Cavabdan yetim suallar

Cavabdan yetim suallar
8 may 2013
# 14:13

Füzuliyə və Kafkaya

A) Bu, Qeysin o qəribə yuxunu görməmişdən əvvəl düşündükləridir.

Tanrım, nöqtəsi varmı, ya sonsuzdur təfəkkür ?

Sağ ol hara qədərdisə,

Taledirsə, qədərdisə divanəlik ;

biganəlik sınaqdırsa, yazıdırsa, təşəkkür !

Mənim naxoş canıma zəli kimi daraşan,

yaramın şirəsində qarışqatək qaynaşan Dərd yenə məğlub oldu.

Ağrıyırsa ürəyim, salamatam, salamat.

Salavat çevirir külək səhranın torpağına;

darıxır ay işığı. Göz vuran ulduzlar göylərin qırışığı...

Dilini bilirəm quşların, daşların, suyun, ruzigarın,

amma ruzigarın yazısı qəlizdi, oxunmazdı.

Alın yazımın daxmasında qocalıram...

Qədəmləri astagəl, yorğun dəvələr kimi

uzaqlardan bir yuxu gözlərimə yol gəlir.

Sıxıntı var içimdə, bu gecə mən səbəbsiz narahatam nədənsə.

Mənimdirsə bu gözlər, bu əllər mənimdirsə, hər gün Dərdlə əlləşən

mənim bədənimdirsə, bəs niyə iliyimdə, içimdə, lap içimdə

elə bil bir özgə var. Kimdir o, nəçidir o ? Gerçəkdir, ya xəyaldır ?

Cavabdır, ya sualdır ? Ağacdır, ya küləkdir ? Adamdır, ya böcəkdir?

Bu salamat gecədən sabah da ver, İlahi!

B) Bu, Qeysin gördüyü qəribə röyanın məzmunudur.

Hara qaçıb bu şəhərin rəngləri ?

C) Bu, Greqor Zamsanın böcək olmamışdan əvvəl gördüyü yuxunun məzmunudur.

Bu nə soyuqdu gecədir, bu nə adamsız yerdi ? Bu nə axmaq sualdı?

beynimdə qurdalanır : "Çiçək tikan bitirir, yoxsa tikanlar çiçək ?"

Nə qocadır bu səhra, nə ahıldı bu yollar - dünənlər kimi qoca,

son gününü əvvəldən bilənlər kimi qoca...

Özüm kimi tənhayam, başqaları varmı ki ?

Başqaları adama özütək olarmı ki ?

Kim nə bilir, ürəyimin

fikrini, xəyalını ?

Kim anlayar axı mənim

pələngi də ram eləyən halımı ?

Heç kim. Heç kim.

Keçdim, keçdim

atanı da, ananı da keçdim mən,

zamanı da keçdim mən.

Öz yaramın özüm boyda

sarğısıyam elə bil.

Vəbalı bir qocanın

ağrısıyam elə bil...

D) Bu, Qeysin və Qreqorun yuxudan oyanmasıdır.

Bir narahat gecənin uyğusuna nöqtə qoyub,

oyandılar.

Oyanıb bilmədilər, hansıdı gerçək, bilmədilər.

Bilsə, kəpənəklər bilər...

Axşam şeirləri.

1.

Axşamdır, darıxıram.

Bütün içkilərdə, mahnılarda

gəlib yenə öz təkliyimə çıxıram.

Bir adamlıq xalqam yenə.

Darıxıram, axşamdır.

Damağımda papiros tüstülənir.

İçimdə çarəsiz, məğrur

bir nəğmə bəstələnir :

Anlamırlar ki, anlayıram.

Axşamdır, darıxıram.

Yağış ağacların saçlarını darayır,

külək fit çalıb kimisə görüşə çağırır.

Oturub sakitcə cəzamı çəkirəm:

onlar kimi ola bilməməyin cəzasını...

2.

Axşam

"axşam-axşam bu nə hüzndü belə ?!" - dedim özümə.

Külqabını boşaltdım, dərman atdım, ağladım.

Axşam

"axşam-axşam bu nə soyuq ağrıdı canımda ?" - dedim.

Evə gec qayıdanlar bilər

küləyin neçə yaşı var,

tindəki pişiyin arzusu nədir...

Axşam

"axşam-axşam adam nə istəyir həyatdan ?" - düşündüm.

Bir dəfə anamın üstünə qışqırmışdım

ağlamışdı, mətbəxdə ağlamışdı

axşam-axşam yadıma düşdü...

Axşam

"axşam-axşam bu nə sıxıntıdır ? " - dedim.

Nə qədər olar, ilahi,

nə qədər olar,

yuxudan durasan ki, dünəndi...

Nə qədər olar, tanrım,

gecənin bir yarısı durub

köhnə şəkilləri ələk-vələk edəsən.

Orda, o şəkillərin içində

bir neçə gün olmalıydı,

unutduğun bir neçə gün,

sevindiyin bir neçə gün...

Axşam

"axşam-axşam dualar başqa cür olur" - anladım.

Anladım ki, ömür bir-iki şeyi əzbərləməkdi, vəssalam.

Sevinmək sənəti

Matəm günlərində sevinmək olarmı,

ya da bayramlarda kədərlənmək ?

Çox düşünmüşəm bunları, çox,

anlamışam ki, yox,

cavabı içində olan sualları səsləndirmək əbəsdir.

"Sus !" - demişəm özümə, "bəsdir".

Cavabdan yetimdir bütün suallar.

Yetimə əl tutmaqsa, adət.

Məsələn, qəfil könlünə bir adam düşür,

zəng vurub səsini içmək istəyirsən,

sözlərini dadmaq,

qollarını açıb bağrına basmaq, köksünə sıxmaq,

amma gedib saatda 120 ilə dəyirsən

bumbuz bir laqeydliyə.

Niyə ?

Bilmirsən, anlamırsan

nədir bu təlaş, bu qaçaqaç ;

Qollarını aralayıb qucmaq istəyirsən kimisə

amma ya bostan müqəvvası olursan,

ya da yorğun xaç.

# 4475 dəfə oxunub

Oxşar xəbərlər

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni

"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni

09:00 11 sentyabr 2025
“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

10:00 6 sentyabr 2025
Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

10:00 24 avqust 2025
"Bomboz həyat bağrımı çatladacaq..." -   “Tütək səsi”nin Cəbrayıl rolunu  niyə Şahmar Ələkbərova vermədilər?

"Bomboz həyat bağrımı çatladacaq..." - “Tütək səsi”nin Cəbrayıl rolunu niyə Şahmar Ələkbərova vermədilər?

10:00 23 avqust 2025
Ayxan Ayvazın "Banan qabığı" hekayəsinin psixopoetik yozumu: Selincer podteksti - Mətanət Vahid

Ayxan Ayvazın "Banan qabığı" hekayəsinin psixopoetik yozumu: Selincer podteksti - Mətanət Vahid

15:00 12 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər