Napoleona qalib gələn türk robot

Napoleona qalib gələn türk robot
21 noyabr 2016
# 11:40

Kulis.az Elnarə Ağaoğlunun tərcüməsində Sunay Akının “Ay oğrusu” kitabından “Düşünən ilk robot türk imiş” adlı yazını təqdim edir.

Cənazəyə gələnlər son mənzilə yola saldıqları Sezarın tabutdan qalxıb o tərəf bu tərəfə fırlandığını gördükdə qorxudan dillərini udmuşdular. Çox sevdikləri liderləri bədənindəki 23 bıçaq zərbəsinə rəğmən gözləri önündə bir anlıq dirilmişdi!...

Sezarı öldürən suiqəsdçilərə qarşı xalqı üsyana qaldırmaq istəyən Antoni Roma imperatorunun mumiyasını düzəltdirmiş və onu avtomatik hərəkətə gətirmişdi. Sezarın dəfn mərasimində yaşanan bu hadisə tarixdə məlum olan, insan formasındakı ilk avtomat nümunələrindən biridir. 1206-cı ildə Diyarbəkirdə El-Cəzəri tərəfindən yazılan Kitab el-Hiyel adlı əsərdə də insan şəklindəki avtomatların necə düzəlməsi və işləməsindən bəhs edilir. İlk nüsxəsi itmiş əsərin Topqapı Sarayındakı III Əhməd Kitabxanasındakı kopyası kitabın çapı ilə eyni tarixli olub Osman əl-Haskefi tərəfindən yazılmışdır.

Dəclə və Fərat arasındakı əraziyə ərəblər “ada” mənasını verən “Əl-Cəzirə” deyirlər. İnsan şəkilli avtomatları dizayn edən Əl-Cəzərinin tam adı da Bədiüz-zaman Əbül İzz İsmayil ibn əl-Rəzzaz əl-Cəzərdir. Su saatları, avtomatlar, su qaldırma mexanizmləri dizayn edən Əl-Cəzərinin kitabında hərəkət edən çoxlu insan fiquru diqqət çəkir: Bir-birinə şərbət verən iki şeyx, dəstəmaz suyu tökən uşaq, əllərindəki fincanlara içki dolduran insanların olduğu “saqi qayığı” və fil üstündə səfər edən adam Əl-Cəzərinin hərəkət edən insan avtomatlarından sadəcə bir neçəsidir.

Həm hərəkət edən, həm də düşünən insan avtomatını düzəldən isə Wofgang Ritter von Kempelen adlı macar əsilli mexanistdir. Kempelenin 1769-cu ildə düzəltdiyi insan avtomatı bir masanın qarşısında oturub qarşısındakı ilə şahmat oynayan adamdır! Başı fırlanan, gözləri oynayan, bir əliylə ucuna siqaret taxılmış uzun çubuğu tutan, o biri əli ilə də daşların yerini dəyişdirən avtomat rəqibin şahını təhdid edən həmlə edəndə səs də çıxarırdı! Kempelen Vyanada, imperatriçə Mariya Tereziyanın dəstəyi ilə düzəltdiyi avtomatına “Şahmat oynayan türk” adını vermişdi. Osmanlı geyimindəki avtomat adamın əlindəki siqaret çubuğu da o illərdə Avropada moda olan “türk kimi siqaret çəkmək” deyiminə uyğun gəldiyi üçün o, belə adlanırdı.

Dünyanın hərəkət edən və daha vacibi düşünən ilk avtomatı II Fridrix ilə şahmat oynayır və Prussiya kralına camaatın gözü qabağında qalib gəlir! Onun məğlub etdikləri arasında təkcə II Fridrix olsa yaxşıdır!... Türk robot şahmat oyununda heç vaxt məğlub olmayan Napoleon Bonapartı da mat etməyi bacarır.

Oyuna başlamamışdan qabaq şahmat oynayan türkün qapaqları və çəkməcələri açılaraq çarxlardan ibarət olan mexanizmi bütün tamaşaçılara göstərilir. İnsanlıq tarixinin ən çox bəhs olunan və uzun müddət diqqət mərkəzində olan avtomatını görənlər arasında məşhur yazıçı Höte də vardı. Kempelenin avtomatı 1820-ci ildə Amerikaya göndərilir. Bu maşına heyran olub haqqında yazı yazanlardan biri də Edqar Allan Podur...

Şahmat oynayan türkün şöhrəti bütün dünyaya yayılır...

Bir gün İohann Alqayer adlı biri peyda olur. Alqayer maşının içində özünün olduğunu, güzgü vasitəsilə oturduğu yerin görünmədiyini deyir. Bundan sonra hamı Kempelenin sehrbaz olduğuna inanır. Bunun səbəbi, Alqayerin hər iki ayağı kəsilmiş bir cırtdan olmasıdır. Şahmat oynayan türkü görmək istəyənlər yenə də onun nümayiş olunduğu sərgilərə gedirlər. Ta ki, bəzi qaynaqlara görə Filadelfiya, bəzilərinə görə də Çikaqodakı bir yanğın zamanı şahmat oynayan türk yanıb kül olana qədər...

Çex yazıçı Karel Çapek 1920-ci ildə qələmə aldığı “Absolyut fabriki” adlı pyesində insan şəklindəki avtomatlara “robot” adını verir. O gündən başlayaraq hərəkət edən insan görünüşlü maşınlar bu adla adlanır. Hamımızın bildiyi “Oz şəhərinin sehrbazı” adlı nağılda insan şəklindəki adama robot deyil, “tənəkə adam” deyilməsinin səbəbi əslində əsərin L. Frank Baum tərəfindən 1900-cü ildə yazılmasıdır.

Çapekin bütün dillərə bağışladığı “robot” sözü üçün 17 yaşında şeir yazan bir şair, bu şeirini yazıldığı 1942-ci ildən tam 63 il sonra, 2005-ci ildə çap etdiyi üçüncü şeir kitabında oxucularına təqdim edib. Kitabın önsözündə də “İyirminci əsrdə robotla birlikdə başqa nələr olub, bunları xatırlamaqda fayda var” deyə ard-arda sıraladığı məlumatlardan bəziləri bunlardır: “Mexaniki robota android, yəni düşünən robot da və bionik insan növləri də əlavə olunmuşdur... Aya ayaq basılıb, planetlərə getməyə cəhd edilir, kosmosda əldə edilən imkanlar indilik dünya üçün fayda versə də çox keçmədən bunlar dünyadakı hədəflərə qarşı hərbi bazalar kimi istifadə edilə biləcək...”

Dörd bənddən ibarət olan “Robot” şeirindən bir hissəni oxuyaq:

bir parça çelikten ibaretsin Allaha göre

korkma günahların için

ben yüklenip günahlarını senin

görülmemiş bir ağırlık vereceğim göksel terazilere

istediğini öldür

lüzum yok düşünmene cehennemlerde yanışı

ürkme hayattaki acılardan bile

voltlarla ölçülüdür

bir robotun acıya dayanışı

Şairin adı Bülent Ecevitdir!... Kiprə müdaxilə edilən hərbi hərəkatla məşhurlaşan və bundan sonra “Qaraoğlan” kimi də tanınan Bülent Ecevit robot üçün bu şeiri yazanda on yeddi yaşındadır. Bu şeir “Hep bu toprakdan” jurnalının 1944-cü il, aprel sayında yayımlanıb. Çox qəribədir ki, kosmosda əldə edilən imkanların gələcəkdə dünyaya hücum etmək üçün hərbi bazalara çevriləcəyindən narahat olan Ecevitin baş nazir olduğu 21-ci hökumət dövründə Kipr Sülh Hərəkatı həyata keçirilən zaman Aşıq Reyhani bir şeirində belə deyəcəkdir:

Boş kavgayı terk edelim

İlim yolunu güdelim

Aya beraber gidelim

Çağdaş yoldaş dünyasında

Kipr Sülh Hərəkatının həyata keçirildiyi 20 iyul 1974-cü il, insan Aya addım atdığı günün beşinci ildönümüdüydü!.. 2000-ci illərə gəldik Türkiyə ilə Yunanıstan Egey dənizində Ay kimi üstündə həyatın olmadığı kiçik adacıqlara bayraq sancmaq yarışından hələ də əl çəkmədi.

# 1931 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #