ən dramatik məqamı Coysun bütün əsər boyu istehza ilə yanaşdığı axirət haqq-hesabı məsələsi ilə bağlıdır. Dantevari qiyamət, cəhənnəm səhnələri, dialoqları, mühakimə, hakim-məhkum sorğu-sualı, aqibətlər, cəza çeşidləri təsvir edilir. Amma təbii ki, Coys bu ampulada da öz üslubuna sadiq qalaraq qeyri-ciddi bir tövrlə yanaşır mövzuya. “İlyas peyğəmbər gəlir! Quzunun qanında yuyunub təmizlənmiş... Hamıınız gəlin, ey şərabçəkən, cinyuvarlayan, viskitoqquşduran imansızlar! Gəlin buraya, ey Allahın bəlaları, gönüqalınlar, sallaqqaşlılar, donuzçənəlilər, noxudbeyinlilər, siçovulgözlülər, gopçular, təlaşlılar və yağ tulumları! Gəl, ey ətalətdə batmış tənbəllər sultanı! Alexander J.Christ Dowie- budur mənim adım, Frisco sahilindən ta Vladivastokadək məşhurdur adım. Allah o bildiyiniz poxdan mənasız oyunlara bənzəməz. Söz verirəm ki, Tanrı ədalətlidir və sizə indiyə qədər görmədiyiniz bir şeydən bəhs edəcəkdir. Unutmayın ki onun kimi möhtəşəm bir şeyi nə eşitmiş, nə də görmüsünüz. Qurtulmağınız üçün Kral İsanı çağırın!”

C.Coys bu romanda bütün gücü ilə bütləri sındırırdı. İstər dünyanın heyrət etdiyi düha sahiblərinə, filosoflara, yazıçılara, istərsə də min illərlə sitayiş etdikləri müqəddəs adlara, toxunulmazlıqlara qarşı istehzasını bir an belə dayandırmırdı. Və onun bu həqarətində obyekt təkcə qəhrəmanları deyildi, həm də və daha çox hallarda müqəddəslər, peyğəmbərlər və Tanrının özü idi. Bu cür sitatların izahını verməyə belə adamın ürəyi gəlmir... “Kral İsanı köməyə çağırın!”- cümləsinin altqatında gizlənən məna aydındır. Din kitablarında (eləcə də “Qurani-Kərim”də) “Haqq-hesab günü peyğəmbər vəkiliniz olacaq” –anlamlı saysız-hesabsız cümlələr mövcuddur. Bu romanda isə, əvvəlki məqalələrdə də misallarla göstərdiyim İsa peyğəmbərlə, Məryəm ana ilə bağlı xeyli sarkazm və təhqir var. Romanın cəhənnəm parodiyalı səhnələrinin birində qoca balıqçı qapı arasında dayanıb Məryəmə- bakirə bir qadına müştəri səsləyir. Bu çox eybəcər bir çağırışdır. Coysun həddi bu qədər aşmasında onun inamsızlığı, imansızlığı bir yana, həm də şüur gedişlərindəki allahsızcasına sərbəst düşünüşünü gördük. İnamı öldürmək üçün bütün vasitələrdən istifadə edir Coys. Hətta aşağılamaq, təhqir və ən çirkin təsvirlərlə dolu epitetlərdən, məcazlardan, antitezalardan istifadə edərək... “Balıqçı: Bir bakirə paklığı on şilinə. Əsla əl dəyməmiş, təptəzə. On beş. Qorxudan, sərxoş atasından başqa kimsə girməyib içinə”. Burada Məryəmin bakirə ola-ola hamilə qalmasına işarə edilir... Tanrı haqqında isə daha çox “qorxudan” ifadəsini işlədir...

Bu səhnədəki (Leopold Blumun mühakimə olunduğu fəsildə) müraciətlər adətən “Ey oradakı günahkar!” nidası ilə ifadə olunur. Mətnin əvvəlki hisəsində günahla bağlı yaddaşımızda ilişib qalmış bir cümləni bir daha xatırlayırıq: “Elə günahlar vardır ki, insan onu ruhunun bir guşəsində, qaranlıq bir yerində saxlayıb gözləyir...”

Və həmin gözlənti məqamını, axirət haqq-hesabını ortaya qoyanda ruhun günahla dolu vəziyyəti mühakimə olunur. Günahıyla əzab çəkən ruh! Günahlarıyla sorğu-sual olunan ruh! Yaşı bilinməyən günahkar ruhlar sorğulanır. Bu ruhun elə mübhəm halıdır ki, məlum “günahçıxarma” tədbiri də köməyə çata bilmir... Blum bu məkanın da baş qəhrəmanı rolundadır. Məhkəmə səhnəsini xatırladan bu kombinasiyada da hamı ona daş atır, hamı onu mühakimə edir... F.Kafkanın “Məhkəmə” romanındakı labrint, çıxılmazlıq, dönə-dönə başlanğıc nöqtəyə qayıtma əzabına burda da rast gəlirik. Sizif əməyinə bənzər bir nəticəsiz mücadilədə çaba göstərdiyinin şahidi oluruq. Burda hər şey iyrənc və hər kəs eybəcər, ümidsiz, qorxuncdur. Dantenin “İlahi komediya” mənzərələri göz önünə gəlir: “ Blum, arxasınca da inildəyən köpək, cəhənnəmin qapısına doğru gedir. Kəmərli bir qapıda bir qadın önə əyilmiş, ayaqlarını iki yana açmış inək kimi işəməkdədir. Pəncərəli bir şərab evinin qarşısında bir avaralar guruhu qırıqburunlu bir ustabaşınınhay-küylü bir məzhəkə ilə oxuduğu nəğməni dinləməkdədirlər. Aralarındakı qolsuz iki kişi, donqunlanmaq “ha atam”, “de atam”- zarafatı ilə güləşməkdəydilər...” Qadın davranışındakı inək tövrünə bənzər eybəcərlik, antiteza üslublu (qırıqburunlu ustabaşı nəğmə oxuyur, qolsuz adamlar güləşir və s.) təfərrüatlı təsvirlər uzandıqca uzanır. Bu məkanın insana əzab verən mənzərələri Dublin reallığının tərs üzü kimi görünür adama. Nə qədər miskin bir həyat lövhələri, nə qədər aşağılanmış insan taleləri əks olunur burada... Dəlinin dalınca uşaqlar qışqırışır, onu qovur, təhqir edir. Dəmir barmaqlıq arasında bapbalaca bir qadın barmaqları ilə elə hey nəyisə sayır, bir kol-kos tayasının üstünə yıxılmış əyyaşın xorultusu ətrafı bürüyüb, ölgün simalı bir uşağın ətəyindən yapışdığı qoca qadın yıxıla-yıxıla şüşə ilə dolu kisəni sürüyür. Burda oxunan nəğmələrin musiqisi bayağı və primiitiv, sözləri mənasızdır. Söhbətlər lağlağı, münasibətlər eybəcərliklərlə doludur. Acından ağzının qoxusu hər tərəfi bürümüş, qapı arasından boylanan əxlaqsız qoca “sümüklü həşarat”a bənzəyir və zəif səsiylə adamları içəriyə səsləyir: Gəlin bura, bakirəmiz burdadır... “Məryəm ana” deyə əsrlərlə insanların ibadətində durduğu müqəddəslik hərraca qoyulur... Zinalıq, yalan, hiylə, qorxu içərisində insan bir heç kimi, heyvan məqamında görünür. “Bir boşqab qırılır, bir qadın çığırır. Bir uşaq fəryad edir. Bir adamın naləsi avaz-avaz yüksəlir, çeynənib bitir... Gizli-gizli dolaşan, hər küncdən boylanan insan kabusları...”

Bulum bir tramvay qəzası ilə yaxalanır. Az qalmışdı ölsün. İkinci qəzadır, bir neçə gün öncə də buna bənzər bir təhlükə yaşamışdı. “Üçüncü uğur gətirər yəqin”-deyə düşünür... Ölümdən sonrakı vəziyyət, ölülər diyarına səyahət təsvir edilir. Və qiyamət sorğu-sualı başlayır sanki. Rudolph onun üzünə toxunub deyir: “Burda nə edirsən, səndə ruh yoxmu? Sən Leopoldun nəvəsi, mənim oğulluğum Leopold deyilmisən? Sən atasının evini tərk edən sevgili övladım Leopold deyilmisən?

Blum astaca deyir: -Elədir, hər halda...”

Tramvaydan qaçıb qurtulmaq istəyəndə palçığa batmışdı. Yenə həmin vəziyyətdədir. Çirk və palçıq bütün bədənini, üst-başıını bulaşdırıb. Ruhu isə mühakimə altında inləyir. Blum inilti içərisində bircə çağırış edir: “Anaaaa...”

Bütün ittihamçıların tək bir tərəf müqabili var: Blum... Molly ilə qarşılaşır bu qiyamət səhnəsində. Molly ona deyir: “Bataqlığa saplanmış biçarə bir dəyənəksən sən! Çıx bir burdan və həyatı gör, bu qoca dünyaya bax!”.

Vaxtilə dəniz kənarında gördüyü, sevgi dolu hisslərlə ona baxan gözəl qız-Gertu da burdadır və o da Bluma böhtan atır: “Bütün dünyəvi varlığımı sənə həsr etdim. Sənə, yalnız sənə... (deyinir)... Ətəyimin altındakı bütün gizli şeyləri görmüsən sən... Sən o işi gördün, iyrənirəm səndən... Əxlaqsız evli adam...

Blum: -Mən? Nə zaman? Xəyal görürsən sən... Səni heç görmədim mən-deyir...”

Gerty uzaqlaşır, amma Mrs.Breen gəlir səhnəyə. Mrs. Breenlə biz romanın əvvəlki hissələrində də qarşılaşmışdıq, ancaq tamam başqa ampulada. Yəni, sadəcə Blumun ailəvi dostlarından biri kimi. Burda isə başqa söhbətlər gedir. Hətta bir eşq macərası fonunda. Belə çıxır ki, reallıqda olmasa da fikirlərində Blumla Breen arasında da sevişmə, aşiq-məşuqluq olub. İndi onun da mühakiməsi başlanıb. “Mrs. Breen: -Mister Blum! Sən burda? Günahkarlar yuvasında? Ah! Amma necə tapdım. Yaxaladım səni! Yaramaz!

Blum təlaşla deyir: - Adımı elə yüksək səslə deməyin. Məni nə hesab edirsiniz siz? Kim olduğumu gizləyin... Yerin də qulağı var. Necəsiniz? Yüz illərdir görüşmürük... şahanə görünürsünüz! Daha bu zamanda belə yaz da yazlığını göstərir hələ...”

Və beləcə şahidlər, sorğu-sualçılar qarşısında Blum bir böcəyə çevrilir sanki. Nəzarətçilər, hakimlər, iddiaçılar-hamısı sual verir... Blum var gücü ilə özünü müdafiə etmək istəyir və bildirir ki, nahaq yerə mühakimə olunur, yanlış anlaşılan bir adamdır o. Nə qədər günah varsa hamısını ona yükləyiblər, əbəs yerə... “Mən namuslu, evli bir adamam, varlığımda bir ləkə belə yoxdur. “Eccless street”də yaşayıram...” Təbii ki məhəl qoyan olmur ona və mühakimə uzandıqca uzanır.

“İkinci gözətçi soruşur: -Günah anında haradaydın? Söylə! İttihamlarımızı dinlədin.

Blum (döşünün üstündəki cibindən bürüşmüş bir sarı çiçək çıxarır):

- Bax, haqqında söhbət gedən çiçək! Adını bilmədiyim bir adam verdi onu mənə”.

Mətnin bir çox yerində, eləcə də bu məqamda “masonluq” ifadəsi işlədilir. Blum yəhudidir, onun sosial-siyasi düşüncələrində, genetik yaddaşında bu missiyaya aid çoxlu işarələr var.

“Blum (yaprıxmış şapkasını başına keçirərək arxaya çəkilər, sonra əlini ürəyinin üstünə qoyar və sağ dirsəyi tam açılı vəziyyətdə masonluq salamı verərək müdafiə ittifaq işarətini göstərərdi.) Yox, yox, möhtərəm əfəndimiz, gözümüzün nuru! Hökm yanlışlığı Lyons poçtu. Lesurques və Dubosc. Chids qardaş qatili hadisəsini xatırlayın. Biz tibb adamıyıq. Kiçik bir baltayla öldürmüşdü adamı. Yalnışlıq olduğu üçün günahlandırılıram. Məsum bir insanın nahaq yerə məhkum edilməsindənsə doqquz günahkarın azad olunması daha yaxşıdır”.

Blumun ittihamçıları və bu ittihamların kürsüdə dayanan şahidləri artdıqca artır. Blumdan peşəsini soruşanda qəzet işçisi olduğunu söyləyir. Ədəbi fəaliyyətindən, hekayələr antalogiyası hazırlamaqlarından bəhs edir, qoca babasının sülh hakimi olmasından, özünün isə başqaları kimi britaniyalı olmasından, kral və məmləkət yolunda bir bayraq altında çalışmasını bildirir. “Britaniya və İrlandiya mətbuatıyla təşriki mesai içindəyəm”-deyir.

Lakin ssenari elə qurulub ki, biz artıq başdan-başa günaha batırılan, çirkaba, bataqlığa atılan bu adamın yeni ittihamçısının da kürsüyə çıxacağını ehtimal edirik və yanılmırıq. Anındaca bu iş baş verir. Beaufoy sözləri uzada-uzada, əsəbi və gərgin şəkildə nitqinə başlayır: “Xeyir! Siz dediyiniz adam deyilsiniz! Bildiyimə görə, əlaqəniz belə yoxdur! əgər siz nəcabətli bir bəyəfəndi olsaydınız, çelebiliyin ən bəsit qaydalarına riayət etsəydiniz... Hörmətli hakim! Bir müntahil: ədəbiyyatçı adı altında maskaralıq edən sinsi bir hiss istismarçısı. Təbiətindəki cibilliyesizliklə benimen-çoksatan, həqiqətən xarüqaladə, hər biri mükəmməl bir mücəvhər olan sugötürməz eşq səhnələrini ehtiva edən mətinlərimdən bəzilərini eynən köçürdüyü əyani olaraq ortadadır...

Bu cüretkar mətbuat güvəsi universitetə belə getməmiş bu Rheims qarğası üzündən çoxlu pul xərcləmişik...”

Salonda səslənən bir replika (“Musa, Musəvilər kralı, Musa...”) Blumu ürəkləndirir. O özünü müdafiəyə qalxır, bütün savab işlərini, insanlara yaxşılıqlarını, heyvanlara göstərdiyi rəhmdilliyi sadalayır, tanıdığı adamları şahid çəkmək istəyir. Heç kim kömək etmir. Hətta Hainesə üzünü tutub deyir ki, borcunu da bağışlayıram. Amma məni tanıdığını de. Haines inkar edir, bircə Raddy Diğnam deyir ki, “doğru deyir, mənim dəfnimə gəlmişdi...”) demək olar ki, onu bütün tərəflərdən vururlar: Həyat yoldaşı, sevgili, dost, işçi, vətəndaş və s. kimi ən yaramaz adam olduğunu təsdiqləyirlər...

Romanın bu yerində Coys üslubunda postmodern oyunlar baş verir, ədəbi-nəzəri qanunları mətnin süjetinə uyğun olaraq alt-üst edən müəllif bir neçə estetik baxış bucağından (realizm, romantizm, sentimentalizm və s.) baxır hadisələrə. Qadınlarla üzləşdirildiyi səhnələrdə klassik qərb sentimentalizminin nüanslarını aydınca hiss edirik. Həyati detallılıq, canlı, real təsvirlər, tanış hisslər, düşüncələr, ictimai-siyasi, sosial həyat mənzərələrindəki eyniyyət və s. baxımdan realizm metodunun əlamətləri, Şekspir üslubu, pafos, ritorik mücərrədlik və s. manevrlər isə romantizm cərəyanına xas yanaşmanı ifadə edir.

Hətta mühakimə səhnələri eyni ilə dram (özü də V.Şekspir üslubunda) janrında olduğu kimi, həmin formatda yazılıb...

İkili yanaşma oyunları isə bir müddət oxucunu çaşdırır. Gah Bluma haqq qazandırır, onu qəhrəman kimi göstərir, gah yerdən-yerə çırpıb ayaqlar altına atır... Kütlə psixologiyası ilə xarakter qarşılaşması baş vermir. Dramatizm fərd və cəmiyyət fonunda deyil, təsadüfi, əyləncə xarakterli səhnələrdə oynalınan teatr tamaşaları ampulasında əks olunur. Məsələn, Blumun ən rəzil və miskin bir tip kimi mühakiməsi, cəzalanması, həbsə atılması ilə millət qəhrəmanı olması gözlənilməzliyinin arası çox az çəkir. Ən zərərli, ən qorxulu şəxs, təhlükə mənbəyi elan edilən Blum bir cümləlik fikir dəyişdirilməsi nəticəsində bütə çevrilir sanki. Hamı ayağına döşənəsi olur. Bu məqamda onu da qeyd edim ki, Q.Q.Markes 1975-ci ildə yazdığı “Patriarxın payızı” romanında “diktator və xalq” münasibətindəki saxta sevgi formatının detallarını Coysun bu səhnələrindən istifadə edərək özününküləşdirib. Kortəbii sitayiş, sadə vətəndaşların gül-çiçəklə yanaşı ev quşları və s. hədiyyələrlə ona sevgisini izhar etməsi və s. Müqayisə etsək görərik ki. hər iki romanda bu münasibətin xarakteri, cizgiləri, ictimai-siyasi, sosial mahiyyəti eyni cür səciyyələnirdi...

Blum sanki cənnət və cəhənnəm arasında qalıb. Və qəribədir ki, cəhənnəm sakini kimi mühakimə olunanda onun əməlləri yox, ürəyindən keçən fikirləri qabardılır, fikirə, düşüncəyə, hətta xəyallara görə cəza verilir ona. Məsələn, Blum dəniz kənarında rastlaşdığı gözəl qızla bir neçə anlıq baxışır, xəyalən sevişir və s. Mühakimə zamanı isə onun ağlından keçən -keçməyən (guya qıza təcavüz edir və s.) hər şeyi hətta şahidlər vasitəsilə ortaya qoyurlar... Və ya məhkəmə işçisi uca səslə deyir: “Sabit bir yeri bəlli olmayan Leopold Blumun tanınmış bir dinamitçi, saxtakar, iki qadınla evli, aradüzəldən və buynuzlu heyvan olması, Dublin şəhəri sakinlərinin başına bəla kəsilməsi səbəbindən bu müvəqqəti adla çox möhtərəm... (Dublin Sülh Hakimi saqqallı Möhtərəm Ser Frederik Falkiner, boz daş rəngindəki hakimlik cüppəsiylə yerindən qalxdı. Qollarında bir qılınc əsa var... Alnından Musa şəriətinin qoçbuynuzları halqa şəklində qlxırdı. Sülh hakimi: Bu bəyaz qadın ticarətinə bir son verəcəyəm və Dublini bu iyrənc həşəratdan qurtaracağam! (qara başlığını taxır) Hörmətli Şərif müavini Bey, bu adam bu anda durduğu dustaq məhəlləsindən alınsın və cənabların münasib gördüyü müddətdə Mountjoy həbsxanasının nəzarətində gözaltına alınsın...”

Təkrar ölüb-dirilmələr, ruhköçümü, məkan və zaman əvəzlənmələri- bütün bunlar hamısı dini kitablardakı fikirlərə parodiya kimi verilmişdi. Blumun dara çəkilməsi prosesi tam bitməmiş onu sanki taxt-taca oturdurlar. Bayaqdan daş-qalaq edən xalq indi qarşısında pərəstiş tövrü ilə diz çökür. Bütün zamanların cəmiyyət yalanlarına əyləncəli bir parodiya... Blum bələdiyyə rəisi paltarındadır, xalq içindən çıxmış bir dəmirçi deyir: “ Allah eşqinə, deyin! Blumdurmu qarşımızdakı? Otuz bir yaşında olduğuna inanmaq çətindir. Məşhur Blum bax bu, dünyanın ən uca inqilabçısı. Ona hörmət və salamımız olsun! (hamı papağını çıxarır. Qadınlar hərarətlə fısıldaşırlar)

Bir milyonçu qadın: Nə qədər də yaraşıqlı, elə deyil?”

25.09.2017.

# 1164 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #