Tanrı odun doğrayanda...

Tanrı odun doğrayanda...
11 fevral 2014
# 08:30

Təsəvvür edin ki, o dünyadasınız. Tanrıya bu dünyada sizi narahat edən sualları vermək imkanı yaranıb. Uzun, incə bir yola çıxırsınız, min illik məsafəni qət etməli olursunuz. Mənzil başına çatanda isə görürsünüz ki, nurani, gülərüzlü bir qoca dayanmadan odun doğrayır. Onun işi budur, dünyanı isitmək üçün yorulmaq bilmədən çalışır. Və kim deyə bilər ki, soyuq müharibələrin bitməsində o odunların rolu olmayıb?

Siz isə əvvəlcə özünüz itirirsiniz, yanınızdakına “budurmu Tanrı?” deyirsiniz.

Onun Tanrı olduğu dəqiqləşəndən sonra isə sualları yağdırmağa başlayırsınız. Qoca özünü itirərək cavab verir:

- Mən həyatı yaradanda məxsusi bir şey düşünməmişdim.

Cavab sizi qane etmir və siz yenə suallarınıza cavab axtarırsınız.

O isə deyir:

- Mən bacardığım kimi etmişəm.

Körpə yaşında ölənlərin hesabını soruşmaq istəyirsiniz ondan.

- Bəs bunları niyə xəlq etmisən? Bu günahsız körpələri yaradanda nə düşünürdün?

Qoca gözünü qırpır və bir damla yaş yanağından süzülür.

- Mən onda heç nə barədə düşünmürdüm. Mən sadəcə sevinirdim onlara baxanda, sevinirdim.

Təsəvvür edirsiniz?

Sizi bilmirəm, mən “Əbədiyyətin təbəssümü”nü oxuyanda çox pis oldum. Tanrıya və uşaqlara görə...

***

İsveç yazıçısı Per Lagerkvist Azərbaycanda Kafka və Kamyu qədər məşhur deyil. Əslində “məşhur deyil” demək yerinə düşmür. Çünki Lagerkvisti ölkəmizdə demək olar ki, tanımırlar. Zəngin mütaliəsi olan insanlar belə onun yaradıcılığından ya xəbərsizdir, ya da çox az şey oxuyublar.

Halbuki, onun yazdıqları dünya nəsrinin inciləri sırasındadır.

Lagerkvistin Azərbaycanda məşhur olmamağının səbəblərindən biri budur ki, SSRİ dövründə onun əsərləri təbliğ olunmayıb.

Qəribədir, ona görə ki, Lagerkivstin ən gözəl əsərlərindən biri olan “Cırtdan” faşizmi ifşa edən əsərdir. “Cəllad”da da faşizmin tənqidinə həsr olunmuş yerlər az deyil. Deməli, SSRİ Lagerkvist yaradıcılığının təbliğində maraqlı olmalı idi.

Ancaq görünür, elmi ateizmi tədris edən bir dövlət üçün Tanrı axtarışında olan müəllifin əsərlərini təbliğ etmək o qədər də maraqlı deyildi.

Digər tərəfdən Lagerkvist öz əsərlərində Şərin mahiyyətini o qədər ustalıqla açır ki, bu, kimlərisə qorxuda da bilərdi.

İsveçli yazıçının Azərbaycan dilinə ilk tərcümə olunmuş əsərləri çox güman "Zirzəmidə" və "Lift isə cəhənnəmə gedirdi" hekayələridir. Biz bu əsərləri Nobel mükafatçılarının hekayə və povestlərinin yer aldığı "Bağban"da oxumuşuq. Hekayələri Cəlil Nağıyev tərcümə edib. Kitab 1990-cı ildə işıq üzü görüb. Lagerkvistin “Moris Flyori” hekayəsi isə 1992-ci ildə “Xəzər” jurnalında çap edilib. Bu hekayəni Nazim Əhmədli çevirib.

Bir az öncə Kafka və Kamyunun adını isə təsadüfən çəkmədik. Tənqidçilər Lagerkvistdən söz düşəndə mütləq bu iki dahini də xatırlayırlar.

Lagerkvistin seçilmiş əsərlərini Azərbaycan dilinə bir neçə il öncə tanınmış telejurnalist İlqar Əlfioğlu tərcümə edib və kitaba ön söz yazıb.

Ön sözdə İsveç tənqidçisi Qunkel Malmströmün fikirləri var və o Lagerkvistin niyə Kafka və Kamyu ilə eyniləşdirildiyinə aydınlıq gətirir: “İnsanlar arasında yadlaşma XX əsr ədəbiyyatının baş mövzusudur və bu baxımdan Per Lagerkvist özünün ruhu etibarilə Frans Kafka və Alber Kamyu kimi yazıçılara daha yaxındır. Lagerkvist elə söz ustalarındandır ki, onun bəşəriyyətin humanizm ideyalarından uzaqlaşmasına qarşı mübarizəsi sirli Tanrının axtarışlarına, həyatın metafizik gizlinlərinin açılmasına gətirib çıxardı”.

Per Lagerkvist 1940-cı ildə İsveç Akademiyasının ömürlük seçilmiş 18 üzvündən biri olub, ədəbiyyat üzrə Nobel mükafatına 1951-ci ildə layiq görülüb. Bu barədə qərarda deyilirdi ki, böyük mükafat “bəşəriyyət qarşısında duran əbədi suallara yazıçının öz yaradıcılığı ilə cavab tapmaq cəhdinə, onun mülahizələrinin bədii gücü və mütləq müstəqilliyinə görə verilir”.

Lagerkvistin yaradıcılığı ilə tanış olanlar bilir ki, bu, bir yazıçının yaradıcılığına bir cümlə ilə verilmiş həddindən artıq dəqiq qiymətdir.

***

Per Lagerkvistin əsərlərini oxuyanda insan istər-istəməz düşünür: Kimdir günahkar: Çarmıxa çəkilənmi, çarmıxa çəkənmi?

Kimdir qalib: Çarmıxa çəkilənmi, çarmıxa çəkənmi?

Kimin yanında olmalıyıq: Çarmıxa çəkiləninmi, çarmıxa çəkəninmi?

Axı İsanı indi də çarmıxa çəkirlər...

***

Qərbdə “İncil”in təsiri altında yazılmış möhtəşəm ədəbi nümunələr az deyil: “İdiot”, “Karamazov qardaşları”, “Səs-küy və hiddət”, “Ustad və Marqarita”, “İsanın İncili”...

Lagerkvistin “Varavva”sı da bu estetika ilə yazılmış əsərlərdəndir. Ədəbiyyatşünaslar bu qənaətdədirlər ki, “İncil”dəki hadisələr hələ heç vaxt həmin romandakı dəqiqlik və mötəbərliklə təsvir olunmayıb.

Bu yerdə yenə “Seçilmiş əsərlər”in ön sözünə istinad etməyə ehtiyac yaranır: “O dövrün tənqidçiləri “Varavva”nı misilsiz bir əsər adlandırırlar. İsa Məsihin həmin dövrədək neçə-neçə ədəbi nümunədə araşdırılan tarixçəsinə müəllif tamam başqa prizmadan yanaşır. Onun qəhrəmanı həmin hadisələrin bilavasitə iştirakçısı olmuş, lakin İsadan fərqli olaraq çarmıxa çəkilməmiş, azad edilmiş quldurdur. Tanrıdan uzaq olan bu insan da əslində İsanın taleyini yaşamağa məhkumdur. O, bütün ömrü boyu çarmıxdan azad olunmasının ağrısını çəkir, tənəsini ağır yük kimi çiyinlərində daşıyır, amma yenə də Tanrını tanımaq istəmir və elə İsa kimi də çarmıxda ölür. Onların hər iksi, əslində elə inancının qurbanıdır: “İsa-Rəbbinə, Varavva isə-Tanrının yoxluğuna inancının”.

***

Yenə Xilaskar... Yenə çarmıx... Bu dəfə Xilaskarı çarmıxa mismarlayan adam danışır. “Cəllad” çox təhlükəli əsərdir, əgər sən Xeyirin tərəfindəsənsə, yalan olmasın, hətta ürəyin dayana da bilər. Cəlladın monoloqunu oxuyanda adamın ürəyinin başına sanki bıçaq saplayırlar. Cəllad deyir: “Yox. O, insanların xilaskarı deyildi. Onun tək birisinin buna gücü çatardı ki! Onun yeniyetmə, nazik qolları vardı, onlara mismar çalanda elə yazığım gəlirdi ki, əzab çəkirdim, çalışırdım mismarlar nazik sümüklərinin arasından keçsin. İnanmırdım ki, xaçdan asılanda, bu qollar onu saxlasın. Belə bir adam insanları necə xilas edə bilər?!

... Bu bədbəxtin harası xilaskar idi?! O, sizə necə kömək edə bilərdi?! Mənim yükümü necə çəkə bilərdi?! O hardan insanların Məsihi oldu?! Anladım ki, niyə sizə mən qulluq etməliyəm! Niyə siz həmişə məni çağırırsınız! Mən sizin Məsihinizəm, alnında cəllad damğası olan Məsihiniz! Sizə yuxarıdan göndərilmiş xilaskar!

Yer üzündə düşmənçilik və pis xislətlər naminə! Siz Tanrınızı daşa döndərmisiniz. O lap çoxdan ölüb. Mən isə-sizin Məsih-sağam!”

Cəllada çəpik vuranlar isə belə düşünürlər ki, başqa cür düşünənlər axtalanmalıdır. İnsanları onlar kimi düşünməyi üçün həbsxanada saxlamaq lazımdır. Onlar arasında sağ qalanlar şəksiz ki, eyni cür düşünməyi öyrənəcəklər. İçəriyə salınmayanların hamısı onlar kimi düşünür.

***

İndi elə vəziyyətdir ki, beş-üç manatdan ötrü hərə əlinə bir qələm alıb tərcümə ilə məşğul olur. Yaxşı tərcüməyə demək olar ki, rast gəlmirik. “Günün günorta çağı” əvəzinə “gündüzün günorta çağı” yazan, müştüklə qəlyanı səhv salan cavan tərcüməçi bəllidir ki, Azərbaycan dilini zəif bilir. “Kozlarını paylaşdı”nı, “Qozlarını paylaşdı” kimi tərcümə edən, “31 çəkməy”i olduğu kimi saxlayan qoca tərcüməçi isə Osmanlı türkcəsindən xəbərsizdir. Belə bir qəliz durumda yaxşı tərcümə görəndə adam istəyir sevindiyindən papağını göyə atsın. Per Lagerkvistin seçilmiş əsərlərini oxuyanda adam sevinir. Sizi bizi sevindirdiniz, Tanrı da sizi sevindirsin, İlqar müəllim.

***

“Orada xilas olunası adam qalmayıb!”

“Zavallı insanlar... Mən onları tapa bilmədim, yoxdurlar-yalnız alov var burada, alov, bir də mən, təkcə mən...”

“Xilaskar Yuhan”nın harayıdır.

***

- Mənə deyin... zəhmət olmasa... biz niyə yaşayırıq?

- Zəhmət olmasa, müdiriyyətə müraciət edin. Pilləkənlə yuxarı, sonra da sola. Zəhmət olmasa. “Tələbkar qonaq” hekayəsindəndir.

***

Ömrü boyu Tanrı axtarışında olan müəllif məncə Tanrısını tapıb.

Arzu edirəm ki, sizin də Allahınız olsun.

# 2889 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #