Qız üstündə dava salan şair

Qız üstündə dava salan şair
24 may 2018
# 15:30

Kulis.az yazıçı Nəriman Əbdülrəhmanlının “MAHİR N. QARAYEV: BU ÖMÜR NECƏ KEÇDİ?! (Həmişə tələsən adam haqqında erkən yazı)” yazısını təqdim edir.

...Tələbəlik illərimdə universitetin qonşu fakültəsində oxuyan, indi nə fakültəsini, nə də adını xatırladığım bir xanımla salam-kalamımız vardı. Necə tanış olduğumuz da yadımda deyil, rastlaşanda ayaqüstü bir neçə kəlmə kəsirdik, vəssalam. O xanımla bağlı başqa niyyətim-filan da yox idi.

Günlərin birində dərsdən çıxıb yataqxanaya gedirdim ki, qabağımı boyca məndən hündür, qaraşın, gözü-başı oyur-oyur oynayan bir oğlan kəsdi, salamsız-kalamsız:

- Bura bax, - dedi, - səni bir də o qızla yanaşı görməyim, başa düşdün?

Tez-tez danışdığından, həm də söylədiyinin məndən ötrü gözlənilməz olduğundan, əslində, heç nə başa düşməmişdim, amma xasiyyətimdə dalaşqanlıq olmadığına görə, tərsə getmədim:

- Başa düşdüm, - dedim, - narahat olmayın.

- O qız mənim qohumumdu, - oğlan təhdidkar nəzərlərini üzümə dikdi. – Sənə bir də xəbərdarlıq eləməyəcəm... – Sonra donüb sürətlə uzaqlaşdı.

Həmin gündən o xanımla rastlaşanda elə-belə salam verib ötürdüm. Yəqin, belə bir soyuqluğum onu da təəccübləndirmişdi...

Sonralar tələskən və döyüşkən oğlanla da bir-iki dəfə üz-üzə gəldik, baxışlarından hiss elədim ki, məni tanımayıb, ola bilsin, o əhvalatı da unudub.

Daha sonra hansı qəzetdəsə şəklindən tanıdım, şeirlərini oxudum...

Belə tələskən və döyüşkən adamın o cür duyğulu hissləri necə təsvir elədiyinə təəccüb elədim...

Çağdaş ədəbiyyatımızın bənzərsiz qələm sahiblərindən biri, şair-tərcüməçi Mahir Qarayevi belə tanıdım...

Onda heç ağlımıza da gəlməzdi ki, nə vaxtsa yollarımız kəsişəcək, eyni qurumda - Azərbaycan Tərcümə Mərkəzində işləyəcək, hətta bir otaqda üzbəüz oturacağıq. Bir neçə il əvvəl o “toqquşma”nı da yadına saldım, xatırlamadı, görünür, Mahirin öz yaddaşını xoşagəlməz hadisələrdən təmizləmək qabiliyyəti də var...

***

Mahir Qarayevlə eyni vaxtda oxumuşuq, sonra o, filologiyayla kifayətlənməyib, jurnalist təhsili də alıb, “Türkologiya” jurnalında, “Elm” və “Tarix” qəzetlərində; Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində, bir sıra müstəqil nəşrlərdə çalışıb. Bütün bunlardan sonralar xəbər tutdum.

Mahirlə ilk təmaslarımız isə Azərbaycan Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzinin “Yol” ədəbi qəzetinin və ingiliscə çıxan “WEEK-END” həftəliyinin redaktoru, Mərkəzin nəşriyyat-redaksiya şöbəsinin baş redaktoru işlədiyi vaxtlarda olub. Məti Osmanoğlu və Əlisəmid Kürdən sonra “Yol” qəzetinin necə çıxacağı, az qala, bütün ədəbi aləmi maraqlandırırdı. Məncə, həmin məqamda Mərkəzin sədri Afaq Məsud çox düzgün seçim eləmişdi, Mahir də gözlənilməz gedişlə onun etimadını doğrultdu: “Yol”u xüsusi buraxılışa çevirdi. Kiçik formatda, çox səliqəli və maraqlı sayların daimi oxucusuydum, indi də hamısı şəxsi arxivimin dəyərli eksponatlarındandı. O vaxtdan Mahirin seçimi, ədəbi zövqü, müəllifləri və əsərləri təqdim eləmək bacarığı məndə heyranlıq doğurub...

Mahir Qarayevi əvvəlcə şair kimi tanımışam. Sözün düzü, xasiyyətcə tələskən və döyüşkən adamın öz yazılarına bu qədər səbirli, hətta bir qədər vasvası münasibəti məni çox təəccübləndirib. O, yaradıcılıqda özünü “xırda despot” yox, “böyük despot” sayır, yazıya qarşı çox amansız, xüsusilə, bədii əsərin dilinə çox tələbkar olduğunu deyir:

Sözüm – mənim möhürümdür. Müəllifin sözlə davranışı da mənimçün həlledicidir. Özümdən asılı deyil, sözün yerində işlənmədiyini görən kimi, yazı gözümdən düşür, ardını oxuya bilmirəm. Öz yazımdırsa, cırıb atıram. Mənim cırıb atdıqlarım yazıb saxladıqlarımdan bəlkə on qat çoxdur...”

Elə bu səbəbdəndi ki, Mahir altmış yaşın astanasında cəmi iki kitab üzə çıxarıb, “Tənhalıq” adlı şeirlər və poetik tərcümələr toplusu 50 yaşında – 2008-ci ildə işıq üzü görüb, üç il sonra da “Poetik silsilələr toplusu”nu çap etdirib.

“Hər şairin və ya yazıçının əksər hallarda bir qalan və unudulmayan kitabı olur, - deyir. - Sən də vaxt gələcək ki, bütün yazdıqlarının içindən gələcəyə və əsrlərə layiq bildiyin bir kitabı seçib-sonalayıb ortalığa çıxaracaqsan. Yəni yazıçı on kitabla da bir kitab yazmış olur. Ona görə də mən elə yaza biləcəyim bir kitabı gec də olsa, ərsəyə gətirdim. Əsas odur ki, bu yazıların ümumi ədəbiyyat fonunda yerini görürəm...”

Mahirin özünəməxsus poetik nəfəsi elə “Sevgi məktubu” adlandırdığı topludakı, ənənəvi formalarda qələmə aldığı şeirlərində də açıq-aşkar duyulur. Onun ən böyük eşqi SÖZDÜ:

Mənim sözdən ayrı bir tilsimim yox,

nə sevgi ovsunu,

nə eşq inadı;

Selə-suya dönmək qismətimdə yox,

qonmaz çiynimə də bir quş qanadı...

Mahirin “İt ömrü” adlandırdığı poetik silsilələr toplusuna “Əcəl zəngləri – Oğuz boyları”, “Vəsiyyət məqamları”, “Anlamaq dərdi”, “Dəmirqapı Dərbənd” və eyniadlı silsilə daxildi. O silsilələrin hər biri oxucunun qarşısında sirli-sehrli bir aləmin qapısını açır. Onun ən çox sevdiyim şeirlərindən biri də elə “İt ömrü”dü. Ötüb-keçən ömrün ağrısını bu qədər incəliklə çatdırmaq hər kəsə nəsib olmur:

Bu ömür necə keçdi?!
Necə keçdi bu ömür?!
Tramvayda, gəmidə, təyyarədə sərasər;
Oğurluq qatar kimi, gecə keçdi bu ömür –
Çatammadım dalınca, qaçammadım bərabər.

Xoşbəxtlikdən, Mahir bədii sözün başlıca funksiyasını aydın dərk eləyir, forma və məzmun oyunlarına aludə olmur, ilahi mütənasibliyə daha çox diqqət göstərir. Onun fikrincə, “…forma çox vacibdir, amma onu zorlayanda mütləq süni şey alınacaq. Məzmun əsasdır, ya forma? - sualının elə mahiyyəti səhvdir. Məzmun nə qədər əsasdırsa, forma da o qədər əsasdır: nə ondan çox deyil, nə ondan əskik. Öz formasını məzmun özü tapmalıdır, yoxsa şair onu özünə xoş gələn hansısa formaya təpişdirməməlidir…”

Ən başlıcası da, Mahir öz poetik mətnlərinə görə arxayındı. Məncə, bu, qələm adamı üçün çox vacib məqamdı, əslində, elə yaradıcılığın mahiyyətini ifadə eləyir.

“Janrından asılı olmayaraq, yazılan hər şey ilk növbədə mətndir. Yazılarımın içində ən yaxşı alınanı, düşünürəm ki, poetik mətnlərdir. Şeir yazdığıma görə yox, daha çox ona görə ki, söz duyumum güclüdür. Mən o şairi şair sayıram ki, sözü hiss eləsin, duysun, sözü sözün yanına düz oturtsun...”

Gizlətmirəm, həmişə nəsr yazan şairə ehtiyatla yanaşmış, poeziyasında duyduğum siqləti nəsrində tapmamaqdan qorxmuşam. Amma Mahirin oxuduğum cəmi-cümlətanı bir nəsr əsəri – “Quzu” hekayəsi mənə kifayət qədər bitkin təsir bağışlayıb, obrazlı təsvirlə yadımda qalıb.

“…Ölüm düşərgəsindən xilas olan adamlar uzun-uzun illərdən sonra öz dustaq nömrəsini eşidəndə necə diksinirsə, mən də pilləkənə çatanda eləcə diksinib dayandım: səksən üç...”

Neçə illərdən bəri hələ üzə çıxara bilmədiyi roman yazdığından da bu yaxınlarda xəbər tutmuşam.

“Mən romanı bitirdim, roman da məni bitirdi, - deyir. - Heyim qalmayıb. Qoy bu mənə dərs olsun, bir də romana girişmərəm. O boyda materialı hər dəfə bir ovqatla oxuyasan, pozasan, düzəldəsən… Təxminən 250 səhifədi. Çiy variantı 1800 səhifə idi. Bu neçə ildə poza-poza axır ki, istədiyim həddə gətirdim. Yazmağa nə var, çətini pozmaqdır…”

Əminəm ki, Mahir o romanı da səbirlə, tamam cilalayandan sonra üzə çıxaracaq, SÖZə özünəxas münasibətini bir daha sübut eləyəcək...

***

Mahir Qarayevi tərcüməçi kimi, 90-cı illərin ortalarından tanımışam, - o vaxt Afaq Məsudun rəhbərliyi altında Frans Kafka və Qabriel Qarsia Markesin sanballı kitablarını nəşrə hazırlamışdı. Həmin nəşrlərə təkcə bədii əsərlər yox, həm də esselər, müsahibələr, gündəliklər... daxil edildiyindən oxucunun yazıçıyla bağlı təsəvvür dairəsini genişləndirir.

Sonra Mahir Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri “Antinarkotizm” Beynəlxalq elmi-analitik Mərkəzin direktoru, eyni zamanda “Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti” ictimai birliyinin sədri olub.

Amma o illərdə də yaradıcılıq hissini itirməyib, xüsusilə, tərcümə sahəsində intensiv çalışıb. Hər halda, 2010-2014-cü illərində onun tərcüməsində işıq üzü görən Çingiz Abdullayevin 10 kitabı, Ernest Heminqueyin “Seçilmiş əsərlər” və “Klimancaro qarları”, “Ya var, ya yox”, Cek Kenfild və Mark Viktor Hansenin “Cana məlhəm hekayələr”, Andre Moruanın “Seçilmiş əsərlər” və “Yad qadına məktublar”, “Hakayələr”, Uilyam Folknerin “Emili üçün qızılgül”, Qabriel Qarsia Markesin “Saat altıda gələn qadın”, Frans Kafkanın “Vəsiyyət”, Frans Teodor Çokorun “Axınla birgə” kitabları bunu söyləməyə əsas verir. 2014-cü ildən çalışdığı Azərbaycan Tərcümə Mərkəzində nəşr olunmuş Ernest Heminqueyin “Qadınsız kişilər”, Patrik Modianonun “Seçilmiş əsərlər” kitabları, “Çexovdan Markesə qədər” seçmə hekayələr toplusu, eləcə də Alberto Moravianın, Nikolay Leskovun, Ukrayna və Norveç yazıçılarının seçmə hekayələri artıq Mahirin yaradıcılıq bioqrafiyasına yazılıb.

Onun çevirdiyi müəlliflər arasında Anton Çexov, Şervud Anderson, Volfhanq Borhert, Peter Handke, Akutaqava Rünöske, Valentin Rasputin, Kamilo Xose Sela, Oskar Yellinek, Con Qolsuorsi, Mario Benedetti... də var.

Üstəlik, Mahir Qarayevin poetik çevirmələri də bədii səviyyə və peşəkarlıq sarıdan nəsr tərcümələrindən heç də geri qalmır. Poeziyada da maraq dairəsi genişdi, bununla belə, ispandilli şairlərin yaradıcılığını özünə daha doğma sayır.

Frederik Qarsia Lorka, Rafael Alberti, Sesar Valyexodan çevirmələri, eləcə də, rus ədəbiyyatından Fyodor Tütçev, Mixail Lermontov, Anna Axmatova, Sergey Yesenin, Boris Pasternak, Osip Mandelştam, Marina Svetayeva, Andrey Voznesenski, Yevgeni Vinokurov, almandilli ədəbiyyatdan İohann Volfhanq Höte, Fridrix Rükkert, eləcə də çex Vitezslav Nezval, fransız Anri Abril, qazax Oljas Süleymenovun... şeirləri çevirdiyi poetik nümunələr “Mahirin dilində” kifayət qədər doğma səslənir...

***

Mahir Qarayevin yaradıcılıqda olduğu kimi, həyatda da formalaşmış prinsipləri var. Neçə illərdi ki, o prinsipləri göz bəbəyitək qoruyur, şəxsi yaşamında da, ədəbi mühitdə də tünlükdən qaçır, mütəmadi çap olunmağı, kürsülərə çıxmağı, böyük məclisləri sevmir.

Hətta axına düşüb soyadının “yev” sonluğunu atmamaq, yazılarına “Mahir N. Qarayev” imzası qoymaq da ondan ötrü prinsip məsələsidi...

Ədəbi mübahisələrdə Əli Kərimi, Vaqif Səmədoğlunu, Ramiz Rövşəni, Vaqif Bayatlı Odəri, Kamal Abdullanı, Afaq Məsudu, Saday Budaqlını, Etimad Başkeçidi, Salam Sarvanı, Fəxri Uğurlunu... müdafiə eləməyi də özünə borc sayır...

Mahir, elə bil dünyanı nizama salmaq üçün doğulub: hətta ona heç dəxli olmayan şeylərdə də nizam, səliqə-sahman yaratmağa can atır, buna da ömrünün saatlarını, günlərini, aylarını xərcləyir...

Bir də ki, doğum günlərində gözdən yayınmaq şakəri var...

Əslində, bu yazı Mahir Qarayevin 60 illiyinə - iyulun 17-sinə nəzərdə tutulmuşdu. Amma bilirəm ki, yubileyində belə, Vətəndən, qələbəlikdən uzaqda olacaq: indidən özünəxas cidd-cəhdlə, dəqiqliklə məzuniyyət planı qurur...

Hər necə olsa da, poeziyamızda və tərcümə sənətimizdə hörmət doğuran “Mahir N. Qarayev” imzası var, elə bu faktın özü bizə bəsdi...

Nəriman ƏBDÜLRƏHMANLI

24 may 2017

# 2139 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #