Kitab nədən bəhs edir?

Kitab nədən bəhs edir?
9 yanvar 2013
# 12:23

Aleksis Jenninin “Müharibənin fransız sənəti” romanı 2011-ci ildə Qonkur mükafatına layiq görülüb. Lionda biologiya müəllimi işləyən müəllif romanda Fransa üçün ağrılı məsələni müstəmləkə, milli identiklik problemini araşdırıb.

Yazıçının Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə verdiyi müsahibədən maraqlı hissələri təqdim edirik.

****

Mən 1963-cü ildə doğulmuşam, orta təbəqəyə aidəm, valideynlərim müəllim olub. 1960-70-ci illərdə Fransa sakit, dostyana, bir az da qapalı ölkə idi. O zaman belə dostyana, stabil ölkədə insanlar üçün tək macəra ev tikmək, oxumaq, peşə sahibi olmaq, iş tapmaq idi. Deyə bilərsiz ki, Fransanın müstəmləkə müharibələrindən roman yazmaqla mən də sakit həyatım üçün macəra axtarmışam. Belə deyil. Sadəcə istəmişəm ki, məni əhatə edən dünyanı, Fransanı anlayım. Bu gün fransız olmaq nə deməkdir? Fransızların milli özəllikləri, spesifikliyi varmı? Fransa Avropa üçün nə deməkdir? Və bu kontekstdə mən kiməm? Bizim hər yerdə yaşadığımız sosial qarışıqlığın səbəbi nədir? Niyə bizim mühacirlərlə, konkret ərəblərlə problemlərimiz var? Belə bir hipotez ortaya qoydum: bizim indiki problemlərimizin kökü müstəmləkə müharibələri zamanına bağlıdır.

****

Romanımdakı tezislərin elementlərini Benjamin Storanın (fransız tarixçisi - S.S) kitablarında tapdım. O, kitablarında izah edir ki, “Milli Cəbhə” sağ radikal partiyasının ideologiyasına Əlcəzair müharibəsi zamanı hökmranlıq edən ideyaların qeyri – şüuri təsiri var.

Əlcəzairdə 8 milyon əlcəzairli və 1 milyon Əlcəzair fransızı vardı. Və həmişə Əlcəzair fransızları əksəriyyət tərəfindən azadlıqlarının boğulmağını hiss ediblər. Əlcəzair fransızları düşünürdülər ki, onlara qarşı dayanmalı və göstərməlidirlər ki, güclüdürlər. Çünki güc onların dəyərləndirdiyi yeganə şeydir. Onlar bunu zaman-zaman Fransaya gətirdilər. “Milli Cəbhə“nin ideologiyasında hər şeydən əvvəl hələ də bizi təhdid edən ərəb basqısı təsəvvürü, travması dayanır. Belə fikir asossiasiya olunur: “Onlara göstərmək lazımdır“. Fransada “onlara göstərmək lazımdır” deyəndə, hər kəs bilir ki, “onlara“ sözü ilə kim nəzərdə tutulur - əlbəttə ki, ərəblər. Bu güc ideyası müstəmləkəçilik illərindən gəlir. Müstəmləkələr güc vasitəsilə idarə olunub. “Milli Cəbhə“ güc qanununu işə saldı. Ərəblərə dözməyi bacarmamaq bu məsələnin hələ pis tərəfi deyil. Daha pis odur ki, onlar respublikanın əsas təməllərini dağıdırlar, halbuki qanun hamı üçün eynidir.

****

İndi Fransada müharibə romanlarının yayımı artıb. Jonathan Littellin (fransız yazıçısı, 2006-cı il Qonkur mükafatı laureatı) “Xeyirxahlar” romanı məsələn. Biz hər ikimiz müharibə haqda yazdıq və Qonkuru udduq. Bu bizi birləşdirən ümumi cəhətdir. Qalan məsələlərdə isə romanlarımız tamamilə fərqlidir.

Littell materialı 5 il ərzində toplayıb və bu material əsasında bir neçə aya roman yazıb. Buna görə hesab edirəm ki, “Xeyirxahlar“ böyük kitabdır, amma yaxşı roman deyil. Mən isə əksinə, elədim. Məni romanın dinamikası onun gerçəkliyə yaxın olmasından az maraqlandırırdı.

Fikrimcə, Littelin romanında qəhrəman bir az sinikdir, karyeristdir, sanki hadisələrdən uzaq məsafədə dayanır, amma həmişə mərkəzdədir. Romanın əvvəlində bu normal görünür, sonda isə o, yolunu azmış pozğun təəssüratı yaradır. Romanda hansısa anlar sənədlilik təsiri bağışlayır. Ümumiyyətlə, bu bir az da sənədli-bədii əsərdir”.

****

Fransa Silahlı Qüvvələrinin keçmiş rəhbəri Jean-Louis Georgelin düşünür ki, hərbi nöqteyi-nəzərdən kitabda səhvlər yoxdur. Hərbçilər tamamilə normal insanlardır, “monster” deyillər. Mən sadəcə özümdən soruşdum, əgər kimsə uzaq bir ölkəyə gedirsə və dəhşətli şeylər yaşayırsa onlarla nə baş verir. Mənə məsələyə insani tərəfdən baxmaq maraqlıdır.

Fransızların əksəriyyəti Əlcəzair müharibəsi haqda ətraflı nəsə bilmir. Hətta yaşadığım rayonda soruşurlar ki, siz bütün bunları haradan bilirsiz?”

****

Qonkur alana kimi roman yazmağım barədə yalnız həyat yoldaşım və iki dostum bilirdi. Əgər siz müəyyən yaş dövrünü keçmisizsə və yazdığınız romanın yayımlanmayacağını deyirlərsə, xoş deyil. Tələbəlik illərinin sonundan başlayaraq müxtəlif mətnlər yazmışam, heç biri uğur qazanmayıb, çap olunmayıb.

Düşünürdüm ki, həmişə həvəskar yazıçı qalacam. Yayımlanmaq fürsətini 2011-də mənə “Gallimar” nəşriyyatı verdi. Mükafat alandan sonra Lionda ulduza çevrildim. Yerli mətbuat haqqımda yazır, tez-tez ziyafətlərə dəvət olunuram. Dərs dediyim məktəbdə isə xüsusi statusum var. O qədər məşhuram ki, hətta bəzən məni küçədə saxlayırlar. Bir dəfə belə hadisə oldu. Bir kişi yaxınlaşıb dedi: “Müsyö Jenni, sizi ürəkdən təbrik edirəm. Kitabınızı almışam, amma onu hədiyyə verəcəm. Kitab nədən bəhs edir?”. Bu nəsə təhqiramiz bir şey idi.

Almancadan çevirdi: Sevda Sultanova

# 2930 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #