İlahi Söz könlünü oxşasın...

İlahi Söz könlünü oxşasın...
16 fevral 2015
# 16:47

Rafiq Hümmətin yubileyinə sözardı

Fevralın 13-də telefon açdım, əlli yaşını təbrik elədim. Xəttin o başında eşidilən səs-küydən bildim ki, dostlar yenə bir yerdədilər - Qarayazıda, yaşıl palıdın hənirinə sığınan “Məkan" da. Həmişə olduğu kimi: Afiq Muxtaroğlu, Zərgər Musa, Bəhram Mehdi. Cambul Məmmədlinin, Tapdıq Yolçunun səsini isə bu gün eşitmədim. Sağollaşandan sonra Kulis.az-da dəyərli nasir Nəriman Əbdülrəhmanlının uğurlamasında Rafiq Hümmətin müsahibəsini oxudum. Beş-altı il Bakıda yaşayıb şəhərli ola bilməməyini dilə gətirib, özü demişkən, canım-qardaşım Rafiq. Daha demir ki: Bakının havası mənə “düşmədi".

Bakının havası sənə düşmədi,
...uğur dilədilər dərman əvəzi.
Sözünün üstündə Tiflisin adı,
Adına yazıldı fərman əvəzi.

Çoxları bilmədi ki, bir şeirində yazdığın kimi, “Vətəndən vətənə sürgün olundun". Bu sürgündə sən itirsən də Borçalı-Tiflis ədəbi mühiti, öz içlərisində perik düşmüş Söz əhli, ağız birliyinin səmtini itirmiş ədəbi mühit qazandı. Əlli yaşımın gündöyər-döyməz vaxtında ilk kitabımın işıq üzü görməsində nələr etdiyini dostlar yaxşı bilir, məndən xəbərsiz “Ulduz” jurnalında silsilə şeirlərimin çap olunduğunu da Tiflisdən bir müjdə kimi sən ismarlamadınmı Az bir vaxtda neçə şeir kitabının, ədəbi almanaxların, Üç yüz əlli ilin-Borçalı Ədəbi-əbədi Abidəsinin, gürcücə-Azərbaycanca “Koroğlu” dastanının, “Min bir bayatı”mızın işıq üzü görməsində nələr etdiyinin fərqində olmasalar da, biz o çətin yaşantılarının şahidi deyilikmi.


Sən Bakıdan getsən də, adın-dadın dostların dilində, ürəyində öz urvatlı yerində yurd saldı, qardaş.

Maddi sıxıntıların ağırlığı, qayğıların çəkilməz həddə gəlib dirənməsi, üzünə gülüb, arxanca yüz oyundan çıxan xəbislərin nankorluğu səni heç vaxt içindən əyilməyə, halallığından dönməyə vadar edə bilmədi, çünki səni ilahi Sözün halallığı qoruyurdu. Yoxsa sözün başına ip salanlar, səni könüllərinin bulanıq suyunda yuyub-carlayıb və yalanların kəndirinə sərərdilər. Yoxsa sığal yerinə göz yaşlarını öpən, tərini silən sillələrin ağrısını çəkə bilərdinmi?

Qamsaxurdiya dönəmində kəndlərimizin sıxıntılı vaxtlarında Tapdıq Yolçuyla bizim kəndə gəlib bağlı qapılarda işıqların yandırılmasını təşkil etməyiniz bu gün də Təhlə çökəyində böyük hörmətlə anılır. Bir də ki, məndən çox sən Təhləli olmaq haqqını qazanmısan, o çökəyin bütün xeyir-şər işlərində orda olmusan. Keçən ilin sonu kənddə olanda yemək vaxtı tələsdiyimi görüb böyük bacımın dediyi sözlər heç yadımdan çıxmır: “Bacın ölsün, yeməyini rahat yesən, Rafiq qaçmır ki...” Söz adlı halal ocağın ətrafına dostları yığmaq haqqını Tanrı sənin könlünə həvalə etməyibmi, bu ucalıqda səninlə bir cərgələnmədikmi?

“Yeni Azərbaycan” qəzetinin ədəbiyyat əlavəsində iyirmi illik fasilədən sonra şeirlərimi çap etdirməyin məni ədəbi mühitdə tanıtdı. Beləcə tanış olduq. Elə həmin vaxtlar Nəriman Əbdülrəhmanlı və mərhum Eyvaz Əlləzoğluyla sənin xeyirxahlığınla tanış oldum. Bu gün söz adına hardasa dostların dilində adım hallanırsa, buna görə sənə və Nəriman Əbdülrəhmanlıya minnətdaram.


Nə isə... Doğum gününlə əlaqədar könlümdən keçənləri yazmaq istədim, bilmirəm alındımı. Özün də bilirsən ki, yazı yazmaq mənlik deyil. Həmişə yorulanda könlünü ilahi Söz oxşasın!
Söz köməyin olsun!

Sən dön Nurafiz ol, mən Rafiq Hümmət..

Yaş ötür, içimiz yol olur aha,
Güman yüz yerədir, umud Allaha.
Zamana ağ bayraq qaldırıb daha -
Düşüb saçlarına dən, Rafiq Hümmət.

Qayanı çatdadır tər gülün ahı,
Hakimi qul eylər vergülün ahı.
Yüz yerə yozular bir könül ahı,
Tapılmaz bu dərdə tən, Rafiq Hümmət.

Yaralı Vətənin harasındasan?
Yurda can qoyanlar sırasındasan.
Mələk tək dostların arasındasan,
Şeytan səndən gəzir gen, Rafiq Hümmət.

Biz ki, əl açmadıq paya, donluğa,
Qaynayıb-qarışaq bircə anlığa.
Çoxunu mat qoyaq bu heyranlığa -
Sən dön NURAFİZ ol, mən RAFİQ HÜMMƏT

# 1930 dəfə oxunub

Oxşar xəbərlər

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

10:00 9 iyul 2026
"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər