Mən Qoyunam – Yeni imza

Mən Qoyunam – Yeni imza
3 sentyabr 2019
# 15:40

Şamxal Həsənov 1990-cı ildə Cəlilabadda doğulub. Dövlət İdarəçilik Akademiyasında bakalavr, Fransada magistratura dərəcəsi alıb. Hazırda hüquqşünas kimi fəaliyyət göstərir. O, maraqlı hekayələr yazır və roman üzərində işləyir. Şamxalın hekayələrinin maraqlılığını nəzərə alıb onları “Yeni imza” layihəsindən mütəmadi təqdim edəcəyik. İlk olaraq “Mən qoyunam” adlı hekayədən başlayırıq. Xoş mütaliələr!

“Yehova mənim çobanımdır; Möhtac olmaram.”

Zəbur 23:1-6, İncil

Mənim həqiqi bir qoyun olduğuma inanmayıb, bir qoyunun danışmağını məntiqsiz hesab edən skeptiklərə, sonuncu səmimi söhbətimə başlamazdan öncə belə bir sual vermək istərdim: uşaqlıqda özünüz qədər eybəcər və çirkli oyuncaqlarınız, bayramlarda xatırlayıb baş çəkdiyiniz, sümükləri qəbirlərində çoxdan çürümüş olan ölüləriniz, itləriniz (əbədi qoruyucularımızı hörmətlə yad edirəm), faydasız və tənbəl pişiklərinizlə uzun-uzadı söhbətlər edə bildiyiniz halda, biz qoyunların fikirləşə, danışa bilmədən yaşadığımızı düşünməyiniz məntiqlidirmi, bəs? Bu qədər. Coşmağıma lüzum yoxdur.

Bəli, mən, bəzi bilgisiz cahillərin bir-birilərinə şit zarafat etdikləri zaman, axmaqlıq, təşəbbüssüzlük, kütbeyinlik, fərasətsizlik kimi mənalarda adımızı hallandırmalarına çox əhəmiyyət verməyən, öz aləmində yaşayan, qalın və sıx tüklü, qırxılmamış gözəl bir qoyunam. Bunu da, yeri gəlmişkən qeyd edim: təəssüflər olsun ki, arabir yumşaq tüklərimizin təmizliyinin qayğısına (əksər hallarda ölümümüzdən sonra) yalnız öz məlum mənafeləri üçün qalırlar; üzərinə gecələri bol-bol yel buraxdıqları neçə-neçə yöndəmsiz, narahat yorğan-döşəklərini basabas doldurduqları tüklərimi qonşudan borc aldıqları maşınkayla qırxmaları həmişə pis təsir edib mənə; gözlərim hər dəfə kədərdən daha çox parıldayıb sulanarkən, acizlikdən heç nə edə bilməmişəm.

Mərhum qohum-əqrəbalarım sayəsində şahidi olduğum dəhşətli həqiqətlərdən biri və ən başlıcası, həyatda bir qoyunun əbəs yerə çırpınması qədər təsirli, ürəkyandıran, insafsız başqa heç bir səhnənin olmamasıdır! “Görəsən insanlar niyə insandırlar, biz isə qoyun?” deyə çətin günlərdə dəfələrlə etiraz etmiş, gücümüz yetən qədər avazlaşmışıq.

Motosiklin arxasında səbirlə gözləyirəm. Acıram yenə yoxsa? Bir azdan, bəli, nəhayət ki, hər şey, bütün dərdlərim və üsyanlarım bitəcək. Hələ dünən idi, yanlış xatırlamıramsa. Yanlış xatırlaya bilərəm. Düzü, həyəcandan, nəyi düzgün xatırladığıma da əmin deyiləm. Televizorun yüksək səsini eşidib, xəbərlərdə bizdən danışıldığını dərhal anladıqdan sonra, qürurla mələyərək sinəmi qabağa vermiş, təəccüblənən, maraqlı dostlarımın baxışlarını üzərimə, özlərinisə ətrafıma yığmışdım.

Müqəddəslik, məhsuldarlıq, sabitlik və s. kimi rəmzlər olmağımızdan, tarix boyu bizə olan inanclarına yeni-yeni formalar verən insanların evlərinin və məbədlərinin divarlarına rəsmlərimizi sevgi və yüksək duyğularla çəkmələrindən (ümid edirəm hamımız gözəl düşmüşük), əski tanrıların ehtişamlı məbədlərini bəzəməyimizdən, “tabe olan insanlar” şəklində simvolik bir məna daşımağımızdan, qədim Mesopotamiya və neçə belə başqa tarixi ərazilərdə tanrıların tapınaqlarının dərinliklərdə unudulmuş xarabalıqlarında tapılmış, bəzi yerləri qırılıb itmiş, aşınmış, palçıqlı heykəllərimizdən danışıldığını eşitdik.

Bütün bunlar bəs deyilmiş kimi, qədim türklərin də mədəni irsinin bir hissəsinə çevrildiyimizi, Azərbaycanda, Türkiyədə və digər qonşu türk dövlətlərində heykəllərimizin tapıldığını duyub, lap xoşallandıq. Günahsız və safdil qoyununuz utanaraq Qara-Qoyunlu və Ağ-Qoyunlu kimi türk dövlətlərindən də xəbərdar olduğunu etiraf etmək istərdi. Üstəlik, sahibimizin tələsik isti evinə yığışdığı axşamlar televizorda duyduqlarımıza yaxın mövzularda (həm də bir az onlardan ilhamlanaraq) qoyunluğun fəlsəfəsi və qədim tarixi barədə bəzən səhərə qədər davam edən mələmələrimizdən boğaza gələn sadəlövh sahibimizin necə hiddətlənməsini, bəlkə, yenə ac-susuzuq deyə gecənin bir yarısı isti yatağından deyinə-deyinə qalxıb, qabağımıza ləzzətli nemətləri düzməsini izləyib xeyli əylənərdik.

Həyəcanla dinlədiyimiz, çoxdan gözümüzə girməyi bacarmış sevgili aparıcımız əvvəllər Nil çayı mənbəyinin tanrısı (qoruyucusu) olan, daha sonra özünün dulusçu çarxında insanları (sonralar monoteist dinlərdə iddia olunduğuna yaxın şəkildə) gildən yaratdığına inanılan, yaradılış, suların və münbitliyin tanrısı olan Xnumun, hətta bəzi mənbələrdə tanrıların kralı hesab olunan Amon-Ranın və başqa Misir tanrılarının başlarının qoyun başı şəklində təcəssüm etdiyini bilirdikmi deyə soruşurdu. Bəs, insan başlı quş kimi təsvir edilən, insanın unikal kimliyini formalaşdıran və bədəndən ayrılan ruhun bir hissəsini təşkil edən, ruh mənasında “Ba” sözünün qədim qıpti dilində eyni zamanda “qoyun” mənasına gəlməsindən, bundakı əsrardan savadsız, başı ancaq bizimlə məşğul olmağa qarışmış sahibimiz agah idimi, görəsən? Ən zəif halda, ətrafında təsvir olunduğumuz çoban tanrılarının obrazlarını yaratmış sümerlər, yunanlar və romalılar çox sonralar monoteist dinlərdəki bir çox peyğəmbərlərin (Musa, Yaqub, Yusif, İsa, Məhəmməd və s.) və başqa müqəddəslərin çobanlıq etmələrinə (və yaxud dəfələrlə qoyun otarmalarına) ilham verə bilərdimi? İsa harada doğulmuşdu və onu ilk ziyarət edənlər niyə məhz çobanlar idilər?

Yolunu azmış insanın daha sonrakı dövlərdə qoyunla eyniləşdirilməsinə, haradan-haraya gəlib çıxdığımıza, əlbəttə, bir az incimişdik. Budur, indi isə, dinindən çıxmış, “çobanını” tapmamış, zülmətə qərq olmuş insanlar qoyun obrazında qələmə verilməyə başlamışdı. Böyük haqsızlığa uğramışdıq, amma nələrinsə dəyişəcəyi ümidi ilə susub qulaq asmağa davam etmişdik.

Artıq neçə saatdır, sanki, heç nə olmayacaqmış, qısa gəzintiyə çıxarılmışıq kimi gözləyirik. Mən körpə quzularımı düşünüb taleyimizə lənətlər yağdırarkən, qeyri-ixtiyari, bəzi ciddi hazırlıqlar görən sahibimə sataşır gözlərim. Bıçaqlarını (biri məlum səbəbdən böyük, digəri isə kiçik) itiləməkdədir, böyüyü gözümü qorxudur. Yox, yox, xahiş edirəm, siz də digərləri kimi qorxaq olduğum qənaətinə gəlməyin! Onsuz da, tez bitəcəyini deyiblər, çox incitməyəcəkmiş, ani bir şeymiş ağrısı, hətta heç nə hiss etməyəcəmmiş.

Çirkli əlini və bıçağını eyni qanlı əskiyə sürtən sahibim bugün məni tanımazlıqdan gəlir. Küsməməyə, ona da anlayış göstərməyə, yaxşı şeylər düşünməyə çalışıram. Amma arxada qoyduğum həyatın heç nə olmamış kimi davam edəcəyini qəbullanmağın çətinliyini düşünürəm. Əslində, doğulmadan öncə hər şeydən necə bixəbər idimsə, ölümdən sonra da elə olacağam, çox güman ki. Elə isə, ağlındakı səsləri və sualları saxla və zövqlü şeyləri düşün indi!

Qurban bayramıdır dedilər, müqəddəs bayram olduğunu sistematik şəkildə (ağlıma gələn sözə baxın!) insanlara və bizə aşıladılar. Aydın taleyinin onsuz da fərqində olan bizlər buna hamıdan çox inanmaq istədik (aramızda sevinib, könüllü olduqlarını dərhal elan edən cəsurlarımız da oldu), ancaq bir-birilərilə pıçıldaşan şübhələrimiz heç cür susmaq bilmədi. Qohum əqrəbalarımın ətləri kasıblara paylanan zaman səvab iş görüləcəkmiş, adi bir qoyun kimi yox, “İsmayıl qurbanı” kimi həlak olacağımıza sevinməliyikmişik, əslində!

Bir vaxtlar tanrıların qəzəbinə qurban verilən bizlər, bu dəfə də xeyriyyəçilik, sonsuz sevgi bəslənilən Allahın əmrini yerinə yetirmək məqsədilə kütləvi qırğına verilirik. Görünür, hələ də, qoyun ağlımla nələrisə anlaya bilməmişəm. Bugün də çəkdiyimiz zülmün səbəbini daha İbrahimdə görmürəm mən. Əksinə, bu son anlarımda seçilmiş insanların olduğu kimi, seçilmiş heyvanların da olduğuna inanmaq istəyir, əgər bütün deyilənlər və təsvir edilənlər doğrudursa, İsanın səltənətində rəsmlərdə bizi də başına yığdığı, yaşıl otlar və şirin sular cənnətində olmağın xəyalını qururam.

Ah… Tələsməyin. Mən də tələsmirəm çünki. Bir qədər daha xəyallar qurmağa çoxdan razıyam və hazıram. Yoxsa, tələsən bir nəfər varsa, o da sahibim-qəssabım-cəlladımdır? Başım sizinlə söhbətə qarışan vaxt, sərt və doğma sağ əlini hiss edirəm bir ayağımda. Heç yeri deyildi indi… Bir dəqiqə! Bu, necə ola bilər axı; sən demə, bir göz qırpımında iki ön ayağımı bir yerdə qapıb sıxıbmış (və bunu sadəcə bir əliylə edibmiş!). Həyəcan içində və yerdə sərəli vəziyyətdə bunun fərqinə varmamışam. Önəmli də deyil heç; başım artıq yerdədir.

Lakin istər-istəməz xatırlayıram. İkinci həmlədə, arxa zərif ayaqlarımı da kobudcasına qamarlamış və qüvvətli və tüksüz qollarına almışdı məni. Etiraf edim ki, isti qucağa indi ehtiyacı olan bir qoyun üçün bu, çox xoş olmuşdu. Bir neçə addım getmişdik ki, geniş, içi olduqca kələ-kötür olan, bəzi yerlərində qan ləkələri və qanın özü qalmış mis ləyənimizi dərhal xatırlamışdım. Bir az əvvəl artizandan çəkdiyi sərin su ilə mənim üçün yuyulduğunu da xatırladım. Hətta anidən, insanların rahatlamaq üçün etdikləri kimi, isti vanna qəbul edib, yumşalmaq həvəsi duydum və çox keçməmiş, bu tragikomik halıma dərdli-dərdli gülümsədim.

Astaca yerə endirilirəm (halbuki, havadakı halımdan çox məmnundum). Yanından maşınların, üzərindən insanların keçdiyi beton səkinin üzərinə kobud şəkildə uzadılıram. Bu qədər kobudluğa ehtiyac yoxdur deyirəm öz-özümə, amma ağlımın bir küncüylə hələ də qeyri-iradə mübarizə apardığımın fərqindəyəm. Yorğun üzündəki durğunluqdan və ifadəsizlikdən peşəsini sevmədiyinə inanmaq istəyirəm. Sanki, o da mənim kimi bu gərəksiz mərasimə məcburmuş, o etməsə, başqası edəcəkmiş kimi və ab-havanı yumşaltmaq məqsədilə, boğazımın altını və qarnımı qıdıqlayıb, gülümsəməyə çalışır. Görünür, sakitləşdirmək də istəyir məni. Kobud barmaqlarını tüklərimin arasında qələbə əhval-ruhiyəsi ilə yox, dostcasına bir müddət gəzdirir.

Bu qədər tüklü olmasaydım, başımı kəsən sahibim-qəssabım-cəlladım iri əlini yumşaq və isti dərimin üzərində hiss etsəydi əgər, qəlbi bir qədər də yumşalıb, bu işdən birdəfəlik əl çəkərdimi, görəsən? Hələ də tərəddüd etdiyinə inanmaq istədiyim cəlladım həm boğazımın güvənverici, nankor tüklərinin köməyilə, həm də, sanki, kəsməzdən öncə ruhumu təslim etmək arzusuyla xəyali ölüm mələyimi çağırarkən, mən tüklərimə, ələ rahat gələn uzun sifətimə nifrət duyuram.

Bizdən fərqli olaraq, hansısa tüksüz heyvanın belə rahatlıq və vəhşiliklə başının kəsilib-kəsilmədiyini parlaq və tanış bıçağımız tüklərimin arasından dərimə çatarkən xatırlamağa çalışıram. Amma ağlıma heç kəs gəlmir indi. Dərimdə soyuqluğunu hiss edirəm ilk öncə. Hər şeyə səbəbin yenə də tüklər olduğunu, əks halda insanın kəsdiyi tüksüz heyvana bir yaxınlıq duya biləcəyini düşünürəm. Deməli, daha şəxsi qəbul etməməliyəm.

Özümü buraxmaq və hər şeyin bitmiş olduğunu xəyal etmək istəyirəm. Helas! Bıçağa sürtünən ətimin, yırtılan damarlarımın və ətrafa sıçrayan qanımın səsləri bir-birilərinə qarışaraq qulaqlarımda aramsız cingildəyir və dəhşətə salır məni. Bu qədər çətin olacağını deməmişdilər mənə. Aldatdılar məni! Bu səslərin arasında qurban verilməni dərk etməksə qapıldığım dəhşətə əlavə heç nə qatmır…

Əgər hər şeyə səbəb tüklərdirsə, çılpaqlığı müqəddəsləşdirən və şəxsiləşdirən insanlar, görəsən, mənim də üşüyə biləcəyimi niyə düşünmədilər? Bu qədər çərənləməyə bir qoyunun həyatı dəyərmi, ümumiyyətlə? Qanımın havaya qarışan buxarı sevgili İsa tərəfindən göndərilən xoş bir cənnət xəbəri ola bilərmi? Az sonra, nəhayət ki, məni tez-tələsik soyunduracaq bıçaq boğazımda durmadan, daha sürətlə aşağı-yuxarı, sağa-sola hərəkət etməklə, daha dərinliklərə yol tapmağa çalışır indi. Ağlım istər-istəməz bu nizamlı hərəkətlərlə məşğul olduğu üçün, daha nə bütün suallara cavab tapmağa, nə də yeni suallar verməyə çalışıram. Ağrıyla birlikdə, bütün duyğularımın getdikcə keyləşdiyini anlayıb sevinirəm (xahiş edirəm, bu dediyimi “heç nə hiss etməyəcəksən” söyləyən düşüncəli yalançılara haqq qazandırmaq kimi başa düşməyin).

Gözlərim gah yumulur, gah açılır. Axan və ağır-ağır qatılaşan al qanıma sevgiylə baxıram və gülümsəyirəm. İndi dişlərimin üzərində sərin küləyin mehinin gəzişdiyini hiss edə bilirəm. Bu, ürəyimə də bir növ sərinlik gətirir. Qanımın sürətlə qıvrıla-qıvrıla qarşısına çıxan maneələrdən yan keçdiyini, sanki, öz yolunu müəyyən etdiyini və bunun məni İsaya aparan olduqca uzun bir yolun başlanğıcı kimi görürəm. Yəqin, gözlərini məndən çəkən cəlladım da anlayır bunu.

Boğazımdan çıxan sonuncu hava yığıntısı qanımın isti buxarına qarışıb uzaqlaşarkən xoşbəxt idim və bıçaq da qızmışdı.

# 8918 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #