Knut Hamsunun baş qoparmağı

Knut Hamsunun baş qoparmağı
4 avqust 2017
# 10:11

Bu gün dahi yazıçı, Nobel ödüllü Knut Hamsunun doğum günüdür. Kulis.Az bu münasibətlə Maksim Qorkinin “Knut Hamsun” essesini təqdim edir.

Adamlar var onlar üçün kitab yazmaq sənətdir, yaşam vasitəsidir. Əgər onlar adamı şərləmir, onu olduğundan daha pis göstərmirlərsə, bu, artıq yaxşıdır. Onlar kobud şəkildə olsa da, öz yaxınını azacıq bəzədikdə lap yaxşı olur. Hətta bunu yalnız oxucu rəğbətini qazanmaqdan ötrü edirlərsə də.

Hesab edirəm ki, oxucuların özlərini daha az solğun görməsi onların xeyrinədir. Rəngarənglik insanla xoruz arasında oxşarlıq yaradır. Bu quş isə uçmağı bacarmasa da, hər halda yer üzərində qürur və vüqarla gəzişir, lakin təkcə dünyaya milyonlarla yumurta bəxş etdiyi üçün deyil, həm də rəqabətin mədəni mənasını yaxşı anladığı üçün.

“Qan-tər” içində işləmək xəstəliyinə – “istedad”a düçar olmuş yazıçılar var. Onlar “şöhrət” yolunda narahat meyllə kitab yazmağa, öz şəxsiyyətini “adi insanlar” xaotik kütləsindən tamamilə haqlı və bioloji cəhətdən təsdiq olunmuş ehtirasla “çıxarmağa”, bu insanlar arasında yaradan, sakinləşdirən və əyləndirənə qarşı diqqət və rəğbət atmosferi yaratmağa vadar olur. Belə yazıçılar üçün tənqidçilərin tərif dolu sözləri, oxucuların hörmət dolu münasibəti, qadınların çox şey vəd edən marağı və bu qəbildən olan digər şeylər, yəni ağlı dumanlandıran və daha çox işləməyə sövq edən hər şey qəti şəkildə lazımlıdır. Bu cərgənin yazıçıları əbədi deyillər, öz adını “əsrlərin yaddaşı”na yazmaq onlara qismət olmur, lakin məhz onlar Orta əsrlərin əsrarəngiz məbədlərini ucaltmış adsız bənnalartək, sözün geniş mənasında, “ədəbiyyat” məfhumunu yaradırlar.

Onlardan sonra müstəsna mənəvi güc, fikrin cəmlənməsi və demək olar ki, ruhi hissiyyata malik yaradıcılar gəlir. Onlar heç kəsin görmədiyini sezmək, anlaşılmayanı dərk etmək, adidə qeyri-adini tapmaq qabiliyyətinə sahibdirlər. Onların kitabları üzərində təsiredici və məftunedici intimlik izi var. Hər zaman hiss edirsən ki, onlar üzünü “hamıya” deyil, hansısa bir nəfərə, sevimli birinə tutublar, elə ancaq bu bir nəfər onlar üçün vacibdir, təkcə o onların “müqəddəs yazı”sının dərinliyi və əhəmiyyətini anlamaq iqtidarındadır.

Bəlkə də, bu insan fiziki baxımdan heç mövcud da deyil, yaradıcılar onu, sadəcə, uydururlar. Xəyali həmsöhbət müstəsna şəkildə dərrakəli və ağıllıdır, çünki o, məhz sən özünsən. Anatol Fransı canlı insan-dostla tamamilə sərbəst şəkildə, fasilələr, gərəkli susmalar və üç nöqtələrsiz danışdığını təsəvvürümə gətirə bilmirəm.

Onlar incəsənətin monumental adamları, “əbədi kitablar”ın yaradanları, ədəbiyyat sahəsində müstəbidlərdir, məktəb, cərəyan və üslubların yaradıcılarıdır.

Knut Hamsun məhz bu söz yaradıcıları qrupuna aiddir. Amma hətta onlar arasında da o mənim üçün müstəsna təşkil edir. Müasir ədəbiyyatdan yaradıcılıq orijinallığına görə, onun səviyyəsində olan heç kimi görmürəm.

Fikrimcə, onun üçün “məktəb”, “üslub” və eynən elm kimi “ikinci təbiət”i yaradan həqiqi incəsənətin arxasınca kölgətək sürünən, ümumiyyətlə, hər şey onun üçün tamamilə maraqsızdır. İncəsənətin elmdən fərqi ondan ibarətdir ki, elm “ikinci təbiət”i qayğıkeşliklə insanın xaricində, incəsənət isə daxilində əmələ gətirir.

Hamsun yaradıcılığı, həqiqətən də, insanlar haqqında “müqəddəs yazı”dır, bu yazı hər hansı daxili bəzəklərdən azaddır, onun gözəlliyi dəyişməz və dəhşətli dərəcədə sadə həqiqətdən ibarətdir. Bu sadə həqiqət onun təsvir etdiyi norveçli obrazlarını eynilə antik yunan heykəlləri kimi artıq dərəcədə gözəl edir.

O, oxucular, ya da yeganə “sevimli” üçün yazmır. Xeyr. Elə təəssüratım var, sanki Hamsun bilir və hiss edir ki, oxucuların başı üzərindən kiməsə və harasa danışır.

Danışarkən o düşünür, lakin fikrimcə, Knut Hamsunun nəyi isbat etmək istədiyini axtarmaq cəhdi faydasız olardı. Onun düşüncələri “pedaqoji” niyyətlərdən tamamilə azaddır, onun fikirləri heç bir mənəvi doqma və sosial hipotezlərə tabe deyil. Mənə elə gəlir ki, onun fikirləri ideal dərəcədə azaddır.

“Hə, hamımız yer üzündəki səfillərik”, – o deyir. Deyir, amma bunu qəti şəkildə söyləmir. O pessimist deyil. Onun “səfillər”i dünyanın sahibləridir, yaratdığı balaca və sərt ölkənin adamlarının hamısı qəhrəmandır. “Torpağın bərəkəti”ndəki İsaak epos insanıdır. Edda ona qədər yaradılmasaydı, o, əlbəttə ki, Eddanı yaradar, təxəyyül iplərilə öz Tor, Baldur, Freya və Lokisini toxuyardı. Əsas da Lokini, çünki şəri də hərəkətə gətirmək lazım, başını düzəltmək gərəkdir ki, sonra qoparasan. Düşünürəm ki, Lokinin başını İsaaka bənzər biri qoparacaq və çoxdan baş verməsi gərəkdiyi və insana layiq olduğu kimi, yer üzündə qəzəbsiz məskunlaşıb səmanı yeniləyərək oraya yeni – daha insani və mehriban ilahlar yerləşdirəcək. Çünki gələcəyin bu yaxşı, ağıllı insanı səmanı boş qoymayacaq ki, bu boşluq onun qəlbinə sızmasın.

Freken D’Espar “yaxşı və pis xüsusiyyətlərində elə inadkardı ki, tamamən dünyəviliyə uymuşdu. Biz bunu belə adlandırırıq”.

Altından xətt çəkilmiş dörd sözə Hamsun müdriyin rəhmdil və yumşaq kinayəsini ötürmüşdü: dünyəvidən başqa, nə var? Səhrada – titrəyən, ayaqlar altında parça-parça olan, Lissabon, Martinika, Messina və Yaponiyada olduğu kimi, bircə dəqiqə içində on minlərlə insanın qırılmasına səbəb olan yerdə yaşamağa məhkum aciz insanların əzablarından daha önəmli nə var?

Mövcudluğumuzun mənası da məhz elə bu dünyəvilikdədir. Onun üçün bundan artığının olmamasında isə insan günahkar deyil axı. İnsan üçün təsəlli tapmaqdan ötrü yaratdığı allahdan başqa heç nə yoxdur. Mən şəxsən isə onda onun mexanikası qədər də mistika görürəm. Məgər allah hökmranlıq, hər şeydən xəbərdar olma ideyasını mükəmməlləşdirmək, harmonizasiya etməkdən ötrü yaradılmayıb? Məgər o, insanın yeganə müdafiə silahı olan fikrin övladı deyil?

Düşünmək olar ki, özünün son kitabları – “Torpağın bərəkəti”, “Quyu yanındakı qadın”, “Qorahus sanatoriyası” əsərlərində Hamsun yalnız ona görünən və tanış olan hansısa varlıqla söhbət edir. Ola bilsin, bu, necə deyərlər, “dünyəvi şüur”dur, bəlkə də, onunla söhbət etməkdən ötrü Hamsunun özü tərəfindən yaradılmış öz allahıdır. Məhz elə ona norveçli sənətkar “Torpağın bərəkəti”ndən olan İnger kimi insanların həyatından dastanvari sadəliklə qorxunc əhvalatları danışır. “O, insanlar arasında, demək olar ki, heç bir şey, əhəmiyyətsiz bir təklik idi”, – Hamsun yekrəng həyatın qəhrəmanını bax belə təsvir edir.

Hamsuna qədərki yazıçılardan heç biri guya simasız və əhəmiyyətsiz insanlar haqqında bu qədər təəccübləndirəcək şəkildə bəhs edə bilmirdi və heç kəs simasız insanların mövcud olmadığını bu dərəcədə inandırıcılıqla göstərə bilmirdi.

Yerdə günahsızcasına ölümə məhkum milyonlarla qəhrəman-qarışqalar yaşayır, onlar öz şəhərlərini tikir, müdrik və gözəl şeylər düşünüb icad edərək öz çətin həyatlarını hər yolla bəzəməyə çalışır, öz-özləri üçün sosial həyatın əzabverici, tab gətirilməyəcək şərtlərini yaradırlar.

Bu, məhz bu şüursuz və qorxunc həyatı Hamsun öz həmsöhbətinə nəql edir. Sanki heyrət hissi ilə nəql edərkən öz qəzəbini sözlərdə gizlədərək həmsöhbətinə sual verir:

- Bunların nə üçün lazım olduğunu bilirsən? Xəbərin var biz – qəhrəmanlar və əzabkeşlər bir-birimizin gözündə nəyə görə belə dəyərsiz, belə simasızıq? İnsanların həyatının nəyə görə belə uğursuz olduğunun səbəbini anlaya bilirsən?

Həmsöhbəti hiyləgərliklə, bəlkə də, elə onun kimi, heyrət içində qalaraq sükutunu pozmur.

- Hə, – Knut Hamsun – böyük sənətkar təkid edir, – həyat belədir. Bəs niyə? Cavab verə bilərsən?

Cavab almır.

Belə olduqda, Hamsun əvvəlkindən də böyük sadəliklə saysız-hesabsız əzablara məhkum günahsız insanlar haqqında yeni bir əhvalat danışır.

- Hə, – o deyir, – hamımız yer üzünün səfilləriyik. Niyə səfilləriyik? Hansı günahımıza görə? Biz yer üzündə o qədər çox işləyib onu bəzəyirik ki! Sözün düzü, bir-birimizi sevib hörmət etmək üçün səbəblərimiz də var. Yaxşı da işçilərik. Bilirsən nəyə görə bir-birimizə bu qədər əzab veririk? Bunların nəyə lazım olduğunu başa düşə bilirsən?

Yenə cavab yoxdur.

Yer üzündə Knut Hamsun obrazında yaşamaq və həyatın boyunca kar, lal, bəlkə də, sağalmaz şəkildə küt, yaxud inanılmaz dərəcədə dəli biri ilə danışmaq çox böyük hünərdir. Nə yaxşı ki, bu əjdaha heç mövcud da deyil və Hamsun kimi insanlar həyat barəsində düşüncələrə dalaraq Lokinin başının düzəldirlər ki, onu sonradan qoparsınlar.

# 3101 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #