Ömrü poeziyaya çevirən istedad

Ömrü poeziyaya çevirən istedad
25 may 2015
# 13:17

(60 yaşın polemikası)

Vaqif Bəhmənli poeziyada çoxdandır, qocamandır. Bu sahədə ömür yorub, iş görüb; yaşı 60-a çatdırıb, şeir və məqalələrdən ibarət kitablarının sayını – 35-ə. Çox sayda beynəlxalq poeziya və ədəbiyyat festivallarında iştirak edib, neçə-neçə mükafatlar qazanıb. O cümlədən komsomol mükafatı, İsa İsmayılzadə mükafatı, Şahmar Əkbərzadə mükafatı, “Yaddaş” mükafatı, Rəsul Rza adına beynəlxalq mükafat, Əli Kərim mükafatı... İctimai rezonans üçün kifayətdir, məncə; elə poetik rezüme üçün də. Söhbət poeziyada yaşayan, ömrü poeziyaya çevirən birisindən gedir...

O vədəsidir ki, Vaqif Bəhmənli poeziyada ölçünü də, ritmi də, hər mətləb, hər növ oyunları da özü diktə edir. Hətta oxucusunu da özü sifariş verir. Məgər naəhl olana mətləbi qandırmaq olurmu?

“...Adidi, hə? Çox adidi hə?

Halbuki, bayaqdan sənə dünyanın ən böyük bəxtiyarlığı haqqında danışıram.

Əgər hünərin çatırsa, sən də məni bu səhər oyanışı qədər fərəhli axşam yatağına apar. Axı sən qız, mən isə əkizlər bürcündənəm!”“Beş damla” kitabını (Bakı, Renessans,2015) Vaqif ömrün bir (bircə!) səhərini verən ap-adi təsvirlə başlayır. Buradaca:

Belə düzüb düzəldən

yer ilə, yataq ilə.

İşim yoxdu əzəldən

dürlü təmtəraq ilə...

– “Proloq” şeirində bioqrafisini “ilə” rədifi üzərində on bənddə təqtiləyib, sonuncu (onuncu) bəndə belə qıfıl vurur:

Kilid, açar dünyadı,

noolsun kor dünyadı...

Vaqiflər var dünyada –

yol ötür çıraq ilə...

Və sözü/mətləbi tərk edir “damla”lara.

“Beş damla” ömür... – İlham Abbasov çox dürüst resenziyasında (“Beş damla” – beş kəlmə - “Ədəbiyyat qəzeti”, 2 may 2015-ci il) şair Qismətini “elimizin: dama-dama göl olar müdrikliyi”nə yozur. Və: Qismət-Həqiqət-Məhəbbət... – “kəlmə-kəlmə”, damla-damla Vaqif Bəhmənli şeirinin məna iziylə gedərək, amma nədənsə sona – Hikmətə gəlib çatmır... Təbii, bu şeirin hikmətinə dalmaq elə də asan deyildir...

Nədən beş damla ömür? Bəlkə beş damla – beş dam ilə, beş dam altında ömür? Qismət-Həqiqət-Məhəbbət-Sərvət-Hikmət... İnanın, V.Bəhmənli şeirinin hər cür qəfil avanqardizmi bölümlərin bu yozumuna da yol verir, daha başqa təfsirlərə də... Məsələn, belə: beş damla – beş adamla (?!)

Bir qədər əvvəl Vaqif Bəhmənli “İşartı” adlı kitabında (2013) ömürdən keçən işartıları: Qızıl qəfəs- Qızıl orta- Qızıl ürək- Qızıl yarpaq- Qızıl qıfıl- Qızıl sevda- Qızıl cümlə... – sırasıyla qızılı rəngə tutuzdurmuşdu...

Yaxud “Hamı” kitabında (2012) təklif olunan poetik simvolikanı anaq: O, mən, sən, biz, siz, onlar... – konkret işarələnməyə baxmayın, hər birisinin arxasından nə qədər də mücərrədliklər, məna gəzişmələri boylanır. Bir yazımda mən bu poetik aləmin metafizikasına dalmağa çalışmış, görmüşdüm ki: V.Bəhmənli şeirində metafizika passiv mənalar axtarışı olmayıb, funksional önəm kəsb edir. Yəni heç bir şeirində Şair özünə bərabər deyil, cəmisində – Özüdür!

Odur ki, V.Bəhmənli şeiri üçün məna yozumu yox, məna effekti əsasdır:

Düşünmürəm ki, öləm xəyalı dərin meydən –

Əli, Vəli ya da ki,

Həşim vuracaq məni,

ya odun tükənəcək, ya öləcək Gün Göydə...

bütün bunlar olmasa, maşın vuracaq məni!

– bir baxın: ali poeziya (“xəyalı dərin mey”, “Göydə ölən Gün”) və: Əli, Vəli, odun və maşın... Adidirmi, hə? Utilitardırmı?

İşıq dolduraydı dalan-tinləri –

gecələr zülmətlə dolan tinləri...

Üstü xətlənəydi yalan dinlərin,

sübh çağı ən doğru din olaydı kaş.

– tamam fərqli şeir: ali məqamlar (İşıq, dinlər) və soyuq gerçəklər (dalan, zülmət, yalan), bir də insan arzusu (ən doğru din!)... Adidirmi, hə? Gözəldirmi?

Bu yaxınlarda ömrün ağrılarını ədəbiyyata çevirməyə cəhd edən gənc bir ədiblə təsadüfi söhbətdə: Vaqif Bəhmənlinin şeirdə açdığı pəstahlardan heyranlıqla danışdım. Necə bir qəzəblə: həyatı yazmırsa, nə mənası var... – çımxırdı.

Kim deyir ki, həyatı yazmır? Məgər həyat ağrıdırmı? Həyat məgər meyli-füyuzat deyilmi?!

Həyat itir dərində, həyat izi dərimdə -

kim deyirsə, səhv deyir, dərbədər doğulmuşam.

Ovcumdakı xətlərin yanlış deyil biri də,

and olsun Allaha ki, bəxtəvər doğulmuşam...

Razıyam ki, V.Bəhmənli şeirində ağrı yoxdur; olsa-olsa “Ağrıya xitab” var:

Ağrı, çətindi dərd işi –

irəli yox, geri itib,

göbəyim altmış ildi düşüb

ilk ağrının yeri itib...

Giley yoxdur, gileylə məzələnmə var (“Acı giley”); həqiqət heç də acı deyil, parodikdir (“Acı həqiqət”); bəxtsizlik yox, bəxtlə zarafat var (“Bəxtsiz”); intihar adına Əzrayılın özünə meydan oxunur:

Vaqif imkan istəyir,

dünyadan kam istəyir...

Əzrayıl can istəyir-

can nə gəzir,

can yoxdu... (“Gizli intihar”)

İnsan Qismətinə düşən adi, normal, gündəlik həyat...

“Normal”dan o yanası məgər həyatdırmı?

Mən Rəsul Rzadan sonra günü-ayı-ili bu qədər yazan ikinci bir Şair görmədim. Amma paradoks ondadır ki, konkret günü-ayı-ili də görmək olmur V.Bəhmənli şeirində:

Boş burax, doğulmusan

yaz içi, ya qış günü;

dən dartmağa quldu can –

ömür nədi? –

iş günü... (“Köhnə nəsihət”)

Deyirlər orta çağlarda sufini Həqiqətə aparan pillələrin sırası belə olmuş: Şəriət – Təriqət – Mərifət – Həqiqət...

Həqiqət bugün heç də ali, İlahiyə qovuşmaq məqamını müjdələyən mərtəbə deyil ki; aşağı pillədə, dünyəvi işlərin içində itib-görünən, görünüb yenə itən nədirsə... V.Bəhmənli ona (Həqiqətə) öz metafizikasında Qismətdən sonra yer verib:

“Əbədiyyət yolunu tutarkən sənə nə gərək? İşıqmı, havamı, sumu, torpaqmı, çörəkmi, paramı?

Nə silah, nə sursat?

nə kütlə, nə camaat?

nə canan, nə əğyar?

nə rəfiq, nə rəfiqə,

nə də badə gərək...

əbədiyyətin dərki sadə gərək;

o da bu –

iradə, iradə, iradə gərək! ” (“Hamıya”)

Hər yerdə boyat, yıpranmış, heç cür ölməyən, ölmək istəməyən ali həqiqətlər Şairin şeirlərinə mövzu-mövzu, sitat-sitat, pafos-ahəng-ton-işartı-mətləb-düşüncə kimi gəlir və Günün həvəng-dəstəyində döyül ki, döyüləsən...

Mövzulara baxın bir: “Türkün kiçik dastanı”, “Azərbaycan qafiyələri”, “Mustafa Kamal Atatürk”, “Çobanın nağılı”, “Rübai-qoşma”, “Fəlsəfə”, “Həyat haqqında zarafat”, “Azərbaycan tarixi kitabı”...

Sənə türkü demək zor gəlir mənə

Sən ana deyilsən, atasan çünki –

mən isə atasız, anasız türkəm,

qardaş olarsanmı mənə,

Türkiyəm?

Sitatlara baxın siz: “Fələyin çarxında qum olur qaya...” (“Saxlama müddəti”); “Ey insanlar, sağlığında cəza verin insanlara!” (“Cəza”), “...sürünür ilan kimi” (“İlan kimi”), “...ah, bu qarışqalar, bu qarışqalar” (“Qarışqalar”), “Məhəmməd niyə içir,/ Məhəmməd niyə içir! –/ deyir aləmin bici,/ deyir dərənin gici...” (“Məhəmməd niyə içir”) “Doğrudan yalana keçib/ vurulmaq harda yaxşıdı- / internetdə/ yoxsa küçədə?” (“Fərq etməz”)

Pafosu görün bir: “Qurumaz”, “Vətənlə qoşa şəkil”, “Azadlıq”, “Kofe”, “Sözdə”:

Qoşun çəkib

Təbrizi tutdum –

sözdə.

Yenə bir qoşun çəkib

Şuşanı tutdum –

sözdə...

Qınamayın, mən V.Bəhmənlinin Həqiqət şeirlərində heç nəyə rəğmən, amansız bir sevinc gördüm.

Alver deyil, alver deyil –

Yolkəsənə - “yalvar” – deyil,

Hürüşənə - “yal var” – deyil,

Yolazana – “yol ver” – deyil...

Amma bununla belə

mötəbər bir tacirəm (“Tacirin nağılı”)

Nəyin sevincidir bu, bəlkə heç nəyə rəğmən, “meyli-füyuzat”ın?

“Həyatın düsturu çox sadədir, idrak deyil, hərəkətdir – can at, can at, can at! Hər zaman can at!” (“Hamıya”).

Başqa bir şeirində polemik olaraq (opponentləri özünüz tapın!) deyir:

Nə camdı, nə şamdı, nə də ki, badə -

Həyat , hərəkətdi; anlamı sadə,

Saxlamaz yolundan qorxutma, hədə,

Hərəkət hər şeyi bürüyüb gedir... (“Hərəkət”)

Və Şair öz “həyat” versiyasını təklif edir oxucuya üçüncü mərtəbədə (“damla”da): Qüdrət, Təbiət, Məhəbbət və Mərhəmət.

Doğrusu, daldıqca, lirik qəhrəmanı düşündükcə (lirik subyektimi, lirik “mən”imi, şairin özünümü – necə xoşdursa, o cür düşünün!), heç nəyə rəğmən, mən heç də “hərəkət”, hərəkətin təcəssümünü görmədim V.Bəhmənli şeirində...

Qüdrət şeirləridir: elə başa düşdüyümüz mənada “Tanrı və Adam” münasibətlərindən söz açır. “Allaha qurban olum”, “Bir və bir”, “Şahanə suallar, fəqir cavablar”, “Allahın yolu” və “Qul yolu”, “Səbir”–“İltimas”, Ol və Öl (“Qaldı”), “Tanrı var” məsələlərinəcən – çözdükcə çözülür...

Təbiət şeirləri də haman: bizim görüb-duyub-bildiyimiz təbiətdir. “Küləkli mənzərə”, “İlin yağışları”, Meşə, Ağac, İşıq, Torpaq, “İsti”, “Qum”, “Buz”, “Sən nə yamansan, a yaz”, “Göyərçin”lə adam, Adamlar və Ağaclar: “bəlkə də adam/ ağacın / ayrı halıdı” (“Qardaşlar”), “İldırım”, bir də ekologiya: “Təbiət və təbabət”; və bir də özümüzün/üzümüzün suyu: “Aramızdan keçən su”...

Məhəbbət şeirləri məhəbbətdəndir, gündəlik öyrəşdiyimiz mənada: “Xanımlar”, “Peşmançılıq”, “Barışıq aşı”, “Sevginin səbəbi”, “Qadın səsi”, “Gecikmiş görüş”, “Yarım”, “Ciyərim”, “Kişi”, “Qəm bostanı”, “Qızlara dair”, “Köhnə qafiyəli təzə zarafat”, “Mənə gəl”, “Multfilm (felyeton)”... – utilitarlaşana, felyetonlaşanacan...

Mərhəmət şeirlərinin ünvanı bəs nəymiş: “Ananın dadı”, “Ana əbədiyyəti”, “Allahın anası”, “Ana itirmək qorxusu”, “Anabənd”, “Ana üzü”, “Anamdan sonra”, “Atam - anam”, “Ata laylası”, “Balalar, bəlalar”, “Balaca adamın sualları (Səfər nəvəmə)”, “Övladlarımız” və s. – doğma duyğularımız...

Yoxdur! Hardan olsun? Əvəzində “hərəkət”in (həyatın!) metafiziki seyri (çoxluca məna effektləri!) var bu şeirlərdə: Allaha qurban olum; əlbəttə ki, Tanrı var!; Allah nəçidi, kimdi...; Ana namaz üstdədi!; Dünya qul dünyasıdı...; Xanımlarda, xanımlarda...

Dəni səpsən övlad bitər –

Arzu qalxar, murad bitər,

Həyat başlar, həyat bitər

xanımlarda, balam, xanımlarda (“Xanımlar”)

Bir zaman deyirdik: intellektual şeir, vətəndaş-şair, romantik qəhrəman və s. və i. İndi, subyektin obyektdə tamamən öldüyü bəyan olunan zamanlarda şeirə ölçü tapmaq asanmıdır?!

Qaçar ömrüm at oldu,

çapdım ki, hər yan olum.

Düşmən çatbaçat oldu –

Allaha qurban olum! (“Allaha qurban olum”)

Ömrü qatbaqat kabinetlərlə süslənmiş bir ədib dostumun Sənət manifestini anıram. Deyir: Gün ərzində edə bilmədiklərimizin yazıda ifadəsidir Sənət...

Bir az Karpat dağları, kurort həyatı, Truskovets... – o da, zəhirmar metafizika imkan verərsə... O yanda Mərhəmət qayğıları... – dadı, duzu, istiotu, mentalitet ləzzətləri... Hardasa İldırımlar-işıqlar çaxır, əcəb Yağış vaxtıdı, gəl ki – İstisi, ekologiyası... Qalan nə varsa da, elə Allahın verdiyi iş günüdür: aydır-ildir-Ömürdür – cəngəllikləri, cəncəllikləri, dincəlməklikləri...

Nahaq girdim cəngəlliyə –

açdım başa cəncəl niyə?

Durum gedim dincəlməyə

xanımlarda, balam, xanımlarda...

Bəs ki, indi bizdə “həyat” dediyimiz harda var? – məmur həyatında, vəzifədə, iş-gücdə! Ölçü-meyar-subyekt-qəhrəman- lirik “mən” də burdadır, içində “öldüyü” obyekt də... Nə qədər iri olsa – şık (şıq!) həyat, nə qədər xırda olsa – adidir, hə? Normaldır; normaldan o yanası həyat olurmu? Olsa-olsa, sinfi mübarizə olur...

Tamam. Günü-ayı-ili deyil, metafizikasını-seyrini köçürür-çevirir Şeirə Vaqif. Poeziyada başdan-başa “iş günü - Ömür” belə yaranır. Hərəkət həyatda, iş-gücdə, çalışmaqlıqda qalır, feyzi-izi-həzzi – Sözdə, Poeziyada! Buna Sərvət deyir V.Bəhmənli və qalxır metafizikasının dördüncü pilləsinə (dolur “Dördüncü damla”ya da demək olardı)...

Sərvət nə imiş: “Baş hərf”, “Cümlə”; “Şeirin doğulmağı”, “Şeir” və hətta “Primitiv şeir”; “Yarımçıq” söz, “Nə yazardı Füzuli?” (“necə yazardı görən?”), “Yanıltmac” və “Hamıdan yaxın” yenə də söz; “Söz haqqında söz”, “Yazı tərzi”, “Kitab”; “Qoşma”, “Köhnə qafiyə”, “Şairlik” və “Poeziya dəqiqələri”; “Qədir Rüstəmov”, “Ağı”, “Eyvaz Əlləzoğlu”... Və bir də “Rəngsaz”lıq:

Özümü sadə bir rəngsaz sayıram,

əvvəl vərəqləri qaralayıram,

sonra ağardıram sözün üzünü.

Beləcə, hər cür hərəkətlər və feyzlərdən uca, ömrün qazancına Sərvət deyir Vaqif Bəhmənli. Və buradaca oxucuya minnət qoyur:

Varıma mənimdi deməmişəm ki,

kəsib boğazımdan sözə vermişəm.

Sözü neyləmişəm, yeməmişəm ki,

onu da götürüb sizə vermişəm...

Üstəlik, qəribə bir ön söz – anlaşmada oxucu üçün “ayrılan yerə dəsmal da qoyur”, ağlamaq ya da bəs deyincə gülməkdən ötrü...

Mənimcə, minnətə hacət yox idi; V.Bəhmənli sanki “xırda giriş”dən sivişib, “buta ömrün” Hikmətinə tək-yeganə-incik-təmənnasız yüksəlmək qəsdindədir.

Yaradan verdi buta –

bu da bir işdi, məncə...

Ömür böyük həyata

xırda girişdi, məncə!

Əslində, təmənna dolu təmənnasızlıqla! Nədən? “Nədən ki, xoşbəxtlik də bədbəxtlik qədər fanidir. Belə olduğu halda kim mənə irad tuta bilər ki, dərindən düşünmək nadanlıq deyil?!” – deyir Şair.

Mən qəti fikrimdə qalıram ki, bütün yaradıcılığı boyu V.Bəhmənli şeiri avanqardizm ideyalarını daşımış, bu gün də avanqard şeir olaraq qalır. Onun damla-damla Hikmətləri də, nə qədər müdriklik donuna girsələr də, əksinə, müdrik olanın üstündən xətt çəkib, yavaşca utilitar olanın təntənəsinə sevinir:

Həyat yoldu, adam at –

Eşit bu sözü, oğlum...

Sən mənə bir addım at,

Mən sənin qulun olum! (“Bir addım”)

Kəlmə-kəlmə aforizmləri belə, - aldanmayın Allahı sevərsiz! - nə qədər dürüstsə, bir o qədər idraka, müdrikliyə qənim avanqard jestlərdir: “Hamı haqqı qıraqda axtarır, halbuki, o hər kəsin öz içindədir”; “Canlı təbiətin yalnız bir müəmması var – sabah!”; “Açarın yoxdursa, bağlı qapılar önündə gəbərəcəksən”; “Kitab öləndə mən də öləcəyəm”... – kitabı açıb rastladığım təsadüflərri bura köçürdüm; siz də cəhd edin, hikmət axtarıb, qəhqəhələr eşidəcəksiz...

Hər kitabında təzədən qurduğu-quraşdırdığı damlar – damlalar – adamlar, - inanmayın, - sadəcə zarafat, oxucu ilə növbəti metafizik oyun aktıdır; bir müddət keçər, təzəsini yapar... Avanqardizmin xasiyyəti bu!

Çün, - minnətə nə hacət, görmürükmü bəs: - V.Bəhmənli şeiri hər növ mənaların tükəndiyi, bitdiyi, ətrafda yalnız məna effektlərinin tökülüşüb-qaldığı yerin şeiridir.

Sanma şeirdi hər yan,

sanma hər çuxur şeir –

axır damardan qan-qan,

ciyərdən çıxır şeir... (“Şeir”)

Bəli, bu şeir başdan-başa metaforadır, metaforikdir. Hətta ən sadə deyimində də qəfil, acığa (!), gözləmədiyin yöndən metaforikdir:

Dəhşət qısqanıram, bilmirəm nəsə

şeir dəftərimə toxunsa biri –

Hər yetən bir yandan barmaq eləsə

sözüm olmaz sözün təzəsi, təri... (“Qısqanclıq”)

Neçə-neçə Şeirləri var ki, qatbaqat metaforalardan kərpiclənib, az qala Füzuli barokkosu:

...Söz

zəkat sayılmaz –

min qaba pay çək,

kisə də doldurmaz,

çuvala tay çək...

Sellənsə leysan tək,

gurlasa çay tək

yuyuban aparmaz qan biləni söz!

Taxıl tək qalxsa da

axmaq beyində,

bafa bağlasa da

buğumu dən-dən,

gülləyə uçmayıb quş dimdiyində

hancarı kəsdirsin

dən biləni söz?

Sözsüz ki,

sözdəndi ruhun dərisi...

Ruh –

dağın o üzü,

sözdü bərisi,

qurda yem olmazdı qoyun sürüsü

bilsəydi kor olmuş çən biləni söz?

Bir söz də söyləyim

sözümə qüvvət –

Sözdü vaxt,

sözdü baxt,

sözdü məhəbbət;

Gəlmək çığırtıdı,

getmək sükunət,

gorda da unamaz can biləni söz! ... (“Söz haqqında söz”)

Amma nədən? Ali dəyərlərin, İlahi duyğuların təsdiqi naminə yox ki! Aldanma ki, Şair sözü, əlbəttə, yalandır! Bəlkə Sözün yalanından qatbaqat kam almaq üçün?! Düşünürsən. Axı nə istəyir Şair?

Epiloqa aldansaq:

Mən nə istəyirəm; qocaman hikmət,

Həqiqət, həqiqət,

yalnız həqiqət.

Bəs aldanmasaq:

Mən nə istəyirəm;

nurlu, gülər göz,

Gül üzü qoymağa

gül kimi gül üz...

Bizdə İntibahı yazan bir Vaqif olmuşdur – Molla Pənah. Digərləri eləcə metafizikasına dalmış – Vaqif Səmədoğlu, Vaqif Bayatlı... Vaqif Bəhmənlidə – intibalar, çabalardır, İntibahsızlıq çabaları... Ona görə bizə daha yavıq, yanımızda, əl-yetərdir.

Şeirin gəlsin, Vaqif!

23-24 may 2015

# 1055 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #