Dəmir dövrünün adamları

Dəmir dövrünün adamları
30 avqust 2013
# 11:27

Hökumət qapıda göründü. Səhərin gözü açılar - açılmaz kəsdirib evin qabağını irişirdi. Sonra bir addım da qabağa gəlib dilləndi:

- Nəyin var verməlisən!

- Nəyi, məsələn?

- Hər şeyi!

Çevrilib döşəmədəki köhnə palaza, tavanda cəmi bir lampası yanan çilçırağa, “Orsk” adlı sovet soyuducusuna, rəngləri qarışmış çin televizoruna, kökdən düşmüş “Kuban” pianosuna, çır-çırpı ilə yanan qaz sobasına, pəstahadan çıxmış İran mebelinə, anasından qalmış çaydana, qəhvədana, stəkana, boşqaba, qaşığa, çəngələ, bir sözlə, arvadla uşaqdan başqa evdəki hər şeyə kənar gözlə yenidən baxdı və gördü ki, yox, ələ gələn, işə yarayan bir şey yoxdur.

Üzünü hökumətə tutub çaşqın halda, keyimişcəsinə dilləndi:

- Axı bunlar nəyinə lazımdır? Sənin ki, bunlara ehtiyacın yoxdur!

- Düzdür, - dedi, - mənim yoxdur. Amma sənin bunlara da ehtiyacın olmalıdır...

Hər şeyi yığıb apardı. Nə vardı hamısını. Bircə ayaqları döşəməyə, başı divara mıxlanmış taxta çarpayıdan savayı. Onu da yerindən qopara bilmədiyi üçün təpiklə vurub pis hala saldı...

Qapının arxasındakı taxçada gözdən yayınmış almanı sinəsində parıldadıb uşağa verdi. Pəncərənin çərçivəsindəki mıxdan sallanan ipə ilişib qalmış dəfnə yarpağını arvadın telinə sancdı. Özü də bir siqaret yandırdı... Üçü də dinib-danışmadan bir tərəfi çökmüş taxta çarpayının kənarında yanası əyləşmişdi. Alma xırçıltısı beyinlərə işləyirdi.

Səs boş otaqda qəribçiliyə düşmüşdü... Tavana millənən siqaret tüstüsü döşəməyə zillənən baxışlardan xeyli xoşbəxt idi. Bir borcun yüz fikirdən asılı qaldığı anlar yaşanırdı... Bir müddət susduqdan sonra qeyri – ixtiyari:

- Heç nəyimiz qalmadı, - dedi.

Daha bir xeyli susqunluqdan sonra: - niyə, zirzəmidə çəkic və bir az dəmir - dümür var – deyə arvad gözlərini döşəmədən ayırmadan cavab verdi...

Bir az da keçmişdi sükutu uşaq pozdu: -Ata, mənə qılınc düzəlt....

Bilmədi arvad nəyə işarə edirdi, uşaq niyə araba yox, qılınc istədi, amma deyəsən ikisi də çəkici lazımi anda lazımi nöqtəyə vurmuşdular. Sonuncu siqareti çarpayının küncündə söndürüb evdən çıxdı.

Zirzəmidə dədəsindən qalma xeyli dəmir və ağır bir çəkic qaralırdı. Hamısını sürüyüb tökdü həyətə. Yerini rahatlayıb başladı dəmiri döyəcləməyə. Silah düzəldirdi. Əvvəl arvadı və uşağı qorumaq, sonra da hər şeyi geri qaytarmaq üçün döyürdü dəmiri…

Bir azdan qonşu həyətdən də dəmir səsi eşidildi. Kimsə var qüvvəsi ilə döyəcləyirdi.

Sonra o biri qonşudan.

Sonra o birindən.

Sonra bütün qəsəbədən gəldi bu səslər.

Sonra o biri qəsəbədən.

Sonra bütün rayondan danqıltılar göyə ucalmağa başladı.

Sonra şəhərdən eşidildi bu səslər....

Dəmir döyüntüsü yavaş-yavaş bütün məmləkətə yayılırdı…

# 3483 dəfə oxunub

Oxşar xəbərlər

"Bu insan mənə tanışdır..." - İnandıra bilərsinizmi, Nigarı üçün bənövşə yığmağa getməyib Rəsul Rza?

"Bu insan mənə tanışdır..." - İnandıra bilərsinizmi, Nigarı üçün bənövşə yığmağa getməyib Rəsul Rza?

15:00 1 aprel 2026
"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

12:00 1 aprel 2026
Rasim Balayevin yerinə təyinat nə vaxt reallaşacaq? - AKİ-dən cavab

Rasim Balayevin yerinə təyinat nə vaxt reallaşacaq? - AKİ-dən cavab

16:10 31 mart 2026
"Gözlərimdən sanasan dəryayi-ümman ayrılır..." - Rasim Balayevin son vidası

"Gözlərimdən sanasan dəryayi-ümman ayrılır..." - Rasim Balayevin son vidası

15:20 30 mart 2026
Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edildi

Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edildi

14:32 30 mart 2026
"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər