“Yaşa”, min yaşa !!!

“Yaşa”, min yaşa !!!
25 noyabr 2013
# 13:34

“Yaşa” üç ildi ki, mənimlə dostluq, yoldaşlıq edir.

Dəfələrlə Bakıdan Cəlilabada, Cəlilabaddan Adnalıya, Adnalıdan Şötüklüyə, Şötüklüdən Qarğuluya getmişik. Bir sözlə hara getmişəmsə “Yaşa”ynan getmişəm.

“Yaşa”sız heç yerə getməmişəm.

Babaxanlıyla Adnalının səddində, Şabı dərəsində dostlarla meyə meyllənib, içkinin təsirindən dilim söz tutmayan vaxtlarımda qulağıma, -

Xəyyam yol gedirdi kuzəsi əldə,

Sordum:-Hara belə?

Şirin bir dildə

dedi:-Mey içməyə!

Dedim: Gəlimmi?

Dedi:-nə deyirəm, gəlirsən gəl də.

bu bəndi pıçıldadığı mey məclisləri az olmayıb.

İçkili başla müzakirə etdiyimiz hansısa bir şeirin müzakirəsi davaya dönməmiş, “Yaşa”nın mənə “bu qanlı otluqdan qan iyi gəlir gəl gedək” dediyi günləri də unuda bilmərəm.

...Qanlı otluqdan üz tutub Nərgizliyə getmişik. O qadın qəbrini ziyarət edib, Şaran dərəsində şərə düşməyək deyə Qızıllı güneyə qalxıb özümüzü günə vermişik.

...Günəş sarısı, Ayın yarısı,

Soldu ağacların yarpaqlarında.

Bu gecə o qədər siqaret çəkdim,

Sapsarı saraldı barmaqlarım da.

Qızıllı güneydə Günəşi ötürüb, Ayı qarşılayıb səhərəcən həmdərd, həmnəfəs, həmsöhbət olduğumuz gecələrin sayını yadımdan çıxarmışam.

Xırnavada xırdalanan o sevgiyə heyfsilənib o qədər siqaret çəkmişəm ki, mənim köynəyimdən “Yaşa”nın vərəqlərindən günlərlə tütün iyi getməyib .

Dərəyə ayağından boylanıb, Dərə başına baxmışıq.

Dağlar qardaşımız, dərələr sirdaşımız, təpələr yoldaşımız olub.

Düzlərdən düzgünlüyü, gədiklərdən gərilməyi öyrənmişik. Bələnlərin gül-çiçəyə bələndiyini, aşırımların sərxoş olub aşdığını, çəhrimlərin nə çəkdiyini, yalların yamaclara yalmandığını görmüşük.

Ömrümün üç ilini “Yaşa”yla bərabər dağlar da, dərələr də keçirmişəm.

...Keçmək olmur payızından, yazından,

üzülərsən bir gözəlin nazından...

Əşşi, yüz yol mən demişəm azından,

canım-gözüm, ömür elə budur, bu!

Ürəkdə od, gözümüzdə sudur bu!

Ürəyimdən od, gözlərimdən su alan dostumla yolumuz Haçada haçalananda, ürəyim bölünüb parçalananda “Yaşa” mənə təskinlik verib.

...Dönük çıxdı əziz dostum,

könlüm, mən qaraxəbərəm.

Bir təskinlik verən olsa,

onu gözümə təpərəm.

“Yaşa” oxucusuna, yol yoldaşına, dostuna təskinlik verən kitabdı.

Cəfər dərəsində dönük çıxan dostumun cəfasını çəkəndə də, Qaranlıqda Qara dərədən üzüm dirəkləri gətirəndə də, Qaybalı dağında ot biçib, vələ yığıb Taya yerində taya qoyanda da, Burru dərədə ayağım büdrəyib burulanda da, ümidim yerdən, gümanım göydən qırılanda da “Yaşa” mənnən olub.

At dərəsində at minib, muradımıza çatmaq istəmişik. Canavar kanında tələ qurub, canavar tutmuşuq. İnili dikində soyunub, Abışabad gölündə çimmişik.

Hər dəfə inək otarmağa gedəndə “Yaşa” mənim ya əlimdə, ya da qoltuğumda olub. Mən “Yaşa”nın, “Yaşa” mənim qoltuğuma sığınıb. “Yaşa” yla başımız söhbətə qarışan zaman bir də onda görmüşük ki, inəklər zəmiyə girib. Qoruqçu Abdindən, Mətləbdən gizlənmək üçün qaçıb Gəndələşliyə girmişik...

Məlik qırağından enib, Əziz ocağını ziyarət edib, Şıxqəmər ocağında qurban kəsmişik. Sədd dərəsini keçib Ağ it ölənə getmişik. Fəti yerində cincilim axtarıb, yemlik gəvşəmişik.

Cinni dərədə başıma cin vurub yaddaşımı itirəndə də, Mərzivan yurdunda yurdum dağılanda da, Şəhriyar düzündə kümə tikib üstünü Biyanlıq təpədən yığdığım biyanla örtəndə də “Yaşa” mənə, “özünü qoru, yaddaşını qoru, möhkəm ol” deyib.

...Qoru yaddaşını, qoru əzizim,

sən mənim sevgimi yadında saxla.

Viranə könlümü, sınıq könlümü,

Uçuq bir ev kimi yadında saxla.

Evi uçub, könülü qırılanlar bilər uçuq evdə qalmaq nə deməkdi. Qarlı, çovğunlu qış günlərində dənizdən qayıdıb yandırmağa heç nə tapa bilmədiyim o uçuq evdə mənim nələr çəkdiyimi yerdə “Yaşa”, göydə Allah bilir.

Üçyüz iyirmi iki səhifədən, iki yüz altı irili-xırdalı biri-birindən gözəl şeirlərdən ibarət olan “Yaşa”, mənim üçün cansız bir kitab yox, canlı dost olub.

Məni “Yaşa”ya, “Yaşa”nı mənə bağlayan biri-birindən acı, biri-birindən şirin, pak və müqəddəs xatirələr var.

...Dalğaların qayaları ovduğu yerdə

Qoyub gəldik yosun-yosun xatirəmizi.

Zaman bizi gələcəyə qovduğu yerdə

Ağ köpüklər yusun-yusun xatirəmizi.

Xatirələr şahiddi, o vaxtdan-bu vaxta kimi “Yaşa”nın gözlərinin qabağında neçə kitab haqqında yazı yazmışam. Bu illər ərzində bir kəlmə də olsun belə demədi mənim də haqqımda yaz. Çünki “Yaşa” yaxşı bilir ki, bu xalq yaşadıqca o da, onun müəllifi də yaşayacaq.

...“Azərbay” deyilincə,

düşmənlər də “can” deyər.

Dönük çıxıb, gözündən

düşənlər də “can” deyər.

“Can” deyər qan-qan deyən,

hər “Azərbaycan” deyən.

Gəzdim söz sırasında,

ölkələr arasında,

tək sənə “can” deyərlər!

“Azərbaycan” deyərlər!!!

Əziz dostum, yol-yoldaşım “Yaşa”, bu gün sənin ad günündü, min yaşa!!!

Haçansa haqqında gem-geniş bir yazı yazacağam.

Ad günün olduğu üçün sənə kərənaydan tərif vurmaq istəmədim.

Aramızda olub-keçən xatirələrin min də birini yazmağa çalışdım.

İnanan inansın, inanmayan inanmasa, altında yazı yazdığım bu qoz ağacının...

Adnalı:23.11.2013

# 2373 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #